Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10235/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)-2976/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06475 olan X3 7 markalı telefon üçün 394 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu və 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən Sony markalı musiqi mərkəzi, Kenwood markalı şirəçəkən, THOMAS markalı tozsoran üçün 2192.8 manat ödənilməmiş hissə, 680.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 3389 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh MMC ilə bağlanılmış 23.10.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06475 olan X3 7 markalı telefon və 11.03.2020-ci il tarixli müqaviləyə əsasən Sony markalı musiqi mərkəzi, Kenwood markalı şirəçəkən, THOMAS markalı tozsoran almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, 23.10.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********06475 olan X3 7 markalı telefon üçün 394 manat ödənilməmiş hissə və 122 manat dəbbə pulu olmaqla, ümumilikdə 516 manat və 11.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3028.8 manat (12 ay x 252.4 manat + 0 manat ilkin ödəniş) olan Sony markalı musiqi mərkəzi, Kenwood markalı şirəçəkən, THOMAS markalı tozsoran üçün 2192.8 manat ödənilməmiş hissə və 680.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 2873 manat hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1108 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)- 2976/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23.10.2019-cu il və 11.03.2020-ci il tarixli müqavilələr üzrə 2586.8 manat ödənilməmiş hissə, 160 manat dəbbə, cəmi 2746.8 manat məbləğində borc, habelə 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qalan borcun müəyyən edilməsi, dəbbə pulunun silinməsi və borcun hər ay 60 manat olmaqla hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, onun iştirakı olmadan işə baxılmışdır. İddiaçı ilə bağlanılmış 1-ci müqavilədən 5 ay, 2-ci müqavilədən 1 ay sonra koronavirus pandemiyası ilə bağlı fövləqadə vəziyyət elan olunmuş, iş yerləri bağlanılmış və bundan sonra müqavilə üzrə öhdəliklərin icrasında çətinliklər yaranmışdır. Bu barədə iddiaçıya müraciət edərək, güzəştlərin edilməsini xahiş etsə də, iddiaçı MMC tərəfindən güzəştlər edilməmişdir. Maliyyə arayışında məbləğlər şişirdilmişdir. Əsas borc üzrə daha çox ödənişlər etmiş, lakin həmin ödənişlər cərimə borcuna silinmişdir, ona görə mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə hazırki vəziyyətdə borcun birdəfəlik qaydada ödənilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq, əsas borcun hissə-hissə hər ay 60 manat olmaqla ödənilməsi nəticəsinə gələ bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apelyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı tərəfindən şikayət verilmədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019cu il və 11.03.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 666 manat olan X3 7 markalı telefon almış və 18 ay müddətinə ayda 37 manat ödəniş etməyi və qiyməti 3028.8 manat Sony markalı musiqi mərkəzi, Kenwood markalı şirəçəkən, THOMAS markalı tozsoran almış və 12 ay müddətinə ayda 252.4 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 23.10.2019-cu il və 11.02.2020-ci il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən X3 7 markalı telefon və Sony markalı musiqi mərkəzi, Kenwood markalı şirəçəkən, THOMAS markalı tozsoran Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC-nin 27.04.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh 1108 manat ödəmiş, həmin tarixə cavabdehin cəmiyyətə 2586.8 manat məbləğində ödənilməmiş əsas borcu, 802.2 manat dəbbə pulu borcu, cəmi 3389 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanan 15.12.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək cərimə məbləğini azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin birinci dəlili ondan ibarətdir işə onun iştirakı olmadan baxılmışdır. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdehin iş materiallarına əsasən məlum olan və qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş və “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılsa da, cavabdehin iş materiallarında olan, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində qeyd edilən telefon nömrəsi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilmişdir, yəni apelyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Cavabdeh apelyasiya şikayətində ödədiyi məbləğlərin cərimə borcuna silindiyini, ona görə də borcun düzgün hesablanmadığını göstərərək, dəbbə pulunun silinməsini xahiş etsə də, tərəflər arasında bağlanılmış hər iki müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göründüyü kimi müqavilədə dəbbə pulunun ödənilməsi şərtləri nəzərdə tutulmuşdur. Cavabdehin borcun düzgün hesablanmaması arqumenti (həmçinin bu məqsədlə ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Təqdim edilmiş maliyyə arayışlarından görünür ki, borc düzgün hesablanmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin müqavilələr bağlanıldıqdan sonra pandemiyanın başlanması ilə əlaqədar öhdəliklərin icrasında çətinliklər yaranması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, qeyd edilən hal öhdəliklərin icrasını aradan qaldırmır, həmçinin cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi daha əvvəldən baş vermişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində ümumi məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etsə də, Kollegiya qeyd edir ki, qeyd edilən məsələ qətnamənin icrası qaydasında həll edilən məsələdir. Kollegiya apelyasiya şikayətində göstərilənləri əsassız sayır və hesab edir ki, şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2976/2021 saylı iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10235/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10235/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver