Məhkəmə qərarları › İş №2(103)-10283/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10283/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10283/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(008)-3224/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 885,60 manat məbləğində maddi ziyanın, 2945,76 manat məbləğində debitor borcun, cəmi 3831,36 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 İstismar İdarəsinin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən xidməti ərazilərə baxış keçirilərkən Quba rayonu İqrik kənd sakini Cavabdeh sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinə 885,60 manat ziyan dəymişdir. Bundan başqa istehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödənilməməsi nəticəsində Cavabdeh hazırda 2945,76 manat debitor borcu vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(008)- 3224/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1425,76 manat dəymiş zərərin əvəzinin və məhkəmədə iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1455,76 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qaz sayğacına 25.08.2020-ci il tarixdə baxış keçirilərkən barəsində ******* saylı akt tərtib edilərək 885,60 manat dəymiş ziyan hesablanmışdır. Tərtib olunmuş aktı Cavabdeh qəbul edərək imza etmişdir. Yəni abonent yaranmış borcunu etiraf etmiş və təbii qazdan istifadə üçün ödəniləcək məbləğin 50 %-nin borcdan çıxılmasına razılığını bildirmişdir. Hal-hazırda da abonent həmin qayda ilə ödənişlər edir. Bu da bir daha sübut edir ki, abonent təbii qazdan istifadəyə görə yaranmış və təbii qazdan qanunsuz istifadəyə görə onun üçün hesablanmış ziyan məbləğləri ilə razıdır. Birinci instansiya məhkəməsinə də bu səbəbdən cavabdeh gəlməmiş, hər hansı formada iddia ərizəsinə etirazını bildirməmişdir. Məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(008)-3224/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, zərər vurma öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı İB iddia tələbini cavabdehin barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə 3 akt və çəkilmiş fotoşəkillərlə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyriqanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya 19.02.2018-ci il tarixli ******* saylı akt əsasında 540,16 manat və 25.08.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Həmin aktlar cavabdeh tərəfindən imzalanmış və müvafiq fotoşəkillər iş materiallarına əlavə edilmişdir. 06.01.2017-ci il tarixli ******* saylı akta gəldikdə isə iddiaçı digər aktlardan fərqli olaraq zərərin tutulması üçün məhkəməyə tutarlı sübutlar təqdim etməmiş, məsələn akt tərtib etdikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdeh barəsində akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsilə bildirişin göndərilməsi və fotoşəkilləri iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmış, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin debitor borcunun olması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(008)- 3224/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar