Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1027/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(008)- 226/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh1 və digərlərinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27975 ABŞ dolları əsas borc, 7487 ABŞ dolları faiz borcu, cəmi 35462 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 22 saylı evin 1-ci mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Həsənov) 16 oktyabr 2018-ci il tarixli, 2(008)-226/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 27.955,97 ABŞ dolları əsas, 6425,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34381,96 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutumanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin yaşayış sahəsində çıxarılmaları və mənzilin boşaldılması, mənzilin Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 45 manatının İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 100 manatının Cavabdeh1 alınaraq Ekspertriza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş №2(103)-1312/19) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi onun şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və Ə.Əliyev, iş № 2(102)- 4958/19) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apelyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)-483/20) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 saylı evin 1 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilmiş, işin apelyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin dəyəri qismində 300 (üç yüz) manat pulun 150 (yüz əlli) manatının Cavabdeh1, 150 (yüz əlli) manatının isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, G.Quliyev və E.Şamayev, iş № 2(102)- 3627/20) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Atrabank” ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən sonuncuya 27.08.2018-ci il tarixədək illik 25 faiz olmaqla 30.000 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda 27.08.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 nömrəli evin, 1 nömrəli mənzilini ipoteka ilə yüklü edərək İddiaçı ASC-nin tələb hüququna təminat vermişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq Cavabdeh1 öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən faiz borcu şişirdilmiş, məhkəmə işə baxarkən buna və eləcə də digər hallara əhəmiyyət verməmiş, ətraflı araşdırma aprmamış, ekspertiza təyin etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Yəni, hazırkı apellyasiya baxışının predmetini yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsi təşkil edir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız apellyasiya baxışının predmeti olan hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində) dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 95000 manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 14.10.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edərkən ekspert qarşısında predmetin mövcud bazar qiymətinə dair sual qoymuşdur. Qiymətləndirmə təşkilatı tərəfindən daşınmaz əşyanın bazar qiyməti 90.000 manat olaraq müəyyən edilmiş və qətnamədə həmin məbləğ əsas götürülmüşdür. Halbuki, qanunvericiliyə görə ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyəri isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən göstərişini nəzərə alaraq ipoteka predmetinin likvid dəyərinin mütəxəssis tərəfindən müəyyən edilməsi məqsədilə müvafiq qərardad qəbul etmişdir. "xxxx" MMC-nin 07 iyun 2021-ci il tarixli, ƏEM/İ 34-590/21 saylı mütəxəssis rəyinə əsasən X3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev Əhmədbəy küçəsində istifadədə olan 0,15939 ha torpaq sahəsindəki 22 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 28,41 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzilin 07 iyun 2021-ci il tarixinə likvid dəyəri 95000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ilkin satış qiyməti 95000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 95000 manat müəyyən edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1027/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1027/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver