Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1024/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı), Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında 05 avqust 2016-cı il tarixdə Bakı 15 saylı notariat kontorunda bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləyə əsasən, o, mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında Cavabdeh MMC-yə, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290 kv.m. ümumi sahəsi olan 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsini “sakinə”, yəni ona təhvil verir. Müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddətdən 5 aydan artıq vaxt keçməsinə və həmin yerdə inşa edilən binanın tikintisi başa çatmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələr etməklə yayınır. Bu da öz növbəsində sahibkarlıq hüququnu həyata keçirməyinə maneə yaradaraq, ona külli miqdarda zərərin vurulması ilə nəticələnir. Tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər edilsə də, məsələnin məhkəmədən kənar həlli istiqamətində cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)- 1021/2019 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsində göstərilənlərlə eyni məzmunda əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin tam təmirli şəkildə iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün 9000 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2020ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Tərəflər razılaşmışlar ki, qeyri-yaşayış sahəsi təhvil verilənə qədər iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödəniləcəkdir. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının memarlıq planlaşdırma həllindən (eskiz layihə) görünür ki, binanın 1*-C blokunun 1-ci mərtəbəsində 7 ədəd (ayrılıqda 65.5 kv.m; 76.6 kv.m; 125 kv.m; 76,6 kv.m; 50.9 kv.m və 89.4 kv.m sahələri olan) marketin, binanın 1*-C blokunun zirzəmi mərtəbəsində ümumilikdə 551 kv.m sahəsi olan qarajın yerləşməsi müəyyən edilmiş və razılaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10.06.2019-cu il tarixli 06/07-3245 saylı məktubunda qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının memarlıq-planlaşdırma layihəsi ilə bağlı aşağıdakıları bildirirlər: 1. CHиП 2.08.02-89* , əlavə 4 * -ə əsasən qeyri-yaşayış və içtimai iaşə obyektləri binaların zirzəmi mərtəbəsində yerləşdirilə bilər; 2. 1 * C blokunun mərtəbə planlarından göründüyü kimi binanın 1-ci mərtəbəsində ticarət obyekti (market), zirzəmi mərtəbəsində isə qaraj nəzərdə tutulmuşdur; 3. Tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47-ci maddəsinin 47.4.2 bəndinə uyğun olaraq tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir. Hazırda iddiaçı bildirir ki, cavabdeh ilə aralarında 05 avqust 2016-cı il tarixdə Bakı 15 saylı notariat kontorunda bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləsinə əsasən, o, mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavavdehə, cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290 kv.m ümumi sahəsi olan 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsini ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləni notariusda bağlamamışdan əvvəl onun və digər sahibkarların iştirakı ilə cavabdehin nümayəndələri iclaslar keçirmiş və həmin iclaslarda bütün şərtləri onlarla müzakirə etmişlər. Bildirmişlər ki, 20 faiz artıq sahə veriləcək, hətta müqavilədə də göstərmişlər ki, veriləcək əlavə sahə 20 faiz olacaqdır. Sonradan hər birini tək-tək çağırmışlar ki, 20 faizdən imtina et, əvəzində 1-ci mərtəbədən yer verək. Onlara layihəni göstərmiş, bildirmişlər ki, bura zirzəmidir, birinci mərtəbədəki sahə isə qeyri-yaşayış kimi yazılmışdır, onlar da müqavilədə yazılanla razılaşmışlar. Müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddətdən 5 aydan artıq vaxt keçməsinə və həmin yerdə inşa edilən binanın tikintisi başa çatmasına baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələr etməklə yayınır. Bu da öz növbəsində sahibkarlıq hüququnu həyata keçirməyinə maneə yaradaraq ona külli miqdarda zərərin vurulması ilə nəticələnir. Tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər edilsə də, məsələninməhkəmədən kənar həlli istiqamətində hər hansı bir addım atılmamışdır. Ona görə də, müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin cavabdehə həvalə edilməsini, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün əldən çıxmış faydanın, ödənilməmiş kirayə haqqının əvəzinin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, bildirir ki, sözügedən müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklər tərəfindən tam şəkildə və vaxtında icra edilmişdir. Buna baxmayaraq, iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) qəbul etməkdən imtina edir. Belə ki, dəfələrlə iddiaçıya 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsinin (zirzəminin) qəbul edilməsi ilə bağlı müraciət olunmuş, lakin iddiaçı hər dəfə təhvil almalı olduğu qeyriyaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən heç bir müqavilə şərtləri pozulmamış, əksinə iddiaçı müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəlikləri icra etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin naturada yerinin müəyyən edilməsi ilə xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.08.2019-cu il tarixli rəyində qeyd olunmuşdur ki, 1-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1*-C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290 kv.m ümumi sahəsi olan Q/Y- 1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. Ali Məhkəmə, qeyd edilən ekspert rəyini sübut kimi qəbul etməyən rayon məhkməsinin iddianın rədd olunması gəldiyi qənaətlə razılaşmayayan apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən, 23 sentyabr 2020-ci il tarixli qərarında vurğulamışdır ki, işin mübahisə edilməyən hallarından görünür ki, ....cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 1-C-1 saylı 290 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya təklif etsə də, iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 290 kv.m qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçının bununla bağlı dəlili ondan ibarətdir ki, cavabdehin ona təklif etdiyi 1-C-1 saylı qeyri-yaşayış sahəsi qaraj sahəsidir. Onlar 290 kv.m. qaraj sahəsinin deyil qeyri-yaşayış sahəsinin (obyektin) verilməsi barədə razılığa gəlmişlər. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni 07.08.2019-cu il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Hazırkı mübahisənin düzgün həlli üçün apelyasiya instansiyası məhkəməsi yalnız ekspert rəyinə əsaslanmaqla qərar qəbul etməməli, eyni zamanda tərəflərin müqavilə şərtlərinə uyğun iradə ifadəsini müəyyənləşdirməlidir Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, kassasiya instansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçının tələbi cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmasına əsaslanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlı müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci, 324.4-cü və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Eyni zamanda, MM-in 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, qanunvericiliiyin tələbinə əsasən tərəflərin iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə müqavilənin hərfi mənasina görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Baxılan işdə tərəflər arasında bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. İddia tərəfinin mövqeyinə görə, cavabdehə təhvil verdiyi qeyri-yaşayış sahəsi yarı zirzəmi olmuş və o, qanunla nəzərədə tutulmuş 20 faiz əlavənin verilməsindən imtina edərək, müqaviləni tikiləcək binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsinin verilməsi məqsədilə bağlamışdır. Cavabdehin tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçıdan zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi təhvil almış, əvəzində də həmin ünvanda tikiləcək binanın C blokunun mənfi birinci mərtəbəsində (zirzəmidə) tam təmirli qeyri-yaşayış sahəsi təhvil vermək niyyəti ilə razılaşmış və tərtib olunmuş müqavilədə də obyektin yeri bu iradaəyə uyğun eyni şəkildə göstərilmiş, iddiaçı da bununla razılaşmışdır. İşin yeni apellyasiya baxışında tərəflər arasında mübahisəli halların dəqiqləşdirilməsi məqsədilə yenidən ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 22.09.2021-ci il tarixli, 10/2287 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, 30.06.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən çoxmərtəbəli binanın 1*-C blokunun zərzəmisi qaraj kimi və binaın 1-ci mərtəbəsinin qeyri-yaşayış (market) sahəsi kimi qeyd olunduğunu nəzərə alaraq, tərəflər arasında 05.08.2016-cı il tarixdə bağlanmış müqavilədə göstərilən ünvan 2 ünvanında yerləşən 290 kv.m. ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyriyaşayış sahəsi binanın 1-ci mərtəbəsində nəzərdə tutulmuşdur. Sözügedən qyeri-yaşayış sahəsinin eskiz layihə üzrə binanın zirzəmi hissəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, 30.06.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən avtomaşınların surəti əks olunmaqla qaraj kimi nəzərdə tutulmuşdur. Qeyri-yaşayış sahəsinin eskiz layihəsi üzrə binanın 1-ci mərtəbəsində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-03/1001 saylı, 30.06.2016-cı il tarixli məktubla razılaşdırılmış eskiz layihəyə əsasən qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. ünvan 2 ünvanında yerləşən 290 kv.m. ümumi sahəsi olan Q/Y-1-C-1 blokunda 1-ci mərtəbədən bir dəfəyə 290 kv.m. ümumi sahəyə uyğun şəkildə razılaşdırılmış eskiz layihədə göstərilən 89,4 kv.m., 50.9 kv.m., 76,6 kv.m., 43,8 kv.m., 4,5 kv.m., 5,2 kv.m., 4,9 kv.m., 5,0 kv.m. və 4,5 kv.m. sahələr faktiki olaraq ayrıla bilər. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir və məhkəmə ekspert rəyini digər sübutlarla və işin fatktiki halları ilə müqayisəli şəkildə qiymətləndirməlidir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Cavabdeh, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” qaydalarının 3.7-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.6 və 3.7-ci bəndlərinə istinad etməklə iş üzrə keçirilmiş ekspertiza rəylərinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya verməli olduğu qeyri-yaşayış sahəsinə Q/Y-1-C-1 saylı ünvan nömrəsi verməklə həmin daşınmaz əmlakın 1-C blokunun zirzəmisində yerləşən (-1) (mənfi bir) saylı qeyri-yaşayış sahəsi olmaqla fərdiləşməsini təmin etmişdir. Məhkəmə kollegiyası, cavabdeh tərəfin etirazının dəlillərini də nəzər alaraq, iş üzrə keçirilmiş hər iki ekspertiza üzrə daxil olmuş ekspert rəylərini iş üzrə mübahisəli halın müəyyən edilməsi baxımından mötəbər hesab etmir. Ona görə ki, rəylərdən görünür ki, ekspertlər sözügedən binaya baxış keçirməklə binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin (obyektlərin), mənfi 1-ci mərtəbəsində (zərzəmidə) isə qarajın nəzərədə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilədə iddiaçıdan alınmış obyektin əvəzində ona verilməsi nəzərdə qeyri-yaşayış sahəsinin yerinin zirzəmi kimi göstərilmədiyini bildirməklə, iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsi qənaətinə gəlmişlər. Göründüyü kimi, eskpert mübahisəli qeyri-yaşayış sahəsinin eksiz layihəsi, iddiaçının tələb etdiyi və cavabdehin təklif etdiyi sahələrin naturada yerlərini müəyyən etməklə, hansı sahənin hesabına öhdəliyin icrasının mümkünlüyü məsələsinə qiymət verməli olduğu halda, qarşıaına qoyulmuş suallara səlahiyyətlərindən kənara çıxaraq, tərəflər arasında bağlanmış müqavilənin məzmunu, onlar arasındakı qarşılqı münasibətlərin mahiyyəti baxımından cavab vermişdir. Bu isə məhkəmənin müstəsna səlahiyyətidir. Rəyin aydınlaşdırılması məqsədilə məhkəmə baxışında dəvət edilmiş ekspert Xəyyam İsgəndərov qeyd olunan halları eyni məzmunda izah etməyə çalışmışdır. Beləliklə, qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, eyni zamanda işin müəhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından da iddianın əsaslılığı qənaətinə gəlmək mümkün deyil. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfin vəsaətəti əsasında dindirilmiş şahidlərin ifadələri də, qeyd olunan halın təsdiq olunması üçün kifayətedici hesab olunmur. Çünki, həmin şəxslər tərəflər arasında bağlanmış 05.08.2016-cı il tarixli müqavilənin tərəfi, iştirakçısı olmamaqla, ifadələrindən görünür ki, iddiaçı ilə yanaşı sökülmüş köhnə binanın müvafiq sahələrinin mülkiyyətçiləri olmuşlar, cavabdeh tərəfindən yeni tikilmiş binada onlara verilməli olan sahələrlə bağlı cavabdehlə aralarında bu və ya digər formada narazlıq mövcuddur, bu baxımdan onların ifadələri sübut növü qismində qəbul edilmir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd olunanları birlikdə qiymətləndirərək, Kollegiya bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 05.08.2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqı” müqaviləsinə əsasən, o, mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında binanın zirzəmisində yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavavdehə təhvil verməyi, cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290 kv.m ümumi sahəsi olan 1-C-1 blokunda (zirzəmidə) yerləşən qeyri-yaşayış sahəsini ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 1-C-1 saylı 290 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya təklif etsə də, iddiaçı cəmiyyətin ona verməli olduğu 1-C-1 290 kv.m qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Başqa sözlə, cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə bağlı qalmış və öhdəliyin icrasında hər hansı pozuntuya yol verməmişdir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan halda, birinci instansiya məhkəməsinin iddianın “ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi və ona bağlı öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manatın tutulması” hissələrində təmin olunmaması barədə gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, iddia tələbinin üçüncü - “28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması” hissəsində də, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas olan 05.08.2016-cı il tarixli müqaviləyə əsasən, cavabdeh müqavilə bağlandığı gündən 24 ay ərzində mübahisəli qeyri-yaşayış sahəsi təhvil verilənədək iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını aylıq 1500 manat olmaqla ödənməyi öz öhdəsinə götürmüşdür. İlk növbədə nəzərə alınmalıdır ki, müqavilə ilə kirayə haqqının aylıq məbləği iddiaçının dediyi kimi 3000 manat deyil, 1500 manat məbləğində müəyyən edilmiş və kirayə haqqının hansısa səbəbdən ödənilmədiyi, gecikdirildiyi təqdirdə bunun kirayə haqqı məbləğinin artırılması və ya bu haqqın ikiqat ödənilməsi kimi qiymətləndirilməsi müəyyən edilməmiş, müqavilədə öz əksini tapmamışdır. Belə olan halda, iddiaçının aylıq kirayə haqqı qismində 3000 manat tələb etməsinin əsası yoxdur. Bundan başqa, müqavilədə aylıq 3000 manat kirayə haqqı nəzərdə tutulmasa da, iddiaçı 28 mart 2019-cu il tarixdən sonra 6 ay üçün ümumilikdə 18.000 manat kirayə haqqı ödəməsini təsdiq edən mötəbər sübutunu təqdim etməmiş, bu ödəməni etməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini də sübuta yetirməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi halı da məhkəmə tədqiqi zamanı müəyyən edilməmişdir, iddianın həmin hissədə əsassız olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)-1021/2019 qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1024/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1024/2021
15.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver