Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10271/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yşnəldilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 2(008)-3550/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi üzrə 16.377,31 manat əsas, 1.856,69 manat hesablanmış faiz, 14.633,00 manat hesblanmış dəbbə, cəmi 32.867,08 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m yaşayış, 23,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın dəyərinin 52.000 manat qiymətlə hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi və mənzilin məcburi boşaldaılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (hazırkı İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdehə 25.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə restrukturizasiya edilərək 25.098 ABŞ dolları məbləğində yeni kredit verilmişdir. Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsi ilə 6170 PBS saylı yeni müqavilə etibarsız hesab edilmiş və birinci müqavilə üzrə qalıq kredit borcunun tələb edilməsi müəyyən edilmişdir. 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsinin təminatı kimi 22.06.2012-ci il tarixli, 1056 PBS saylı ipoteka müqaviləsinə 10.07.2013-cü il tarixdə 02 saylı Əlavə müqavilə bağlanmış, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 42 kv.m yaşayış, 23,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdehin hazırda iddiaçıya 16.377,31 manat əsas, 1856,69 manat hesablanmış faiz, 14.633 manat hesblanmış dəbbə, cəmi 32867,08 manat kredit borcu mövcuddur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 2(008)-3550/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı BOKT ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24.11.2015-ci il tarixli, 6170 PBS saylı kredit müqaviləsinə əsasən 10.07.2013-cü il tarixli 2801 PBS saylı kredit müqaviləsi restruktrizasiya edilərək 25.098 ABŞ dolları məbləğində yeni kredit verilmişdir. Borc öhdəliyini yerinə yetirmədiyi üçün cavabdeh məhkəməyə verilərək 24.11.2015-ci il tarixli, 6170 PBS saylı kredit müqaviləsi üzrə borcun tutulması xahiş edilmişdir. Cavabdehi isə qarşılıqlı iddia verərək müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu rayon məhkəməsi özünün 25.10.2017-ci il tarixli, 29(008)-7579/2017 saylı qətnaməsi ilə 24.11.2015-ci il tarixli, 6170 PBS saylı kredit müqaviləsini etibarsız hesab etmiş və 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi üzrə qalıq kredit borcunun tələb edilməsini müəyyən etmişdir. Kredit müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən 2016-cı ilin yeddinci ayına kimi tam icra edilib başa çatdırılmalı idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixə 30.10.2014-cü il tarixli, 0412/14/PB saylı kredit müqaviləsinə əsasən cavabdehlərin BOKTyə 2904.08 manat əsas borc, 10365.39 manat hesablanmış faiz, 2405.98 manat hesablanmış dəbbə, cəmi 15.675.45 manat borcu mövcud olmuşdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin bir sıra maddələrinin şərhi ilə bağlı qərarında iddia müddətinin axımının dayandığı vaxt barədə öz hüquqi mövqeyini bildirmişdir. Həmin mövqeyə görə cavabdehin öhdəlik üzrə son ödənişindən sonra iddia müddətinin axımı hesablanır. Odur ki, Binəqədi rayon Məhkəməsinin gəldiyi nəticə qanuna zidd olmuşdur. Belə ki, müqavilələrdən irəli gələn iddialar üzrə iddia müddəti 3 il müəyyən edilsə də, ümumi iddia müddəti 10 ildir. Cavabdeh isə məhkəmə prosesində borcunu etiraf etmişdir. Hesab edirlər ki, iddiaçının bərabərlik hüququ məhkəmə tərəfindən təmin edilməmiş müddətin tətbiqinə dair ərizəyə dair sübutlar təqdim etməyə və münasibət bildirməyə şərait yaratmamışdır. Göründüyü kim məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik hüququnu pozmaqla ədalətsiz məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. Belə ki, 2017-ci il tarixdən məhkəmə prosesi gedir və məhkəmə prosesi davam etdiyi üçün iddia müddətinin axımı da dayanmışdır. Odur ki, iş üzrə iddia müddəti buraxılmamışdır. İş üzrə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılan halları ilə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi bağlanmış, müqavilə əsasında cavabdehə 28 faizlə 25.000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 36 ay müəyyən edilmiş, tərəflər arasında cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 3 otaqlı, 42 kv m yaşayış, 23,1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 22.06.2011-ci il tarixli 1056 PB saylı ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka eyni zamanda 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsinin də təminatı kimi ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydiyyata alınmışdır. Sonradan kreditin uzadılması məqsədilə tərəflər arasında 24.11.2015-ci il tarixli, 6170 PBS nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bank 72 ay müddətinə, illik 29 faiz ödəmək şərtilə 25098 ABŞ dollarını cavabdehə vermişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsi ilə 24.11.2015-ci il tarixli, 6170 PBS nömrəli kredit müqaviləsi etibarsız hesab edilmiş, 10.07.2013-cü il tarixli, 2801 PBS saylı kredit müqaviləsi üzrə qalmış kredit borcunu tələb etmək hüququ izah edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən 13.11.2017-ci il tarixdə iddiaçı tərəfindən alınmışdır. Qətnamədən iddiaçı tərəfindən müddət ötürülməklə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Sabunçu rayon Məhkəməsinin 12.04.2019-cu il tarixli qərardadı ilə müddətin ötürülməsinin səbəbləri üzrlü olmadığından müddətin bərpasına dair iddiaçının ərizəsi rədd edilmişdir. Beləliklə, Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsi 14.12.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, 14.12.2020-ci il tarixədək iddiaçı hazırki iddianı qaldırmalı olduğu halda, 19.04.2021-ci il tarixdə, yəni 4 ay gecikdirməklə, vermişdir. İddia müddətinin ötürülməsinin səbəblərinin üzrlü hesb edilməsinə dair iddiaçının nümayəndəsinin mövqeyini məhkəmə qəbul etmir. Belə ki, məhkəmə hesab edir ki, Bank Sabunçu rayon Məhkəməsinin 25.10.2017-ci il tarixl qətnaməsindən sonra birinci muqavilə ilə kredit borcu üzrə qalığı tələb etmək əvəzinə, süni şəkildə həmin qətnamədən müddəti ötürməklə apellasiya şikayət vermişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia müddəti dörd ay ötürülmüşdür, cavabdeh iddia müddətinə tətbiqinə dair ərizə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi, tərəflər arasında həqiqətən kredit müqaviləsi mövcud olmuş və cavabdehin həmin müqavilə üzrə borcu yaranmış, lakin həmin borc onun tərəfindən ödənilməmiş və kreditor həmin borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu zaman kreditor qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.» Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əlaqəli şəkildə dəyərləndirərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı BOKT ASC-nin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddia müddətinin axımının başlanması həmin müqavilə üzrə cavabdehin son ödənişindən hesablanır. Müqavilə üzrə idia müddəti üç il təşkil etsə də, ümumi müddəti on il təşkil edir. Cavabdeh isə borcunu etiraf etmişdir. Lakin iddiaçının özünün də göstərdiyi kimi, MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tərəflər arasındakı münasibətlər onlar arasında bağlanmış kredit müqaviləsinə söykəndiyindən və bu müqavilə üzrə cavabdeh öhdəliyini aylıq ödənişlər şəklində vaxtaşırı icra etməyi üzərinə götürdüyündən, bu müqavilə əsasında yaranmış mübahisələr üzrə iddia müddəti üç il təşkil edir. Həmçinin, cavabdeh tərəfindən son üç il ərzində müqavilə üzrə ödəniş edilməsi iş materialları ilə müəyyən edilmir. Apellyasiya şikayətinin 2017-ci ildən məhkəmə baxışının getməsi və məhkəmə prosesi getdiyi üçün müddətin axımının dayanmasına dair dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, tərəflər arasında yekun məhkəmə aktı 25.10.2017-ci il tarixli qətnaməsi 14.12.2017-ci ildə qanuni qüvvəsini aldığından, həmin mübahisə ilə bağlı məhkəmə prosesi qeyd edilən tarixdən başa çatmış hesab olunur. İddiaçı isə bu tarixdən 3 il 4 ay sonra məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(008)-3550/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10271/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10271/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver