Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1016/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2384/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə “X12” haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən ekspeditor vəzifəsinin icra edən işçi şirkət tərəfindən ona etibar edilərək, verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə X12 daşıyır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir.
2. İddiaçı cəmiyyətin direktor müavini, komissiyanın sədri Elşən Şərifov, komissiyanın üzvləri, maliyyə meneceri Ceyran Nəcəfova, satış meneceri Aqşin Şərifov, mühasib Azər Mikayılov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən cəmiyyətin direktorunun xx.xx.2022-ci il tarixli, 175 saylı əmrinə əsasən onlar hesablamalar apararaq, cəmiyyətin ekspeditoru Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və Al marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyətini analiz edərək, həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar apararaq qənaətə gəlmişdilər ki: - Al marketlərdə 110 mağazada cavabdeh tərəfindən Logix sistemi üzrə satılan mallar 314.037,93 manat olduğu halda, All market tərəfindən qəbul olunanlar 308.619,63 manatı təsdiqləmişlər, nəticədə 533,01 manat Abdullayevin kəmi var, eynilə All marketlərdə mədaxili olan, lakin cavabdehin satışı qeydiyyata almadığı 5.951,31 manat artıq çıxır, bunu nəzərə alaraq All marketlər üzrə cəmi kəmi 5.951,31 - 533,01=5.418,3 manat təşkil edir. All marketlərdən eyni mağazalarda cavabdeh tərəfindən Logix sistemi üzrə geri götürülən iadə 62.229,55 manat olduğu halda, All market tərəfindən bu rəqəm 68.022,78 manat təsdiqlənilmiş, nəticədə 6.360,44 manat cəmiyyətə artıq iadə hesablayıb, eynilə All marketdə çox yazılan, lakin cavabdeh az olan iadələr 567.22 manat artıq çıxır, bunu nəzərə alaraq All marketlər üzrə artıq iadəsi 567,22 - 6.360,44 = 5.793,23 manat yoxdur. Cavabdeh özbaşına olaraq 4.872,11 manatlıq pay adı ilə cəmiyyətin mallarını guya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşın-anbardan silib. Cavabdeh maşın-anbarın sayını zamanı cəmi 1.180,84 manatlıq mal kəmi hesablanıbdır. Beləliklə komissiyanın apardığı hesablamalar zamanı cavabdeh ona edilən etibardan sui-istifadə edərək, İddiaçı MMC-nin satış fərqi 5.418,3 manat, artıq iadə üzrə 5.793,23 manat, pay adı ilə 4.872,11 manat və kəm gələn mallar üzrə 1.180,84 manatlıq, ümumilikdə 17.264,48 manatlıq mallarını mənimsəmişdir.
3. ”SR Audit and Tax Services” MMC-nin xx.xx.2025-ci il tarixli audit rəyinə əsasən cavabdehin “Al market” marketlər şəbəkəsinə isti satış üçün götürdüyü malların cəmi dəyəri 314.037,93 manat olduğu halda, market şəbəkəsi tərəfindən qəbul olunmuş malların cəmi dəyəri 308.619,63 manat təşkil edir və mallar üzrə 5.418,3 manat fərq yaranmış, cavabdeh tərəfindən Logix sistemi üzrə geri qaytarılan 62.229,55 manat olduğu halda, “Al market” tərəfindən bu rəqəm 68.022,78 manat təsdiqlənmiş, 567,22 manat səhv yazılmış geri qaytarma nəzərə alınmaqla 5.793,23 manat fərq yaranmış, marketlərə hədiyyəlik məqsədlə götürülmüş 4.872,11 manatlıq mallar “Al market”ə təqdim edilməmiş, nəticədə 4.872,11 manat fərq yaranmış, yuxarıdakı əməliyyatlar üzrə cəmi 16.083,61 manat məbləğində fərq yaranmış, xx.xx.2022-ci il tarixli maşın-anbar sayımı sənədində göstərilmiş 1.180,84 manat fərq ilə bağlı yetərli və münasib sübutlar əldə etmək mümkün olmadığından bu əskikgəlmə ilə bağlı rəy təqdim edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17.264,48 manat pul məbləğinin, 50 manat mediasiya xərcinin, 92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 17.264,48 manat ziyan vurmuşdur. Bununla bağlı müəssisənin audit komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1 nömrəli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi qaydada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq, cavabdeh pulu ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2384/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 17.264,48 məbləğində pul vəsaiti, ödənilmiş 92 manat dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərci İddiaçı MMCnin xeyrinə tutulmuşdur. (hakim X3)
7. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ekspeditor vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixli “X12” haqqında müqavilə imzalanmışdır. Onların arasında bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə cəmiyyətin ekspeditoru Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və All marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyəti analiz edilərək, həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparılmış, cavabdeh tərəfindən 17.264,48 manat zərər vurulduğu məlum olmuşdur. Hazırkı günədək 17.264,48 manat məbləğində zərər cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh həmin zərərin vurulmasında təqsiri olmadığına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla X7 Azərbaycan Respublikası CM-nin 179.2.4cü maddəsində göstərilən cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X6 ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin maddi ziyanı ödəməklə bununla əlaqədar cinayət məsuliyyətindən azad olunmağı üçün qanunla müəyyən edilmiş məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyindən X7 barəsində cinayət işinə xitam verilmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 17.264,48 manat məbləğində maddi ziyan vurmuş, hazırkı günədək həmin məbləği geri qaytarmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17.264,48 manat məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı, 21-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-194-cü, 199-cu, 202-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən akta əsaslana biləcək heç bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən bu aktlarda qeyd edilən faktların qarşılıqlı təsdiqinə uyğun araşdırma aparılmamışdır. Yəni ki, akt yekunu nəzərdə tutmuş və iddiaçının özünün əməkdaşları tərəfindən tərtib edilmişdir. İşə baxan məhkəmə də aktda olan xüsusatların həqiqi olub-olmaması, reallığı əks etdirməsi halını araşdırmamışdır. Hansı ki, aktın özü də mötəbər sübuta və ya sübutlara söykənməlidir. Digər trəfdən, cinayət işinin rədd olunması haqqında qərarda da bu hallar digər mütəxəssis və ya ekspert rəyi ilə öz təsdiqni tapmamışdır. O, bir ildən çoxdur əmək müqaviləsinə xitam verilməsini istəsə də, İddiaçı MMC əsassız yerə müqaviləyə xitam verməmiş, gələcəkdə məhkəməyə verəcək iddia üçün əmək münasibətlərindən irəli gələn iddia üçün 1 ildən artıq müddət yaratmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçı Master Milk” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 191-ci maddəsinin 2-ci bəndinə əsasən a) ziyanın həqiqətən vurulduğunun aşkar olunması; b) təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması şərtlərinin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X12 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X12 daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-cü maddəsinin 5-ci hissəsinə əsasən X12 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır; 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X12 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Eyni zamanda, qeyd edilmişdir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - X12 götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X12 daşıması barədə yazılı müqavilə bağlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
22. Məhkəmə kollegiyası mülki işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə cavabdehlə “X12” haqqında müqavilə imzalanmış, xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərində olan zaman, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və Al marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyəti analiz etmək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparmaq məqsədi ilə iddiaçının əməlkdaşlarından ibarət komissiya yaradılmış və həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin 17.264,48 manatlıq malları mənimsədiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli, 1 saylı akt tərtib edilərək, komissiyanın üzvləri tərəfindən imzalanmışdır.
23. Hazırda iddiaçı 17.264,48 manat məbləğində malların cavabdeh tərəfindən mənimsənilərək, cəmiyyətə həmin məbləğdə zərər vurduğunu, cəmiyyətlə X12 haqqında müqavilə bağlamış maddi məsul şəxs olaraq onun bu məbləği ödəmək öhdəliyi daşıdığını iddia edir və qeyd edilən məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, ona iddia edilən malların təhvil verilmədiyini və bununla bağlı heç bir sübutun mövcud olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
24. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericiliyin müddəalarına istinadən qeyd edir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıması üçün 3 şərtin eyni anda mövcud olması tələb olunur: a) ziyanın həqiqətən vurulması; b) təqsirkarın qanunazidd əməli; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
25. Sadalanan normaların məzmunundan göründüyü ki, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən işəgötürən bu halları, ziyanın onun tərəfindən vurulmadığını (onun təqsiri olmadan vurulduğunu) iddia edən işçi isə öz mövqeyini (təqsiri olmadığını) sübut etməyə borcludur.
26. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
28. Bu baxımdan iddiaçı öz iddiasına uyğun olaraq cavabdehin ona 17.264,48 manat məbləğində maddi zərər vurduğunu sübuta yetirməli, bununla bağlı aidiyyəti, o cümlədən bu məbləğin müəyyən edilməsini mümkün edən sənədləri təqdim etməli idi. Lakin buna baxmayaraq, nəinki bu məbləğdə, ümumiyyətlə hər hansı məbləğdə zərərin cavabdeh tərəfindən ona vurulmasını, o cümlədən malların mənimsənilməsini sübuta yetirə bilməmişdir.
29. Məhkəmə kollegiyası bu istiqamətdə xüsusilə vurğulayır ki, qanunvericiliyin tələbləri baxımından illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMC-nin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə iddaçı olan MMC tərəfindən illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə bir müstəqil auditorun (kənar auditor) cəlb edilməsi və zərərin vurulduğu (borcun yarandığı) iddia edilən dövr üzrə qeyd edilən formada yoxlamanın aparılması müəyyən edilməmişdir.
30. Bundan əlavə, vurulmuş ziyan barədə təqdim edilmiş sənədlər araşdırılarkən iddiaçının səlahiyyətli şəxslərinin cavabdeh tərəfindən mənimsənilməsi iddia edilən 17.264,48 manat dəyərində malların məhz cavabdehə təhvil verilməsi, onun tərəfindən qəbul edilməsi və sonradan aidiyyəti üzrə təhvil verməməsi, habelə geri götürülən malların anbara qaytarılmaması barədə rəsmi sənəd təqdim edilməmişdir. Yoxlamaya təqdim edilən sənədlər yalnız cəmiyyətin kompyuter proqram təminatı ilə sistemləşdirilmiş "Logix" proqram təminatından çıxarışlardan ibarət olmuş, zərərin həqiqətən də dəyməsi, dəqiq məbləğlər, onların hesablanması qaydası hər hansı digər mötəbər dəlillərlə sübuta yetirilməmişdir.
31. Bu hal apellyasiya instansiya icraatı zamanı keçirilmiş audit hesabatının nəticələrində də öz əksini tapmışdır. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının icrası qaydasında ”SR Audit and Tax Services” MMC tərəfindən audit yoxlaması yalnız iddiaçı tərəfindən təqdim edilmiş kompyuter proqram təminatı ilə sistemləşdirilmiş “Logix” proqram təminatından çıxarışlar əsasında aparılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası həmin rəyi mötəbər hesab etməmişdir. O halda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qarşılığında belə həmin rəydə iddia edilən 1.180,84 manat (xx.xx.2023-cü il tarixli aktda göstərilən) fərqlə bağlı yetərli və münasib sübutların əldə edilməsinin mümkün olmaması səbəbindən bu əskikgəlmə ilə bağlı rəyin ifadə edilmədiyi bildirilmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi də məhkəmə iclasında "Logix" proqram təminatından çıxarışlardan başqa hər hansı sübutun, o cümlədən cavabdehin imzası ilə təsdiq edilmiş malların təhvil-təslim sənədlərinin olmadığını bildirmişdir.
32. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təşkil edilmiş komissiyanın tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktla bağlı qeyd edir ki, məzmununa əsasən iddia edilən zərər məbləği şəbəkə marketlər və AL marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar əsasında müəyyən edilmişdir. Lakin qarşılıqlı üzləşmənin aparılmasını təsdiq edən hər hansı sübutun mövcudluğu müəyyən edilmir.
33. Ümumiyyətlə həmin aktda iddiaçının ekspeditor kimi “AL market” marketlər şəbəkəsinə satış üçün 314.037,93 manat dəyərində mal götürdüyü halda, həmin şəbəkə tərəfindən cəmi 308.619,63 manat dəyərində malın qəbul olunduğu, nəticədə 5.418,30 manat fərqin yarandığı göstərilmişdir. Eyni zamanda, geri qaytarılan (iadə) malların dəyərində 5.793,23 manat fərqin yarandığı, hədiyəlik məqsədi ilə götürülmüş 4.872,11 manat dəyərində malın isə “AL” marketə təqdim edilmədiyi qeyd edilmişdir. Lakin hər üç halda fərqin yarandığının müəyyən edilməsi üçün ilk növbədə bu mallar fiziki (faktiki) olaraq cavabdeh tərəfindən qəbul olunmalı, sonradan təhvil verilməməli, bu halları da təsdiq edən təhvil-təslim aktları (hesab fakturalar) mövcud olmalıdır. Lakin nəinki bu fərqlərin, hətta onların hər hansı bir hissəsinin müəyyən edilməsini mümkün edən və cavabdehin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktı təqdim edilməmişdir.
34. Bundan əlavə, əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. İşçi yazılı izahat verməkdən imtina etdikdə bu barədə müvafiq akt tərtib edilir. Öz-özlüyündə konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə) təsiqlənməlidir. Belə ki, əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə və s. təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu ziyana görə işçinin üzərinə maddi məsuliyyəti qoymaq imkanından məhrum edir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
35. Yoxlama aparılan zaman cavabdeh iddiaçının işçisi olmasına baxmayaraq, iddiaçı tərəfindən yaradılmış komissiya, habelə iddiaçının hər hansı digər səlahiyyətli əməkdaşı bu sahəni tənzimləyən qanunvericiliyin 34-cü bəndində göstərilən tələblərə riayət etməmiş, o cümlədən cavabdehin izahatını almamış, bu proseslərdə onun iştirakını təmin etməmiş, nə üzləşmə aparmış, nə də ki, hər hansı məsələyə aydınlıq gətirilməsini ondan tələb etmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən də bu hala (müəssisəyə işçinin təqsirli əməlləri nəticəsində maddi zərər vurulmasına) toxunulmamış və tam fərqli əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
36. Bununla belə, iddiaçı-işəgötürən tərəfindən yoxlama bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun aparılmamış, vurulması iddia edilən zərər məbləği cavabdehin iştirakı təmin edilmədən, o cümlədən izahatı alınmadan yalnız kompyuter proqram təminatı ilə sistemləşdirilmiş “Logix” proqram təminatından çıxarışlar əsasında müəyyən edilmişdir ki, bunun nəticəsində də tərtib edilmiş akt iddianın əsaslı hesab edilməsi və cavabdehdən hər hansı məbləğdə zərərin tutulması üçün əsas ola bilməz.
37. Nəzərə alınmalıdır ki, iddiaçının əməkdaşı olmuş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə iddiaçının nümayəndəsi X6 verdiyi ifadəsində iş zamanı edilmiş bir neçə texniki səhvə görə, yəni anbardan çıxarılmış malların “Günəş” və “Logix” proqramlarına (fakturalarının mühasibatlıq proqramları olan) düzgün işlənilmədiyini və nəticədə həmin proqramlarda 42.360,05 manat çatışmaqlığın göründüyünü, 42.360,05 manat göstəricidən 15.000 manat hissəsinin həqiqətən də yaranmış çatışmalıq olduğunu, qalan məbləğin isə ola bilsin ki, həmin proqramlara düzgün işlənilməməsi nəticəsində yarandığını bildirmişdir. Onun bu ifadəsi “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Xətai rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli Qərarında öz əksini tapmışdır.
38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda nümayiş etdirilmiş hüquqi mövqeyini əsas götürüb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2384/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.