Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10267/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(008)-6091/2021 saylı qərardadından Ərizəçi tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri 16 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 16 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(008)- 6091/2021 saylı qərardadı ilə Ərizəçi Bakı şəhəri 16 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Ərizəçi tərəfindən həmin qərardaddan şikayət verilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(008)-6091/2021 saylı qərardadının ləğv edilməsi və şikayətin təmin edilərək, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, şəxs notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər. Həmin işlərə isə inzibati məhkəmədə deyil, xüsusi icraat qaydasında məhkəmədə baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 16 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə maraqlı şəxs Bakı şəhəri 16 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(008)-6091/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1- ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPMnin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, ərizəçi məhkəməyə mirasın qəbulu faktının, mirasın qəbulu müdətinin ötürülməməsi və sair faktın müəyyən olunması tələbi ilə deyil, məhz vərəsəlik şəhadətnaməsinin verilməsinin inzibati orqanın üzərinə qoyulması tələbi ilə müraciət etmişdir ki, belə olan halda qeyd olunan tələblə məhkəməyə yox, inzibati orqana müraciət etməli, inzibati orqanın qərarınından və ya hərəkət (hərəkətsizliyindən) isə inzibati məhkəməyə müraciət etməlidir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(008)-6091/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(008)-6091/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10267/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10267/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver