Məhkəmə qərarları › İş №2(103)-1014/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1014/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1014/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3956/23 saylı iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeyd edilən daşınmaz əmlak iddiaçıya mərhum həyat yoldaşı X2 miras qalmışdır. X11 12.09 1995-ci il tarixində cavabdeh X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Bir müddət sonra onlar arasında münasibətlər korlanmış və cavabdeh oğlunu götürərək 1999-cu ildə valideynlərinin yaşadığı evə getmişdir. Xətai Rayon Məhkəməsinin 2- 406/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə X12 ilə X9 arasında nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1078/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə X3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri qət edilmişdir. İddiaçı, əri X7 və oğlu X10 cavabdeh X4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli, 2(011)-1617/08 saylı qətnaməsi ilə iddia rədd edilmişdir, sözügedən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qüvvəyə minmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildən cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Cavabdeh özünə məxsus olan bütün əşyaları iddiaçıya məxsus olan mənzildən aparmışdır və iddiaçıya məxsus olan mənzildə ona məxsus olan heç bir əşya yoxdur. Cavabdehlər artıq 24 il yaxındır ki, iddiaçıya məxsus olan mənzilə gəlib-getmirlər və onların daimi yaşadığı yaşayış yerləri var. Cavabdehlərin onun mənzilinə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi hüquqlarını pozur. O, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, ikincisi, də cavabdehlərin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3956/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehlərin mübahisəli mənzildən daimi olaraq başqa ünvana köçdüklərini, yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını və ya onların başqa daimi yaşayış yerlərinin olduğunu sübut edə bilməmişdir. Tərəflər arasında istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı üçün bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəf iddia ərizəsində kompensasiya təklifi irəli sürməmiş, məhkəmə iclasında kompensasiya ödənilməsi ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən hazırkı mülki mühakimə icraatı üzrə iddia tələbi təmin edilə bilməz.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 228.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahid ifadələrini, işin faktiki hallarını düzgün tədqiq etməmişdir. Cavabdeh1 məhkəmə qətanaməsi çıxarıldıqdan sonra ümumiyyətlə mübahisəli mənzildə yaşaması ilə bağlı heç bir addım atmamış, məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı tədbirlər görməmişdir. Onun mübahisəli mənzilə köçürülməsinə iddiaçı və ailə üzvlərinin mane olmasını sübut edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Yəni, Cavabdeh1 mübahisəli mənzilə köçürülməsinə dair məhkəmə qətnaməsi sadəcə kağız üzərində qalmış və Cavabdeh1 tərəfindən icra edilməsi 24 ( iyirmi dörd) il müdditində tələb edilməmişdir. Şahid ifadələrinə gəldikdə isə məhkəmə iclasında şahidlik etmiş şəxslər iddiaçının qonşularıdır. Şahid ifadələrindən də göründüyü kimi, Cavabdeh1 mübahisəli mənzili öz istəyi ilə tərk edib getmiş və həmin müddətdən sonra yaşamaq üçün mübahisəli mənzilə gəlməmişdir. İddiaçı ilə eyni binanın eyni blokunda yaşayan şahidlər sonradan nə Cavabdeh1, nə də onun oğlu Cavabdeh2 bir daha görməmişlər. Bununla da iş üzrə cavabdehlərin mübahisəli mənzildə 24 ilə yaxın yaşamadıqları, evdən istifadə etmədikləri və bu niyyətlərinin olmaması sübut olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009- cu il oktyabrın 1-dək qüvvədə olan)

12. Maddə 54. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

13. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.

14. Maddə 87. İcarədar və onun ailə üzvləri daim yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarı

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinin məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və ya onun ailə üzvlərinin müvəqqəti o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlardan məhrum etmir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

22. Kollegiya nəzərə alır ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Eyni tərəflər arasında mübahisə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1078/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzildə yaşadıqdan sonra X7, X8, X5 yaratdıqları maneələr nəticəsində müvəqqəti olaraq G.Baxşıyevanın valideynlərinin mənzilində yaşamaq məcburiyyətində qalmaqları müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1617/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçının, eləcə də onun əri Zaman Salmanovun və qeyrilərinin mübahisəli mənzilə istifadə hüququnun itirilməsi barədə iddiası təmin olunmamışdır. Həmin qətnamədə cavabdehin mənzildən daimi getmədiyi, iddiaçının yaratdığı maneələr səbəbindən mənzildə yaşamadığı barədə dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

24. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

25. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

26. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

28. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3956/23 saylı iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar