Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10210/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bank arasında bağlanmış 08 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-2132/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin tələbi təmin edilərək, cavabdehlərdən, o cümlədən zamin olaraq iddiaçıdan 8788,64 ABŞ dolları əsas borc və 1559,43 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10348,07 ABŞ dolları məbləğində pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd edilən kredit müqaviləsi 08 avqust 2014-cü il tarixdə bağlanmışdır və həmin müqavilə 28 fevral 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşür. Borclu ilə bank arasında borcun restrukturizasiyasından sonra yeni müqavilə bağlanmış və həmin müqaviləni iddiaçı zamin kimi imzalamamışdır. Bununla köhnə kredit müqaviləsinə xitam verildiyindən iddiaçının imzaladığı zaminlik müqaviləsinə də xitam verilmiş sayılmalıdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən kredit müqaviləsi restrukturizasiya olunmamışdır. Bundan başqa məhkəmə qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə borc məbləği borclulardan tutulmuşdur və həmin qətnamə hazırda icra mərhələsindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 3467,78 ABŞ dollarının borcdan silinməsi faktı onu göstərir ki, borclu ilə yeni müqavilə imzalanmış, əsas kredit müqaviləsinə xitam verilmişdir. Belə olan halda, zaminlik müqaviləsinə də xitam verilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə X1 arasında 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı həmin müqavilə üzrə bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli qətnaməsi ilə sözügedən kredit müqaviləsi ləğv edilmiş və yaranmış borcun borclu X1 ilə birlikdə eyni zamanda zamin İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçının tələbi 08.08.2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı sözügedən kredit müqaviləsinin restrukturizasiya olunduğuna və borclu ilə bank arasında yeni kredit müqaviləsi bağlandığına istinad etsə də, iş materialları ilə iddiaçının iddia etdiyi bu əsas öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən MM-nin 477.0.1-ci maddəsi və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun tam ödənildiyini, əsas öhdəliyə bu əsasla xitam verildiyini, eləcə də zaminliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İşdən göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən zaminliyin təmin etdiyi əsas öhdəliyə xitam verildiyini sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10210/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10210/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver