Məhkəmə qərarları › İş №2(103)-1015/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1015/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1015/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1375/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə sifariş verilmiş aviabiletlərin, viza və otel vauçerləri üzrə ödənilmiş pul məbləğlərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1155 ABŞ dolları, Cavabdeh2 850 ABŞ dolları, Cavabdeh3 1470 ABŞ dolları və Cavabdeh4 850 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə cavabdehlər tərəfindən İddiaçınə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrdə gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri öz vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq, İddiaçı MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansı çətinlik yaratmamışdır. Cavabdehlər tərəfindən iddiaçıya heç bir ödəniş həyata keçirilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tələb olunan pul vəsaiti tam ödənildiyindən, cavabdehlər Cavabdeh1 1155 ABŞ dolları, Cavabdeh3 1470 ABŞ dolları və Cavabdeh4 850 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi X3 iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı olan hüquqi şəxs ilə Cavabdeh4 arasında turizm xidməti göstərilməsi barədə yazılı müqavilə olmadığından aralarında hər hansı bir öhdəlik yaranmamışdır. Sadəcə olaraq iddiaçı cavabdeh tərəfindən 01 və xx xxxxxx 2016-cı ildə və 10 və xx xxxxxx 2017-ci ildə Bakı-Tbilisi və Tbilisi-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin arayışını iddia ərizəsinə əlavə etmişdir. Həqiqətən də cavabdeh qeyd edilən vaxtlarda həmin istiqamətlərdə uçuşlardan istifadə etmişdir. Ancaq Cavabdeh4 hüquqi şəxs olan İddiaçınə müraciət etməmiş, bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə sənədlər, bilet və digər xidmətlər üçün tələb olunan pul məbləği təqdim edilmiş və hazır sənədlər ondan götürülmüşdür. Hesab edirlər ki, 2016-cı ilin dekabr ayında istifadə olunmuş xidmətin və aviabiletin pulu ödənilmədən 2017-ci ilin yanvar ayında yenidən pulu ödənilmədən aviabilet verilməsi və xidmət göstərilməsi inanılmazdır. Həmin iddiaçı şirkətlə Cavabdeh4 arasında nisyə xidmət göstərilməsi barədə müqavilə mövcud deyildir. Belə bir müqavilə ola da bilməzdi, çünki hər dəfə pullar tələb olunan məbləğdə tam ödənilmişdir. Əgər həqiqətən də iddiaçı tərəfindən tələb olunan məbləğlər ödənilməmiş olsaydı, həmin vaxtdan ötən 3 ildən artıq müddətdə cavabdehə hər hansı bir formada (yazılı bildiriş, telefon zəngi, sms və s.) müraciət edilərdi. Göründüyü kimi, iddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini iddia edir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən turizm vauçeri xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir. Beləliklə, iddiaçı cavabdehlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia etsə də, bunu təsdiq edən yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehə turizm xidməti göstərməsi ilə əsaslandırır, cavabdeh isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını bildirir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən isə turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Göstərilənlərdən müəyyən edilir ki, iddiaçı şəxsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425 və 442-ci maddələrinə istinad etməsi əsassızdır və iddiaçı tərəfindən Cavabdeh4 nisyə turizm xidməti göstərilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Ona görə də hesab edirlər ki, İddiaçı MMC-nin Cavabdeh4 qarşı iddia tələbi əsassızdır və həmin tələbin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Cavabdeh4 nümayəndəsi Ramiz İbrahimov həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh4 iddiaçı tərəfindən göstərildiyi iddia edilən turist xidmətlərindən, o cümlədən aviabiletlərdən 2016-cı ilin axırı, 2017-ci ilin əvvəllərində istifadə edilmişdir. İddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci ildə, yəni 3 ildən artıq müddət ötdükdən sonra təqdim edilmişdir. Ona görə də, iddia müddəti tətbiq edilməklə iddia tələbi Cavabdeh4 qarşı hissədə rədd edilməlidir. Cavabdeh1 da iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ona qarşı hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1375/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iddianı rədd edərkən tərəflər arasında müqavilənin olmamasına və iddia müddətinin buraxılmasına əsaslanmışdır. Halbuki, cavabdehlərin istifadə etdiyi biletlər artıq tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını aydın şəkildə əks etdirir. İddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd olunması da qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında göstərilmiş xidmətin dəyərinin ödənilməsi üçün konkret olaraq vaxt təyin edilməmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən etmək olur ki, bir sıra biletlər cavabdehlər xarici ölkədə olduğu zaman sifariş verilmişdir. Həmin biletlərin uçuşları xarici ölkədən başladığı üçün və cavabdehlər xarici ölkədə olduqları üçün sifariş edilən tarixdə pulun şəxsən iddiaçıya ödənilməsi mümkünsüzdür. Məhz bu kimi amillər və işgüzar münasibətlər nəzərə alınaraq xidmətin göstərilməsindən sonra ödəniş edilməsi üçün müştərilərə 6 ayadək vaxt verilirdi. Belə olduğu təqdirdə iddia müddətinin axımının başlanılması xidmət göstərilən tarixdən hesablana bilməz. Əgər məhkəmə hesab edirsə ki, tərəflər arasında müqavilə mövcud deyil, o zaman məhkəmənin müqavilələr üzrə 3 illik iddia müddətini tətbiq etməsi qanunvericiliyin tələbinə ziddir. Bundan əlavə cavabdehlərdən Cavabdeh3 məhkəmə prosesində iştirak etməmiş və onun tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməmişdir. Belə olduğu halda məhkəmənin ona aid hissədə iddia müddətini tətbiq edərək iddianı rədd etməsi əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Cavabdeh4 nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1375/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş İddiaçı xx xxxxxx 2016-cı il tarixli invoice/hesab nömrəsi 102 olan arayışın məzmunundan görünür ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə “Rixos” Oteldə 01-03 dekabr, iki gecə, üç otaq, üç nəfər səhər yeməyi ilə birlikdə otel sifarişi, habelə xx xxxxxx 2016-cı ildə Bakı-İstanbul-Antalya-İstanbul-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 1155 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan İddiaçı xx xxxxxx 2017-ci il tarixli invoice/hesab nömrəsi 102 olan arayışın məzmunundan görünür ki, Cavabdeh4 01 və xx xxxxxx 2016-cı ildə və 10 və xx xxxxxx 2017-ci ildə Bakı-Tbilisi və Tbilisi-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 850 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan İddiaçı xx xxxxxx 2017-ci il tarixli invoice/hesab nömrəsi 101 olan arayışın məzmunundan görünür ki, Cavabdeh3 xx xxxxxx 2016-cı il tarixdə “President” Oteldə 09-11 noyabr, iki gecə, bir nəfər, standart otaq səhər yeməyi ilə birlikdə otel sifarişi, habelə 11 noyabr və xx xxxxxx 2016-cı ildə Kiyev-Bakı və Ankara-İstanbul, 16 və xx xxxxxx 2017-ci ildə İstanbul-Bakı və Bakı-İstanbul reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 1470 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müxtəlif vaxtlarda müxtəlif ölkələrdə qalmaları üçün aviabiletlər sifariş verilmiş və sifarişlər İddiaçı MMC-nin vəsaiti hesabına həyata keçirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh şəxslər tərəfindən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə İddiaçı MMC-yə aviabiletlər və xarici ölkələrdə gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri öz vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında təqdim etmişdir. İddiaçı MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, yəni onlar tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, hazırkı mübahisə vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisə olduğundan, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçı ilə cavabdehlər arasında yaranan münasibətlərin turizm xidmətlərindən irəli gələn münasibətlər olduğuna istinad edərək onlar arasında turizm müqaviləsinin bağlanmadığını və ya iddiaçı tərəfindən belə bir müqavilənin məhkəməyə təqdim edilməməsini əsas gətirməklə iddianı əsassız hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC xx xxxxxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, Cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, Cəmiyyətin işçilərinin və təsisçilərinin iqtisadi maraqlarını təmin etməkdən ibarətdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh4 850 ABŞ dolları dəyərində aviabilet, Cavabdeh1 1155 ABŞ dolları dəyərində aviabilet və otel vauçeri, Cavabdeh3 1470 ABŞ dolları dəyərində aviabilet və otel vauçeri alınmışdır. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində turizmin anlayışı verilmişdir. Həmin normaya görə turizm Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri) mənasını ifadə edir. “Turizm haqqında” Qanuna əsasən, turizm məhsulu dedikdə, turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) başa düşülür. Göründüyü kimi, iddiaçı MMC tərəfindən turagent kimi cavabdehlərə turistlərin yerləşdirilməsi və hava yolu ilə daşınması növündə turizm məhsullarının satışı üzrə vasitəçilik fəaliyyəti həyata keçirilmişdir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC turoperator kimi cavabdehlərə turizm məhsullarının satışını deyil, turagent kimi turizm məhsullarının satışı üzrə vasitəçilik fəaliyyətini həyata keçirmişdir. Buna görə də tərəflər arasında turizm məhsulunun satışı haqqında yazılı müqaviləyə zərurət olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərinə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 862.2-ci maddəsinə görə, turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir : 862.2.1. qidalanma: 862.2.2. mehmanxanalarda yerləşdirmə: 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərə göstərilən xidmətlər turist xidmətlərinin göstərilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehlərə məcmu halda turist xidmətləri göstərilməmiş, cavabdehlərdən Fərid Mehdiyev iddiaçı təşkilata yalnız aviabiletlərin, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə aviabilet və otel vauçerlərinin sifariş verilməsini tapşırmış, İddiaçı MMC isə sifariş olunmuş xidmətləri öz vəsaiti hesabına həyata keçirərək sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında qarşı tərəfə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranan münasibətlər xarakterinə görə tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Tapşırıq müqaviləsinin predmetini vəkalət alan tərəfindən vəkalət verən üçün hər hansı əqdlərin, işlərin görülməsi və ya digər xidmətlərin icrası təşkil edir. Həmin müqavilənin bağlanma forması isə həm şifahi, həm də yazılı şəkildə ola bilər. Hazırkı mübahisə üzrə tərəflər arasındakı tapşırıq müqaviləsi şifahi formada icra edilmişdir. İddiaçı təşkilatın nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan da görünür ki, onlar arasında uzun müddətdir ki, bu cür münasibətlər mövcuddur, müxtəlif vaxtlarda cavabdehlərə eyni formada xidmətlər göstərilmiş və onlar da həmin münasibətlərə dayanaraq hazırkı mübahisə üzrə icra etdikləri öhdəliyi yazılı müqavilə formasında tərtib etməmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yazılı formada müqavilənin olmaması nəticəsinə gələrək iddia tələbini əsassız hesab etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Yenə həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı MMC tərəfindən cavabdehlərə xidmət göstərilərək dəyərinin ödənildiyi sübuta yetirilsə də, cavabdehlər tərəfindən həmin xidmətin dəyərinin ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində verilmiş iddia müddətinin tətbiqinə dair ərizələrə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlayır. Yenə həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onun təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Qeyd olunan Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İşin faktiki hallarından görünür ki, tərəflər arasında qarşılıqlı inama əsaslanan işgüzar münasibətlər olduğundan, öhdəliyin icra müddəti müəyyənləşdirilməmiş, iddiaçı MMC cavabdehlər tərəfindən pul öhdəliyinin ağlabatan müddətdə icra edilməsini gözləmiş, öhdəlik icra olunmadığına görə məhkəməyə müraciət olunmuşdur. Bu baxımdan, iddia müddətinin buraxılması barədə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə vermədiyi halda birinci instansiya məhkəməsi ona dair hissədə də iddia tələbini rədd etmişdir. Məhkəmənin belə bir qənaətə gəlməsi də tamamilə əsassızdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclərin əvəzi miqdarında pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlər və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında hüquqi münasibətlərin xarakterinə qiymət verərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia müddətinin tətbiqi məsələsini araşdırarkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Cavabdehlər Cavabdeh1 (1155x1,7=1963,5 manat) və Cavabdeh4 (850x1,7=1445 manat) qarşı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan, həmin cavabdehlər tərəfindən qətnamədən şikayət verilə bilməz. Cavabdeh3 qarşı (1470x1,7=2499 manat) iddia tələbinin qiyməti 2000 manatdan çox olduğundan, onun tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 404-1, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1375/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı MMC-nin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 1155 ABŞ dolları, Cavabdeh3 1470 ABŞ dolları və Cavabdeh4 850 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 münasibətdə çıxarıldığı andan qanuni qüvvəyə minir. Cavabdeh3 tərəfindən qətnaməni rəsmi qaydada aldığı gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən Cavabdeh3 tərəfindən şikayət verilmədikdə, qətnamə ona münasibətdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar