Məhkəmə qərarları › İş №2(103)-1017/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1017/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1017/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(008)-4066/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ünvanda təbii qazdan istifadə etmiş, heç bir problem olmamışdır. Lakin evin əvvəlki istifadəçisi İddiaçı adına saldodan görünür ki, 2018-ci ilə kimi təbii qazdan istifadəyə görə 299,70 manat borcu yaranmışdır. Lakin, o, 2018-ci ilin fevral ayında 1440 manat, 2018-ci ilin aprel ayında 1392 manat, 2018-ci ilin dekabr ayında 676,80 manat olmaqla cəmi 6508,80 manat məbləğində cərimə edilmişdir. Həmin cərimələrin yazılma səbəbi ona məlum deyildir. Bu barədə Cavabdeh İB tərəfindən ona heç bir məlumat verilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə İdarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etməmişdir. Məhkəmə əsl olmayan iddiaçı X1 əsl İddiaçı ilə əvəz etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(008)- 1125/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı savabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsi tələbinə dair mülki işin baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2-2(113)-839/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinin məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-2(113)-839/2020 saylı kommersiya işinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2-2(102)- 137/2020 nömrəli qərarına əsasən İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)- 1125/2020 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 6508,80 manat məbləğində borc silinmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(008)-4066/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1125/2020 nömrəli, 05.11.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(008)- 4066/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 5068.80 manat məbləğində borcun silinməsi, iddianın 1440 manat borcun silinməsi hissəsində rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 24.06.2021-ci il tarixli 2(008)-4066/2021 nömrəli qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mülki işdə iddiaçının abonent hesabında mövcud olan borcun 6508,80 manat hissəsinin yaranma əsasını iddiaçı tərəfindən 04 ədəd istixanada Cavabdeh İB-nın balansında olan ümumi qazpaylayıcı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi təşkil edir. İstixananın ölçüləri 30x10x2.2; əkin növü xiyar növündə tərəvəz bitkisi olmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki: iddiaçıya məxsus ünvanda 4 ədəd istixana vardır, istixanalarda xiyar növündə tərəvəz bitkisi yetişdirilir, Birliyə məxsus ümumi paylayıcı qaz xəttinə qanunsuz qoşulmuş rezin xətlər istixanaları təbii qazla təmin edir. İddiaçıya məxsus mexanikə tipli qaz sayğacının abonent saldosundan da müəyyən olunur ki, iddiaçı 2018-ci ildə qanunsuz qaz xəttindən istifadə etdiyi üçün istixanalarda qaz sayğacı üzrə təbii qaz sərf etməmiş, həmin il ümumiyyətlə ödəniş aparmamışdır. İstehlakçılar və qazpaylayıcı hüquqi şəxs arasında baş tutan məhkəmə mübahisələri zamanı, artıq nəinki müvafiq iş üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən, ümumi olaraq digər məhkəmələr tərəfindən də iş üzrə araşdırma aparılmır, qanuni və əsaslı qətnamələr qəbul edilmir, şablon formalı qətnamələr qəbul edilir. İstehlakçılar barəsində tərtib edilmiş yalnız ilk aktlar əsaslı hesab edilir, digər aktların əsassız olduğu düşünülür. İstehlakçının istifadəsində olan 4 ədəd böyük istixana barəsində “təbii qazdan istifadə qaydalarının pozuntusuna halına görə” 03 ədəd akt tərtib edilmişdirsə və istehlakçı da aktları imzalamaqdan imtina etmişdirsə, bu hal qazpaylayıcı hüquqi şəxsin ziyanına şərh edilə bilməz. Belə ki, hazırki dövrdə kimisə nəyəsə məcbur edib hansısa sənədə imza atdırmaq mümkün deyil. Tərəflərindən qaz xəttinə qanunsuz qoşulma halları aradan qaldırılıb qanunsuz təbii qazın əldə edilməsi dayandırılsa da, abonentlər gizlin qaydada təkrarən qaz xəttinə qanunsuz qoşulmağa davam edirlər. Fotoşəkillərdən və abonent saldosundan fakt görsənir və müəyyən olunur ki, istehlakçı qaz xəttinə qanunsuz qoşulub, 04 ədəd böyük istixananın qarşısından qanunsuz rezin qaz şlanqları keçir və 2018-ci ildə də istixananın fəaliyyətdə olduğu dövrdə qaz sayğacı üzrə təbii qaz sərf etməmiş, ödənişlər aparmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında quraşdırılan “Elster G-6T Diafraqma” tipli sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. 08.02.2018-ci il tarixli ******* №-li akt əsasında iddiaçı tərəfindən sayğacdan kənar xətdən istifadə aşkar edilmiş və 7200 kub metr qaz sərfiyatına görə 1440 manat borc hesablanmışdır. 30.04.2018-ci il tarixli ******* №-li akt əsasında sayğacdan kənar xətdən istifadə aşkar edilmiş və 6960 kub metr qaz sərfiyatına görə 1392 manat borc hesablanmışdır. 08.12.2018-ci il tarixli ******* №-li akt əsasında sayğacdan kənar xətdən istifadə aşkar edilmiş və 18384 kub metr qaz sərfiyatına görə 3676,80 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, İddiaçı akt üzrə hesablanan borc 6808,50 manat (1440 + 1392 + 3676,80) təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh olan Cavabdeh İB də buna görə məsuliyyət daşıyır. Cavabdeh üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla dəfələrlə aktlar tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyətini aradan qaldırmır. Qeyd edildiyi kimi, iddiaçı tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə iddiaçı tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının kənar xətdən istehlakçı tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfindən sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə cavabdeh tərəfindən digər 2 akt üzrə hər hansı sübut məhkəməyə təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş, fotoşəkillərlə məhz iddiaçıya məxsus olması iddia edilən 4 ədəd istixananın mövcud olması və sonuncuya məxsus olması iş materialları ilə öz təsdiqini tapmadı. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(008)- 4066/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar