Məhkəmə qərarları › İş №2(103)-3390/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3390/2022

04.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3390/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa Əsgərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MMC-in nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1021/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 05 avqust 2016-cı il tarixdə Bakı 15 saylı notariat kontorunda “Öhdəliklərin və hüquqların alqısatqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2 bəndinə əsasən tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında binanın zirzəmisində yerləşən 289.6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında Cavabdeh MMC-yə təhvil verir, 1.3 bəndinə əsasən MMC həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290 kv.m ümumi sahəsi olan 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsini “sakinə” təhvil verir. Müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddətdən 5 aydan artıq vaxt keçməsinə və həmin yerdə inşa edilən binanın tikintisi başa çatmasına baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələr etməklə yayınır. Bu da öz növbəsində sahibkarlıq hüququnu həyata keçirməyinə maneə yaradaraq ona külli miqdarda zərərin vurulması ilə nəticələnir. Tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər edilsə də, məsələnin məhkəmədən kənar həlli istiqamətində cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır. Cavabdeh MMC-yə 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 5 ay müddəti üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat, ümumilikdə 25.000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 25.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək Cavabdeh MMC-yə 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat, 6 ay üçün 18.000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1021/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinə aid olan məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-696/2020 saylı, 05 fevral 2020 tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)-1021/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat, 6 ay üçün 9000 (doqquz min) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun Cavabdeh MMCdən tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul İddiaçı tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4101/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1024/2021 saylı, 15 oktyabr 2021-ci il qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-706/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1024/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-in nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)-1021/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilməli, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat 6 ay üçün 9000 (doqquz min) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 18 mart 2004-cü il tarixdə verilmiş 001696 qeydiyyat nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 289,6 kv.m qeyriyaşayış sahəsi İddiaçı satılmışdır, şəhadətnamə mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyir; İş materiallarında olan həmin əmlakın 27 fevral 2004-cü il tarixdə tərtib edilərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən təsdiq olunmuş texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanındakı tikili 1957-ci ildə tikilmişdir. Əsas göstəriciləri və təsnifatı - ümumi sahəsi 289,6 kv.m, əsas sahəsi 117,6 kv.m (boş otaqlar), köməkçi sahəsi 172,0 kv.m-dir (anbarlar 117,6 kv.m, dəhliz 47,6 kv.m, anbar 2,2 kv.m, sanitar qovşağı 4,6 kv.m), texniki göstəriciləri hündürlüyü 2,60 m. olmaqla zirzəminin 1 hissəsidir; Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, İddiaçı obyekti Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşmişdir. Cavabdeh MMC-nin nümayəndələri onlarla danışıqlar aparmışlar, şərtləşib obyektlərinin götürülməsi haqqında müqavilələr bağlamışlar. Təklif etmişlər ki, onlar obyektlərini boşaltsınlar, əvəzində onlara obyektlərdən 20 faiz artıq veriləcəkdir, onları zirzəmidən çıxarıb 1-ci mərtəbədən yer verəcəklər. İddiaçının bəzi obyektləri və onun obyekti binanın yarımzirzəmisində yerləşmişdir. Yarımzirzəmi deyəndə belə başa düşülür pilləkəndə (üç-dörd pilləkən olur adətən) duranda insanın yarı hissəsi çöldə qalır, pəncərələr də böyük olur deyə, ora gün düşür. Yarımzirzəminin hündürlüyü təxminən 3 metr olmuşdur, sadəcə şəhadətnamədə heç vaxt yarımzirzəmi yazılmır. İddiaçı öz sahəsində ehtiyyat hissələrinin satışı üçün dükan kimi istifadə etmişdir. Əsas sahəsi mağaza olmuş, köməkçi sahədən isə ambar kimi istifadə etmişdir. İddiaçı cavabdehlə 290 kv.m-ə ona görə razılaşmışdır ki, onun fikrincə, cavabdehin onlara birinci mərtəbədən obyekt verməsi məsələsi müzakirə olunurdu. 20 faiz artıq sahənin onlara verilməməsini birinci mərtəbədən yer veriləcəyi ilə izah etmişlər. Şəxsən ona bu barədə demişlər. Eyni səbəblə cavabdeh iddiaçıya da 20 faiz artıq sahə verməkdən yayınmışdır. Bu söhbət şəxsən onun yanında olmuş, bu sözü Murada cavabdehin Miri adlı nümayəndəsi demişdir. İddiaçının obyektinə dair müqavilə iddiaçı ilə cavabdehin nümayəndəsinin iştirakı ilə notariusda bağlanmışdır. O, həmin müqavilənin bağlanmasında iştirak etməmişdir, müqavilənin şərtləri barədə dəqiq məlumatı yoxdur, lakin istənilən alqı-satqını rəsmiləşdirməkdən öncə tərəflər danışıqlar aparır, razılığa gəlirlər və gəldikləri razılıq əsasında notariusa müraciət edib müqavilə bağlayırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, özü Sədərək Ticarət Mərkəzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçıla obyektləri keçmiş Ş.Mirzəyev küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində yerləşmişdir. İddiaçının obyekti zirzəmidə yerləşmiş, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. İddiaçının obyektinin əsas sahəsi, satış məqsədi üçün istifadə etdiyi hissəsi təxminən 50-60 kv.m olardı. İddiaçının obyektin qalan hissəsini arxada yerləşən saxlanc yeri kimi istifadə etdiyi hissəni o, görməmişdir. Cavabdeh MMC-nin nümayəndələri pilot layihəni təklif edəndə aparılmış danışıqlarda iştirak etmişdir. Hər gün cavabdehin nümayəndələri gəlmiş, yalvarmışlar, İcra Hakimiyyətində görüşlər keçirmişlər. Gündə gəlib təklif etmişlər ki, onlara 20 faiz artıqlaması ilə yer verəcəklər. Özündə 35 kv.m yer olmuş, ona haradasa 45 kv.m yaxın yer verməli idilər. Lakin heç bir artıq sahə verilməmiş, həmin sahəni saxlamışlar, amma 40 kv.m qalmışdır, o səbəbdən ki, onları birinci mərtəbəyə çıxarırlar, yəni zirzəmidən yuxarı çıxırlar. Cavabdehin nümayəndəsi bildirmişdir ki, 20 faizi vermirlər, amma əvəzində birinci mərtəbəyə çıxırlar. Yəni obyekt birinci mərtəbədə olacaqdır. İddiaçının cavabdehlə danışıqlarında o, şəxsən iştirak etməmişdir. Onun da, iddiaçının da obyektlərini cavabdeh bu günədək verməmişdir. Halbuki cavabdeh 2 il müddətinə obyektlərin veriləcəyini bildirmişdir. İddiaçı ilə bağlanmış müqavilənin şərtləri barədə məlumatı yoxdur, lakin hamısının şərtləri eyni olmuş, cavabdeh müqavilələri onlarla təxminən eyni vaxtda bağlamışdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 18 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hazırkı işdə mübahisəli hal üzrə tərəflərin yazılı müqavilədə ifadə etdikləri iradələrinin həqiqi mənası düzgün müəyyənləşdirilməlidir (təfsir edilməlidir). Bunun üçün sözügedən əqdin bağlanması ilə tərəflərin hədəflədikləri nəticə, yəni iddiaçının verdiyi sahə müqabilində əldə etmək istədiyi (o cümlədən cavabdehin ona satmaq istədiyi) sahənin nədən ibarət olması aydınlaşdırılmalıdır. Bu çərçivədə iddiaçının verməyi öhdəsinə götürdüyü qeyri-yaşayış sahəsinin yerləşmə yeri və təyinatı ilə ona təqdim olunan sahənin yerləşdiyi yer, texniki göstəriciləri və təyinatı, cavabdehin verməli olduğu sahənin müqavilədə göstərilən “1-C-1” saylı fərqlənmə nişanının hansı yeri (zirzəmini, yoxsa birinci mərtəbəni) işarə etdiyi araşdırılmalı, bunun üçün binanın layihə sənədlərindəki məlumatlar, o cümlədən ekspertiza rəyləri ətraflı təhlil edilməli, habelə təhviltəslim olunan sahələrin (təyinatına uyğun) istifadə məqsədini qarşılmaq baxımından imkanları və s. müqayisə olunmalıdır. Bu zaman cavabdehin sahəni tam təmirli təhvil verməsi barədə, habelə müqavilənin digər aidiyyəti şərtləri həm hərfi mənaya görə, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, tərəflərin iradəsinin həqiqi mahiyyəti baxımından onların mənası təhlil edilməlidir. Sözügedən hallara dair təqdim olunmuş sübutlar tədqiq edilərkən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalı, təfsir qaydalarına uyğun bir təhlil aparılmaqla gəlinən nəticə əsaslandırılmalıdır. Göstərilən qaydada dəyərləndirmə aparıldıqdan sonra müqavilənin bağlanıb-bağlanmadığına, iddiaçıya verilməli olan sahənin yeri barədə cavabdehin öhdəliyinin nədən ibarət olmasına, bu öhdəliyinin pozulub-pozulmadığına və bütövlükdə iddia tələblərinə yekun hüquqi qiymət verilməklə mübahisə həll olunmalıldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.3-ci maddəsinə əsasən əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 587.2.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016cı il tarixli müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1- C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Tərəflər razılaşmışlar ki, qeyri-yaşayış sahəsi təhvil verilənə qədər iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödəniləcəkdir. Hazırda iddiaçı cavabdehin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini iddia edərək müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin cavabdehə həvalə edilməsini, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün əldən çıxmış faydanın, ödənilməmiş kirayə haqqının əvəzinin tutulmasını tələb edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəllənin 404.1-ci maddəsi müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.3-cü maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları iddiaçının müqavilə öhdəliyinə əməl edərək əmlakı cavabdehə təhvil verməsi müəyyən edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi müəyyən edilmir. Belə ki, Cavabdeh MMC iddia tələbinə etirazda göstərilmişdir ki, cəmiyyət müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə və vaxtında icra etmişdir, dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçı ona verilməli olan 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina edir. Öhdəliklərin və hüquqların alqı-satqısına dair 05 avqust 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “Sakin” Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 18.03.2004-cü il tarixdə İddiaçı verilmiş 001696 qeydiyyat nömrəsi ilə 3 nömrəli kitabın 50 səhifəsində qeyd edilmiş Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “MMC” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini “Sakin”ə təhvil verir. Hazırda isə cavabdeh tərəf iddiaçıya 1-C bloku zirzəmi mərtəbədə 290 kv.m qeyriyaşayış sahəsini (zirzəmini) təklif edir. Halbuki iş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının memarlıq planlaşdırma həllindən (eskiz layihə) görünür ki, binanın 1*-C blokunun 1-ci mərtəbəsində 7 ədəd (ayrılıqda 65.5 kv.m; 76.6 kv.m; 125 kv.m; 76,6 kv.m; 50.9 kv.m və 89.4 kv.m sahələri olan) marketin, binanın 1*-C blokunun zirzəmi mərtəbəsində ümumilikdə 551 kv.m sahəsi olan qarajın yerləşməsi müəyyən edilmiş və razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə, iddiaçının ünvan 2 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini (əsas sahə 117,6 kv.m (boş otaqlar), köməkçi sahə 172,0 kv.m (anbarlar 117,6 kv.m, dəhliz 47,6 kv.m, anbar 2,2 kv.m, sanitar qovşağı 4,6 kv.m), hündürlük 2,60 m, yerləşmə yeri zirzəminin 1 hissəsi) cavabdeh MMC-yə təhvil verməsi, MMC-nin həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10.06.2019cu il tarixli 06/07-3245 saylı məktubunda qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının memarlıq-planlaşdırma layihəsi ilə bağlı aşağıdakıları bildirirlər: 1. CHиП 2.08.02-89* , əlavə 4*-ə əsasən qeyri-yaşayış və içtimai iaşə obyektləri binaların zirzəmi mərtəbəsində yerləşdirilə bilər; 2. 1*C blokunun mərtəbə planlarından göründüyü kimi binanın 1-ci mərtəbəsində ticarət obyekti (market), zirzəmi mərtəbəsində isə qaraj nəzərdə tutulmuşdur; 3. Tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47-ci maddəsinin 47.4.2 bəndinə uyğun olaraq tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir. Göründüyü kimi cavabdehin iddiaçıya 1-C blokunda zirzəmi mərtəbəsində 290 kv.m qeyri-yaşayış sahəsi (zirzəmi) təklif etməsi tərəflər arasında bağlanmış müqavilənin müddəalarına zidd olmuşdur. Belə ki, istinad edilən müqavilədə cavabdeh 1-ci mərtəbədə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi barədə öhdəlik götürmüşdür ki, hazırda həmin öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 07.08.2019-cu il tarixli 13285 nömrəli rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan binanın eskiz layihəsinə əsasən, 1*-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1 *-C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 2 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların digər sübutlarla müqayisəli tədqiqi ekspert rəyinin həqiqiliyinə təminatın kifayət qədər yüksək olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin “tərəflər arasında bağlanmış 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması” hissəsində əsaslı olmuşdur, birinci instansiya məhkəməsi isə həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, istinad olunan normaların tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin - öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddiaçı qanunvericiliyin tələbləri baxımından hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat, 6 ay üçün 18.000 manat pulun tutulması hissəsində isə iddia tələbi qismən əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas olan “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) ünvan 2 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsi təhvil verilənədək iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını- aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödənilməsini razılaşdırmışlar. Göründüyü kimi müqavilə ilə kirayə haqqının aylıq məbləği 3000 manat deyil, 1500 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, kirayə haqqı 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilmədiyindən, həmin tarixdən etibarən ödənilməmiş olan kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün kirayə haqqı cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi qismən təmin edildiyindən iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)- 1021/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilməli, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat 6 ay üçün 9000 (doqquz min) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)- 1021/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1-C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat, 6 ay üçün 9000 (doqquz min) manat pul Cavabdeh MMCdən tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiz tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar