Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1018/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh vəkili (nümayəndəsi) X12 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, xx.xx.2008-ci il tarixdə X4 tərəfindən cavabdehə verilmiş və Bakı Şəhəri 18 saylı Notariat Ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış “Vəsiyyətnamənin” etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixdə Bakı Şəhəri 6 saylı Notariat Ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,04 kv.metr olan 4 otaqdan ibarət 41 saylı mənzilə dair verilmiş və reyestrdə 2V-133 nömrə ilə qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin mənzil üzərində onun 1/4 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, xx.xx.2008-ci il tarixdə 6 saylı Notariat Ofisi tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.metr, yaşayış sahəsi 27,9 kv.metr, köməkçi sahəsi 31,2 kv.metr olan 2 otaqdan ibarət fərdi yaşayış evinə verilmiş, reyestrdə 2V-134 nömrə ilə qeydiyyata alınmış “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində onun 1/4 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X18 ilə anası X4 xx.xx.1949-cu ildə rəsmi nikah bağlamışlar. Onların nikahından 4 övlad doğulmuşdur: iddiaçının qardaşı X9 (doğum tarixi xx.xx.1949), qardaşı X23 (doğum tarixi xx.xx.1957), iddiaçı özü (doğum tarixi xx.xx.1955), iddiaçının bacısı Cavabdeh Sadıx qızı (doğum tarixi xx.xx.1960). İddiaçının atası xx.xx.1988-ci il tarixdə, anası xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. İddiaçının anasından iki daşınmaz əmlak miras qalmışdır: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) və ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil (bundan sonra – mübahisəli mənzil). İddiaçının anasının vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr onun yuxarıda qeyd edilən dörd övladı olmuşdur. İddiaçının anasının ölümü ilə bağlı Bakı Şəhəri 6 saylı Notariat Ofisində 2V-133 və 2V-134 saylı vərəsəlik işi açılmışdır. Anaları ölən zaman cavabdeh iddiaçını aldatmış, guya anasının vəsiyyət qoyduğunu və əmlakın vərəsələr arasında bərabər bölünəcəyini, iddiaçının heç yerə getməyinə ehtiyac olmadığını bildirmişdir. Cavabdeh iddiaçını narahat olmamağa, nə lazımsa qanunla hər şeyi özü həll edəcəyinə inandırmışdır. xx.xx.2023-cü il tarixində iddiaçının qardaşı Faxrəddin Məmmədov vəfat edən zaman yenə də cavabdeh iddiaçıya bildirmişdir ki, heç yerə getməyə ehtiyac yoxdur, özü hər şeyi həll edəcək və 6 aydan sonra iddiaçının da adı olan şəhadətnaməni alacaqdır. Lakin iddiaçı bu dəfə özü xx.xx.2023-cü il tarixdə övladları ilə birgə 6 saylı Notariat Ofisinə müraciət edərək qardaşının vərəsəlik işi ilə maraqlananda ona məlum olmuşdur ki, cavabdeh ölən qardaşının yeganə vərəsəsi olması barədə notariat ofisinə yalan məlumat vermişdir. Bundan sonra iddiaçı başa düşmüşdür ki, cavabdeh miras əmlakı tək əldə etmək və iddiaçını aldatmaq istəmişdir. Həmin gün iddiaçı cavabdehin anasından qalan miras əmlaklarla da bağlı onu aldatdığından şübhələnmişdir. Bunu bilmək üçün iddiaçı vəkillə müqavilə bağlamış və vəkil sorğusu ilə 6 saylı Notariat Ofisində açılmış vərəsəlik işinin təsdiq edilmiş surətini əldə edəndən sonra məlum olmuşdur ki, doğma bacısı iddiaçını o zaman da aldatmış və notariusa yalan məlumat verərək iddiaçının vərəsə kimi mövcudluğunu bildirməmiş, iddiaçını aldatmaqla anasından qalan miras əmlaka qanunsuz olaraq təkbaşına sahiblənmişdir. Cavabdeh iddiaçıdan başqa digər vərəsələrin - qardaşlarının olduğu haqqında məlumat vermişdir. Həmçinin məlum olmuşdur ki, hər iki qardaşı öz vərəsəlik paylarından cavabdehin xeyrinə imtina etmişlər. Nəticədə cavabdeh anasından qalan hər iki daşınmaz əmlaka təkbaşına vərəsəlik şəhadətnaməsi almışdır. Bundan başqa, cavabdeh, öz hərəkətlərinin mənasını anlayan, yalnız kəskin ürək qan damar çatışmamazlığından vəfat edən anasının adından saxta yolla xx.xx.2008-ci il tarixli “Vəsiyyətnamə” əldə etmişdir. Bu “Vəsiyyətnamə” xx.xx.2008-ci il tarixdə 18 saylı Notariat Ofisində tərtib edilmişdir. “Vəsiyyətnaməni” guya anası xəstə olduğu üçün onun əvəzinə qardaşı Asif Məmmədov imzalamışdır. Lakin “Vəsiyyətnamənin” arxa tərəfində notarius təsdiq etmişdir ki, “Vəsiyyətnaməni” iddiaçının anası şəxsən özü imza etmişdir. “Vəsiyyətnamə” qanunsuz olduğundan etibarsız hesab edilməlidir. “Vəsiyyətnamədə” vərəsələrin dairəsi və vəsiyyət qoyanın hüquqlarının izahı barədə qeyd yoxdur. İddiaçının anasının sağlam olmasına baxmayaraq, “Vəsiyyətnamədə” onun yalnız xəstə olduğu səbəbindən vəsiyyətnaməyə imza edə bilməməsi göstərilmişdir, lakin bu xəstəliyi təsdiq edən heç bir sübut mövcud deyildir. İddiaçının anası vəsiyyət etmək istəsəydi hər iki əmlakını vəsiyyət edərdi. Lakin digər əmlaka cavabdeh üçün “Vəsiyyətnamə” tərtib etdirmək mümkün deyildi, ona görə ki, orada 5 nəfər qeydiyyatda olmuşdur və bu əmlaka vəsiyyətnamə verilməsi üçün orada qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığı tələb edilirdi. Belə olacağı halda qeydiyyatda olan şəxslər bu barədə iddiaçıya məlumat verə bilərdilər. Cavabdehin qanunsuz hərəkətləri, iddiaçını aldatması və vərəsə kimi mövcud olmamağı haqqında notariusa yalan məlumat verməsi nəticəsində iddiaçı anasından qalan miras əmlaklardan pay almaq hüququndan məhrum olmuşdur. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamışdır. İddiaçının mirasdan məcburi pay almaq hüququ da pozulmuşdur. İddiaçının mirasdan 1/4 pay almaq hüququ var. xx.xx.2023-cü il tarixdə iddiaçı pozulmuş hüququnun bərpası üçün Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi xx.xx.2023 tarixli məktubla iddiaçıya məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. b) cavabdehin iddiaya münasibət barədə məlumat
3. Cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2008-ci il tarixdən mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 14 il 7 ay müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri buraxılmışdır. Ona görə də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, X4 tərəfindən Cavabdeh verilmiş və xx.xx.2008-ci il tarixdə 18 saylı Notariat Ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış “Vəsiyyətnamənin” etibarsız hesab edilməsini, xx.xx.2008-ci il tarixdə 6 saylı Notariat Ofisi tərəfindən mübahisəli mənzilə dair verilmiş, reyestrdə 2V133 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” qismən etibarsız hesab edilməsini və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçının 1/4 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınmasını, xx.xx.2008-ci il tarixdə 6 saylı Notariat Ofisi tərəfindən mübahisəli fərdi yaşayış evinə dair verilmiş, reyestrdə 2V-134 nömrə ilə qeyd edilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” qismən etibarsız hesab edilməsini və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin ev üzərində iddiaçının 1/4 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınmasını, iddiaçı tərəfindən ödənilmiş 300 manat dövlət rüsumunun onun özünə aid edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Vəsiyyətnamə tərəflərin anasının əvəzinə onun oğlu imzalamışdır. Lakin anasının xəstəliyi ilə bağlı şəxsən özünün imza edə bilməməsinin səbəbləri ilə bağlı hər hansı qeydlər göstərilməmişdir. Eyni zamanda “Vəsiyyətnamənin” ikinci vərəqində notarius tərəfindən vəsiyyətnamənin şəxsən onu verən şəxs tərəfindən imza edildiyi qeyd edilmişdir. İddiaçı vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmişdir. Yalnız cavabdeh və onun iki qardaşı “Vəsiyyətnamədən” məlumatlandırılmış və nəticədə iki qardaş vəsiyyət edilən əmlakdan cavabdehin xeyrinə məcburi paylarından imtina etməkləri ilə bağlı ərizə təqdim etmişlər. Odur ki, “Vəsiyyətnamə” etibarsız hesab edilməli və iddiaçının mübahisəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınmalıdır. Mübahisəli mənzilə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi zamanı iddiaçının adı vərəsələr siyahısında qeyd edilməmiş, onun qanunla qorunan mənafeləri nəzərə alınmamışdır. Odur ki, həmin şəhadətnamə qismən etibarsız hesab edilərək iddiaçının həmin mənzil üzərində 1/4 hissədə vərəsəlik hüququ tanınmalıdır. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlə etibarlı ailə münasibətlərində olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh özü də bacısı ilə münasibətlərinin məhkəməyə müraciət edənə qədər yaxşı olduğunu, aralarında hər hansı narazılığın olmadığını bildirmişdir. Miras əmlakın qəbulu ilə bağlı iddiaçı notariusa müraciət etməməsini bacısına olan inamı ilə əsaslandırmışdır. Bacısı iddiaçıya əmlakla bağlı vəsiyyətnamə olduğunu və əmlakın dörd övlad arasında bərabər bölündüyünə onu inandırmışdır. Cavabdeh tərəfindən qardaşının ölümündən sonra xx.xx.2023-cü il tarixdə notariusa ünvanlanmış ərizədən görünür ki, o, özündən başqa vərəsənin olmadığını qeyd etmişdir. Bu halı biləndən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddiaçının yuxarıda adı çəkilən əmlakları miras olaraq qəbul etməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Rayon Məhkəməsi “iddia müddətinin tətbiq edilməsi barədə” cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı anasından qalan əmlakları istifadəsinə qəbul etmişdir. İddiaçı fotoşəkillər təqdim edərək anasından qalmış qızıl-zinət əşyaları olan 3 ədəd üzüyün qəbul edilməsini göstərmiş, istinad olunan zinət əşyaları məhkəmədə tədqiq edilmişdir. Cavabdeh üzüklərin anasına deyil, xalasına aid olduğunu, xalasından anasına qaldığını bildirmişdir. Eyni zamanda cavabdeh izahatlarında anasından qalmış dəyərli qabqacaqları iddiaçıya verdiyini etiraf etmişdir. Bu, o deməkdir ki, iddiaçı anasından qalmış miras əmlakın bir hissəsini faktiki olaraq istifadəsinə qəbul etmişdir. Belə olan halda müddətin tətbiq edilməsi ilə bağlı hallar aradan qalxmış olur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin valideynlərinin nikahından dörd deyil, beş övladı olmuşdur. X2 (doğum tarixi xx.xx.1953-cü il, ölüm tarixi xx.xx.2003-cü il) tərəflərin doğma qardaşı olmuş, lakin iddiaçı bu barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh bu barədə məhkəməyə məlumat vermiş və sübutlar təqdim etmiş, lakin məhkəmə bu sübutları qəbul etməmişdir. Qətnamədə də bu hal qeyd edilməmişdir. Bundan başqa, iddiaçının vərəsəlik işindən xəbəri olmuşdur. Lakin notariat ofisinə getməmişdir. Cavabdeh notariat ofisinə yalan məlumat verməmişdir. Cavabdehdən başqa iki qardaşı da vərəsəlik işində iştirak etmişdir. Bundan əlavə Rayon Məhkəməsinin istinad etdiyi qab-qacağı anası sağlığında iddiaçıya vermişdir. Lakin Rayon Məhkəməsi bu halı təhrif etməklə işə qərəzli baxmışdır. İddiaçı mübahisəli mənzillərdə qeydiyyatda olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Rayon Məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı mübahisəli hala Mülki Məcəllənin 384.0.4-cü maddəsini səhv tətbiq etmişdir. Rayon Məhkəməsi həm iddia müddətinin ötürülməməsi qənaətinə gəlmiş, həm də hesab etmişdir müddət üzrlü səbəbdən ötürüldüyü üçün bərpa edilməlidir. Müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı isə hər hansı sübut yoxdur. Digər tərəfdən, iş üzrə tərəflərin anası Gülxanım Məmmədovanın xəstə olması ilə bağlı xəstəlik sənədləri mövcuddur. Respublika Kliniki Xəstəxanasının xx.xx.2007-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 xx.xx.2007-ci il tarixli tibbi sənədləri bu halı təsdiq edir. Notariat Ofisi tərəfindən aparılan hərəkətlərin “Təlimata” uyğun olmamasına görə vətəndaş məsuliyyət daşımır. “Vəsiyyətnamə” şahidlərin iştirakı ilə tərtib edilərək imzalanmışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və baxışda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışında iştirak etmiş iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işin tərəflər arasında mübahisə doğurmayan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bacıdırlar. Tərəflərin anası 2008-ci ildə vəfat etmişdir. Sonuncudan iki (yuxarıda qeyd edilən) mübahisəli daşınmaz əmlak miras qalmışdır.
12. Mübahisəli fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə Bakı Şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında, mübahisəli mənzil isə qanun üzrə vərəsəlik əsasında cavabdehin adına keçmişdir.
13. İddiaçı bildirir ki, onun qardaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı qardaşından miras qalmış və ünvan 3 ünvanında yerləşən evi miras olaraq qəbul etmək üçün notariusa müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, mübahisəli əmlakla bağlı bacısı – cavabdeh notariusa müraciət etmiş, sözügedən mirası qəbul edərək ərizədə özündən başqa vərəsə olmadığını bildirmişdir. Bu zaman anası vəfat edən vaxtla bağlı da onun şübhələri yaranmış, anasının vəfatından sonra əmlaklarla bağlı araşdırma aparmağa başlamış və bu əsnada 2008-ci ildə 6 saylı Notariat Kontorunda verilmiş vərəsəlik işinin materiallarını əldə etdikdən sonra ona məlum olmuşdur ki, vəsiyyətnamə verilərkən vərəsələr sırasında iddiaçının adı qeyd edilməmişdir. Halbuki iddiaçı anasında qalmış əmlakları faktiki olaraq istifadəsinə qəbul etmişdir.
14. Cavabdeh isə iddiaçının vərəsəlik işindən məlumatlı olduğunu, mirası qəbul etmədiyini, iddia müddətini buraxdığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur (maddə 15.2.). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.). Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 19.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.). Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə - iddia müddəti şamil edilmir (maddə 384.0.4.). Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər (maddə 1230.).
16. Rayon Məhkəməsi iddianı əsaslı hesab etməklə, öz qətnaməsini hazırki qətnamənin 5-ci bəndində qeyd edilən dəlillərlə əsaslandırmışdır.
17. Qətnamədən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, cavabdehin valideynlərinin nikahından dörd deyil, beş övladı olmuşdur. X2 (doğum tarixi xx.xx.1953-cü il, ölüm tarixi xx.xx.2003-cü il) tərəflərin doğma qardaşı olmuş, lakin iddiaçı bu barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh bu barədə məhkəməyə məlumat vermiş və sübutlar təqdim etmiş, lakin məhkəmə bu sübutları qəbul etməmişdir. Qətnamədə də bu hal qeyd edilməmişdir.
18. Apellyasiya şikayətinə əlavə edilmiş Bakı Şəhəri (hazırki) Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş İE seriyalı, 951947 №-li “Doğum haqqında şəhadətnamənin” surətindən müəyyən edilir ki, X11 xx.xx.1953-cü il tarixdə doğulmuşdur, atası X19 və anası Gülxanım Hüseynqulu qızıdır.
19. Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 032550 №-li “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
20. Məhkəmə bildirir ki, həmin sənədlərlə müəyyən edilən halların hazırki mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, qeyd edilən sənədlərdən müəyyən edilir ki, tərəflərin valideynlərinin birgə nikahından həqiqətən də beş övladı olmuşdur. X6 xx.xx.2003-cü il tarixdə, yəni miras qoyanın xx.xx.2008-ci il tarixdə ölümündən əvvəl vəfat etmişdir.
21. Mülki Məcəllənin tələblərinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2.).
22. Cavabdehin təqdim etdiyi sənədlərdən Sabahəddin Məmmədovun, miras qoyan Gülxanım Məmmədovanın öldüyü məqamda sağ olmadığı müəyyən edildiyi üçün vərəsə hesab edilmir.
23. Mülki Məcəllənin tələblərinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1.). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (maddə 1159.1.3.).
24. Hazırki halda Sabahəddin Məmmədovun mirasdan pay almaq hüququ olan enən xətt üzrə qohumlarının olub-olmaması mübahisənin predmetinə daxil deyil. Belə hüquqa malik olduğunu güman edən hər hansı şəxs tərəfindən məhkəməyə iddia verilməmişdir. Cavabdehin isə belə şəxsin adından çıxış etmək üçün subyektiv hüququ yoxdur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Odur ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir və işin nəticəsinə təsir göstərə bilməz. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
27. Apellyasiya şikayətinin vəsiyyətnamənin etibarlılığı ilə bağlı dəlillərinə münasibətdə Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (maddə 1166.). Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (maddə 1167.). Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir (maddə 1168.). Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür (maddə 1170.1.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1.). Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (maddə 1179.2.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (maddə 1180.1.). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (maddə 1180.2.). Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir (maddə 1182.). Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər (maddə 1188). Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir (maddə 1191).
28. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin Gülxanım Məmmədova tərəfindən iradəsinə uyğun tərtib edilməsi tərəflər arasında mübahisə doğurur. Belə olan halda vəsiyyətnamə o zaman etibarlı sayıla bilər ki, onun Gülxanım Məmmədovanın iradəsinə uyğun olması bütün kənar şübhələrdən azad şəkildə müəyyən edilmiş olsun.
29. 18 saylı Dövlət Notariat Kontorunda xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, vəsiyyətnamənin mətnində yazı makinası ilə Gülxanım Məmmədovanın mübahisəli fərdi yaşayış evini cavabdehə vəsiyyət etdiyi qeyd edilmişdir.
30. Vəsiyyətnamənin 2-ci bəndində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən mənə izah edildi” sözləri kompüter vasitəsilə qeyd edilmişdir və iddiaçı tərəfindən həqiqətən notarius tərəfindən ona izah edilməsi barədə təsdiqedici qeyd mövcud deyil.
32. Vəsiyyətnamənin birinci vərəqində qeyd edilmişdir ki, Gülxanım Məmmədova xəstə olduğu üçün vəsiyyətnaməni onun övladı X13 imza etdi.
33. Vəsiyyətnamənin ikinci vərəqində isə qeyd edilmişdir ki, vəsiyyətnaməni Gülxanım Məmmədova şəxsən özünün notariusun iştirakı ilə imza etmişdir.
31. Vəsiyyətnamənin birinci vərəqəsində vəsiyyətnamənin Gülxanım Məmmədova tərəfindən imzalanmamasının səbəbi kimi onun xəstə olması qeyd edilsə də, xəstəliyinin nədən ibarət olması və belə xəstəliyin vəsiyyətnamənin onun tərəfindən imzalanmasına mane olmasının nə ilə təsdiq edildiyi müəyyən edilmir.
32. Cavabdeh tərəfindən təqdim edilmiş Gülxanım Məmmədovaya aid ultrasəs müayinə nəticələrinə dair tibbi sənədlər nəzərdən keçirilsə də, həmin sənədlərdən Gülxanım Məmmədovanın vəsiyyətnaməni imza etməsinə mane ola biləcək xəstəlik (xəstəliklər) müəyyən edilmir. Çünki Respublika Kliniki Xəstəxanasının xx.xx.2007-ci il tarixli ultrasəs müayinəsi nəticəsində Gülxanım Məmmədovaya “Plural boşluqda maye təyin olunur. Hepatosplenomeqaliya “Bürüşmüş” öd kisəsi pankreatit. Sidik turşulu diatez” diaqnozu qoyulmuşdur. 2005-ci ilə aid ultrasəs müayinəsi nəticəsində isə ona “Xroniki hepatit, xroniki xolesistit” diaqnozu qoyulmuşdur.
33. Əgər notarius da bu xəstəlik sənədlərinə istinad edərək vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasını qəbul etmişdirsə, həmin vəsiyyətnamə vəsiyyət edənin iradə ifadəsini təsdiq edə bilməz. Hər halda cavabdeh tərəf başqa xəstəliyə istinad etməmişdir.
34. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında texniki vasitə tətbiq etməklə yazması ilə tərtib edilmişdir. Lakin bu şəkildə tərtib edilmiş vəsiyyətnaməni vəsiyyət edənin oxuması və notariusun, şahidlərin yanında imzalaması müəyyən olunmur.
35. Digər tərəfdən vəsiyyətnamədən görünür ki, vəsiyyət edən xəstə olduğu üçün əvəzindən X24 imza etmişdir. Lakin vəsiyyət edənin onun əvəzindən oğlunun imzalamasını xahiş etməsi vəsiyyətnamədən müəyyən edilmir.
36. Notariat işində maraqlı şəxslər qismində Cavabdeh və onun qardaşları Faxrəddin Məmmədov və Asif Məmmədov qeyd edilmişdir. Faxrəddin Məmmədov və Asif Məmmədov xx.xx.2008-ci il tarixdə 6 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək mübahisəli fərdi yaşayış evindən onlara düşən məcburi paydan cavabdehin xeyrinə imtina etdiklərini bildirmişlər.
37. İddiaçı vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmişdir. Yalnız cavabdeh və tərəflərin iki qardaşı “Vəsiyyətnamədən” məlumatlandırılmış və nəticədə iki qardaş vəsiyyət edilən əmlakdan cavabdehin xeyrinə məcburi paylarından imtina etməkləri ilə bağlı ərizə təqdim etmişlər.
38. Cavabdeh, Notariat Ofisinin səhvlərinə görə onun məsuliyyət daşımadığını qeyd etsə də, iddiaçının vərəsə olması barədə notariusa məlumat verməməsinin səbəbini izah edə bilməmişdir. Bu da onu göstərir ki, Notariat Ofisinin yol verdiyi pozuntu cavabdehin də hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir.
39. Odur ki göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
40. Apellyasiya şikayətinin digər dəlilləri iddiaçı tərəfindən mirasın qəbul edilməməsi və hazırki iddianın verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlıdır.
41. Bununla bağlı Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
42. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1246-cı maddəsində qeyd edilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
43. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsində isə qeyd edilirdi ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
45. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.”
46. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
47. MPM-in 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərh məhkəmələr üçün məcburi olduğu üçün Mülki Məcəllənin hazırki iş üzrə tətbiq edilməli olan maddələri də bu şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməlidir. Belə olan halda, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilməmişdir.
49. Bu baxımdan mirasın qəbul edilib-edilməməsi ilə bağlı tərəflərin təqdim etdiyi əlavə dəlillərin müzakirəsinə lüzum qalmır. Miras iddiaçı tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır.
50. Məhkəmə, “iddia müddətinin tətbiq edilməsi barədə” cavabdehin ərizəsinə münasibətdə qeyd etməyi lazım bilir ki, cavabdeh bu ərizəsində hansı iddia müddətinin tətbiq edilməli olduğunu konkret göstərməmiş, müqavilələrdən irəli gələn 3 illik və 6 illik müddətlərin, habelə 10 illik ümumi iddia müddətinin tənzimləndiyi maddələri sadalamışdır.
51. Bununla bağlı Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında bu məsələ də şərh edilərək göstərilmişdir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).
52. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
53. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
54. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
55. Belə olan halda, cavabdeh tərəfin qeyd etdiyi iddia müddətləri hazırki tələbə tətbiq edilə bilməz. Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.
56. İddiaçının miras əmlakı qəbul etməkdən imtina etməməsi nəzərə alınaraq Məhkəmə tərəfindən müəyyən edilir ki, miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan halda, miras əmlakda olan paylar vərəsələr arasında bölüşdürülərkən iddiaçının payı nəzərə alınmadığından iddianı qalan hissədə də əsaslı hesab edərək təmin etmiş Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür.
57. İddiaçının vərəsəlik payının müəyyən edilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, miras iddiaçı nəzərə alınmamaqla digər üç vərəsə tərəfindən qəbul edildiyindən və vərəsəliklə bağlı mübahisə açıb bölgüdə iştirak etmək niyyətini bəyan edən başqa vərəsə olmadığından, İddiaçının mübahisəli əmlaklar üzərində 1/4 hissədə payının olduğu müəyyən edilir.
58. Mübahisəli mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi zamanı iddiaçının adı vərəsələr siyahısında qeyd edilməmiş, onun qanunla qorunan mənafeləri nəzərə alınmamışdır. Odur ki, həmin şəhadətnamə qismən etibarsız hesab edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi əsaslıdır.
59. Məhkəmə onu da nəzərə alır ki, Rayon Məhkəməsi mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı hələ qəbul edilməmişdi və Rayon Məhkəməsi tərəfindən tətbiq edilə bilməzdi. Lakin Plenum qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir.
60. Bununla belə müddətin üzrlü hesab edilməsi mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktı ilə ziddiyyət təşkil etmədiyindən, Rayon Məhkəməsi faktlar nöqteyinəzərindən iş üzrə düzgün nəticəyə gəldiyindən, Məhkəmə qətnamənin ləğv edilməsi üçün əsas görmür. g) apellyasiya baxışının nəticəsi
61. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
63. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehin özünə aid edilməlidir.
65. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
66. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiymətləndirilməyən iddia növünə aid olduğundan cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
67. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlu apellyatorun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.