Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1023/2024 07.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı3, İddiaçı2 Balaca qızının və İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı3, İddiaçı2 Balaca qızının və İddiaçı1 Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması öhdəliyinin MMC-nin üzərinə qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərardadından iddiaçıların nümayəndələri (vəkilləri) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Cavabdeh2 MMC Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə bağlı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini, qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihləndirilməsi ilə bağlı MMC-yə 1,7 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,70 hektar torpaq sahəsinin, ərazidə fərdi yaşayış evləri və qeyriyaşayış obyektləri ilə bağlı torpaq-hüquq və əmlak məsələlərinin mövcud qanunvericiliyə uyğun həll edilməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh2 MMC-nə icarə qaydasında ayrılmasına etiraz etmirlər.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, tikintiyə hazırlıq və mühəndis-axtarış işləri, tikinti zamanı təhlükəsizliyin təmin edilməsi və digər tədbirlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və ətraf mühitin mühafizəsi tələblərinə, həmçinin bu məktuba əlavədəki göstərişlərə əməl edilməklə həyata keçirilməli, tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrində yerləşdirilməli, tikintiyə icazə sənədinin surəti nəzarət və məlumat üçün aşağıdakı qurumlara göndərilməlidir: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə.
4. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuşdur ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh1 məxsus fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçiriləcək, söküntüsü nəzərdə tutulmuş, Cavabdeh1 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m.fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170 000 manat Cavabdeh1 ödəniləcək, qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m. mənzil Cavabdeh1 veriləcək. Müqaviləyə görə, mənzilin ümumi sahəsinə mənzilin bütün divaraltı sahəsi də daxildir, mülkiyyətçi (faktiki sahib) bu müqaviləyə əsasən istifadə və sahibliyində olan mənzili söküntü üçün Cavabdeh2 MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 1.1,1.2).
5. Müqavilənin 2.1-ci və 2.1.1-ci bəndlərində “mülkiyyətçi”nin (faktiki sahibin) hüquq və vəzifələri aşağıdakı kimi sadalanmışdır: söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixədək olan kommunal borcları tam ödəmək şərtilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin Cavabdeh2 MMC-yə təhvil verilməsini təmin etməyi, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyi öhdəsinə götürür; Mənzili tam boşaldaraq, yüklü olmamağı halda arayış təqdim etmək şərtilə Cavabdeh2 MMC-yə təhvil vermək, yeni binanın tikintisi başqa çatanadək müvəqqəti yaşayış məqsədilə mənzil üçün aylıq 350 manat kirayə haqqını tələb etmək (bənd 2.1.2) hüquqlarına sahibdir.
6. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşadığakı şəxslərə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı3, arvadı İddiaçı2, oğlu X4, oğlu İddiaçı1.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı3, İddiaçı2, İddiaçı1, Cavabdeh1 ünvan 4 ünvanında qeydiyyatdadırlar.
8. İddiaçı2 İddiaçı3 həyat yoldaşı, İddiaçı1 isə onun oğludur.
9. İddiaçı3, İddiaçı2 Balaca qızı və İddiaçı1 Cavabdeh2 MMC-nə (MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 6 otaqlı, 174 kv.m. sahəsi olan fərdi yaşayış evinə dair cavabdehlərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, həmin evə dair MMC ilə aralarında ayrı müqavilənin bağlanması öhdəliyinin MMC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
10. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər iddiaçılar evə hüquqlarının olduğunu və onların razılığı alınmadan müqavilə bağlanması nəticəsində həmin hüquqlarının xələl gördüyünü hesab edirlərsə, müvafiq əsasa istinadla Cavabdeh1 qarşı onlara verilməli olan kompensasiya məbləği ilə bağlı (həmçinin əvəz kimi verilən mənzillə bağlı) tələb irəli sürə bilərlər.
12. İddiaçı3, İddiaçı2 Balaca qızının və İddiaçı1 Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
13. Həmin qətnamədən iddiaçıların verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı3, İddiaçı2 və İddiaçı1 (iddiaçılar) Cavabdeh2 MMC-yə və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin “ünvan 5 ünvanında yerləşən 67 kv.m sahəyə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzilin Cavabdeh1 verilməsi” hissəsində etibarsız hesab olunması, həmin hissədə onlarla yeni müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, həmin ünvanda onlarla birlikdə Cavabdeh1 da qeydiyyatda olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 digər Cavabdeh2 MMC ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlamış, müqavilənin 1.1-ci bəndində MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin söküləcəyi və bu sahədə yeni yaşayış binasının tikintisinin həyata keçiriləcəyi, binada söküntüsü nəzərdə tutulmuş Cavabdeh1 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m. fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170 000 manatın Cavabdeh1 ödəniləcəyi, qalan 67 kv.m. sahəyə görə isə 20% əlavə olunmaqla təmirli 2 otaqlı 80 kv.m. mənzilin Cavabdeh1 veriləcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətçi (faktiki sahib), sökülməsi nəzərdə tutulan evdə mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh2 MMC-yə təhvil verməyi, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyi öhdəsinə götürmüşdür. Müqavilənin sonuncu səhifəsində qeyd etmişdir ki, “mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin mənə məxsus qeyd olunan mənzilə dair Cavabdeh2 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti mən daşıyıram”. Lakin müqavilə bağlanarkən Cavabdeh1 onların həmin ünvanda qeydiyyatda olmaqlarını Cavabdeh2 MMC-dən gizlətmiş, onların razılıqları olmadan xx.xx.2022-ci il tarixli müqaviləni bağlamışdır. Ona görə də hesab edirlər ki, həmin müqavilə “ünvan 5 ünvanında yerləşən 67 kv.m sahəyə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzilin Cavabdeh1 verilməsi” hissəsində etibarsız sayılmalı, həmin hissədə onlarla Cavabdeh2 MMC arasında yeni müqavilə bağlanmalıdır.
16. Birinci instansiya məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbinin əsası bundan əvvəl olan tələblərlə eynidir, iddiaçılar yenidən məhkəməyə müraciət edərkən mübahisəli ünvanda qeydiyyatda olmalarını və cavabdehin müqavilə öhdəliyinə əsasən qeydiyyatda olan şəxslərdən razılığın alınmamamasını əsas gətirmişlər. Sökülmüş daşınmaz əmlakın hüquqi statusu, iddiaçıların subyektiv hüququnun olmaması, yeni müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məsələlərə qanuni qüvvəyə minmiş qətnamələrdə münasibət bildirilmişdir. Beləliklə, eyni tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ləğv olunmayan xx.xx.2022-ci il tarixli qətnaməsi mövcud olmaqla, sözügedən qətnamə üzrə mübahisələndiriən müqavilənin etibarsız hesab edilməsi və onlarla yeni müqavilənin bağlanması təmin edilmədiyindən, hazırda isə iddiaçılar yenə də həmin müqavilənin etibarsız hesab edilməklə onlarla yeni müqavilənin bağlanmasını xahiş etdiklərindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir.
18. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.
19. Həmin qərardaddan iddiaçıların nümayəndələri (vəkilləri) şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin MPM-nin 261.0.2-ci maddəsini düzgün tətbiq etmədiyini, hazırkı iddia tələbinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən sonra əldə olunmuş sübutlara istinadən qaldırıldığını nəzərə almadığını irəli sürmüşdür.
20. Şikayət, məhkəmənin 08 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
21. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
23. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
24. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
25. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.
27. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
28. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçıların iddia tələbi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
29. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
30. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
31. İşdən görünür ki, iddiaçıların əvvəlki iddiaları hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə, eyni tərəflərə qarşı irəli sürülmüş, həmin işə baxılarkən hazırkı iddiada mübahisələndirilən alqı-satqı müqaviləsinə və onun nəticələrinə faktiki olaraq hüquqi qiymət verilmişdir.
32. Buna görə də kollegiya hesab edir ki, hazırkı tələblərə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 22-23), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3455/2023 saylı iş üzrə 08 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan iddiaçılar tərəfindən, qərardad onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə