Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10316/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi (vəkili) Vəkil, digər İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyən olunması, vərəsələr arasında pay bölgüsü və Notariusun qərarının etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 45 saylı Notariat Ofisinin notariusunun qərarının ləğv edilməsi və X3 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev prospekti 64 saylı evin 41-ci mənzilindən onların miras paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-1852/2021) iddia təmin edilməmişdir. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar tələblərini Bakı şəhəri 45 saylı Notariat Ofisinin 05.03.2021-ci il tarixli 58 nömrəli qərarını qanunsuz hesab etmələri ilə əsaslandırmış və əlavə olaraq göstərmişlər ki, İddiaçı2 anası X10 qardaşı X4 ölümündən sonra da ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. Mübahisəli məmzil əvvəl anasının mülkiyyətində olmuş, lakin anası sonradan mənzili oğlu Eynullaya, yəni miras qoyana bağışlamışdır. X11 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Anasının miras mənzildə payı vardır. Ölmədən öncə anası 15 iyul 2020-ci il tarixdə vəsiyyətnamə ilə bütün əmlaklarını ona vəsiyyət etmişdir. O, övlad olaraq vərəsədir və anasına çatası payı tələb edir. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün 45 saylı Notariat Ofisinə müraciət etmişdir. Notarius öz qərarında qeyd edir ki, anası vərəsə deyil və mirası qəbul etməmişdir. Halbuki, faktiki olaraq anası həmin evdə yaşayıbsa mirası qəbul edib. Bakı şəhəri 45 saylı Notariat Ofisi öz qərarında bildirir ki, anası X10 oğlunun ölümündən sonra mirası qəbul etməsi barədə heç bir hərəkət ifadəsi göstərməmişdir. Belə ki, anası 26.10.2020-ci il tarixədək, yəni ölən günədək həmin evdə yaşamışdır. Bu günə qədər də, anasının əşyaları həmin ünvandadır. Anası qardaşı X4 ölümündən sonra həmin mənzildə yaşaması faktiki olaraq mirasa sahiblənməsini ifadə edir. Bağışlayan bağışlanandan sonra vəfat edirsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə (rsetitusiya) əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiya hüququnu özündə saxlaya bilər, restitusiyaya əsasən, yəni həmin mənzil üzərində mülkiyyət hüququnu öz üzərində saxlayır. Belə olan halda, notariusun qərarı qanunsuzdur. Belə ki, həmin mənzil barədə vərəsəlik şəhadətnaməsi veriləndə anasının payı açıq saxlanmalı və bundan sonra anasının vərəsələri arasında bu məsələ öz həllini tapmalıdır. 45 saylı Notariat Ofisi tərəfindən gəlinləri X7 və onun övladı X5, qardaşı X4 ölümündən sonra onlara vərəsəlik açılmışdır. Anası həmin evdə yaşamasına baxmayaraq, ona vərəsəlik açılmamışdır. Bakı şəhəri Qaradağ rayon 45 saylı Notariat ofisi tərəfindən qanunsuz qərar verilmişdir. İddia ərizəsində həmçinin göstərilir ki, İddiaçı1 məhkəməyə müraciət etməsinin səbəbi odur ki, X11 onun doğma atasıdır və ondan miras qalmış ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadır və həmin ünvanda onun da payı var. Atası 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra bibisi İddiaçı2 bu yaxın günlərdə ona bildirmişdir ki, atasından qalan miras evin vərəsələri kimi ikinci həyat yoldaşı X6 və onun övladı X5 vərəsəlik açılmışdır. Belə ki, bu günə qədər o, həmin evdə qeydiyyatdadır. X1 sağ ikən heç bir problem yox idi, nənəsi hər zaman bildirirdi ki, «sənin bu evdə payın var və onu verəcəyik». Hal-hazırda atasının ikinci həyat yoldaşı onun payını mənimsəyib. Atasının ölümündən sonra, bu günə qədər notariusa və məhkəməyə ərizə ilə müraciət etməməsinin səbəbi həmin ünvanda qeydiyyatda olduğu üçün idi. Həmçinin, nənəsi sağ olduğu üçün fikirləşmişdir ki, heç bir problem olmaz. Notariusun qərarını isə bibisi bu yaxın günlərdə ona bildirmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayonu 45 saylı Notariat Ofisinin xüsusi notariusu Tofiq Şükürov iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, məlum olduğu kimi X4 15.02.2018-ci il tarixdə ölümü ilə miras açılmışdır. Mülki Məcəllənin 1145, 1159.1.1, 1243, 1246, 1248.1, 1262, 1273-1-ci maddələrinə istinadən bildirir ki, Eynulla Hüseynovun ölümündən sonra onun arvadı Cavabdeh1 və övladı X8 06.03.2018-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı şəhəri 45 saylı notariat ofisinə ərizə verməklə mirası qəbul etmişlər. «Elektron notariat» informasiya sistemində yoxlama nəticəsində İddiaçı1 tərəfindən mirasın qəbuluna dair qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat ofisinə ərizə verilməsinə dair notariat hərəkətləri aşkar edilməmişdir. Həmçinin onun doğum akt qeydi tək ananın ərizəsi əsasında rəsmiləşdirilmişdir və miras qoyan E.Hüseynovun övladı olduğunu təsdiqləyən atalığın müəyyən edilməsi aktının qeydə alınması aşkar edilməmişdir. Ailə Məcəlləsinin 44.3, 45, 46.2-ci maddələrinə istinadən qeyd edir ki, Eynulla Hüseynovdan qalmış mirasdan pay almaq üçün qanunvericiliyə uyğun olaraq İddiaçı1 miras qoyanın övladı olduğunu təsdiqləyən (atalığın tanınması faktı), eləcə də, onun mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etdiyinə dair sübutlar olmadığından İddiaçı1 mirasdan pay verilə bilməz. İddiaçı2 isə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunması haqqında qərar çıxarılmışdır və həmin qərarı, eləcə də vərəsəlik işinə dair sənədləri hazırkı iddiaya etiraza əlavə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər. İddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəmə iclaslarının heç birində iştirak etməmişlər. Bunun səbəbi isə notariusun onu aldatması olmuşdur. Notarius ona bildirmişdir ki, atası olduğunu sübut edən sənədləri ona təqdim etsə, onun payını tanıyacaq. İddiaçılar, eləcə də İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı1 apellyasiya şikayəti isə təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən - İddiaçı1 tələbinə aid hissədə ləğv edilməli, İddiaçı1 tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalı, qətnamənin qalan hissəsi, yəni İddiaçı2 aid hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X11 15.02.2018-ci ildə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev prospektindəki 64 saylı evin 2 otaqlı 41-ci mənzili miras qalmışdır. Miras açılarkən miras qoyanın aşağıdakı birinci növbə vərəsələri məlum olmuşdur: - 14.07.2011-ci ildən rəsmi nikahda olduğu arvadı Cavabdeh1; - 26.10.2009-cu il təvəllüdlü qızı X8; - anası X10; Adı çəkilən vərəsələrdən Cavabdeh1 həm öz adından, həm də yetkinlik yaşaına çatmamış qızı Zeynəbin adından mirasın qəbulu və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmişlər. Miras qoyanın anası Şura Hüseynova notariat ofisinə mirasın qəbulu haqqında rəsmi ərizə verməmiş və 26.12.2020-ci il tarixdə ölmüşdür. Şura Hüseynova ölümündən 5 ay əvvəl 15.07.2020-ci il tarixdə bütün əmlakını qızı İddiaçı2 vəsiyyət etmiş və həmin vəsiyyətnamə 45 saylı notariat ofisində təsdiq olunmuşdur. İddiaçı2 anasının ölümündən sonra notariat ofisinə müraciət edərək miras mənzildən anasına çatası paya görə öna vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, lakin notarius 05.03.2021-ci il tarixli qərarla ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Notarius öz imtinasını önunla əsaslandırmışdır ki, X9 Hüseynovun ölümündən sonra mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməmiş, mirası qəbul etdiyinə dair iradə ifadə etməmiş və vərəsəlik hüququnu rəsmiləşdirməmişdir. İşin hallarından həmçinin görünür ki, miras qoyan X13 Abdullayeva adlı şəxslə faktiki nikah münasibətindən xx.xx.2001-ci il təvəllüdlü bir qızı da vardır: İddiaçı1. Səmanın valideynləri rəsmi nikahda olmadıqlarına görə doğum şəhadətnaməsində ata haqqında məlumatlar ananın deməsinə görə yazılmışdır. İddiaçı1 da miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş və notarius 24.05.2021-ci il tarixli məktubla ona izah etmişdir ki, o, mirasdan pay almaq üçün miras qoyanın övladı olduğunu təsdiqləyən sənəd (atalığın tanınması faktı) və mirası qəbul etməsi haqqında sənədi təqdim etməlidir. Bundan sonra İddiaçı1 atalıq faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tixli qətnaməsi ilə ərizə təmin olunaraq X4 İddiaçı1 atası olması faktı müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia isə 26.05.2021-ci ildə qaldırılmışdır. İddiaçıların tələbi aşağıdakılardan ibarətdir: 1) Notariusun notariat əməliyyatı aparmaqdan imtina barədə qərarın ləğv edilməsi; 2) Miras əmlakda vərəsəlik payının müəyyən edilməsi. 2-ci tələb hər iki iddiaçıya aid olsa da, 1-ci tələb yalnız İddiaçı2 aiddir. Belə ki, notariat əməliyyatını aparmaqdan imtina barədə 05.03.2021-ci il tarixli qərar yalnız İddiaçı2 müraciəti əsasında çıxarılmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq bütünlüklə rədd etmişdir. İddiaçılar iddianı birgə versələr də, onların tələbləri bölünən olduğundan məhkəmə kollegiyası həmin tələblərin hər birinə ayrılıqda qiymət verməyi məqəsədəmüvafiq sayır. Məhkəmə İddiaçı2 tələbinə münasibətdə qənaətini onunla əsaslandırmışdır ki, Şura Hüseynova vaxtilə mülkiyyətində olan mənzili oğlu Eynulla Hüseynova bağışlayarkən restitusiya hüququnu özündə saxlamamış (MM mad. 671), oğlunun ölümündən sonra isə mirası qəbul etməmişdir. Anasının mirası qəbul etməsi sübut olunmadığına görə İddiaçı2 Eynulla Hüseynovdan miras qalmış əmlakdan pay alması da istisna olunur. Çünki, birinci növbə vərəsələr sağ ikən ikinci növbə vərəsə vərəsəliyə çağırıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı2 tələbinə aid hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mülki qanunvericilik mirasın qəbulu qaydasını və müddətini dəqiq tənzimləmiş və bu müddəti müəyyən vaxt dövrü ilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsində işə baxılarkən Şura Hüseynovanın miras qoyan Eynulla Hüseynovun ölümündən sonra mirası rəsmi, yaxud faktiki qəbul etməsi öz təsdiqini tapmamış və məhz bu əsasla İddiaçı2 tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 tələbini göstərilən əsasla rədd etməkdə haqlı olmuşdur. İddiaçı1 iddiasına gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi İddiaçı1 iddiasını rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, o, mirası qəbul etmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı1 xx.xx.2001-ci ildə anadan olmuşdur. Onun anası Şəhla Abdullayeva 2007-ci ildə, yəni iddiaçı 6 yaşında olarkən, atası Eynulla Hüseynov isə 15.02.2018-ci ildə, yəni iddiaçının 17 yaşı olarkən vəfat etmişlər. İddiaçı1 10.08.2019-cu ildə yetkinlik yaşına çatmış və tam həcmdə mülki hüquq fəaliyyət qabiliyyəti qazanmışdır. İşin hallarından göründüyü kimi, yetkinlik yaşına çatanadək onun adından və onun mənafeyi üçün hərəkət edə bilən qanuni nümayəndə, yaxud himayəçisi olmamışdır. O, yetkinlik yaşına çatdıqdan sonra notariusa müraciət etsə də, miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd olmadığından ona həmin sənədi (atalığın tanınması faktı) təqdim etmək təklif olunmuşdur. İddiaçı1 atalıq faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq X16 Abdullayevanın atası olması faktı müəyyən edilmişdir. İşin yuxarıda qeyd olunan halları birinci instansiya məhkəməsində işə baxan məhkəməyə məlum olsa da, məhkəmə İddiaçı1 qanunla müəyyən edilmiş mirası qəbul etmə müddətinin üzrsüz səbəbdən ötürüldüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı1 yetkinlik yaşına çatanadək həm ana, həm də ata himayəsindən məhrum olmuşdur. Atalıq faktı müəyyən edilmədiyindən onun yetkinlik yaşına çatandan sonra miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariusa müraciəti də səmərəsiz olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən İddiaçı1 miras açılandan sonra 10.08.2019-cu ildə yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyəti əldə etdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı1 mirası qəbul etmə müddətini üzrlü səbəbdən buraxmışdır və bu səbəbdən də onun tələbi təmin olunmaqla birinci növbə vərəsə kimi mirasdan digər vərəsələrlə bərabər pay almaq hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1, 28.2-ci maddələrinin tələbinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin tələbinə əsasən ölənin uşaqları birinci növbə vərəsələr sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 mərhum Eynulla Hüseynovun övladı olduğundan mirasdan qanun üzrə vərəsəlik qaydasında digər birinci növbə vərəsələrlə bərabər pay almaq hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - İddiaçı1 iddiasının rədd olunması hissəsində ləğv edilməli və onun tələbi təmin olunmalıdır. Qətnamənin digər İddiaçı2 aid hissəsi, yəni İddiaçı2 tələbinin rədd olunması hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən – İddiaçı1 iddiasının rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmaqla İddiaçı1 atası X3 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev prospektindəki 64 saylı evin 41-ci mənzilindən birinci növbə vərəsə kimi mirası qəbul etmiş digər vərəsələrlə bərabər pay almaq hüququ müəyyən edilsin. Bu qətnamə notarius tərəfindən İddiaçı1 adına mirasdan çatası paya görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Digər İddiaçı2 apellyasiya şikayəti təmin olunmasın və qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10316/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10316/2021
01.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver