Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10189/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı “X2” MMC Cavabdeh Dadəş oğluna qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “X2” MMC-nin əmlakına vurulmuş ziyana görə ödənilməmiş 1436 (min dörd yüz otuz altı) manatın və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq “X2” MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № № 2(006)-4621/2020) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X2” MMC ilə Cavabdeh arasında 22.02.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu 03 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və X1” haqqında müqaviləni imzalamışdır. 31.05.2017-ci il 248-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Dadəş oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 29.03.2017-ci il tarixdə Oba-Göytəpə 01 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 29.03.2017-ci il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun olaraq 1436 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borc 1436 manat təşkil edilir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onu çağırmamış, ona məhkəmə bildirişi göndərməmişdir. Məhkəmə öz hüquqlarını müdafiə etməyə ona şərait yaratmamışdır. “Oba” marketlər şəbəkəsində işlədiyi müddətdə onların dövlətə və işçilərə qarşı münasibətlərindən və onlarla əmək müqaviləsi bağlamadıqlarından narazılığını bildirdiyi üçün onu başqa bəhanə ilə işdən azad etmişlər. Bu haqda administratorlar qrupunda da məlumat vermişlər. Onu işdən çıxardıqdan sonra üçüncü ayın əmək haqqını verməyi tələb edərkən ondan əmək müqaviləsini imzalamağı tələb etmişlər. O, artıq işdən azad olunduğu üçün imzalamayacağını bildirmişdir. Buna görə də 3-cü aya görə (800) manata yaxın əmək haqqını ödəməmişlər. Onun iddiaçı ilə heç bir müqaviləsi olmamışdır. Onların təqdim etdiyi müqavilə saxtadır. Tələbləri qərəzli, sübutları məntiqsizdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 21 oktyabr 2020ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, “X2” MMC ilə Cavabdeh arasında 22.02.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu 03 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və o, X1” haqqında müqaviləni imzalamışdır. 31.05.2017-ci il 248-K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən ona ziyan vurulduğunu bildirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi vurulmuş ziyana görə 1436 manat pulun cavabdehdən tutulması barədədir. İddiaçı tələbinin əsası kimi 29.03.2017-ci il tarixdə Oba Göytəpə 1 filialında aparılmış inventarizasiya nəticələrinə dair ilkin akta istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1, 1108.1-ci maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş, qətnamədə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Tərəflər arasında bağlanmış X1 haqqında müqavilənin 3.3-cü bəndinin tələbinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan və işin 18-ci vərəqində olan aktdan görünür ki, həmin akt işçi, yəni Cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdeh həmin aktla tanış edilməsi və onun aktı imzalamaqdan imtina etməsi isə nə iş materialları ilə, nə də məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İşin 32-40-cı vərəqlərində olan inventarizasiya aktından (siyahısından) görünür ki, inventarizasiya prosesində Cavabdeh başqa komissiya üzvləri də daxil olmaqla cəmi 8 nəfər iştirak etmiş, Cavabdeh ümumi məbləği 61838,62 manat olan 437 adda malları təhvil vermiş və aktın hər vərəqini imzalamışdır. İnventarizasiya və təhvil-təslimdə iştirak edən digər şəxslər də aktın sonunda imza atmışlar. Həmin aktda hər hansı çatışmazlıq olduğu və ya ziyan vurulduğu qeyd edilməmişdir. Digər tərəfdən, ziyan vurulması barədə akt nəinki Cavabdeh tərəfindən, ümumiyyətlə invetarizasiya prosesində iştirak edən və aktı (siyahını) imzalayan şəxslərdən heç biri tərəfindən imzalanmamışdır. İddiaçının istinad etdiyi 08.01.2020-ci il tarixli arayışda (i.v.19) isə 1436 manat çatışmazlıq olduğu qeyd edilsə də, bu çatışmazlığın necə yaranması və nə ilə təsdiq olunması, arayışın nəyə əsasən verilməsi göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə iddiaçının istinad etdiyi ziyan aktı (i.v.18) və maliyyə arayışı (i.v.19) mötəbər sübut kimi qəbul edilə və həmin akt və arayış əsasında cavabdehdən 1436 manat ziyan məbləği tutula bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilənlərə əsasən ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “X2” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın əvəzi kimi 1436 manatın və dövlət rüsumunun əvəzi kimi 30 manatın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10189/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10189/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver