Məhkəmə qərarları › İş №2(103)-10197/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10197/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10197/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz inşa edilmiş radio baza stansiyasının sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, e-2(007)-3467/2021 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz inşa edilmiş radiobaza stansiyasının sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, e-2(007)-3467/202 saylı qərardadı ilə iddia ərizəsinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxılmalı olması əsası mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı3 şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki işdə müstəsna aidiyyətdən söhbət gedə bilməz. Mübahisə icarə müqaviləsinin ləğvi ilə bağlıdır. Həmin işə cavabdehlərdən birinin qeydiyyatda olduğu Nizami Rayon Məhkəməsində baxıla bilər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli, e-2(007)-3467/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi icarə müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz inşa edilmiş radiobaza stansiyasının sökülməsi ilə bağlıdır və cavabdehin rəsmi qeydə alındığı yerə görə ərazi aidiyyəti üzrə baxılmalıdır. Cavabdehlərdən Cavabdeh2 rəsmi qeydə alındığı ünvanı Bakı şəhəri Nizami rayonu ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı mülki prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, e-2(007)-3467/2021 saylı qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar