Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10263/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(008)- 5797/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(008)- 5797/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzili 23.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1 almış və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. Alqı-satqı həyata keçirildikdən sonra mənzilin əvvəlki mülkiyyətçisi X2 özlərinə aid olan əşyaları götürərək başqa mənzilə köçmüş, mənzildə onlara aid heç bir əşya qalmamış, eyni zamanda özünün və ailə üzvlərinin də həmin mənzildən tezliklə qeydiyyatdan çıxacaqlarını bildirmişdir. Satıcı və ailə üzvləri mənzildən qeydiyyatdan çıxsalar da, digər qeydiyyatda olan ailə üzvü Cavabdeh qeydiyyatda qalmışdır. Sözügedən mənzilin alqı-satqısı həyata keçirildikdən sonra müvafiq Mənzil- İstismar Sahəsinin verdiyi arayışda qeyd edilən digər cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi üçün tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin müvafiq qətnaməsi ilə onların ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Lakin sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 29.06.2021-ci il tarixli, ******* saylı arayışda özü ilə bərabər mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olan Cavabdeh da qeydiyyatda olduğu müəyyən edilmişdir. Hesab edir ki, eyni mübahisə ilə bağlı (fərqli cavabdehlər) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən bir dəfə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edildiyi halda, eyni məhkəmə tərəfindən eyni mübahisə ilə bağlı iddia ərizəsinin icraata götürülməməsi əsassızdır. Apellyator hesab edir ki, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmaqla həmin ünvanda yaşamış və onun mənzildən istifadə hüququ mövcud olmuşdur. Buna görə də bu hüquqa xitam verilməsi məsələsinə məhkəmə qaydasında baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(008)- 5797/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(008)-5797/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməsi üçün mülki iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 2-ci bəndinə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İddiaçı şikayətinin məzmunundan görünür ki, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmaqla həmin ünvanda yaşamış və onun mənzildən istifadə hüququ mövcud olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mənzildən istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi məhkəmə araşdırmasının predmeti olduğundan, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edib iddiaçıya müvafiq tələblə bağlı inzibati orqana müraciət etməyi tövsiyə etməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(008)-5797/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul olunması üçün Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı Cavabdeh mənzildən istifadə hüququnun olubolmaması müəyyən edilməli və nəticəsindən asılı olaraq qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(008)- 5797/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul olunması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10263/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10263/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver