Məhkəmə qərarları › İş №2(103)-10297/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10297/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10297/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məlumatların verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3807/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı «məlumatların verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 050 *** ** ** saylı nömrənin sahibidir. 2015-ci ilin 01 may tarixindən bu günə kimi 050 *** ** ** saylı və 050 *** ** ** saylı nömrələrdən zənglər gələrək iddiaçını hədələyirlər, təhdid edirlər. Bununla əlaqədar, iddiaçı dəfələrlə müxtəlif orqanlara müraciət etmişdir. Göstərilənlərə əsasən bütün zənglərin Cavabdeh MMC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3807/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «məlumatların verilməsi tələbi»nə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3807/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh MMC-nin İddiaçı arasında bağlanılmış abunə müqaviləsinin 5.4-cü maddəsinə əsasən fakturasız xətt sistemində abunəçi yalnız "xxxx" MMC tərəfindən təqdim edilən müxtəlif xidmətlər çərçivəsində nömrədə həyata keçirilmiş zənglərin və digər xidmətlərdən istifadə müddətləri barədə məlumat əldə edə bilər. Cavabdeh MMC-nin Müştəri Xidmətləri ofislərindən “izahlı məlumat xidməti” çərçivəsində abunəçilər (nömrə adına rəsmiləşdirilmiş şəxs) şəxsiyyətini təsdiq edən sənədlə (şəxsiyyət vəsiqəsi) və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxs ödənişli əsaslarla fakturasız (SimSim) xətt nömrəsindən yalnız gedən zənglərə və qısa mesajlara dair izahlı məlumatı əldə edə bilərlər. Telefon danışıqları, qısa mesaj, yaxud digər xidmətlərdən istifadə zamanı (həmçinin də mobil internet xidmətindən istifadə edilən zaman baxılan internet səhifələr və yüklənən məlumatların məzmunu da daxil olmaqla) məzmunun əldə edilməsi, yazılması, saxlanması, həmçinin əldə edilməsi arzu olunan digər məlumatları özündə əks etdirən hər hansı xidmət verilməsi isə Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğvinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə işə baxarkən onun iştirakını təmin etməməklə çəkişmə prinsipinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 09 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının 09 sentyabr 2021-ci il tarixə saat 16:00 təxirə salınması barədə məhkəmə bildirişinə imza etmiş, lakin həmin tarixdə keçirilən məhkəmə iclasında səbəbini məhkəməyə bildirmədən iştirak etməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3807/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar