Məhkəmə qərarları › İş №2(103)-10288/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10288/2021

15.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10288/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı Bahadur İsmayılovun, onun vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Şalbuz Hacıyevin iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və X2 qarşı “borc alınmış pulun qaytarılması və torpaq sahəsinin mülkiyyətə verilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı mülki iş üzrə icraat başqa mülki iş – Suraxanı Rayon Məhkəməsinin icraatında olan, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “əmlak tələbi barədə” iddiasına dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılısın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə mülki qaydada baxılan başqa iş həll edilməyincə işə baxmaq mümkün deyildirsə hakim iş üzrə icraatı dayandırmalıdır. Bu maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25.03.2004-cü il tarixli qərarında qeyd olunub ki, 254.1.4-cü maddədə nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asıllığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hazırkı mülki işlə digər mülki işin arasında bu cür asıllıq yoxdur. Belə ki, hazırkı işdə 2 tələb var: 1-ci tələbdə 14.815 manat pul tələb olunub, 2-ci tələbdə torpaq sahəsinin naturada iddiaçıya verilməsi, bu mümkün olmadıqda 17.000 manat ödənilməsi tələb olunub. Digər mülki işdə isə ər-arvadın (hazırkı işdə cavabdeh olan şəxslərin) ümumi əmlakının bölünməsi barədə tələb irəli sürülüb. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə işin nəticəsindən asılı olmayaraq hazırkı iddianın həlli mümkündür, çünki hazırkı iddia ər-arvadın ümumi əmlakının bölünməsinə qədər mövcud olmuş hallara əsaslanır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar