Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10154/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “04.06.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.12.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış 04.06.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 nömrəli iş üzrə 26 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2800/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-4223/2021 saylı, 26.07.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2800/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X.İmanov apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, hazırkı işlə tərəflər, iddianın predmeti və əsasları mahiyyətcə üst-üstə düşən iddiaçı Cavabdeh ASC cavabdehlər X3, İddiaçı və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minməmiş, belə ki, həmin iş üzrə cavabdehin verdiyi kassasiya şikayəti 27.01.2022-ci il tarixdə Ali Məhkəmədə baxılacaqdır. Bu səbəbdən hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş 2(102)-4223/2021 saylı, 26.07.2021-ci il tarixli qərarında bildirir ki, hazırkı ...işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə daxil olanadək qəbul edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 nömrəli iş üzrə 12.06.2019-cu il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, cavabdehlər (borcalan) "xxxx" MMC-dən, (zamin) X2 və (zamin) İddiaçı müştərək qaydada 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.631.615 manat əsas, 649.657,57 manat faiz, 50.000 manat cərimə olmaqla, cəmi 3.331.272,57 manat borcun tutularaq Banka ödənilməsi qərara alınmışdır. Həmin iş üzrə Bank İddiaçı qarşı iddia tələbini aralarında 04.06.2013-cü tarixdə bağlanmış zaminlik müqaviləsi ilə əsaslandırmışdır. Hazırkı iş üzrə isə iddiaçı həmin müqaviləyə müddət keçdiyinə görə xitam verilməsini xahiş edir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üstüstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit və zaminlik müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Bu baxımdan əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual qənaət prinsipinə zidd olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmır. Qeyd olunanlara baxmayaraq birinci instansiyası məhkəməsi MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1-ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırkı işlə tərəflər, iddianın predmeti və əsasları mahiyyətcə üst-üstə düşən iddiaçı Cavabdeh ASC cavabdehlər X3, İddiaçı və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minməmiş, belə ki, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-202/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti 27.01.2022-ci il tarixdə Ali Məhkəmədə baxılacaqdır. Belə olan halda hazırkı iddia tələbi ilə bağlı MPM-in 259.0.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa Məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin, İddiaçı Cavabdeh ASC-yə qarşı “04.06.2013-cü il tarixli 101-HFS- 28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10154/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10154/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver