Məhkəmə qərarları › İş №2(103)-10163/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10163/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10163/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(005)-1835/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 120.000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(005)- 1835/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Mlüki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2 (103)-1297/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli, 2(102)-4506/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxşına qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi İddiaçı iddiadan imtina barədə 22.11.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, mübahisənin məhkəmədənkənar qaydada həll olunduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı ilə iddia ərizəsində qeyd etdiyi mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmış və iddiaçı cavabdehlə məhkəmədənkənar razılığa gəldiklərinə görə iddiasından imtina etdiyini, iddiadan imtinanın nəticələrinin ona aydın olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya, həmçinin vurğulayır ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi notarial qaydada təsdiq olunmuş ərizədə (ərizə 22 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuşdur) əks olunmuşdur və onun iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(005)-1835/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar