Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10200/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul etməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 2 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, hazırda istifadə hüququnun tanınmasını tələb etdiyi mənzilə dair 21.04.2012-ci il tarixdə müqavilə bağlanmış, o iddiaçı ilə 18 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, əvvəl isə nişanlı olmuşlar, nişanlı olduqları dövrdə, yəni 30.05.2013-cü il tarixində o, “AGBANK" ASC-dən 5000 manat kredit götürərək, həmin mənzilin təmir edilməsinə pul çatışmadığı üçün iddiaçıya vermişdir. Həmin mənzil təmir edildikdən sonra, 18 iyun 2013-cü ildə evlənib ailə həyatı quraraq, o, həmin mənzilə gəlin köçmüş, hal-hazıradək həmin mənzildə yaşamaqdadır. Birgə nikahlarından 30.06.2017-ci il təvəllüdlü X2 anadan olmuş, daha sonra isə iddiaçı ilə aralarında olan münasibətlər pisləşdiyindən onlar ayrılmışlar. Hazırda da o həmin mənzildə yaşayır. Mənzilə qeydiyyata düşməsinə iddiaçı mane olmuşdur. Onun hazırda qeydiyyatda olduğu mənzil isə valideynlərinə məxsusudur, bu qeydiyyat formal xarakterlidir, o həmişə azyaşlı övladı ilə birlikdə həmin mübahisə predmetinin yönəldiyi mənzildə yaşayıb. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 21 aprel 2012-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” Müqavilədən görünür ki, Cəmiyyət Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 2566-cı məhəllə ünvanında cəmiyyət tərəfindən tikilməkdə olan binanın “J” bloku, 510 mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Mənzilin dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşdiriləcəkdir. 30.05.2013-cü il tarixli 107.LN.İ605.300513.00002 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 illik 26 faiz ödəmək şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2940/2020 saylı 07.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək 30 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 mart 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1383/2021 saylı 30.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 18 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nizami Rayon qeydiyyat Şöbəsindən 1145 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 30 iyun 2017-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən qarşılıqlı iddia tələbi hissəsində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Kolegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2013-cü ildən sonra, yəni tərəflər arasında nikah bağlandıqdan və onlar mübahisəli mənzilə köçdükdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair" 22.01.2015-ci il tarixli Qərardadında Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququnu nə zaman həyata keçirmək məsələsi ilə bağlı qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. İddiaçı mənzilin mülkiyyətçisidir, qarşı tərəf isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun mübahisəli mənzilə istifadə hüququ yoxdur. Göstərilən normalara əsaslanan kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaransa da, onunla iddiaçı arasında olan nikaha xitam verildiyindən və tərəflər arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanmır. Belə olan halda Kollegiya hesab edir ki, hazırkı işin faktiki halları və istinad olunan maddi hüquq normaları baxımından qarşlıqlı iddia tələbi əsassız olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qarşılıqlı iddia hissədə təmin etməməkdə haqlı olmuş, onun tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehin apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10200/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10200/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver