Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1019/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2382/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(008)- 2382/2018 saylı qətnaməsi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilərək, onun 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına qədər Ermənistan SSR-nin Ararat rayonu Xalisa kənd kolxozunda kolxozçu işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, Ərizəçi isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, ərizəçinin istinad etdiyi hallar ondan ibarətdir ki, o, 1954-cü ildə Ermənistan Respublikasının Ararat rayonunun Xalisa kəndində anadan olmuşdur 1961-ci il ildən 1971-ci ilə qədər Xalisa kənd orta məktəbində təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına qədər Ararat rayonu Xalisa kəndində kolxozçu işləmişdir. 1976-cı ildən 1980-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. Oranı bitirdikdən sonra sənədlərini geri istədiyi zaman bildirmişlər ki, attestatı, əmək kitabçası itmişdir. Bununla əlaqədar təhsilini bitirdikdən sonra onu təyinatla Ermənistan rayonunun Ararat rayonunun Şirazlı kənd orta məktəbinə müəllim təyin olunduğu zaman ona yeni əmək kitabçası vermişlər. Onunla kolxozda birgə çalışan vətəndaşlar hal-hazırda Bakı şəhərində yaşayırlar və həmin şəxslər onun həqiqətən kolxozda çalışdığını təsdiq edə bilərlər. Maraqlı şəxsin nümayəndəsi ərizəyə etiraz edir və bildirir ki, ərizəçinin istinad etdiyi hallar heç bir mötəbər sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, xx.xx.1940-cı il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur. Ərizəçini 1954-cü ildən tanıyır. Belə ki, ərizəçi ilə birlikdə kolxozda işləmişlər. Ərizəçi 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına qədər Ararat rayonu Xalisa kəndində kolxozçu işləməsinin şahidi olmuşdur. Şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, xx.xx.1939-cu ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur. Ərizəçi ilə eyni kənddə yaşamışlar, o, 1957-ci ildən xx.xx.1989-cu il tarixədək Ararat rayonu Xalisa kənd kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, ərizəçi də onunla birlikdə kolxozda işləmişdir. Ərizəçi həmin kolxozda 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına kimi işləməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirdi ki, o, Ermənistan Respublikasının Vedi kəndində anadan olmuşdur. xx.xx.1972-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi Ararat rayonu Xalisa kəndində kolxozda işləmişdir. O, kolxoza işə düzələndə ərizəçi artıq orda işləyirdi və 1976-cı ilin avqust ayına kimi kolxozda işləmişdir. İş materiallarında olan ARM ******* saylı əmək kitabçasının surətindən görünür ki, X4 Ermənistan Respublikasının Ararat rayonu Xalisa kənd kolxozunda 1957-ci ildən xx.xx.1989-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. ARM ******* saylı əmək kitabçasının surətindən görünür ki, X6 1960-cı ildən xx.xx.1989-cu il tarixədək Ermənistan Respublikasının Ararat rayonu Xalisa kənd kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. ARM ******* saylı əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1972-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan Respublikasının Ararat rayonu Xalisa kənd kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. EV 271960 saylı diplomun surətindən görünür ki, Ərizəçi 1976-cı ildən 1980-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. PT ******* saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ararat rayonu Şirazlu orta məktəbində müəllim vəzifəsinə təyin edilmişdir. Qeyd olunan sübutları araşdıraraq və Mülki Prosessual Məcəllənin 307.1, 307.2.11, 308, 311-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır. Çünki ərizəçinin 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına qədər Ararat rayonu Xalisa kəndindəki kolxozda işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, bu faktı həmin illərdə Ararat rayonu Xalisa kəndindəki kolxozda işləmiş şahidlər təsdiq etmişlər. Eyni zamanda hər hansı obyektiv və ya subyektiv amillərə görə həmin şahid ifadələrini şübhə altına alınması və qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa işin mübahisəsiz halıdır ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanına malik deyil. Həmçinin maraqlı şəxsin nümayəndəsi bildirdi ki, həmin fakt məhkəmə qaydasında müəyyən edildiyi təqdirdə ərizəçi pensiya almaq hüququnu əldə etmiş olur. Göründüyü kimi hazırki ərizənin təmin edilməsi Mülki Prosessual Məcəllənin 308 və 311-ci maddələrinin tələblərinə tam uyğundur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, əsaslandırılmayan apellyasiya şikayəti isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2382/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-1019/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1019/2020
14.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver