Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1019/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızının cavabdeh X8 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızı Cavabdeh qarşı – iddiaçının və azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüldü X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-6133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia təmin edilmiş, iddiaçı Əliyeva (Köksal) Səadət Mülayim qızının azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X18 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır.
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
4. İşə apellyasiya qaydasında baxılarkən X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçı ilə faktiki olaraq ayrılarkən, o, özünə məxsus əmlakları götürərək yaşadıqları evdən çıxıb getmişdir. Həmin vaxtdan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtmamışdır. Bundan başqa, iddiaçı sonradan digər şəxslə - Türkiyə vətəndaşı ilə ailə qurmuş və daimi yaşamaq üçün övladları ilə birlikdə Türkiyə Respublikasına köçmüş və hazırda orada yaşayır. Bu səbəbdən o, yaşayış yerini müəyyən müddətə deyil, daimi olaraq tərk etmişdir. Məhkəmə göstərilən halları nəzərə almamış və anası X1 2011-ci ilin sentyabr ayında öz hesabına inşa etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikinti sayılır. Sözügedən evə iddiaçının hər hansı hüququ yaranmadığına görə, onun həmin evə köçürülməsi də mümkün deyildir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi anası X9 tərəfindən öz hesabına inşa edilmişdir. Evə dair bütün kommunal xidmətlərə dair sənədlər (müqavilə, akt və s.) də onun adınadır. Bu baxımdan iddia tələbinin ona qarşı yönəldilməsi düzgün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq, tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, onlar Hövsandakı evlərini datıb, satışdan əldə edilən pulla atasının aldığı torpaqda həmin evi 2011-ci ildə tikmiş, iddiaçının evin tikintisinə heç bir köməyi dəyməmişdir. İddiaçı hazırda Türkiyə vətəndaşı ilə ailə qurmuşdur, həmin nikahdan da övladı olmuşdur. O, uşaqlarını görmür, çünki iddiaçı onları da özüylə aparmışdır. Evin heç bir sənədi yoxdur, kommunal xərclər anasının adından ödənilmişdir, qəbzlər var. Həmçinin bildirdi ki, iddiaçının əşyaları həmin evdədir, anası S.Abdullayeva qardaşı ilə başqa ünvanda yaşayır. Mübahisəli evdə isə qohumu qalır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, onun dayısı imkanlı iş adamıdır, onların toyunu da 2011-ci ildə dayısına məxsus “Şur” restoranında dayısı etmişdir, nikaha girəndən bir müddət kirayədə yaşamışlar. 2011-ci ilin oktyabr ayında mübahisəli evi inşa etməyə başlamışlar. Torpağın sənədi yoxdur, lakin qayınanasına aiddir, orada başqa tikili vardı, onu söküb yerində yenisini tikmişlər. Evin tikilməsinə də dayısı Hüseyn Hüseynov kömək etmiş, 120 min manat pul göndərmişdir. Bunu qayınanası da bilir. Dayısı həmçinin evin tikilməsinə ustalar da göndərmiş, evin inşasını həmin ustalar etmişlər. 2012-ci ilin mart ayında evə köçüb yaşamışlar. Münasibətləri pozulanadək -8-9 il mübahisəli ünvanda yaşamışlar. Uşaqları da həmin ünvanda doğulmuşdur. Onu uşaqları ilə birlikdə evdən qovmuşlar, halhazırda Bakıda, Sabunçu qəsəbəsində atasının evində yaşayır, türk vətəndaşı ilə ailəlidir, lakin Bakıda yaşayırlar. Onu evdən 2 uşaqla birlikdə qovublar, o bu barədə polisə şikayət etmişdir. Cehiz əşyaları da hazırda mübahisəli evdədir, həmin əşyalardan isifadə olunur, həmin evdə kirayəçilər qalır. Həmin evin tikilməsi onun vəsaiti hesabına başa gəlsə də, onu həmin evə buraxmırlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçının başqa yaşayış yeri yoxdur, evdən 2 uşaqla birlikdə qovulubdur. Evə köçürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh öz şikayətində məhkəməni səhv istiqamətləndirməyə çalışmışdır. İddiaçı yeni ailə qursa da, Bakıda atasının evinə sığınmışdır, uşaqlar da Bakı şəhərində orta məktəbə gedirlər, iddiaçının ölkəni tərk etmək fikri yoxdur. Bundan başqa, evə çəkilən xərc üzrə payın müəyyən edilməsinə dair iddiaçının iddiası olmuşdur, həmin iş üzrə AR Ali Məhkəməsinin qərarı ilə tikili özbaşına olduğu üçün icraata xitam verilmişdir. Eyni zamanda qərarda həmin xərci ayrıca tələb etmək hüququnun olması iddiaçıya izah olunmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs bildirdi ki, torpaqın sənədi yoxdur, lakin torpaq onundur, orada 2 otaqlı köhnə ev var idi, oğlu evlənəndən sonra o tikilini sökmüşlər, Hövsanda da 2 otaqlı evini 30 minə satıb onun vəsaiti hesabına indi mübahisə edilən ünvanda yeni ev tikmişlər. Oğlu ailə qurandan sonra ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Gəlininin anası evin divar kağızının və həyət üçün tamet vurulmasına kömək etmişdir. Düzdür, iddiaçının dayısının pul verməsini bilmir, lakin iddiaçının dayısı həqiqətən ustalar göndərmiş, həmin ustalar evi tikmişlər, lakin onlar da işi yarımçıq qoymuşlar, evin tikintisini başa çatdırmamışlar, evdən bəzi inşaat materialları oğurlanmışdır. Hazırda evdə oğlu yaşayır, oğlunu evləndirmək istəyir, iddiaçı həmin evə köçsə, evdə dava-dalaş olacaq, onların birgə yaşaması mümkün olmayacaq. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi:
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-524/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X6 qarşı nikahın pozulmasına dair iddiası təmin edilərək, X14 ilə X11 arasında Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 703 saylı aktla bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüldü X15 və xx.xx.2012-ci il təvəllüldü X19 anaları X3 himayəsində saxlanılması, X4 xx.xx.2013-cü il təvəllüldü X7 və xx.xx.2012-ci il təvəllüldü X16 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət olunmuşdur.
11. Ali Məhkəmənin 2(102)-952/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X3 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş puldan ¾ hissədə onun, ¼ hissəsinin isə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasına dair iddia tələbi üzrə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçının yaşayış evinin inşasına çəkilən xərclərə pay hüqunun müəyyən olunmasını deyil, həmin xərclərin özünü tələb etmək hüququ vardır. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
13. Avropa İnsan Hüquqları Konvensiyası Maddə 8.1 Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Maddə 20. Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddiaçının köçmək istədiyi ev özbaşına tikili olmaqla, müvafiq qaydada qeydiyyata alınmamışdır. Eyni zanmanda tərəflər həmrəy olaraq bildirmişlər ki, həmin ev iddiaçı ilə nikah bağlandıqdan sonra inşa edilmiş və evin inşa edilməsinə iddiaçı tərəf əhəmiyyətli vəsait sərf etmişdir, tərəflər azyaşlı uşaqları ilə birlikdə münasibətləri pozulanadək həmin evdə birgə yaşamışlar. Hazırda cavabdeh iddiaçını və azyaşlı uşaqlarını həmin evə buraxmır. Bununla belə, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sübut təqdim olunmamışdır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
23. İddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi?
24. Hazırkı mülki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
25. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub, əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).
26. İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.
27. İddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.
28. Bundan başqa, cavabdehin apellyasiya şikayəti və izahatında həmin evin onun anasının vəsaiti hesabına tikilməsinə istinad etsə də, o nəinki, buna dair sübutlar verməmiş, əksinə, üçüncü şəxs kimi işə cəlb edilən cavabdehin anası öz izahatında iddiaçının bildirdiklərini, yəni evin tikilməsində iddiaçı tərəfin əhəmiyyətli vəsait sərf etdiyini təsdiq etmişdir.
29. Halbuki MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Beləliklə, iddiaçının köçürülməsini tələb etdiyi ev cavabdelə birgə nikah dövründə inşa edildiyindən, tərəflərin izahatı ilə evin tərəflərin birgə vəsaiti ilə tikilməsi müəyyən edildiyindən, iddiaçı azyaşlı övladları ilə birgə köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlə eyni hüquqa malik olduğundan, iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsindən məhrum edilməsi qanunsuz olmuşdur. İddiaçının yeni ailə qurmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, bu halın mövcudluğu iddiaçının da məsrəfləri hesabına və özünün yaşamaq ehtiyacını təmin etmək məqsədi ilə tikilmiş yaşayış sahəsinə olan hüququnu aradan qaldırmır. Demək ki, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
34. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
36. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-6133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.