Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1018/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı ("xxxx" ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-1018/2025 (Açar sözlər: mənzilin boşaldılması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh1 qarşı “mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MTK Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılması, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 12-si tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 2395 manat təşkil etmiş və bununla da o, müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. İddiaçı MTK Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh borcu ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin bank tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü şəkildə mənzili boşaltmaqla təhvil verilməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, 86 saylı mənzildə yaşamasa da, bəzi şəxsi əşyalarını həmin mənzilə yerləşdirmişdir. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə hakim Şahin Abdullayev) iddia təmin edilmişdir.
4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1, 139-1.1.6, 149.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 423.1- ci maddəsinin tələbi pozulmuş, halbuki həmin maddəni tətbiq etməklə iddianın rədd etməli idi. Maddənin tələbindən göründüyü kimi müqavilə tərəflərin razılığı ilə, razı olmadıqda isə müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Lakin iş materiallarına baxdıqda iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir təklifin olmasına dair sübutun olmadığı görsənir. X10 hüquq və azadlıqları haqqında Konvensiya, həm Azərbaycan Respublikasının Konstitusiyası hər bir şəxsin mülkiyyət hüququna böyük önəm verir. Mülkiyyət hüququnun qorunması insan hüquq və azadlıqları kateqoriyasına daxil edilir və eyni zamanda göstərir ki, hər bir şəxsin mülkiyyət hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada məhrum ola bilər. Ancaq Bakı şəhəri Səbail Rayon Məhkəməsi 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mülkiyyəti olan mənzili heç bir əsas olmadan məhrum edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna birbaşa qəsddir. Birinci instansiya məhkəməsi tərəfindən MPMin qeyd edilən maddəsi pozulmuş, sübutlara obyektiv, tam və hərtərəfli qiymət verilməmişdir. Baxmayaraq ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin icra edilməməsinə istinad etmiş, amma cavabdeh ilə öz arasında olan müqavilənin ləğvini tələb etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia tələbi təqribən 5 il bundan qabaq verilmiş və cavabdehin də bu barədə məlumatı olmuşdur. Lakin məhkəmə iclaslarında məqsədli şəkildə iştirak etməmişdir. Lakin hakimin tapşırığı ilə onunla həm MTK, həm də məhkəmə köməkçisi dəfələrlə telefon vasitəsilə danışmış, həmçinin onun yaşadığı və valideynlərinin ünvanına, eləcə də vatsap nömrəsinə rəsmi bildirişlər göndərmişdir. O isə MTK-ya etibarnamə üzrə nümayəndəsini göndərərək, paydan rəsmi qaydada imtina etmişdir. Bundan başqa, iş üzrə çıxarılmış yekun qətnamə cavabdehin həm özünə, həm də nümayəndəsinə sorğu əsasında təqdim edilmişdir. Bundan başqa, qətnamənin icrası mərhələsində icra məmuru tərəfindən onunla telefon vasitəsi ilə dəfələrlə danışıq aparılmış, o isə bu danışıqlardan sonra nümayəndəsini göndərərək, mənzildə olan bütün əşyalarını oradan götürmüş, hətta istilik sistemi ilə bağlı bütün qurğuları da söküb aparmışdır. Bunadan başqa, həmçinin MTK-ya notarial qaydada təsdiq olunmuş ərizə verərək, payından imtina etdiyini və mənzilin başqa şəxsə satılmasına etiraz etmədiyini bildirmişdir. MTK isə qanunvericiliyin tələbinə uyğun olaraq üçüncü şəxsə satmış və həmin şəxs mənzili təmir etmiş, mənzilə dair çıxarış almış və ailəsi ilə birlikdə orada yaşayır. Belə olan halda qətnamənin çıxarılmasından təqribən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verməsi, məhkəmələrin isə həmin şikayətə baxılmasını mümkün hesab etməsi qanunvericiliyə tamamilə ziddir. Cavabdeh1 həmin mənzillə bağlı MTK-dan və vaxud bankdan alacağı heç bir məbləğdə vəsait yoxdur, əksinə onun MTK-ya əlavə borcu yaranmışdır. Əgər cavabdehin mənzilə görə ödədiyi məbləğlə bağlı, hansıki bank həmin məbləği onun kredit borcu üzrə hesablanmış faizlərə silib, mübahisəsi var idisə, bununla bağlı müqavilə şərtlərinə uyğun olaraq ayrıca iddia qaldırmaqla mübahisələndirə bilərdi və bu da müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olardı. Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, Cavabdeh1 dələduzluq cinayəti ilə bağlı olaraq axtarışdadır və buna görə də ölkəyə qayıda bilmir. Belə olan halda, onun öz nümayəndəsinə və vəkilinə Ağsu rayon Notariat ofisi tərəfindən etibarnamə verilməsi də ciddi şübhələr yaradır. Əgər o, ölkəyə qayıtmış olsaydı, bu halda saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilməli idi. İşə apellyasiya instansiyası məhkəməsində birinci dəfə baxılarkən MTK-nm məhkəmə iclasında iştirakı təmin olunmadığına görə, bu məsələni də məhkəmə qarşısmda qaldırmaq və araşdırlmasım tələb etmək imkanımız olmamışdır. Bundan başqa, cavabdeh bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi üçün bank, MTK və payçı ilə aralarında bağlanmış üçtərəfli zaminlik müqaviləsi əsasında cavabdehin banka olan kredit borcunu, həmçinin həmin kredit borcuna hesablanmış faizləri, iddiaçının həmin bankda olan hesabından tutmaqla, geri almışdır. Belə olan halda cavabdeh MTK qarşısında öz öhdəliklərini icra etmiş sayıla bilməz. Digər tərəfdən, İddiaçı MTK cavabdehin bankdan aldığı kreditə görə zamin olduğu üçün MTK ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin 4.2.7-ei maddəsinin şərtlərinə görə payçı bank qarşsmda öhdəliklərini icra etmədiyi halda, MTK bank qarşısında həmin borcu bağlamaqla payçıya, yəni, Cavabdeh1 məxsus olan və kreditin təminatı kimi çıxış edən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzili öz sahibliyinə keçirmək hüququna malikdir. Buna görə də MTK cavabdehlə bağladığı xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia irəli sürməkdə haqlı olmuşdur. Cavabdehin MTK-ya rəsmi qaydada təqdim etdiyi ərizə ilə müəyyən edilir ki, o, MTK və bank qarşısmda götürdüyü müqavilə öhdəliklərini icra edə bilmədiyini etiraf edərək hazırkı işi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və Payçı müqaviləsi əsasında ona verilmiş mənzilin üçüncü şəxsə satılmasını məhz özü xahiş etmişdir. Buna görə də həmin mənzil üçüncü şəxsə satılmış və cavabdehin öhdəlikləri tam olmasa da bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan təqribən 4 il sonra cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verməsi başa düşülən deyildir və Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən, iş üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirimədən saxlanılmasını xahiş etmişdir.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3141/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və İkram Şirinov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd olunması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia qaldırılması üçün gərək faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun. İddiaçı mübahisəli mənzilə dair bankın girov (ipoteka) saxlayan kimi hüquqlarının da ona keçdiyini düşünərək bu cür iddia irəli sürsə də, payçı, kredit və zaminlik müqavilələri bağlanan tarixlərdə həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi yalnız 31 iyul 2018-ci ildə bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması işdən görünməsə də ipoteka müqaviləsinin 5.1-ci bəndində də ipoteka predmetinə tutmanın qüvvədə olan qanunvericiliyə uyğun yönəldilməsi nəzərdə tutulmuşdur. Demək, iddiaçıya bankın ipoteka saxlayan kimi hüquqları keçmiş olsaydı belə, yenə də cavabdehə qarşı iddia tələbi hazırki formada olmamalı idi. Kredit müqaviləsinin 13.9-cu bəndində göstərilən, yəni borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda... borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin predmeti olmuş mənzilinin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki həmin vaxt mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa və ipoteka predmeti olmasa da, qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mülkiyyət hüququnu açıq-aşkar pozan razılaşma hesab olunur. Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq hazırkı iddianı irəli sürməyə əsas vermirdi. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 4.2.7-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də, bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə özünün verdiyi maliyyə arayışına əsasən, cavabdeh xx.xx.2019-cu il tarixə kimi banka 20786,31 manat ödəmiş, bunun 4023,84 manat əsas, 16762,47 manat isə faiz olaraq təyin edilmiş, xx.xx.2019-cu il tarixinə kimi kreditin əsas məbləği 79640,16 manat, ödənilməyən faiz borcu 3421,54 manat təşkil etmiş, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83 061,17 manat kredit borcu zamin MTK tərəfindən ödənilmişdir. Deməli, iddiaçı xx.xx.2019- cu ilə kimi cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirdiyini təsdiq etməklə, mənzilin dəyərinin bank tərəfindən tam ödənildiyini də təsdiq edir. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməzdi.
d) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh MTK-dan aldığı mənzilə görə pay haqqını MTK-ya ödəməmiş və müqavilə maddəsinin tələbləri əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsini tətbiq edərək, həmin mənzilə dair tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə MTK-nın tələbini təmin etməli idi. Lakin məhkəmə öz qətnaməsində həmin normaya istinad etsə də, hazırkı mübahisəyə münasibətdə həmin normanı düzgün tətbiq etməmiş və iddianı təmin etməmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(102)-3374/2023 nömrəli qərarı ilə (hakimlər Əhliman Xıdırov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, vicdanlı alıcıdır, pulunu ödəyib mənzili almış, eyni zamanda çıxarışı da mövcuddur. Bu səbəbdən məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-584/2024 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi) Xumar Mərdanova və Elnur Həsənov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
f) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2094/2024 nömrəli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Əhməd Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır: “...Mülki Məcəllənin 475-ci maddəsinin dispozisiya şərtləri əsasında işin halları təhlil olunduqda görünür ki, xx.xx.2019-cu ildə iddia ərizəsi veriləndə və birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılan dövrdə iddiaçı cavabdehin banka olan borcunu ödəməmişdi. Həmin borc daha sonra – xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası dərhal qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı MTK tərəfindən zaminlik üzrə öhdəlik yerinə yetirlməmiş olmasına baxmayaraq, artıq iddiaçı tərəfindən borc banka ödənildiyinə görə, iddianın əsaslılığı zaminliklə bağlı digər əsaslar üzrə təhlil olunmalıdır.... Baxılan iş üzrə kreditora girov saxlayan kimi mənsub olmuş hüquqların iddiaçıya keçməsinin mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, əvvəla, bankla cavabdehin arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması barədə hər hansı sübut işə əlavə olunmamışdır. Bundan başqa, “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə, ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Qeyd olunan Qanunda tutmanın ipotekaya yönəldilməsinin əsasları ilə yanaşı bunun qaydası, prosedurları, bu zaman mülkiyyətçinin hüquqlarının qorunması üçün zəruri şərtlər müəyyən olunmuşdur və iddia tələbi qanunla müəyyən olunan qaydada ipotekaya yönəldilməni (açıq hərracda satılmasını) ehtiva etmir, yəni ipoteka saxlayan ipoteka predmetinin açıq hərracdan satılmaqla borcun ödənilməsini tələb etmək hüququna malikdir.... Məhkəmə kollegiyası cavabdehin mənzilə hüququnun yaranmadığı barədə qənaəti ilə razılaşmır. Çünki məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarına görə, mübahisəli mənzil cavabdeh tərəfindən MTK ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə əsasında əldə edilmiş, mənzilin qiyməti tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvə olmuş 178.8- ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göründüyü kimi mübahisəli mənzilə cavabdeh mülkiyyət hüququ əldə etmişdi. Buna görə də MTK-nın iddiaçının cavabdehin mənzildən çıxarılması və mənzilə dair hüquqlarına xitam verilməsi barədə tələb, cavabdehin mülkiyyət hüququna birbaşa təsir edir və bu cür müdaxilə üçün qanuni əsaslar olmadığı halda iddia tələbi təmin edilə bilməz.... İşə baxmış apelyasiya instansiyası məhkəməsi, "xxxx"nin mübahisə predmetinə çevrilmiş 4.2.7-ci bəndində müəyyən edilən şərtin qanunauyğunluğunu təhlil etməmişdir.... Bundan başqa, işə baxmış məhkəmələr tərəflər arasında bağlanmış "xxxx"nin ləğv olunması barədə nəticəyə gəlmişdir.... Baxılan iş üzrə müqavilənin ləğv olunması üçün əsasların olub-olmaması da, qanunvericilikdə qeyd olunan şərlərin qanunauyğun olmasına qiymət verildikdən sonra müəyyən edilə bilər....”
g) Proses iştirakçılarının izahatı
18. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qətnamə icraya yönəldikdən sonra cavabdeh özü evi boşaltmış, notarial qaydada paydan imtina etmişdir.
19. Apellyasiya baxışında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apelyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzili 2021-ci ildə iddiaçı MTK-dan pulunu verərək almışdır. Ev təmirsiz vəziyyətdə olmuşdur və özü yenidən təmir aparmışdır. Bundan 1-2 il sonra evə məhkəmə mübahisəsi ilə bağlı məktub gəlmişdir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
21. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; ... 6.1.5. müqavilələr azadlığı; ...
23. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
224. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
26. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
28. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
32. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
37. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
38. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, kollegiya işin halları ilə bağlı təkrarçılığa yol vermədən qısa şəkildə bildirir ki, İddiaçı MTK ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx"nə əsasən MTK mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı isə mənzili qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 83.664 manat müəyyən olunmuşdur. Eyni zamanda həmin müqavilənin 4.2.7-ci bəndində belə bir şərt müəyyən olunmuşdur ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh "xxxx" ASCdən 240 ay müddətinə, illik 8%-lə qaytarmaq şərti ilə 83.664 manat kredit almış və yuxarıda qeyd olunan "xxxx" üzrə ödəməli olduğu məbləği MTK-ya tam ödəmişdir. 82. Lakin cavabdeh banka olan kredit borcunu ödəməmişdir. Buna görə də iddiaçı cavabdehlə bağlanmış "xxxx"nin 4.2.7-ci bəndində müəyyən olunan şərtlərdən çıxış edərək hazırki iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qətnamə icraya yönəlmiş, əmlak üçüncü şəxsə, yəni X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair sonuncunun adına çıxarış verilmişdir.
48. İşə bundan öncə baxan məhkəmələr tərəfindən bir sıra mövqelər sərgilənmiş və yekunda kassasiya instansiyası tərəfindən iş yenidən apelyasiya baxışına göndərilərkən bir sıra göstərişlər verilmişdir. Mülki Prosessul Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
49. Həmin göstərişlərdən biri ondan ibarət olmuşdur ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi, "xxxx"nin mübahisə predmetinə çevrilmiş 4.2.7-ci bəndində müəyyən edilən şərtin qanunauyğunluğunu təhlil etməmişdir. Buna münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
50. Belə ki, yuxarıda da qeyd edildiyi kimi hazırki iddianın hüquqi əsasında arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" durmuşdur və həmin müqavilənin 4.2.7-ci bəndində belə bir şərt müəyyən olunmuşdur ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.
51. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
52. Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.
53. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında müqavilə azadlığı prinsipinə əsasən bir sıra şərtlər, o cümlədən cavabdehin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi halında MTK-nın birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi olma hüququnu təsbit edən şərt müəyyənləşdirilmişdir. Kollegiya hesab edir ki, sözügedən şərtin mövcudluğu mahiyyəti baxımından cavabdehin əşya hüququnun məhdudlaşdırılması kimi təsəvvür yaratsa da, kreditor-borclu münasibətləri çərçivəsində sonuncunu öz kredit öhdəliklərini lazımi qaydada icra etməyə sövq etmiş və bir növ onu intizamlandırmaq məqsədi daşımışdır. Təsadüfi deyil ki, öhdəliyin icrasının təminatı qismində çıxış edən bir sıra institutlar, o cümlədən elə ipoteka və girov anlayışlarının özü də məhdud əşya hüquqları ilə ehtiva olunmaqla borclunun öz öhdəliyini vaxtında və lazımi qaydada icra etməsi üçün təşəkkül tapmışdır.
54. Qeyd edilməlidir ki, istər mülki hüququn prinsipləri, istərsə də bu barədə qanunvericilikdə təsbit olunan normalara əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Kollegiya hesab edir ki, bu kontentdə “vicdanlılıq” məfhumu özündə sadəcə borculuya “humanist” yanaşma kimi başa düşülməməli, həm də borclunun tələbkar qarşısındakı öhdəliklərinin icrasına da vicdanla yanaşmasını və bunun üçün sonuncunun almalı olduğu bəzi təminat tədbirlərini də ehtiva etməlidir.
55. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, sözügedən şərtin müqavilədə təsbit olunması borclunun hazırki işdə də olduğu kimi kreditor qarşısında öz öhdəliklərini yerinə yetirməməsi halında onun əvəzindən icra etmiş şəxs(lər)in hüquqlarının müdafiəsi üçün nəzərdə tutulmuşdur və bu təsbit indiki halda cavabdehin əşya hüquqlarının əsassız olaraq məhdudlaşdırılması hesab edilə bilməz.
56. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təsadüfi deyil ki, cavabdeh həmin şərtin mövcudluğuna razılığını yalnız sözügedən müqavilənin bağlanması zamanı deyil, iddiaçının bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində qaldırdığı iddia ilə bağlı qəbul olunan yekun məhkəmə aktının icrası zamanı da göstərmişdir. Belə ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra icra qaydasında cavabdeh öz razılığı ilə mənzildə olan bütün əşyalarını götürmüş, hətta istilik sistemi ilə bağlı bütün qurğuları da söküb aparmışdır. Bu fakt icra məmurları və MTK tərəfindən tərtib edilmiş aktlarla da rəsmiləşdirilmişdir. Bundan başqa, cavabdeh MTK-ya notarial qaydada təsdiq olunmuş ərizə verərək, payından imtina etdiyini və mənzilin başqa şəxsə satılmasına etiraz etmədiyini bildirmişdir. MTK isə qanunvericiliyin tələbinə uyğun olaraq həmin mənzili üçüncü şəxsə, yəni X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair sonuncunun adına çıxarış verilmişdir. Nəticədə həm məhkəmə qətnaməsinin icrası, həm də cavabdehin öz hərəkətləri (o cümlədən notarial imtinası) nəticəsində əmlak artıq digər şəxsin mülkiyyətinə keçmiş və həmin şəxs vicdanlı alıcı olaraq mənzilin dəyərini ödəmişdir.
57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin 4.2.7-ci maddəsi etibarlı hesab olunmaqla iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
58. Kassasiya instansiyası məhkəməsinin digər bir göstərişi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə kreditora girov saxlayan kimi mənsub olmuş hüquqların iddiaçıya keçməsinin mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, əvvəla, bankla cavabdehin arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması barədə hər hansı sübut işə əlavə olunmamışdır. Bundan başqa, “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə, ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Qeyd olunan Qanunda tutmanın ipotekaya yönəldilməsinin əsasları ilə yanaşı bunun qaydası, prosedurları, bu zaman mülkiyyətçinin hüquqlarının qorunması üçün zəruri şərtlər müəyyən olunmuşdur və iddia tələbi qanunla müəyyən olunan qaydada ipotekaya yönəldilməni (açıq hərracda satılmasını) ehtiva etmir, yəni ipoteka saxlayan ipoteka predmetinin açıq hərracdan satılmaqla borcun ödənilməsini tələb etmək hüququna malikdir.
59. Qeyd olunanlara münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən təqdim edilən məlumatdan və ona əlavə olunan sənədlərdən göründüyü kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103-xx-xx-2016-MR- BY saylı kredit müqaviləsinin təminatı qismində xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müvafiq qaydada qeydiyyata alınmış, o cümlədən cavabdehin adına yüklülüklə bağlı ******* qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin əlavə olunan məlumatdan və digər iş materiallarından da görünür ki, xx.xx.2020-ci il tarixində zamin qismində İddiaçı MTK tərəfindən 90,660 (doxsan min altı yüz altmış) manat məbləğində ödəniş edilərək borc bağlanmışdır.
60. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə əsasən bir sıra hallarda, o cümlədən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
61. Təqdim edilən sənədlərdən də göründüyü kimi ABB ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanılaraq dövlət qeydiyyatına alınmış, sonradan iddiaçı tərəfindən cavabdehin bank qarşısındakı öhdəlikləri icra edildiyindən borc bağlanmış və nəticədə ipotekaya da xitam verilmişdir. Təsadüfi deyil ki, bunun nəticəsində də mənzil üzərindəki yüklülük aradan qalxmış və birinci instansiya məhkəməsinin qətnaməsinin icrasından sonra yuxarıda da qeyd edildiyi kimi mənzil heç bir məhdudiyyət olmadan digər bir şəxsin, X2 adına özgəninkiləşdirilmişdir.
62. Bu halda qeyd edilənlər onu deməyə əsas verir ki, bankla borclu arasındakı öhdəlik münasibətlərinə xitam verildiyindən və nəticə etibarilə bu hal özündə ipotekanın da xitamını nəzərdə tutduğundan, iddiaçının hazırda kreditor olaraq həm də girov saxlayan kimi ödənilməli vəsaitin ipoteka predmetinə yönəldilməsini tələb etmək imkanı mövcud olmamış, iddia tələbini də bu cür deyil, onun özü ilə cavabdeh arasında bağlanmış “Payçı müqavilə”sindən irəli gələn öhdəliklərin icrası üzrə qaldırmışdır.
63. Kassasiya instansiyası məhkəməsinin növbəti göstərişi ondan ibarət olmuşdur ki, işə baxmış məhkəmələr tərəflər arasında bağlanmış "xxxx"nin ləğv olunması barədə nəticəyə gəlmişdir. Baxılan iş üzrə müqavilənin ləğv olunması üçün əsasların olubolmaması da, qanunvericilikdə qeyd olunan şərlərin qanunauyğun olmasına qiymət verildikdən sonra müəyyən edilə bilər.
64. Qeyd olunanlara münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
65. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı MTK cavabdehin bankdan aldığı kreditə görə zamin olduğu üçün MTK ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin 4.2.7-ci maddəsinin şərtlərinə görə payçı bank qarşısında öhdəliklərini icraetmədiyi halda, MTK bank qarşısında həmin borcu bağlamaqla payçıya, yəni, Cavabdeh1 məxsus olan və kreditin təminatı kimi çıxış edən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzili öz sahibliyinə keçirmək hüququna malikdir.
66. İş materiallarından göründüyü kimi Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və cavabdeh bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi üçün bank, MTK və payçı ilə aralarında bağlanmış üçtərəfli zaminlik müqaviləsi əsasında cavabdehin banka olan kredit borcunu, həmçinin həmin kredit borcuna hesablanmış faizləri, iddiaçının həmin bankda olan hesabından tutmaqla, geri almışdır.
67. Bu halda kollegiya hesab edir ki, mülki qanunvericilikdə müqavilənin ləğvi üçün göstərilən əsaslar mövcud olmuş, cavabdehin öz öhdəliklərini icra etməkdən birtərəfli imtina etməsi və bunu borcun qaytarılması ilə bağlı hərəkətsizliklə nümayiş etdirməsi nəticəsində iddiaçı olaraq MTK onun bank qarşısındakı öhdəliklərini icra etməklə bu alqı-satqıdan gözlədiyi gəlir və mənfəətdən əhəmiyyətli dərəcədə məhrum olmuşdur. Buna görə də MTK cavabdehlə bağladığı xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia irəli sürməkdə haqlı olmuşdur.
68. Beləliklə, işin halları, o cümlədən kassasiya instansiyası məhkəməsinin göstərişləri ilə bağlı aparılan araşdırma nəticəsində kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
70. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
72. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
73. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev