Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1031/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1031/2023 (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilə köçürmə) Bakı şəhəri 23 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X1 tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(002)- 1208/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah, doğum və ölüm haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh X5 ilə 27 sentyabr 2005-ci il tarixdə ailə qurmuş, onların bu nikahdan iki övladları doğulmuşdur. X5 23 yanvar 2018-ci il tarixdə qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsindən Bakı şəhərində vəfat etmişdir. Müvafiq olaraq nikah, doğum və ölüm akt qeydləri aparılmışdır.
2. Qaradağ rayon İH tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 017054 saylı orderin surətindən görünür ki, İddiaçı adına ünvan 1 ünvanda yerləşən mənzilə verilmişdir.Orderdə iddiaçının özünün, arvadı Hacıyeva M.İ, oğlu Hacıyev E.M, qızı Hacıyeva T.M, oğlu Hacıyev C.M adı göstərilmişdir.
3. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Afurca kəndində yerləşən 0,11 ha torpaq sahəsi hər birinin payı 1/3 nisbətində olmaqla Cavabdeh və digərlərinin paylı mülkiyyətindədir.
4. 124 saylı MKİS tərəfindən verilmiş 13 noyabr 2021-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, MKTB-nin balansında olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin icarəyə götürəni İddiaçı olmaqla, özü və ailə üzvləri, həmçinin gəlini Cavabdeh həmin mənzildə qeydiyyatdadırlar.
5. Bakı şəhəri 8 saylı notariat ofisində tərtib və təsdiq edilmiş 24 yanvar 2019-cu il tarixli 8İ-626 reyestr saylı ərizədən görünür ki, Cavabdeh İddiaçı və X2 qarşı heç bir əmlak tələbinin olmadığını bildirmişdir.
6. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli 2V117 reyestr saylı mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X5 ilə birgə nikah dövründə əldə olunmuş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə markası, modeli, digər özəllikləri müfəssəl şəkildə göstərilmiş daşınar əşyaya - avtonəqliyyat vasitəsinə dair verilmişdir.
7. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli 2V118 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və iki övladının X5 ilə birgə nikah dövründə əldə olunmuş əmlakın X4 aid 1/2 hissəsindən ibarət miras əmlakdan hər birinin 1/6 hissədə olmaqla pay almaq hüquqları var. Şəhadətnamə markası, modeli, digər özəllikləri müfəssəl şəkildə göstərilmiş daşınar əşyaya - avtonəqliyyat vasitəsinə dair verilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları X13 və X14 ilə birlikdə ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh rəsmi nikaha düşməklə mərhum oğlu X5 ilə ailə qurmuşdur. Atasından miras qalmış Quba rayonu Afurca kəndində yerləşən əmlakı oğluna bağışlamış, oğlu vəfat edəndən sonra da həyat yoldaşı ilə birlikdə öz paylarından imtina etmişlər. Gəlini də, onlardan heç bir əlavə əmlak tələbi olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Bundan əlavə olaraq, oğlu ilə birgə nikahda olarkən digər fərdi yaşayış evi inşa edərək, orada birgə yaşamışlar. Oğlunun vəfatından sonra da həmin əmlak gəlini və onun iki oğluna qalmışdır. Lakin sonuncular xx.xx.1992ci il tarixli 017054 saylı orderlə ona məxsus olan ünvan 2 ünvanda yerləşən mənzildə formal olaraq qeydiyyatda qalırlar. Bir neçə dəfə müraciət etsə də, gəlini qeydiyyatdan çıxmamış, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi isə həmin şəxslərin onlar tərəfindən qeydiyyatdan çıxarılmasının mümkün olmadığını, yalnız məhkəmə qərarı ilə həmin şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olduğunu bildirmişdir. Belə olan halda, mübahisənin məhkəmə müstəvisində həll edilməsindən başqa yolu mövcud olmamışdır.
10. İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə onun birgə nikahından doğulmuş, yetkinlik yaşına çatmamış uşaqları Röyalın və Xəyalın və həmin uşaqların qəyyumu kimi onun Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4b saylı evin 47 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2005-ci il tarixdə X5 ilə qanuni nikaha daxil olmuşdur. Bu nikahdan onların xx.xx.2006-cı il tarixdə X13 və xx.xx.2008-ci il tarixdə X14 doğulmuşlar. Lakin xx.xx.2018-ci il tarixdə X5 qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. X3 vəfatından sonra Cavabdeh övladlarını təkbaşına böyütməyə çalışmış, X3 ailəsi tərəfindən heç bir köməklik göstərilməmiş, X4 vərəsəlik əsasında məxsus olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4b saylı evin 47 saylı mənzilindən istifadə hüququna maneələr yaradılmışdır.
12. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 1208/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki iş və iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki iş bir icraatda birləşdirilmişdir.
13. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh - digər iddia üzrə iddiaçının iddiasını qəbul etməmiş, öz iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddiasının təmin, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh - digər iddia üzrə iddiaçının iddiasını qəbul etməmiş, İddiaçı izahatına uyğun izahat verdi və məhkəmədən İddiaçı iddiasının təmin, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında Cavabdeh iddia tələbini müdafiə etdi, İddiaçı iddiasını qəbul etməmiş və məhkəmədən Cavabdeh iddiasının təmin, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 1208/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası əsaslıdır. Çünki, Cavabdeh əri və övladları ilə mübahisə edilən, MKTB-nin balansında olan mənzildə mənzilin icarədarı ilə bir yerdə birgə təsərrüfat aparmış, sonradan könüllü şəkildə, heç bir təzyiq və basqıya məruz qalmadan həmin mənzili tərk edərək, yaşamaq üçün başqa yerə köçmüşdür. İddiaçı tərəf hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, Cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzili tərk etməyə məcbur edildiyini bildirməmişdir.Əksinə, Cavabdeh notarial qaydada ərizə yazaraq, iddiaçıya qarşı heç bir əmlak tələbinin olmadığını bildirmiş, ona haqqı çatan əmlakların vərəsəlik və s. qaydada adına rəsmiləşdirilməsinə İddiaçı tərəfindən maneə yaradılmamışdır. Cavabdeh hazırda mübahisə etdiyi mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Cavabdeh mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, o, həmin mənzillə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər, müxtəlif orqanlara şikayət edərdi. Lakin bu cür addımlar atılmamışdır. Göründüyü kimi, Cavabdeh məhkəmə mübahisəsi olanadək və bundan sonra da mübahisələndirdiyi mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır.
18. İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Birinci iddianın təmin edilməsi üçün sadalanan əsaslar ikinci iddianın rədd edilməsi üçün əsaslar kimi çıxış edir.
19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyasında icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(002)-1208/2022 saylı qətnaməsinin ləğv olunmasını, X6 ilə Cavabdeh birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış övladları X8, X9 və yetkinlik yaşına çatmamış uşaqların qəyyumu kimi anaları Cavabdeh ünvan 3 ünvanına köçürülməsini təmin edilməsini və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutulmasını xahiş edir.
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd etmək istəyir ki, məhkəmə xx.xx.2022-ci il tarixli 2(002)-1208/2022 saylı qətnaməsində Konstitusiya Məhkəməsinin analoji mübahisələrlə bağlı işlər üzrə formalaşdırdığı mövqeyə görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdır qeydinə istinad etməyinə baxmayaraq xx.xx.2022-ci il tarixli 2(002)-1208/2022 saylı qətnamədə X8 və X9 eləcə də onların qəyyumu və anaları kimi Cavabdehhüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləməmişdir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
22. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 228.5 Əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
35. Mübahisənin predmeti bölünməz olduğundan birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Belə ki, Nikah, doğum və ölüm haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh X5 ilə 27 sentyabr 2005-ci il tarixdə ailə qurmuş, onların bu nikahdan iki övladları doğulmuşdur. X5 23 yanvar 2018-ci il tarixdə qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsindən Bakı şəhərində vəfat etmişdir. Müvafiq olaraq nikah, doğum və ölüm akt qeydləri aparılmışdır.
39. Qaradağ rayon İH tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 017054 saylı orderin surətindən görünür ki, İddiaçı adına ünvan 1 ünvanda yerləşən mənzilə verilmişdir.Orderdə iddiaçının özünün, arvadı Hacıyeva M.İ, oğlu Hacıyev E.M, qızı Hacıyeva T.M, oğlu Hacıyev C.M. adları göstərilmişdir.
40. İşin faktiki hallarından o da görünür ki, Cavabdeh əri və övladları ilə mübahisə edilən, MKTB-nin balansında olan mənzildə mənzilin icarədarı ilə bir yerdə birgə təsərrüfat aparmış, sonradan könüllü şəkildə, heç bir təzyiq və basqıya məruz qalmadan həmin mənzili tərk edərək, yaşamaq üçün başqa yerə köçmüşdür. İddiaçı tərəf hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, Cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzili tərk etməyə məcbur edildiyini bildirməmişdir. Əksinə, Cavabdeh notarial qaydada ərizə yazaraq, iddiaçıya qarşı heç bir əmlak tələbinin olmadığını bildirmiş, ona haqqı çatan əmlakların vərəsəlik və s. qaydada adına rəsmiləşdirilməsinə İddiaçı tərəfindən maneə yaradılmamışdır. Cavabdeh hazırda mübahisə etdiyi mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Cavabdeh mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, o, həmin mənzillə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər, müxtəlif orqanlara şikayət edərdi. Lakin bu cür addımlar atılmamışdır. Göründüyü kimi, Cavabdeh məhkəmə mübahisəsi olanadək və bundan sonra da mübahisələndirdiyi mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır.
41. Konstitusiya Məhkəməsinin analoji mübahisələrlə bağlı işlər üzrə formalaşdırdığı mövqeyə görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
42. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
43. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası əsaslıdır.
44. Eyni zamanda məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir.Belə ki, birinci iddianın təmin edilməsi üçün sadalanan əsaslar ikinci iddianın rədd edilməsi üçün əsaslar kimi çıxış edir.
45. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh azyaşlı övladları X13 və X14 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4 «b» saylı evin 47 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməli, həmçinin, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(002)- 1208/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.