Məhkəmə qərarları › İş №2(103)-1014/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1014/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1014/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh MTK-nın vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh MTK-ya qarşı “mənzil verilməsi barədə öhdəliyin icrası və kirayə xərcinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Zəfər Həsənovun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: xx.xx.2020-ci il tarixdə tərəflərin arasında “Əvəzləşdirmə müqaviləsi” adlanan müqavilə bağlanıb. Həmin müqaviləyə görə cavabdeh öhdəlik götürüb ki, ünvan 1 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan yaşayış binasını sökəcək, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, sökülməsi nəzərdə tutulan binada iddiaçıya məxsus olan, faktiki sahəsi 60 kv.m olan mənzilin əvəzinə yeni binanın “E” blokunun 9-cu mərtəbəsində 2 nömrəli, 3 otaqlı, 117 kv.m-dən ibarət olan təmirsiz mənzili iddiaçıya verəcək, habelə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə iddiaçıya hər ay 400 manat kirayə haqqı ödəyəcək. Müqavilədə qeyd olunub ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay müddətinə başa çatdırılaraq mənzil təmirsiz vəziyyətdə mülkiyyətçiyə veriləcək. Tələb və onun həlli: İddia ərizəsində 3 tələb irəli sürülüb: 1) tərəflərin arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya 117 kv.m mənzil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun; 2) kirayə haqqının ödənilməsi üçün 6 ay ərzində iddiaçı tərəfinən çəkilmiş xərcin əvəzi kimi 2.400 manat cavabdehdən alınaraq iddiaçıya verilsin; 3) mənzildən istifadə mümkün olana qədər kirayə haqqına görə hər ay 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı Zəfər Həsənov məhkəmə iclasında iştirak etməmişir. Qətnamənin yoxlanılması: İddia ərizəsində 3 tələb irəli sürlüb, buna müvafiq olaraq qətnamə ilə 3 tələb həll olunub. Həmin tələblərlə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci tələb barədə: 1-ci tələbə, yəni iddiaçıya 117 kv.m mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına aid hissədə qətnamə apellyasiya qaydasında yoxlanılıb və həmin hissədə qətnamə qanuni qüvvəyə minib. Belə ki, bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi 1-ci tələbə aid hissədə dəyişdirilmədən saxlanılsın. 2-ci və 3-cü tələblərə aid hissədə isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 2-ci tələb barədə: 2-ci tələbə, yəni 6 ay ərzində ödənilməmiş 2.400 manat kirayə haqqının ödənilməsi barədə tələbə aid hissədə qətnamə ləğv edilməli və həmin tələb təmin olunmalıdır. Belə ki, müqavilənin 2.1.1-ci bəndinə görə, cavabdeh üzərinə öhdəlik götürüb ki, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə iddiaçıya hər ay 400 manat məbləğində kirayə haqqı ödəyəcək. Göründüyü kimi, müqavilədə kirayə haqqının ödəniləcəyi son tarix “binanın tikintisi başa çatanadək” kimi göstərilib. Binanın tikintisinin başa çatdırılma müddəti müqavilənin 2.1.3-cü bəndində 24 ay müəyyən edilib, həmin müddətin başlanğıcı isə binanın bünövrəsinin qoyulduğu vaxtdan hesablanıb. Ona görə də 24 ayın başlanğıcının təyin edilməsi üçün binanın bönövrəsinin hansı tarixdə qoyulduğu aydınlaşdırılmalıdır. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinə təklif olundu ki, binanın bönövrəsinin qoyulduğu tarix barədə sübut təqdim etsin. Lakin cavabdehin nümayəndəsi belə sübut təqdim etmədi, şifahi formada bildirdi ki, binanın bünövrəsi təxminən 2019-cu ilin payız aylarında qoyulub. Bu hesabla bınanın tikintisi 2021-ci ilin payız aylarında başa çatmalı idi. Lakin cavabdehin nümayəndəsinin göstərdiyi tarixdə (2019-cu ilin payız aylarında) müqavilə hələ bağlanmamışdı. Müqavilə xx.xx.2020-ci ildə bağlanıb. Əgər 24 ay müqavilənin bağlandığı tarixdən hesablansa, həmin müddət xx.xx.2022-ci ildə bitir. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasnın xx.xx.2021-ci il tarixli, 10/3710 nömrəli rəyinə görə, iddiaçıya məxsus mənzilin yerlədiyi yeni tikilmiş binanın tikintisinin başa çatdırıldığı müəyyən olunur. Göründüyü kimi, binanın tikintisi başa çatdırılıb. Lakin tikintinin hansı tarixdə başa çatdırıldığı ekspert rəyində qeyd olunmayıb. Cavabdeh isə məhkəməyə bu barədə sübut təqdim etməyib İddiaçı iddia ərizəsində qeyd edib ki, 2020-ci ilin iyul ayında cavabdeh ona məktub ünvanlayaraq bildirib ki, aldığı mənzil təmirə başlamaq üçün hazırdır, bu səbəbdən xx.xx.2020-ci il tarixdən 400 manat kirayə haqqının ödənilməsi dayandırılacaq. Lakin təmir işləri aparmaq məqsədilə binaya yaxınlaşdıqda tikintinin əslində başa çatmadığının şahidi olmuşdur. Belə ki, binada lift quraşdırılmayıb, binanın fasadı tam təmir edilməyib. O cümlədən binanın girişində tikinti işləri hələ bitməyib, binada tikinti davam etdiyinə görə ona fərqli yerdən binaya daxil olaraq mənzili təmir etməsi təklif olunmuşdur. Halbuki müqaviləyə görə, mənzil mülkiyyətçiləri mənzilin təmirinə binada tikinti işləri başa çatdıqdan sonra başlamalı idi. Cavabdehin öz öhdəliyin yerinə yetirməməsi səbəbindən artıq 6 aydır ki, kirayə haqqı ödənilmir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktub (bildiriş) iş materiallarına əlavə edilib. Həmin məktubda qeyd olunub ki, mənzil təmirə başlamaq üçün hazır vəziyyətdədir. Mənzili təmir etmək üçün hər bir şərait yaradılacaq və müqavilə şərtlərinə əsasən mənzil xx.xx.2020-ci ildə iddiaçıya təhvil veriləcək. xx.xx.2020-ci ildə isə kirayə haqları dayandırılacaq. Ona görə də həmin məktubda cavabdeh iddiaçıdan xahiş edib ki, xx.xx.2020-ci il tarixdən mənzilin təmirinə başlasın. Göründüyü kimi, xx.xx.2020-ci ildən kirayə xərcinin ödənilməsi dayandırılıb. Lakin müəyyən olunur ki, həmin tarixdə binanın tikintisi hələ başa çatmamışdı. Bunu 1 ay 25 gün sonra - xx.xx.2020-ci il tarixdə cavabdehin iddiaçıya ünvanladığı məktub (iş v. 15) təsdiq edir. Məktubda qeyd olunub ki, 2020-ci ilin oktyabr ayında liftin sakinlərin ixtiyarına buraxılması nəzərdə tutulur, sentyabr ayının axırlarında isə təbii qazın verilməsi planlaşdırılır. Kirayə xərcinin ödənilməsinin dayandırıldığı zaman binanın lifti və təbii qazı olmayıb. Əgər binada lift və təbii qaz yoxdursa, həmin bina tikintisi başa çatmış bina hesab olunmur. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının mənzili binanın 9-cu mərtəbəsində yerləşir. Liftin olmaması 9-cu mərtəbədəki mənzildə təmir işlərinin aparılmasını çətinləşdirir. Məktubda qeyd olunub ki, liftin sakinlərin ixtiyarına buraxılması nəzərdə tutulur, təbii qazın verilməsi isə planlaşdırılır, lakin iftin istifadəyə verdildiyi tarix, habelə binaya təbii qazın verildiyi tarix barədə sübut məhkəməyə təqdim olunmayıb. Ona görə də liftin hansı tarixdə istifadəyə verildiyini, o cümlədən təbii qazın hansı tarixdə verildiyini müəyyənləşdirmək mümkün deyil. Cavabdehin təqdim etdiyi sənədlərə (ödəniş tapşırıqlarına) görə iddiaçıya aşağıda göstərilən aylar üçün kirayə xərci ödənilib: 1) 2020-ci ilin fevral ayı üçün 400 manat; 2) 2020-ci ilin mart ayı üçün 400 manat; 3) 2020-ci ilin aprel ayı üçün 400 manat; 4) 2020-ci ilin may ayı üçün 400 manat. Növbəti aylar üçün kirayə xərcinin ödənildiyi təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Lakin hər iki tərəfin verdiyi məlumata görə kirayə xərcinin ödənilməsi 2020-ci ilin iyul ayında dayandırılıb. Ona görə də iddiaçı 2020-ci ilin iyul ayından sonrakı 6 ay üçün kirayə xərcinin ödənilməsini tələb etməyə haqlıdır. 6 aylıq dövr 2020-ci ilin iyul ayından (həmin ay daxil olmaqla) 2020-ci ilin dekabr ayına (həmin ay daxil olmaqla) qədər olan dövrü əhatə edir. Binanın tikintisinin başa çatdırıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh göstərilən 6 aylıq dövrdə binanın tikintisinin başa çatdırıldığını sübut edə bilmədiyinə görə həmin dövr üçün kirayə xərcini ödəməlidir. 1 ay üçün kirayə xərci müqavilədə 400 manat müəyyən edildiyinə görə 6 ay üçün bu xərc 2.400 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 2.400 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 3-cü tələb barədə: 3-cü tələbə, yəni mənzildən istifadə mümkün olana qədər kirayə haqqına görə hər ay 400 manatın ödənilməsi barədə tələbə aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Belə ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə verilib. 6 ay üçün üçün tələb olunan 2.400 manat həmin tarixədək olan dövrü əhatə edir. Həmin dövrdə binanın tikintisi başa çatmadığına görə 2.400 manat tutulmalıdır. İddia – pozulmuş hüququn müdafiə vasitəsidir. Odur ki, iddia ilə iddia verilənə qədər pozulmuş hüququn müdafiəsi tələb oluna bilər. Əgər iddia verildikdən sonrakı dövrdə hüququn pozulması davam edibsə, yəni binanın tikintisinin başa çatmadığına baxmayaraq iddiaçıya kirayə xərci ödənilmirsə, iddiaçı iddia tələbinin həcmini (tələb edilən 2.400 manatın məbləğini) artıra bilərdi. Lakin iddiaçı bunu etməyib. İddia verildikdən sonra pozulmuş hüququn müdafiəsi üçün iddiaçı ümumi qaydada iddia verə bilər. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 4.1 və 222.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia verildikdən sonrakı dövr üçün kirayə xərcinin tutulması barədə tələb təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kirayə xərcinə və məhkəmə xərcinə aid hissədə ləğv edilsin. Kirayə xərcinə görə 2.400 (iki min dörd yüz) manat Cavabdeh MTK-dan alınaraq X2 verilsin. Kirayə xərcinə dair tələbin qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh MTK-dan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 16 manat, cəmi 46 (qırx altı) manat Cavabdeh MTK-dan X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar