Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10277/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Tanrıverdiyev (sədrlik edən və məruzəçi),Tofiq Səməd oğlu Səmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5,Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4206/2021 15.07.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh5,Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlara məxsus əşyaların ünvan 1 ünvanında yerləşən yataqxananın 42 (köhnə nömrəsi 401) və 43 (köhnə nömrəsi 403) saylı otaqlarından (mənzillərindən) çıxarılaraq, mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətində bənna işləmiş və ailəsi ilə birlikdə kirayə evdə yaşamışdır.Kirayədə yaşamasını nəzərə alaraq, idarə heyəti tərəfindən 26.01.2007-ci il tarixdə 137 saylı orderə əsasən, ona ünvan 1 ünvanında yerləşən yataqxananın 401 və 403 saylı mənzilləri verilmişdir. O, həmin mənzilləri təhvil aldıqdan sonra qısa müddətə Naxçıvan Muxtar Respublikasına qayıtmalı olmuşdur. Oradan qayıtdıqdan sonra həmin mənzillərin birində Ağdam rayonundan olan məcburi köçkünlərin, digərində isə Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqlarını görmüşdür. Onlarla apardığı söhbətlərə baxmayaraq, həmin şəxslər onun dediklərinə məhəl qoymamış və həmin mənzillərdə yaşamağa davam etmişlər. Həmin vaxtdan hazırkı vaxtadək cavabdehlər ona məxsus mənzilləri zəbt etmişlər. Ona sonra aydın olmuşdur ki, onların hal-hazırda məqsədi dövlət tərəfindən mənzillə təmin olunmaqdır.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4206/2021 15.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 və onlara məxsus əşyalar ünvan 1 ünvanında yerləşən yataqxananın 42 (köhnə nömrəsi 401) və 43 (köhnə nömrəsi 403) saylı otaqlarından (mənzillərindən) çıxarılması,ünvan 1 ünvanında yerləşən yataqxananın 42 (köhnə nömrəsi 401) və 43 (köhnə nömrəsi 403) saylı otaqları (mənzilləri) boşaldılmasını, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Mahmudova).
4. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdirlər . Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, işə baxarkən real faktları araşdırmamış və əsasız sübutlara üstünlük verərək ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.
6. Kollegiya iclasında iddiaçının nümayəndəsi və vəkili S.Quliyev iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Kollegiya iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Digər cavabdehlərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:
9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 137 saylı, 26.01.2007-ci il tarixli orderinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakıxanov qəsəbəsi, 4085-ci kvartal, E.Xəlilov küçəsi, ev 3 ünvanında yerləşən yataqxananın 401 və 403-cü mənzillərini tutmaq hüququ verilmişdir.
10. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin 279 saylı, 31.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci kvartal, E.Xəlilov küçəsi, 3 saylı evin, 42 və 43 saylı mənzilində qeydiyyatdadır. Bina 2007-ci ildə balansa qəbul edilərkən inventarizasiya zamanı keçmiş 401-403 nömrələri 42-43lə nömrələnmişdir.
11. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin 279/1, 31.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci kvartal, E.Xəlilov küçəsi, 3 saylı evin, 43 (403) saylı mənzilində qeydiyyatdadır. 137 saylı, 26.01.2007-ci il tarixli orderə əsasən, ev sahibidir. Cavabdeh2 və Cavabdeh3 Qubadlı rayonundan məcburi köçkün kimi həmin ünvanda məskunlaşmışlar.
12. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin 279/2, 31.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci kvartal, E.Xəlilov küçəsi, 3 saylı evin, 42 (401) saylı mənzilində qeydiyyatdadır. 137 saylı, 26.01.2007-ci il tarixli orderə əsasən, ev sahibidir. X2, Cavabdeh1, Cavabdeh4 Ağdam rayonundan məcburi köçkün kimi həmin ünvanda məskunlaşmışlar.
13. 22.05.2007-ci il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş İddiaçı məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,o, ünvan 6 ünvanında qeydiyyatdadır.
14. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21.04.2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 3A saylı evin 58 saylı mənzili **********A0058 nömrəli abonent kodu ilə Cavabdeh5, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Ramana sahəsində yerləşən 165 saylı ev **********50027 nömrəli abonent kodu ilə Cavabdeh1 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,E.Xəlilov küçəsi 3A saylı evin, 57 saylı mənzili **********A0057 nömrəli abonent kodu ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
15. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06.05.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 cəmiyyətin elektron abonent bazasında ünvan 7 ünvanında (kod: **********040) qeydiyyatdan keçmişdir.
16. “Azəriqaz” İstehsalat Birliyinin 16.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında **********00001 saylı abonent kodu Cavabdeh1 adınadır. Hüquqi dəyərləndirmə:
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir, çünki cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəlmişdir.
21. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10cu maddəsinə əsasən, vətəndaşlar müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.
26. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər.
27. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır (48-ci maddə).
28. Məhkəmə araşdırması zamanı müəyyən olnmuşdur ki, mübahisə predmeti olan hər iki mənzil iddiaçıya çalışdığı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmişdir. Onun xəbəri olmadan həmin mənzillərin birində hazırkı iş üzrə cavabdehlər olan Ağdam rayonundan olan məcburi köçkünlər, digərində isə Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşmışlar. Onlar həmin mənzillərdə 1992-1993- cü illərdə məskunlaşmışlar. Həmin dövrdən keçən müddət ərzində cavabdehlər və ailə üzvləri digər yaşayış yerləri əldə etmişlər. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı həm cavabdehlər öz izahatlarında bildirmişdirlər, həm də digər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Ramana qəsəbəsində, Cavabdeh2 isə, Sumqayıt şəhərində evi vardır. Cavabdeh1 hazırda Ramana qəsəbəsindəki evində yaşadığını bildirsə də, onun anası-iş üzrə digər Cavabdeh5 heç bir əsaslı səbəb göstərmədən oğluna məxsus həmin evdə yaşamaq istəmədiyini bildirmişdir. Həmçinin digər Cavabdeh2 da heç bir əsaslı səbəb göstərmədən həyat yoldaşı Cavabdeh3 ilə birlikdə oğluna məxsus Sumqayıt şəhərində yerləşən evdə yaşamaq istəmədiyini bildirmişdir.
29. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21.05.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü maddəsində nəzərdə tutulur ki, “müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”.
31. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
32. “Gülməmmədova Azərbaycana qarşı” 22.04.2010-cu il tarixli və digər işlər üzrə qərarlarında İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, yaşayış orderi əsasında əldə edilmiş mənzilə iddia tələbi 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” təşkil edir.
33. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, yaşamaq üçün özlərinə məxsus ayrıca yaşayış yerləri olmasına baxmayaraq, iddiaçının istifadəsində olan mənzillərdən iddiaçının razılığı olmadan cavabdehlərin istifadəsi iddiaçının mənzil üzərində istifadə hüquqlarının pozulmasına səbəb olur. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
34. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində qeyd etdikləri “birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, işə baxarkən real faktları araşdırmamış və əsasız sübutlara üstünlük verərək ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir” fikrinə münasibət bildirərək qeyd edir ki, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar şikayətdə öz əksini tapmadığından şikayət tamamilə əsassızdır və formal xarakter daşıyır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 360 və 362, 398-400, 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi,
q ə t e t d i:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4206/2021 15.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev