Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1020/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh təşkilatın icraçı direktorunun (işəgötürənin) xx.xx.2021-ci il tarixli, 05X nömrəli əmri etibarsız hesab edilərək ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, mənəvi zərərin əvəzi kimi 79.200 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabehin vəkili (nümayəndəsi) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırda qətnamənin bir hissəsi – işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbə aid hissəsi yoxlanılır. Belə ki, bunadan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb və qət olunub ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, iddianın qalan hissəsi rədd olunsun. Həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən bir hissədə - işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbə aid hissədə ləğv edilərək həmin hissədə iş yeni apellyasiya baxışına göndərilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanlmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda Hüquqi təminat və hadisələrin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) ləğv edilib. Əmrdə qeyd olunub ki, əmək müqaviləsinə xx.xx.2021-ci ildən xitam verilsin. Əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ildədək müəyyən edilib. “xx.xx.2021ci ildədək” ifadəsi onu təsdiq edir ki, 31 iyul müddətin sonuncu günüdür. Müddətin qurtarması əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsasıdır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir”. Odur ki, 31 iyuldan (müddətin sonuncu günündən) sonrakı gündə – 01 avqustda əmək müqaviləsinə xitam verilməsinin əsası mövcud olub. Lakin 31 iyul və 01 avqust qeyri-iş günləri (şənbə və bazar günü) olub. Mülki Məcəllənin 370.2-ci maddəsinə görə, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Sonrakı iş günü 02 avqust olub. İddiaçının səhhətinə görə işdən azad edilməsinə əsas olan “Əmək qabiliyyətinin olmaması vərəqi”ndə onun işdən azad edildiyi müddət 02 avqustdan 04 avqusta kimi və 05 avqustdan 07 avqusta kimi göstərilib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində qeyd olunub: “İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Göründüyü kimi, bu maddədə “iş yerində olmadığı dövrdə” ifadəsindən istifadə olunub. Əmək müqaviləninə xitam verilməsi barədə əmr 06 avqustda, yəni “Əmək qabiliyyətinin olmaması vərəqi”nin qüvvədə olduğu tarixdə verilib. Lakin müəyyən olunur ki, əmrin verildiyi gün iddiaçı iş yerində olub. Belə ki, iddiaçı özü iddia ərzəsində qeyd edib: “... Mən də iş yükünün çoxluğunu və rəhbərliyin tələbini nəzərə alaraq bülletendə olmağıma baxmayaraq işə çıxdım. Sonuncu iş günü isə mənə bildirəndə ki, sizinlə bağlanmış müqaviləyə xitam verilir, mən onlara iradımı bildirim ki,...” (iş v. 7). İddiaçı bu halı məhkəmə icraatı zamanı verdiyi izahatnda da təsdiq edib. Ona görə də əmək müqaviləsinin xitamı barədə əmr verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2ci hissəsinin tələbi pozulmayıb. Beləliklə, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələb əsassızdır, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə, yəni iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1020/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1020/2023
06.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver