Məhkəmə qərarları › İş №2(103)-10324/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10324/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10324/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2499/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X5 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92.009,50 manat məbləğində pulun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin məhkəmə prosesi gedişində borcundan 1500 manat ödəniş etdiyini bildirmiş və cavabdehdən 90.509,50 manat məbləğində pulun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2499/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, tərəflər arasındakı münasibətləri düzgün müəyyənləşdirə bilməmiş, sübutetmə yükünün kimə aid olduğunu düzgün müəyyən etməmiş, tədqiq etdiyi sübutları obyektiv qiymətləndirməmiş və nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, tərəflər arasında hər hansı borc münasibəti olmamış, yalnız biznes əlaqələri olmuş, iddiaçı Çindən gətirilən parça məhsullarının topdan satışı ilə məşğul olur, cavabdeh isə dərzi kimi fəaliyyət göstərir, bu zəmində xeyli müddətdir ki, aralarında alışveriş olmuş, sonuncu dəfə iddiaçı, parça işində yaxşı mütəxəssis olan cavabdehə parça seçməkdə yardım etməsi üçün onunla birlikdə Çinə getməyi təklif etmiş, cavabdeh də onun bu təklifinə razı olmuş, səfər zamanı iddiaçı bildirmişdir ki, ona etdiyi bu köməyə görə yaxşı qazancı olacaq, o, digər alıcılara 3-4 manat üstünə qoymaqla satacağı parçaları, cavabdehə yalnız hər metrəsinin üstünə cəmi bir manat qoyaraq verəcəkdir, cavabdeh özü üçün lazım olan parçalar da da daxil olmaqla bazarda təlabat olan və mövsümi parçaların seçilməsində iddiaçıya kömək etdikdən sonra geri qayıtmış, iddiaçı orada qalmış, onların seçdiyi parçalar əsasən mövsümi olmuşdur, buna baxmayaraq iddiaçının malının gəlməsi xeyli ləngimiş, iyul-avqust ayları üçün nəzərdə tutulan parçalar mövsüm qurtardıqdan sonra gəlib çıxmış, iddiaçı həmin parçaları ona təklif etdikdə o, mövsümün bitməsi səbəbindən imtina etmiş, lakin iddiaçı gətirdiyi parçaların əlində qalmasını bildirərək, yaxın münasibətlərinin olmasını deyərək malın satılmasında ona kömək etməsini israrla ondan xahiş etmiş, parçaların pulunu da əvvəl razılaşdırılmış qymətə uyğun ödəniləcəyini təkrarən bildirmiş, cavabdeh də öz növbəsində aralarında olan uzun müddətli işgüzar münasibətləri, iddiaçının çətin vəziyyətini və israrlı xahişlərini nəzərə alaraq ona kömək etmək qərarına gəlmiş və həmin parçalardan həmişəki kimi hissə-hisə götürərk, bir hissəsini böyük çətinliklərlə özü dərzi kimi tikib satmış, satılmayanları isə iddiaçıya geri qaytarmışdır, iddiaçı ondan parçaları geri qəbul etmək istəməmiş, sonra o, satılmayan malları iddiaçıya qaytarmış, bu parça işi ilə bağlı aralarında olan razlığa əsasən onun iddiaçıya hər hansı- nə parça, nə də pul baxımından borcu qalmamışdır, sonradan iddiaçı həmin əməliyyat zamanı zərərə düşməsi səbəbindən, ona verdiyi parçaya görə qiyməti digərləri ilə eyni qiymətə hesablamağa başlamış, bu minvalla aralarında mübahisə yaranmış, iddiaçı ona hədə-qorxu gəlmiş, onu ölümlə hədələmiş, bir qrup şəxslə onu girov götürmüş, o, məcbur qalıb polisə məlumat vermiş, lakin sonradan iddiaçının tutulmaması üçün hümanistlik edərək mübahisənin öz aralarında həll olunduğuna dair polisə ərizə vermiş, buna əsasən də polis cinayət işinin başlanmasını rədd etmişdir, bundan sonra iddiaçı ona qarşı uydurma bir borc rəqəmi ortaya ataraq, tam əsassız tələb irəli sürmüşdür, halbuki, cavabdehin hasablamalarına görə onun iddiaçıya yox, iddiaçının ona 4800 ABŞ dolları borcu vardır, bütün bunların rayon məhkəməsinin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə maddi cəhətdən iddiaçıdan asılı olan və olduqca ümumi və mücərrəd məlumat verən şahid ifadəsi və hər hansı sübuti əhəmiyyət kəsb etməyən, imza və tarixi olmayan, cızma –qara bir kağız parçasına istinad etməklə, açıq-aşkar əsassız və tam qaununsuz qətnamə qəbul etmişdir. Ona görə də şikayətin təmin edilərək, qətnamənin ləğv olunması və iddianin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, həqiqətən də tərəflər əvvəllər yaxın münasibətlərdə olmuşlar, tərəflərin parça bisnesi ilə bağlı alış-verişləri olmuş, sonuncu dəfə cavabdeh 235000 manatdan çox dəyəri olan malı nisyə götürmüş, malın bir hisəsinin pulunu, bir hissədə isə aldığı malın özünü qaytarmış, bunula belə cavabdehin 92000 manat borcu qalmış, onun borclu olması polis araşdırması, şahid ifadələri, mağazanın qeydiyyat kitabındaki yazılarla tam təsdiq olunur, ona görə də şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Rayon məhkəməsində ifadə verən şahid X3 bildirmişdir ki, o, həmin iddiaçını, həm cavabdehi ticarət əlaqələri zamanı tanımışdır. Hazırki iş üzrə iddiaçı Elgün Piriyevin mağazasında 15 ildir ki, işləyir, iş üzrə Cavabdeh isə mağazaya gedib-gəlib mal götürərkən tanımışdır. Belə ki, cavabdeh xeyli zamandır ki, onların mağazasından mal götürmüşdür. Cavabdehə hər zaman hörməti olmuş, onu daim hörmət ilə qarşılamış, hörmət ilə yola salmışdır. Cavabdehin mağazadan sonuncu dəfə 230.000 manata yaxın mal götüdüyündən xəbəri var. Həmin mallar hər dəfə mağazadan çıxarılarkən, çıxarılan malların məbləği mağazanın ticarəti barədə qeydiyyat kitabında qeyd olunmuşdur. Cavabdeh həmin borcdan həm ödənişlər etmiş, həm də mallardan qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya təxminən 92.000 manata yaxın borcu qalmışdır. Rayon məhkəməsində ifadə verən şahid X6 bildirmişdir ki, həm iddiaçını, həm də cavabdehi tanıyır, 4 ildir ki, iddiaçı Elgün Piriyevin yanında işləyir. Cavabdeh də həmin mağazadan mal götürərkən tanımışdır. Cavabdeh tez-tez iddiaçıya məxsus mağazadan mal götürmüşdür. O, özü həmin malların yüklənməsində iştirak etmişdir. Cavabdehin mağazadan nə qədər mal götürüb qaytarması barədə Cəmaləddin Nuriyev kitabda qeydiyyat aparmışdır. O, mağazada olan söz-söhbətlərdən, kitabda olan qeydiyyatlardan bilir ki, tərəflər arasında borc mübahisəsi var. Həmin kitaba əsasən ona məlumudr ki, cavabdehin təxminən 90.000 manat civarında iddiaçıya borcu vardır. Rayon məhkəməsində ifadə verən şahid X9 bildirmişdir ki, həm iddiaçını, həm də cavabdehi daha əvvəldən tanıyır. O, özü ali təhsilli hüquqşünas olmasına baxmayaq, ticarət işi ilə məşğuldur. Əvvəllər “Binə” ticarət mərkəzində işləmişdir. İddiaçı Elgün Piriyev onun həm xalası oğlu, həm də bacanağıdır. Cavabdehi ticarət mərkəzində əvvəllər görsə də, yaxından tanışlığı iddiaçıya məxsus “Filiz moda” mağazasında olmuşdur. Cavabdeh iddiaçının mağazasına tez-tez gəlib-getmişdir. İddiaçı və cavabdeh əvvəllər çox mehriban olmuşlar. Tərəflərin arasında olan borc məsələsindən məlumatı vardır. Tərəflər arasında olan razılaşmaya əsasən, Cavabdeh məxsus mənzili satışa çıxarmışlar. O, da həmin mənzilə gedib baxmışdır. Başqa alıcılara da göstərmək üçün həmin mənzilin şəkillərini çəkmişdir. Cavabdeh mənzili 115.000 manata satışa qoymuşdur. O da 95.000 manat ödəyib həmin evi almışdır. Rəsmi qaydada aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin puldan iddiaçıya 50.000 manat vermiş, 45.000 manatını isə özünə götürmüşdür. Həmin alğı-satqıdan sonra cavabdeh ona bildirmişdir ki, 1 aydan sonra həmin mənzili yenidən özü 115.000 manata alacaq, həmin puldan da yenidən 20.000 manat Elgünə, 95.000 manatı isə ona verəcək. Lakin sonra Azər mənzili satmaq üçün yenidən öz tanıdığı şəxsi gətirmiş, həmin mənzili elə aldığı qiymətə də, yəni 95.000 manata ona satmışdır. Cavabdeh Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ünvanladığı 11 fevral 2020-ci il tarixli ərizədən görünür ki, 11 fevral 2020-ci il tarixdə Elgün Piriyevlə aralarında olan borc razılaşmasının pozulması səbəbindən, Elgün Piriyev onu ölümlə hədələdiyindən, Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət etmiş, lakin aralarında olan mübahisə həll edildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ünvanladığı ərizədən görünür ki, 11 fevral 2020-ci il tarixdə “Binə” ticarət mərkəzində işlətdiyi obyektdə tanış olduğu Elgün Piriyevlə aralarında bir neçə dəfə parça alğı-satqısı olmuşdur. Sonuncu dəfə 200.000 manat dəyərində parça aldıqdan sonra Elgünlə bir neçə müddət borcu hissə-hissə ödəmək şərtilə alış-verişlərini davam etdirmişlər. Məsələnin həll olunması məqsədilə, səhər saatlarında Babək prospektində görüşmüşlər. Heç bir razılığa gələ bilmədiklərinə görə, yenidən axşam saat 16:00–17:00 radələrində Günəşli qəsəbəsində görüşmək qərarına gəlmişlər. Avtomobildə danışıqları heç bir nəticə vermədiyindən, daha bir neçə nəfər danışıqlara müdaxilə üçün gəlmişdir. Danışığı ertəsi günə təxirə salmaq barədə təkidlərinə baxmayaraq, Elgün və qardaşı buna razılaşmamış və israrla söyüşlərlə, təhqiramiz sözlərlə 3-4 saat ərzində onun avtomobilini başqa iki avtomobilin əhatəsində saxlamaqla, heç yerə getməyə imkan verməmişlər. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 12 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, borclu olduğu Xalid adlı şəxin onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Material üzrə ərizəsi alınmış Cavabdeh göstərmişdir ki, 11 fevral 2020-ci il tarixdə təxminən bir neçə ay öncə şifahi qaydada aralarında olan ticarət münasibətindən yaranmış ödənişə dair razılaşma pozulduğu üçün borclu olduğu Xalid adlı şəxsin onun pulu verməyəcəyi təqdirdə ölümlə hədələdiyini desə də, bir qədər sonra aralarında yaranmış sözlə mübahisə öz həllini tapmış, bu səbəbdən artıq heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş etdiyini bildirmişdir. AN-İ ******* saylı, 13 mart 2020-ci il tarixli Daşımaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 22 saylı evin 6 saylı mənzilini 95.000 manata X2. AN-İ ******* saylı, 18 aprel 2020-ci il tarixli Daşımaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, X9 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 22 saylı evin 6 saylı mənzilini 95.000 manata X1. İddiaçıya məxsus mağazanın ticarəti barədə qeydiyyat kitabının müvafiq səhifəsində cavabdehin ona olan borc məbləğləri mağazanın mühasibatlıq işləri ilə məşğul olan X3 tərəfindən “Azər Oğuz təzə borcu” qeydi ilə aşağıdakı qeydlər əks olunmuşdur: 24054 manat + 652 manat=24706 manat + 310 manat=25016 manat + 190116 manat=215132 manat - 1433 manat=213699 manat + 892.50 manat=214591.50 manat - 26933 manat=187658.50 manat + 8311 manat=195969.50 manat - 8500 manat=187469.50 manat - 20960 manat=166509.50 manat-2000 manat=164509.50 manat - 2500 manat=162009.50 manat - 70000 manat=92009.50 Həmin qeydlərin olduğu vərəkdə tarix və imza yoxdur, qeydlər qarıma-qarışıq olmaqla, üzərində coxlu sayda düzəlişlər və qaralamalar edilmişdir, vərəqdən onun kimə məxsus olması və haradan əldə olunduğu müəyyən olunmur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalı- tapmalıdır. Hazırkı halda iddiaçı ərizəsində tələbinin hüquqi əsası kimi MM-nin 739-cu maddəsinə əsaslanmış, rayon məhkəməsi də qətnaməsində iddia tələbinin qanuni əsası kimi iddiaçının ərizısində olduğu kimi MM-nin 739-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı bidirir ki, iddia tələbinin qanuni əsasının tapılması zamanı məhkəmə tərəfin bildirməsindən qətiyyən asılı deyildir və bu məsələ müstəsna olaraq məhkəmənin vəzifəsinə aid olan məsələdir, başqa sözlə, tələbin qanuni əsasını məhkəmə özü müəyyən etməlidir. Hazırkı işdə iddiaçı bildirir ki, o, cavabdehlə yaxın işgüzar münasibətlərdə olmuş, ona hissə-hissə ödəməklə nisyə mal- parça vermiş(satmış), cavabdeh həmin malların bir hissəsinin pulunu ödəmiş, bir hissədə malın özünü qaytarmış, parçanın bir hissəsinin pulunu isə ödəməmiş, ona borclu qalmış, həmin məbləğ 92009,50(iddiaçı ilkin ərizəsində 92009,50 manat tələb etmiş, sonradan ərizə verərək cavabdehdə 90509,50 manat tutulmasını xahiş etmişdir) manat təşkil edir, pulun cavabdehdən alınmasını tələb edir. İddiaçının ərizəsinin məzmunundan, eləcə də cavabdehin iddaçıya qarşı etirazından aşkar şəkildə müəyyən olunur ki, hazırkı mübahisə tərəflər arasındakı nisyə alqı-satqı münasibətlərindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra MM) 386-cı maddəsində öhdəliyin əmələ gəlməsi əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də tərəflər arasında müqavilənin olmasıdır. Hazırkı halda tərəflər arasında parça materiallarının hissə-hissə ödənilməklə nisyə alqı-satqıdan irəli gələn münasibətlər olmuşdur. Belə olan halda müəyyən olunur ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin birlikdə götürülmüş 567, 600 və 601-ci maddələri təşkil edir. MM-nin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı verilmişdir: alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydası müəyyən olunmuşdur. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir( maddə 600.1.), əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur(maddə 600.2). Məcəllənin 601-ci maddəsində əşyanın hissə-hissə ödənilməsinin qaydaları təsbit olunmuşdur. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun(maddə 601.1.).Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir( maddə 601.2.). İddiaçı nisyə alqı-satqı münasibətlərinə görə cavabdehin ona ödənilməmiş (90509.50 manat) borcunun qaldığını iddia edir. Cavabdeh iddiaya etiraz etmiş və iddiaçı ilə aralarında parça məhsullarının hissəhissə ödənilmək şərti ilə nisyə alqı-satqısına dair ticarət münasibətlərinin olduğunu, həmin parçanın bir hissəsinin pulunu, digər hissədə isə parçanın qalığını qeri qaytardığını, iddiaçıya hər hansı borcunun qalmadığını, ondan istənilən məbləğin tam əsassız, parçanın ilkin razılaşdırılmış satış qiymətinin sonradan iddiaçının öz mülahizəsinə görə artırması ilə bağlı uydurma bir tələb olduğunu bildirmişdir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mddəsi). MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur(maddə76.1.).Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2.).Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir(maddə 76.3.). İddiaçı hazırkı tələbinin əsasına dair öz izahatından başqa birinci instansiya məhkəməsinə sübut kimi üç şahid ifadəsi və qeydlər yazılan vərəqini təqdim etmişdir. İddiaçı ərizəsində cavabdehə 235000 manatlıq, iddia tələbinə dair yazılı izahatında 255000 manatlıq(i/v. 47), 02 iyun 2021-ci il tarixli məhkəmə iclasında(i/v.49.) verdiyi izahatında 235000 manatlıq parça verdiyinə dair ziddiyətli məlumat vermiş, bunula belə, cavabdehə ümumilikdə hansı miqdarda parça verməsini, parçanın hər kv.m. qiymətinin neçəyə hesablandığını, verilmiş malın hansı hissəsinin pulunun ödənilməsi, eləcə də geri qaytarılan malların hansı miqdarda olmasına, habelə tələb olunan məbləğin hansı tarixdə verilmiş mallara aid olması və onun hansı qiymətə əsasən hesablanmasına dair məhkəməyə doğru dürüst və müfəssəl (anlaşılan) məlumat verməmişdir. Cavabdeh iddiaya qarşı etirazında iddiaçı ilə aralarında parça mallarının nisyə alqısatqısı ilə bağlı münasibətlərin olduğunu təsdiq etmiş, bununla belə, iddiacının cinayət xarakterli hərəkətləri ilə bağlı Suraxanı RPİ-nin 33-cü PB-nə yazdığı şikayətdə götürdüyü malların ümumi məbləğinin iddiaçının bildirdiyindən fərqli olaraq, cəmi 200000 manat dəyərində olduğunu göstərmişdir. İddiaçının təqdim etdiyi 1-ci şahid C.Nuriyev ifadəsində göstərmişdir ki, 15 ildir iddiaçının mağazasında işləyir, cavabdehi mağazadan mal götürəndə tanımış, cavabdehə hörməti olmuş, cavabdehin sonuncu dəfə mağazadan 230000 manata yaxın mal götürməsindən xəbəri var, çıxarılan malların məbləği mağazanın qeydiyyat kitabında qeyd olunmuşdur, cavabdeh həmin mallardan həm ödənişlər etmiş, həm də mallardan qaytarmışdır, hazırda cavabdehin iddiaçıya təxminən 92.000 manat borcu qalmışdır. İddiaçının təqdim etdiyi 2-ci şahid İ.Fərəcov ifadəsində göstərmişdir ki,o, 4 ildir ki, iddiaçının yanında işləyir, cavabdehi mağazadan mal alarkən tanımışdır, özü malların yüklənməsində iştirak etmişdir, cavabdehin nə qədər mal götürüb qaytarması barədə C.Nuriyev qeydiyyat kitabında qeydiyyat aparmışdır, o, mağazadakı söz-zöhbətlərdən və qeydiyyat kitabından bilir ki, tərəflər arasında borc mübahisəsi var, o, həmin qeydiyyat kitabına əsasən bilir ki, cavabdehin təxminən 90.000 manat civarında iddiaçıya borcu var. İddiaçının təqdim etdiyi 1-ci və 2-ci şahidin ifadələrindən məlum olur ki, onlar tərəflər arasındakı mübahisəyə dair çox ümumi olan- tərəfləri tanımaları, cavabdeh iddiaçıdan nisyə mal alması, onun müəyyən hissəsini ödəməsi, qalan malı isə qaytarması barədə məlumatlar vermiş, bunula belə iddiaçının cavabdehə hansı miqdarda parça verməsi, onun qiyməti, verilən malların hansı hissəsinin pulunun ödənilməsi, qaytarılan malların miqdarı barədə hər hansı dəqiq məlumat bildirməmiş, bildirdikləri məlumatın da kənar mənbədən aldıqlarını, borcun məbləği barədə təxmini olan məlumatı isə mağazanın qeydiyyat kitabında qeyd olunanlara əsasən göstərmişlər. İddiaçının təqdim etdiyi 3-cü şahid R.Tağıyev ifadəsində hər iki tərəfi tanıdığını, iddiaçının isə onun həm xalası oğlu, həm də bacanağı olduğunu bildirmiş, hansısa, mənzillərin alınıb satılmasında iştirak etdiyini göstərmiş, lakin tərəflər arasında hazırkı mübahisəyə aid -borcun yaranma əsasları və onun məbləği barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Beləliklə də müəyyən olunur ki, iddiaçının təqdim etdiyi 3-cü şahid iddia tələbinin əsaslandığı hallara dair məhkəməyə hər hansı məlumat bildirməmişdir. Qanunun tələbinə görə isə, məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərinin müəyyən edən faktlarla və hallarla əlaqədardır(maddə 80.). Belə olan halda aydın olur ki, iddiaçının təqdim etdiyi 3-cü şahidin ifadəsinin iddiaçının tələbini əsaslandıran hallarla əlaqədar olmamışdır və iş üçün əhəmiyyıtli olan hər hansı halın mövcud olduğunu müəyyən etmək baxımından da məhkəmə üçün heç bir əhəmiyyəti ola bilməz. Demək ki, 3-cü şahidin ifadəsi əhəmiyyətsiz sübutdur. İddiaçının təqdim etdiyi digər sübut, qeydiyyat kitabına aid olduğu bildirilən yazılı vərəq olmuşdur(i/v. 57.). Həmin yazılı vərəqin iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruru hesab edir. Prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur(maddə 89.1.), həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir(maddə 89.2.). İddiaçının sübut kimi təqdim etdiyi həmin qeydlər vərəqi prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə qətiyyən cavab vermir. Belə ki, mülki işin 57-ci vərəqindəki həmin qeydlər vərəqindən bəlli olur ki, onun üzərində hər hansı tarix və imza yoxdur, qeydlər qarma-qarışıq olmaqla, üzərində çoxlu sayda düzəlişlər və qaralamalar edilmişdir, vərəqdən onun kimə məxsus olması və haradan əldə olunduğu müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə, hətta, həmin qeydlər daha səliqəli və daha aydın, qaralama- pozmalar olmadan və hətta, kompüterdə yazılmış olsaydı belə, onun sübut kimi qəbul olunması, yenə də mümkünsüz olacaqdı, çünki həmin sənədin hansı tarixə aid olduğu məlum deyildir, bundan başqa, tarixin göstərilməsi halında da həmin vərəqin sübut kimi əhəmiyyəti olmayacaqdı, çünki həmin vərəqdəki məlumatların həqiqiliyi üçün cavabdehin onu təsdiq etməsi, başqa sözlə, onu imzlaması zəruri şərtdir. Demək ki, iddiaçının sübut kimi təqdim etdiyi yazılı sənəd yazılı sübuta dair - sənədin əslinin olması, onun tarixinin göstərilməsi, imzalanmalı olması və hər hansı düzəliş və qaralamaların olmamasına dair tələblərə cavab vermədiyindən o, sübut kimi qəbul oluna bilməz. Bunula belə, iddiaçının izahatından, eləcə də 1-ci və 2-ci şahid ifadələrindən məlum olur ki, onlar məhkəməyə, cavabdehin borcuna və onun məbləğinə dair verdikləri məlumatlarında mənbə kimi, məhz həmin vərəqdəki qeydlərə əsaslanmış, ona istinad etmişlər. İddiaçının tələb etdiyi və cavabdehdən tutulan pulun məbləğinin 90509.50 manat olduğunu müəyyən edən rayon məhkəməsi də qətnaməsində sübut kimi yalnız həmin vərəqə istinad etmişdir. Halbuki, rayon məhkəməsinin 02 iyun 2021-ci il tarixli məhkəmə iclas protokolundan (i/v.52, 54) məlum olur ki, iddiaçı tərəfindən təqdim olunan həmin şəxslərin şahid kimi dindirilməsi, eləcə də yazılı sənəd kimi (işin 57-ci vərəqindəki) qeydlər olan vərəqin sübut kimi qəbul olunması məsələləri müzakirə olunarkən, cavabdehin nümayəndəsi və vəkili həmin şəxslərin işin nəticəsində maraqli olmaları səbəbindən onların şahid qismində dindirilməsinə, yazılı sənəd olan vərəqin isə imzasız olması səbəbindən həmin sənədin sübut kimi qəbul olunmasına etiraz etmişdir. Həmin sübutların hər birinə dair yuxarıda aparılmış dəyərləndirmələrlə də müəyyən olunur ki, cavabdeh tərəfin həm şahidlərlə, həm də yazılı sənədlə bağlı etirazı əsaslı olmuşdur. Belə ki, 1-ci şahid ifadəsidə göstərmişdir ki, o, 15 ildir iddiaçının mağazasında işləyir, 2-ci şahid isə göstərmişdir ki, o, 4 ildir ki, iddiaçının mağazasında işləyir, 3-cü şahid isə göstərmişdir ki, o, iddiaçının həm xalası oğlu, həm də bacanağıdır. Doğrudur, 3-cü şahidin ifadəsinin işin mübahisəli halının müəyyən olunması baxımından ümumiyyətlə əhəmiyyətsiz olduğu, 1-ci və 2-ci şahidin ifadələrində isə işin mübahisəli halına dair konkret və dəqiq olmayan, ümumi xarakterli, həm də başqa mənbəyə istinad məlumat verdikləri müəyyən olunmuşdur. Bunula belə, hər üç şahidin işin nəticəsində birbaşa maraqlı olan şəxslər olması və iddiaçının mənafeyin üstün tutmaları və buna müvafq də ifadə vermələri şübhə doğurmur. Buna görə də, rayon məhkəməsinin sübut kimi həmin şahid ifadələrinə münasibətdə, onların işin faktiki hallarının müəyyən olunmasındakı qiymətləndirməsində olduğu kimi, həmin ifadələrin subyektiv baxımdan qiymətləndirilməsi ilə bağlı da gəldiyi qənaətlə razılaşmaq olmaz. Rayon məhkəməsi qətnaməsini əsaslandırarkən həm də cavabdehin (ona hədəqorxu gələn iddiaçının cinayət xarakterli hərəkətləri ilə bağlı) Suraxanı RPİ-nin 33cü PB-nə yazdığı şikayət istinad etmişdir. Lakin rayon məhkəməsi nəzərə almamışdır ki, cavabdeh həmin ərizəsində iddiaçı ilə aralarında nisyə alqı-satqının olduğunu və bu zəmində ondan ümumilikdə 200000 manatlıq parça materialının aldığını bildirmişdir. Tərəflər arasında böyük miqdarda nisyə parça alış-veriçinin olması işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur, hətta, iddiaçı verdiyi parçanın ümumi məbləğinin gah 235000, gah da 255000 manat olduğunu, iddiaçının təqdim etdiyi 1-ci şahid isə bu məbləğin 23000 manat olduğunu bildirmişdir. Göründüyü kimi tərəflər arasında ümumilikdə hansı məbləğdə mal-pul mübadiləsinin olması müəyyən olunmur. Əslində bu halın müəyyən edilməsi belə, öz-özlüyündə iddiaçının hazırki tələbinin təmin olunması üçün əsas ola bilməz. Demək ki, rayon məhkəməsinin cavabdehin həmin ərizəsinə istinadı da əsassız olmuşdur. Bundan başqa, rayon məhkəməsi qətnaməsində cavabdehin üçüncü şəxslə və iki kənar şəxs arasında bağlanmış mənzilin alqı-satqısına dair müqavilələrə istinad etmiş, lakin bunun işin mübahisəli halının həllinə hər hansı əlaqəsini göstərə bilməmişdir. Rayon məhkəməsi qətnaməsində, həmçinin göstərmişdir ki, cavabdeh ondan tələb olunan məbləğdə və ya ümumiyyətlə borcunun olmamasını sübut edə bilməmişdir. Bunula da rayon məhkəməsi hazırkı iş üzrə sübutetmə yükünün tərəflərdən kimə aid olduğunu müəyyənləşdirilməsində də səhvə yol vermişdir. Belə ki, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin presdentləri baxımından müəyyən olunmuşdur ki, təkzib edən deyil, məhz iddia edən tələbinin əsaslı olmasını sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə də müəyyən olunur ki, iddiaçı nisyə parça alqı-satqı münasibətlərinə əsasən cavabdehdən ödənilməmiş qalan 90509.50 manat məbləğində pul tələb etsə də, tələbində istinad etdiyi hallara dair məhkəməyə, biri digərini tamamlayan, mötəbər və əsaslı şübhədən kənar, eləcə də təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutlar verə bilməmişdir. Mübahisəyə baxmış rayon məhkəsi isə, tədqiq etdiyi sübutların qiymətləndirilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Rayon məhkəməsi tərəflər arasındakı hazırkı münasibətlərə maddi hüquq norması kimi MM-nin borc münasibətlərini tənzimləyən 739-cu maddəsini tətbiq edərkən də səhvə yol vermişdir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, maddi hüquq norması səhv tədbiq olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan hallar sübut olunmadığından, eləcə də sübutların qiymətləndirilməsi zamanı prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; rayon məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi(385.1.3.); habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi də məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsas kimi müəyyən olunmuşdur(385.1.4.). Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2499/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar