Məhkəmə qərarları › İş №2(103)-10244/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10244/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10244/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4, Cavabdehin nümayəndələri (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(010)-2917/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 25000 manat əsas borc, 33500 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 58500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh vaxtı ilə Gəncə şəhəri İcra Hakimiyyətinin Şəhərsalma və Arxitektura şöbəsinin müdiri vəzifəsində işləmiş, iddiaçı isə Gəncə şəhərində tikinti materialları ticarəti ilə məşğul olmuşdur. 2015-ci ilin mart ayında cavabdeh fəaliyyət göstərdiyi tikinti materialları satışı obyektinə gələrək, Gəncə şəhəri İcra Hakimiyyəti başçısı X7 rayonu Mixaylovka kəndində tikilməkdə olan villasına tikinti materialları lazım olduğunu bildirmiş, söhbət əsnasında başa düşmüşdür ki, həmin tikinti materialları əvəzi ödənilmədən aparılmalıdır. O, cavabdehə onları pulsuz vermək imkanının olmadığını, mağazada mövcud olan tikinti materiallarının müxtəlif şirkətlərə məxsus olduğunu izah etmişdir. Cavabdeh isə cavabında tikinti materiallarını verməyəcəyi təqdirdə obyekti bağlatdıracağı ilə onu hədələmişdir. Həqiqətən də, qısa müddət keçdikdən sonra Gəncə şəhər X3 Qarayev soyadlı əməkdaşı iki polis nəfəri ilə birlikdə obyektə gələrək İcra Hakimiyyətinin tapşırığı ilə mağazanı bağlayıb qapısına möhür vuracağını bildirmiş, səbəbini soruşduqda ona heç bir şeyin məlum olmadığını, yalnız tapşırıq əsasında gəldiyini izah etmişdir. Həmin gün Qarayev heç bir səbəb göstərmədən qanunsuz olaraq mağazanın qapısını bağlayaraq, möhür vurmuş, faktiki olaraq bir ay müddətində mağaza bağlı qalmış, sonra yenidən ona qarşı təzyiqlər başlamış və məcburiyyət qarşısında qalaraq tikinti materiallarını əvəzi ödənilmək şərti ilə verəcəyini bildirmiş, cavabdeh isə razılaşmışdır. 2015-ci ilin aprel ayından başlayaraq həmin ilin iyul ayına qədər olan müddət ərzində 25000 manatdan artıq müxtəlif çeşidli tikinti materialları cavabdehin tapşırığı ilə Göygöl rayonunun Mixaylovka kəndində aparılmışdır. Müəyyən müddətdən sonra pulunu tələb etmək üçün cavabdehi axtardıqda məlum olmuşdur ki, o, tutuduğu vəzifədən azad edilmişdir. Beləliklə, cavabdehin təqsiri ucbatından işgüzar nüfuzuna xələl gəlmiş, şirkətlərə məxsus tikinti materiallarının pulunu ödəyə bilmədiyinə görə ona tikinti materialları verməkdən imtina etmişlər. Həmin məbləğə görə mülki dövriyyə şəraitində xeyli miqdarda əldə edə biləcəyi gəlirdən də məhrum olmuş və məcburiyyət qarşısında sahibkarlıq fəaliyyətini dayandırmışdır. Cavabdehin öz vəzifə səlahiyyətlərindən istifadə edərək qeyri-qanuni hərəkətlərindən müxtəlif instansiyalara şikayət etmiş, məsələyə hüquqi qiymət verilməsini xahiş etmişdir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı Eldəniz Məmmədovun 11.11.2018-ci il tarixli, Gəncə şəhər prokurorunun köməkçisi Allahverdi Abuzərovun 31.05.2019-cu il tarixli, Gəncə şəhər prokurorunun köməkçisi Rüstəm Hüseynovun 26.06.2020-ci il tarixli qərarları ilə iş üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarlardan verdiyi şikayət əsasında məhkəmə qaydasında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş, cavabdehə qarşı olan tələbi ilə əlaqadar mülki qaydada müvafiq məhkəməyə müraicət etmək hüququ izah edilmişdir. Ona görə də fəaliyyət göstərdiyi mağazadan cavabdehin tapşırığı əsasında aparılmış tikinti materiallarının ödənilməsi və 2015-ci ilin iyul ayından müraciət etdiyi müddətə qədər mülki dövriyyə şəraitində əldən çıxmış faydanın əvəzinin ödənilməsini cavabdehdən tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin normalarından görünür ki, cavabdeh həm əsas borcu olan 25000 manat, eyni zamanda mülki dövriyyə şəraitində hər ay əsas borc məbləğinin 2% miqdarında əldə edəcəyi gəlir məbləğini ona qaytarmalıdır. 2015-ci ilin iyul ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla 67 ay ərzində əsas borcun 2%-nin məbləği 33500 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(010)- 2917/2021 saylı qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, işin obyektiv araşdırılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 11.12.2018-ci il tarixli, 31.05.2019-cu il tarixli, 26.06.2020-ci il tarixli və 18.09.2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarların surətlərindən görünür ki, iddiaçının oxşar məzmunlu müraciətlərinə Gəncə Şəhər Prokurorluğunda və Gəncə şəhər Nizami Rayon Polis İdarəsində dəfələrlə baxılmış, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya məsələni mülki qaydada mübahisələndirmək hüququ izah edilmişdir. Qeyd edilən qərarlarla, həmçinin sonuncu qərar olan 18.09.2020-ci il tarixli qərarla müəyyən olunmuşdur ki, Cavabdeh Gəncə şəhər Memarlıq İdarəsinin rəisi vəzifəsində işləməklə vəzifəli şəxs kimi vəzifəsindən sui-istifadə edərək özgə əmlakının ələ keçirilməsinə, İddiaçı məxsus mağazadan tikinti materiallarını əvəzi ödənilmədən götürülməsinə yönəlik hərəkətlər etməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək İddiaçı məxsus tikinti mağazasının fəaliyyətinin dayandırılması barədə göstəriş verməsi öz təsdiqini tapmamışdır. Bununla yanaşı, Cavabdeh tərəfindən İddiaçı məxsus 25000 manat dəyərində tikinti materiallarının götürülməsinə dair hər hansı qaimə, müqavilə və ya qeydiyyatın aparılmasına dair rəsmi sənəd əldə edilmədiyindən həmin xüsusat sübuta yetmir. Eyni zamanda, İddiaçı məxsus əmlakın etibardan sui-istifadə yolu ilə kənar şəxs və ya şəxslər tərəfindən ələ keçirilməsi faktı da müəyyən edilməmişdir. İddiaçı hazırki tələbində də yuxarıda qeyd edilən cinayət təqibi orqanlarına təqdim etdiyi analoji halları göstərməklə, cavabdeh tərəfindən ona ziyan vurulmasını, yəni 25000 manat dəyərində tikinti materiallarının götürülməsini, lakin sonradan pulunun ödənilməməsini və s. göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının bildirdiklərinin həqiqətən uyğun olmamasını, mötəbər sübutların (qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş sənədlərin) təqdim olunmamasını etirazlarının əsası kimi göstərməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1). Qeyd edilən maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddiaçı isə cavabdehin qanunsuz hərəkəti nəticəsində ona tələb etdiyi məbləğdə maddi zərərin vurulduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının cinayət təqibi orqanlara verdiyi şikayətlərin araşdırılması zamanı da cavabdehin hər hansı təqsirli hərəkətinin mövcudluğu müəyyən olunmamışdır. Əksinə, araşdırmalar zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus mağazadan tikinti materiallarını əvəzi ödənilmədən götürülməsinə yönəlik hərəkətlər etməsi, həmçinin cavabdehə məxsus 25000 manat dəyərində tikinti materiallarının götürülməsinə dair hər hansı qaimə, müqavilə və ya qeydiyyatın aparılmasına dair rəsmi sənəd əldə edilmədiyindən həmin xüsusat sübuta yetməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla cavabdehin iddiaçıdan iddia tələbində göstərilən məbləğlərdə əşyalar (tikinti materialları) alması, bu istiqamətdə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, cavabdehin iddiaçıya ziyan vurması kimi hallar müəyyən olunmamışdır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İstinad etdiyi sübutlar isə iddianın əsaslı olmasını ehtiva etmir. Belə ki, təqdim etdiyi qaimələr cavabdeh tərəfindən imzalanmamışdır. Belə olan halda, qaimələrdə göstərilən malların cavabdeh tərəfindən alınması (və ya cavabdehə verilməsi) müəyyən olunmur. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi üzrə aparılmış araşdırma zamanı ifadə vermiş X2 izahatını nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cinayət təqibi üzrə aparılmış araşdırma zamanı ifadə vermiş X2 bildirdikləri iddianın əsaslı olması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. İlkin olaraq qeyd edilməlidir ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göründüyü kimi, iddiaçı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməklə, tələbini əsaslandırmalıdır. Bununla yanaşı, X2 bildirdikləri (ifadəsi) də cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətini müəyyən edə və bu istiqamətdə mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(010)-2917/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(010)- 2917/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar