Məhkəmə qərarları › İş №2(103)-696/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-696/2020

05.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-696/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndələri (eyni zamanda vəkili) Nümayəndə1, X1, Cavabdeh MMC-nin nümayəndəsi eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)-1021/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1-C-1 blokunda yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının tam təmirli şəkildə ona təhvil verilməsinin həvalə edilməsi, öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 73.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)- 1021/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)-1021/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndələri (eyni zamanda vəkili) Nümayəndə1 və X2 ayrı-ayrılıqda apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi eyni zamanda vəkili Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y- 1-C-1 saylı, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Tərəflər razılaşmışlar ki, qeyri-yaşayış sahəsi təhvil verilənə qədər iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını-aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödəniləcəkdir. Hazırda iddiaçı cavabdehin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini iddia edərək müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin cavabdehə həvalə edilməsini, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün əldən çıxmış faydanın, ödənilməmiş kirayə haqqının əvəzinin tutulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları iddiaçının müqavilə öhdəliyinə əməl edərək əmlakı cavabdehə təhvil verməsi müəyyən edilsə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi müəyyən edilmir. Cavabdeh MMC iddia tələbinə etirazda göstərilmişdir ki, cəmiyyət müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə və vaxtında icra etmişdir, dəfələrlə müraciət edilməsinə baxmayaraq, iddiaçı ona verilməli olan 1-C-1 (yəni mənfi bir, zirzəmi) 290 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təhvil almaqdan imtina edir. Öhdəliklərin və hüquqların alqı-satqısına dair 05 avqust 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “Sakin” Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 18.03.2004-cü il tarixdə İddiaçı verilmiş 001696 qeydiyyat nömrəsi ilə 3 nömrəli kitabın 50 səhifəsində qeyd edilmiş Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”xxxx“MMC” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y- 1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini “Sakin”ə təhvil verir. Hazırda isə cavabdeh tərəf iddiaçıya 1-C bloku zirzəmi mərtəbədə 290 kv.m qeyriyaşayış sahəsini (zirzəmini) təklif edir. Halbuki iş materiallarında olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının memarlıq planlaşdırma həllindən (eskiz layihə) görünür ki, binanın 1*-C blokunun 1-ci mərtəbəsində 7 ədəd (ayrılıqda 65.5 kv.m; 76.6 kv.m; 125 kv.m; 76,6 kv.m; 50.9 kv.m və 89.4 kv.m sahələri olan) marketin, binanın 1*-C blokunun zirzəmi mərtəbəsində ümumilikdə 551 kv.m sahəsi olan qarajın yerləşməsi müəyyən edilmiş və razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə, iddiaçının ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsini (əsas sahə 117,6 kv.m (boş otaqlar), köməkçi sahə 172,0 kv.m (anbarlar 117,6 kv.m, dəhliz 47,6 kv.m, anbar 2,2 kv.m, sanitar qovşağı 4,6 kv.m), hündürlük 2,60 m, yerləşmə yeri zirzəminin 1 hissəsi) cavabdeh MMC-yə təhvil verməsi, MMC-nin həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10.06.2019-cu il tarixli 06/07-3245 saylı məktubunda qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının memarlıq-planlaşdırma layihəsi ilə bağlı aşağıdakıları bildirirlər: 1. CHиП 2.08.02-89*, əlavə 4*-ə əsasən qeyri-yaşayış və içtimai iaşə obyektləri binaların zirzəmi mərtəbəsində yerləşdirilə bilər; 2. 1* C blokunun mərtəbə planlarından göründüyü kimi binanın 1-ci mərtəbəsində ticarət obyekti (market), zirzəmi mərtəbəsində isə qaraj nəzərdə tutulmuşdur; 3. Tikinti obyektinin sifarişçisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47-ci maddəsinin 47.4.2 bəndinə uyğun olaraq tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir. Göründüyü kimi cavabdehin iddiaçıya 1-C blokunda zirzəmi mərtəbəsində 290 kv.m qeyri-yaşayış sahəsi (zirzəmi) təklif etməsi tərəflər arasında bağlanmış müqavilənin müddəalarına zidd olmuşdur. Belə ki, istinad edilən müqavilədə cavabdeh 1-ci mərtəbədə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsi barədə öhdəlik götürmüşdür ki, hazırda həmin öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 07.08.2019-cu il tarixli 13285 nömrəli rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan binanın eskiz layihəsinə əsasən, 1*-C bloku üzrə 1-ci mərtəbənin qeyri-yaşayış (Market) sahəsi kimi, zirzəminin isə, həmin sahədə avtomaşınların surəti əks olunmaqla, qaraj kimi nəzərdə tutulduğunu, zirzəminin faktiki olaraq yer səviyyəsindən 3,5-3,6 metr aşağıda yerləşməklə boş vəziyyətdə olmaqla, ticarət məqsədilə nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi üçün hər hansı bir şərait yaradılmadığını, zirzəmiyə eyni zamanda bir neçə nəfərin daxil olması üçün keçidlər olmadığını, 1*-C blokuna aid zirzəmidə tam (bütöv) şəkildə 290 kv.m sahənin olmadığını, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdirilməsi üçün müvafiq işlər aparıldığını, həmin sahələrə ayrı-ayrı küçələrdən insanların (bir neçə nəfərin) eyni zamanda girişi üçün panduslar (keçidlər) nəzərdə tutulduğunu, qeyri-yaşayış sahəsindən küçə tərəfə binanın fasad hissəsində vitrin şüşələr quraşdırıldığını nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”ndə göstərilən ünvan 1 ünvanında yerləşən 290,0 kv.metr ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların digər sübutlarla müqayisəli tədqiqi ekspert rəyinin həqiqiliyinə təminatın kifayət qədər yüksək olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin “tərəflər arasında bağlanmış 05 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi, cavabdehin üzərinə bununla bağlı öhdəliyin qoyulması” hissəsində əsaslı olmuşdur, birinci instansiya məhkəməsi isə həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, istinad olunan normaların tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin - öhdəliyin icrasının gecikdirildiyi 11 ay müddət üçün hər ay əldən çıxmış fayda olaraq 5000 manat ümumilikdə 55.000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddiaçı qanunvericiliyin tələbləri baxımından hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 3000 manat 6 ay üçün 18.000 manat pulun tutulması hissəsində isə iddia tələbi qismən əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas olan “Öhdəliklərin və hüquqların alqı-satqısı”na dair 05 avqust 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) ünvan 1 ünvanında istismar müddəti bitmiş binanın zirzəmisində yerləşən 289,6 kv.m qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 290,0 kv.m ümumi sahəsi olan Q/Y-1-C-1 nömrəli, tam təmirli qeyri-yaşayış sahəsi təhvil verilənədək iddiaçının müvəqqəti istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqını- aylıq 1500 AZN olmaqla cavabdeh tərəfindən ödənilməsini razılaşdırmışlar. Göründüyü kimi müqavilə ilə kirayə haqqının aylıq məbləği 3000 manat deyil, 1500 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, kirayə haqqı 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilmədiyindən, həmin tarixdən etibarən ödənilməmiş olan kirayə haqqının əvəzi kimi aylıq 1500 manat olmaqla 6 ay üçün kirayə haqqı cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi baxışı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(007)-1021/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 1 ünvanında tikilmiş binanın 1- C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 (bir min beş yüz) manat 6 ay üçün 9000 (doqquz min) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə xərclərinə aid olan məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul İddiaçı tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar