Məhkəmə qərarları › İş №2(103)-1018/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1018/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1018/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2862,9 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2892,9 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehin fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman məlum olmuşdur ki, vətəndaş sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsi, iddianın tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Z.Qurbanov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətilə razılaşmayaraq şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx xxxxx 2017-ci il tarixli, ******* nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı İB arasında cavabdehə məxsus ünvan 1 ünvanının təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. Abonentin **********00000 nömrəli saldosundan görünür ki, Cavabdeh ünvan 2 ünvanında təbii qazdan istifadəyə görə 2017-ci il üçün 349,3 manat, 2018-ci il üçün 2513,60 manat borcu qalmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2017-ci il tarixli ******* saylıvə xx xxxxxx 2018-ci il tarixli ******* saylı aktların surətindən görünür ki, Cavabdeh məxsus mənzilə baxış keçirilərkən abonentin sayğacından kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Aktların tərtibində istehlakçının nümayəndəsi kimi iştirak edən Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi və quraşdırılması bu hissəsinin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçıdan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən Qərarın 4.9-ci bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən həqiqətən də, məhz cavabdehin yaşadığı ünvanda fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) olması barədə əsaslı və şübhədənkənar sübutlar Məhkəməyə təqdim edilməmişdir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar