Məhkəmə qərarları › İş №2(103)-1022/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1022/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1022/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: əmanətə görə kompensasiyanın ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1954/2022 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı1 ilə "xxxx" KB ASC arasında bağlanmış 02 fevral 2016-cı il tarixli, 427 nömrəli Əmanət Müqaviləsinə əsasən bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək, əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 8%-lə qoyulmuşdur. Eyni zamanda, tərəflər razılaşmışlar ki, əmanət məbləği bü müddətdən (12 ay) tez götürüldükdə illik 3% hesablanır.

2. "xxxx" KB ASC tərəfindən verilmiş əmanət kitabçasına və hesabdan çıxarış məlumatlarına əsasən 200.000 ABŞ dolları xx.xx.2016-cı il tarixdə İddiaçı1 tərəfindən "xxxx" KB ASC-yə mədaxil edilmişdir;

3. İddiaçı2 ilə "xxxx" KB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 429 nömrəli Əmanət Müqaviləsinə əsasən bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək, əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 11%-lə qoyulmuşdur. Eyni zamanda, tərəflər razılaşmışlar ki, əmanət məbləği bü müddətdən (12 ay) tez götürüldükdə illik 3% hesablanır.

4. "xxxx" KB ASC tərəfindən verilmiş əmanət kitabçasına və hesabdan çıxarış məlumatlara əsasən 200.000 ABŞ məbləğində pul İddiaçı2 tərəfindən "xxxx" KB ASC-yə əmanət olaraq təhvil verilmişdir.

5. xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli xəzinə məxaric orderlərinə və hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı1 "xxxx" KB ASC-dən müvafiq olaraq 200.000 ABŞ dolları və 1.834 ABŞ dolları məbləğində pulu götürmüşdür.

6. xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərinə əsasən İddiaçı2 "xxxx" KB ASC-dən müvafiq olaraq 200.000 ABŞ dolları və 1.834 ABŞ dolları məbləğində pulu götürmüşdür.

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublara əsasən iddiaçılar "xxxx" ASC ilə bağlanmış müqavilələrə istinadən "xxxx" ASC-yə əmanət kimi qoyulmuş 200.000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə tapşırıq verilməsini xahiş etmişdilər.

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq Əmanətlərin Sığortalanması Fondu xx.xx.2021-ci il tarixli məktubla cavab verərək, ləğv prosesində olan "xxxx" KB ASC-də İddiaçı1 və İddiaçı2 məxsus hər hansı kreditor tələbin aşkar edilmədiyini bildirmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı məhkəmə-xətşünaslıq ekspertiza rəyinin nəticə hissəsinə əsasən 1.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar və “Alanın imzası” qrafasındakı imza, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar və “Alanın imzası” qrafalarındakı imzalar- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar, İddiaçı1 adından olan 14 iyul 2016cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar ilə İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 ləğv prosesində olan "xxxx" KB-da 200.000 ABŞ dolları əmanət məbləği tam sığortalanmış əmanət hesab edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləği maddi ziyan kimi kompensasiya olaraq İddiaçı2 ödənilməsi, İddiaçı1 ləğv prosesində olan "xxxx" KB-da olan 200.000 ABŞ dolları əmanət məbləği sığortalanmış əmanət hesab edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləği maddi ziyan kimi kompensasiya olaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Ləğv prosesində olan "xxxx" KB ilə İddiaçı2 arsında bağlanmış xx.xx.2016-cı il tarixli, 429 saylı əmanət müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə illik 11 faiz hesabı ilə 200.000 ABŞ dolları həcmində əmanət "xxxx" KB ASC-nin ******************** saylı hesabına qəbul edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən əmanət üzrə faizlər hər ay hesablanır və Əmanətçinin Bankdakı ******************** nömrəli hesabına köçürülür. Əmanət hesabına İddiaçı2 tərəfindən qoyulan əmanət qorunan əmanət hesab edilir. Belə ki, xx.xx.2016-cı il tarixli, 429 saylı əmanət müqaviləsinin 5.6-cı maddəsinin “f” bəndinə əsasən cəlb edildiyi günə 12 %-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər istisna digər əmanətlər qorunan əmanət hesab edilir (bu əmanətin 11 % dərəcəsi ilə qəbul edilməsi nəzərə alınmaqla). Həmin müqavilənin 2.9-cu bəndinə əsasən əgər əmanətçi əmanətin qüvvədə olma müddəti bitdikdən sonra öz əmanətini tələb etməmişdirsə, onda bu müqavilə olduğu şərtlərlə, eyni müddətə uzadılmış hesab edilir. Bu zaman əmanət üzrə faizlər uzadılmış müddətində bankda qüvvədə olan faiz tariflərinə müvafiq olaraq hesablanır və əmanətçiyə bu müqavilənin 2.3 və 2.4-cü bəndlərində göstərilən qaydada ödənilir. Həmin müqaviləni 3.4.2-ci bəndinə əsasən bankın əmanət məbləği müddəti bitdikdən sonra və ya əmanətçinin yazılı tələbi olduqda onun təqdim etdiyi bank hesabına bu müqavilənin 2.2-ci bəndində göstərilən müddətdə köçürməklə qaytarmaq (ərizə daxil olduqda ən azı ¼ hissəsi dərhal, qalan hissəsini isə ən geci 5 bank günü müddətində qaytarır) və ya bu məbləğ barəsində əmanətçinin göstərişi digər şəkildə vermək vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bank əmanətlərinin sığortalanması fondunun xx.xx.2007-ci il tarixdən iştirakçısı olaraq (29 saylı şəhadətnamə) fonda sığorta haqqı ödəyir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər fond tərəfindən sığortalanır. İddiaçı2 cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli yazılı müraciətinə cavab olaraq, cavabdehin xx.xx.2021-ci il tarixli, **********368 saylı cavab məktubuna əsasən İddiaçı2 məxsus hər hansı kreditor tələbi aşkar edilməmişdir. Halbuki, xx.xx.2015-ci il tarixli qəbzə əsasən İddiaçı2 tərəfindən bankın kassasına 213.000 ABŞ dolları pul mədaxil edilmiş və onun əmanət kitabçası olmuşdur. Eləcə də, cavabdeh Ləğv prosesində olan "xxxx" KB ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 427 saylı əmanət müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə, illik 8 faiz hesabı ilə 200.000 ABŞ dolları həcmində əmanət "xxxx" KB ASC-nin ******************** saylı hesabına qəbul edilmişdir. İddiaçı1 cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli yazılı müraciətinə cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli, **********369 saylı cavab məktubuna əsasən İddiaçı1 məxsus hər hansı kreditor tələbi aşkar edilməmişdir. Halbuki, ******************** saylı əmanət kitabçasına əsasən İddiaçı1 tərəfindən bankın əmanət kassasına 200.000 ABŞ dolları məbləğində pul mədaxil edilmiş və əmanət kitabçası olmuşdur. Əmanət hesabına İddiaçı1 tərəfindən qoyulan əmanət qorunan əmanət hesab edilir. Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda 02 mart 2016-cı tarixindən etibarən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. İddiaçılarla cavabdeh bank arasındakı müqavilə 12 ay müddətinə bağlanılmış və həmin müqavilənin 2.9-cu bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. Ləğv prosesində olan "xxxx" Bankın lisenziyası ləğv edilmiş və ləğv qərarına əsasən "xxxx" Bank Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir.

12. İddiaçıların vəsatətinə əsasən X6 məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddiaya qarşı ərizə (etirazla) məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbində birbaşa Fonddan bank ilə iddiaçılar arasında bağlanmış pul vəsaitinin tutulması xahiş edilmişdir. “Banklar haqqında” Qanunun 2.1.11-ci, 2.1.2-ci, 76-cı maddələrinə əsasən Fond bankın ləğvedicisi qismində tələbi kreditor tələbi kimi qeydə almış və bu qanunun 82-ci maddəsinə uyğun olaraq icra etməsini nəzərdə tutmuşdur. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 12.1-ci, 13.1-ci, 14.1-ci, 16.1-ci maddələrindən bəlli olur ki, Fond tərəfindən kompensasiya ödənişi hansı sığorta ehtiyatları hesabına icra edilir. Həmçinin, tələbə əlavə edilmiş qalıq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, ödəniş kompensasiya olaraq deyil, növbədən kənar qaydada ödənilmə nəzərdə tutulmalıdır. Belə ki, həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyalar ödənilməsi haqqında bildirişi ilk dəfə dərc edildiyi gündən başlayaraq, 5 il müddətində saxlanılır. Ləğv prosesində olan "xxxx" ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-361/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən bankın ləğvedicisi tarixdən fəaliyyətə başlamışdır. Qanuna əsasən kompensasiya olsa belə, artıq ümumi 5 il müddət belə götürülmüşdür. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla müştəri arasında olan münasibətləri tənzimləyir. Belə ki, əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyə olunmalıdır. Göstərilənləri və İnzibati Prosessual Məcəlləsinin 131-132-ci maddələrini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 1954/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" Bank KB ASC ilə İddiaçı2 arasında bağlanılmış 24 fevral 2016-cı il tarixli, 429 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ödənilməsi, "xxxx" Bank KB ASC ilə İddiaçı1 arasında bağlanılmış 02 fevral 2016-cı il tarixli, 427 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 970 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X7)

15. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, DekaBank” KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli, 427 və 429 saylı Əmanət müqavilələri bağlanan zaman qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun qeyd olunan şərti tərəflər arasında bağlanan müqavilələrdə də öz əksini tapmışdır. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında bağlanan əmanət müqavilələrinə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli əmanət müqavilələri ilə banka yerləşdirilmiş əmanətlərin 30.000 manat hissəsi sığortalanmışdır. İddiaçılar tərəfindən əmanətlərin məxaric edilməsini təsdiq edən məxaric orderlərindəki imzaların iddiaçılara məxsus olmadığı isə Azərbaycan Respublikası Ədliyyə Nazriliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyi ilə sübut olunur. Kompensasiya almaq hüququnun beş il müddətində saxlanılması ilə bağlı qeyd edilmişdir ki, iddiaçıların bankdan əmanətlərini məxaric etməməsi hazırkı məhkəmə mübahisəsi ərzində ekspert rəyi ilə təsdiq olunduğundan, göstərilən müddət iddiaçılara aid edilməməlidir.

16. Məhkəmə öz mövqeyini “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 25-ci, 26-cı, 27-ci, 28-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944-ci, 947-ci, 948-ci, 949-cu, 950-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1954/2022 saylı qərardadı ilə "xxxx" ASC-nin işçilərinin, eləcə də digər şəxslərinin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumatın verilməsi və bu məqsədlə xüsusi qərardadın surətinin və iş materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş iddiaçıların ərizəsindən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli müraciəti Fonda xx.xx.2021-ci il tarixində, İddiaçı2 kompensasiya ödənişinin həyata keçirilməsi üçün xx.xx.2021-ci il tarixli ilk müraciəti xx.xx.2021-ci il tarixində Əmanətlərin Sığortalanması Fonduna daxil olmuşdur. Qanunun qeyd edilən müddəasının açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmiş ərizədən görünür. Məhkəmənin isə bu hala münasibət bildirməməsi işə səthi yanaşmanın bariz nümunəsidir. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçıların Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla da göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bu ötürülməni hər-hansı səbəblə ötürdüklərini təsdiq edən sənəd əlavə etməmişlər. Məhkəmə öz qətnaməsində hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin qətnaməsində qeyd edilən normalar göründüyü kimi bankla əmanət qoyan arasında olan münasibətləri tənzimləyir. Məlumdur ki, Əmanətlərin Sığortalanması Fondu ilə kompensasiya alan arasındakı hüquq normalarını xüsusi normalar tənzimləyir (Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu, Banklar haqqında Azərbaycan Respublikasının Qanunun). Mülki işə əlavə edilmiş materiallardan görünür ki, kompensasiya alınması üçün nəzərdə tutulan ümumi müddət 5 il belə ötürülmüşdür. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Həmçinin, bank müvafiq müraciətin qəbulundan sonra müvafiq dəyişikliklər etməlidir. Lakin göründüyü kimi qanunun imperativ normalarına baxmayaraq Banka belə bir müraciət daxil olmamışdır. Fond, "xxxx" ASC-yə ləğvedici qismində məhkəmənin qərarına əsasən təyin edildikdən sonra təhvil-təslim prosesi həyata keçirmişdir. Fondla Banka arasında həmçinin mühasibat uçot sənədlərinin təhvil-təslimi reallaşdırılmışdır. Fonda “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu və “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada müraciət daxil olmadığı halda sonuncu qanunamüvafiq halda tələbi mühasibat uçotu sənədlərində əks olunan məbləğ kimi qeydə alır. İddiaçıların pul tələbi kreditor tələb olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası) tərəfindən baxılaraq, hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. İddiaçıların əmanəti cəlb edildiyi gündə (xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixdə) 11 faizlik hədd qüvvədə olmuş, hər iki əmanətin qəbul edildiyi faiz dərəcəsi (11 faiz) həmin həddi aşmamışdır. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçıların əmanətlərinin sığortalı olub-olmaması ilə bağlıdır. Sığorta hadisəsi baş verəndə Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Sığorta hadisəsi baş verənədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli deyildi. Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilər. Göründüyü kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Həmçinin bank müvafiq müraciətin qəbulundan sonra müvafiq dəyişikliklər etməlidir. Lakin göründüyü kimi qanunun imperativ normalarına baxmayaraq banka belə bir müraciət daxil olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı isə nümayəndəsinin iştirakını məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir; 949-cu maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir; 950-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1- ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

25. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən (18 dekabr 2020-ci il tarixədək qüvvədə olan redaksiyada) Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir; 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur; 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir; 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

28. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə araşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

33. Məhkəmə kollegiyası ilk öncə onu vurğulayır ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinin məzmununa görə, bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir.

34. “Əmanətlərin sığortalanması haqqında” Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır. Lakin hazırki iş üzrə sığorta hadisəsi baş verdiyindən iddiaçılar məhz sığortalanmış əmanətə görə kompensasiya almaq üçün məhkəməyə müraciət etmişlər. Ona görə də, iddiaçılar kompensasiya tələb etmək və almaq hüququndan məhrum edilə bilməz. Çünki, iddiaçıların tələbinin təminatsız kreditorların tələblərinin siyahısına salınması, qeyd edilən məbləğin sığortalanmış məbləğ olsa da, sığortalanmamış məbləğlərin sırasına düşməsinin hüquqi əsası mövcud deyildir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti qanunvericiliyin müdəalarının tələblərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərarla 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarla 12 faiz, 2016-cı il 2 mart tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir.

36. "xxxx" KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli 427 və 429 saylı Əmanət müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən bank əmanətçilərdən 200.000 ABŞ dolları, cəmi 400.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçilərə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanətlər 12 ay müddətinə, illik 8 və 11%-lə qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə "xxxx" KB ASC-nin lisenziyası ləğv edilmişdir. İddiaçılar tərəfindən qeyd olunan cəmi 400.000 ABŞ dolları əmanət məbləğinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi üçün müraciət edilmiş, lakin Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərini təqdim edərək, 02 fevral və 24 fevral 2016-cı il tarixli, 427 və 429 №-li müqavilələrə əsasən əmanət məbləğlərinin iddiaçılar tərəfindən məxaric edildiyi bildirilmişdir. İddiaçılar isə öz növbəsində mübahisə predmeti olan əmanət məbləğlərinin onlara ödənilmədiyini bildirmiş, istinad olunan halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Qeyd olunan məxaric orderlərindəki imzaların isə iddiaçılara məxsus olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyi ilə sübut olunmuşdur. Nəticə etibarı ilə qeyd edilən əmanət məbləğlərinin iddiaçılara təhvil verilmədiyi öz təsdiqini tapmışdır.

37. Beləliklə, "xxxx" KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli 427 və 429 saylı əmanət müqavilələri bağlanarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olduğundan, İddiaçı1 və İddiaçı2 yerləşdirdiyi əmanətlər isə cəlb edildiyi günə həmin faiz dərəcəsindən aşağı, yəni 8 və 11 faiz olduğundan, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən qorunan əmanət olmuş, buna görə də həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən əmanətçilərə 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməlidir.

38. Məhkəmə kollegiyası 02 mart 2016-cı il tarixli qərarla xarici valyuta üzrə faiz dərəcəsinin 3 faiz həddində müəyyən edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-361/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmişdir. Bununla bağlı aidiyyəti tədbirlərin görülməsinin bu tarixdən əvvəl başlaması nəzərə alındığı halda, tərəflərin faiz dərəcəsini dəyişdirmək üçün ən yaxşı halda 3 ay müddəti olmuşdur. Halbuki, müqavilələr 12 ay müddətinə bağlanmış və ən azı 2017-ci ilin fevral ayına kimi qüvvədə idi. Başqa sözlə, hüquqi nəticə etibarı ilə tərəflər öz iradələrindən asılı olmayan səbəblərdən faiz dərəcəsinin dəyişdirilməsi imkanını itirmişdilər. Digər tərəfdən bankın ləğv edilməsi ilə bağlı həmin məbləğlərin vaxtından əvvəl götürülməsi zərurəti yaranmış olur ki, bu halda həmin müqavilələrin 1.4-cü bəndinin tətbiqi üçün əsas yaranır. Belə olan halda da hesablama illik 3 faiz dərəcəsi ilə aparılır.

39. Apellyasiya şikayətinin iddiaçıların hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müraciət etməməsi barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, "xxxx" ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə xx.xx.2016-cı il tarixdə dərc edilmişdir. Lakin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılan zaman cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən mübahisələndirilən məbləğlərin hələ 2016-cı ilin iyul ayında məxaric edilməsinə dair xəzinə məxaric orderləri təqdim edilmişdir. Bununla belə, cavabdeh ilk olaraq ümumiyyətlə iddiaçıların hazırda belə bir əmanətlərinin olmadığı mövqedən çıxış etmişdir. Bununla bağlı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində həmin orderlərdə olan imzaların iddiaçılara məxsus olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıara münasibətdə müddətin axını məhz bu halın müəyyən edildiyi tarixdən başlayır.

40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Apellyasiya şikayətinin verilməsi üçün dənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1954/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün dənilmiş dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar