Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1033/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı (X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-1350/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş V blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və cavabdehlər tərəfindən həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “Konstra" MTK arasında bağlanmış 08.01.2019-cu il tarixli, B-140/06 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən MTK ünvan 2 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris B blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin payçıya verilməsini, payçı isə müqavilə dəyərini kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə mənzilin tam dəyəri olan 182916 manat iddiaçı tərəfindən ödənilmiş və MTK tərəfindən ona borcunun olmamasına dair 08.01.2019-cu il tarixli, 111 saylı maliyyə arayışı və 0069 saylı kassa məxaric orderi verilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci maddəsinə əsasən, MTK mənzili təmirsiz şəkildə payçıya təhvil verməyi, müqavilənin 3.7ci bəndinə əsasən isə, mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edərək təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda isə məlum olmuşdur ki, “Orxan-TİT" MMC ilə “Konstra" MTK birlikdə fəaliyyət göstərərək, sözügedən yaşayış evini inşa etmişlər və həmin inşa edilmiş mənzillərin satışı "xxxx" MTK-ya həvalə edilmişdir. Bu səbəbdən də hər iki şirkət cavabdeh olaraq cəlb edilmişdir. İddiaçı dəfələrlə müraciət edərək mənzilin təhvil verilməsini xahiş etmiş, lakin “Konstra" MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zərurəti vardır. Mənzilin təhvil verilməsi barədə “Orxan-TİT" MMC-yə də müraciət etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)- 1350/2021 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin ediərək, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş V blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzil Cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh “Orxan-TİT" MMC qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, onunla digər cavabdeh MTK arasında 05.07.2018-ci il tarixli müqaviləyə əsasən podrat münasibətlərinin mövcud olması, bu müqavilə çərçivəsində MTK-nın sərəncamına satmaq, dəyişmək, bağışlamaq və s. üçün inşa edilən binada heç bir yaşayış və qeyri-yaşayış sahəsi verilməməsi, 07.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən görüdüyü işlərin müqabilində 62 mənzil barəsində sərəncam vermək hüququnun verilməsi (həmin mənzillər barədə bağlanmış müqavilələri qeydiyyat üçün MMC-yə təqdim etmək şərtilə), sonradan mənzil sayının 74-ə qaldırılması, lakin iddiaçının MTK ilə bağladığı müqavilədə nəzərdə tutulan mənzil barəsində sərəncam vermək hüququnun MMC tərəfindən heç vaxt MTK-ya verilməməsi, MTK-nın da iddiaçı ilə müqaviləni qeydiyyat üçün MMC-yə təqdim etməməsi, dolayısı ilə də MTK ona aid olmayan mənzilin alqı-satqısı barədə müqavilə bağladığından, iddiaçının həmin mənzilə heç bir hüququ yaranmaması və s. kimi əsaslandırılmışdır. Apellyasiya şikayətinə etiraz isə - MTK tərəfindən binanın inşa edildiyi ərazinin satış şərtləri barədə lövhələrlə əhatələnməsi, “Orxan-TİT" MMC tərəfindən bunun görülməməsinin absurd olması, əslində binanın inşasına başlanılan vaxtdan bundan xəbərdar olması, MTK-nın satış şöbəsinin olması, cavabdehlər arasında yerinə yetirilmiş işlərin dəyərinin müvafiq həcmdə mənzil sahəsi ilə əvəz olunması razılığın olması, bütün bunların isə MTK-nın satış hüququnu təsdiq etməsi və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh , “Orxan-TİT" MMC nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə, apellyasiya şikayətinə etiraz təqdim edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, həmçinin verilmiş suala cavab olaraq bildirmişdir ki, əgər məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh “Konstra" MTK arasında bağlanmış 08.01.2019-cu il tarixli, B-140/06 saylı müqaviləni etibarsız əqd kimi qiymətləndirərsə və bu əsasa görə iddianın əsassız olması nəticəsinə gələrsə, o zaman Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 182916 manat pulun cavabdeh MTK-dan tutulması məsələsinin həll olunmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “Konstra" MTK-ya və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış 08.01.2019-cu il tarixli, B-140/06 saylı müqavilədən görünür ki, satıcı dəyəri 182916 manat məbləğində müəyyən edilmiş ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3.17-ci bəndinə əsasən kooperativ payçının əldə edəcəyi mənzilin yerləşdiyi binanı müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK tərəfindən verilmiş 10.12.2018-ci il tarixli maliyyə arayışına və kassa mədaxil orderinə əsasən İddiaçı sözügedən B02 saylı mənzilin dəyərini tam ödəmiş, B-140/06 saylı müqavilə üzrə borcu yoxdur. Cavabdeh2 MMC (sifarişçi) ilə Cavabdeh1 MTK (podratçı) arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsinə əsasən, podratçı sifarişçinin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Görüləcək işlərin ümumi dəyəri 5,000.000 manat müəyyən edilmişdir. Ödəniş kimi yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.1 və 2.3-cü bəndlərinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri podratçı tərəfindən müvafiq qaydada hesablanmış və sifarişçiyə təqdim olunmuş işlərin həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil-qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Sifarişçi bu müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul edikdən sonra yerinə yetirilmiş işlərin dəyəri podratçı tərəfindən müvafiq qaydada (barter olunur) əvəzləşdirilir. Müqaviləyə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi, sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında tərtiblənmiş 02.07.2021-ci il tarixli son Təhvil-təslim aktına əsasən, tərəflər razılığa gəlirlər ki, sifarişçi ünvan 1 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli 21 mərtəbəli yaşayış evinin cədvəldə göstərilmiş ümumi sahəsi 7588,67 kv.m olan 74 mənzili podratçının sərəncamına verir, podratçının həmin mənzillər barəsində bağladığı alqı-satqı müqavilələri üzrə alıcılara müvafiq mənzillərin təhvil verilməsini təmin edir. Cədvəldə göstərilməyən mənzillər istisna olmaqla, həmin yaşayış evinin başqa mənzilləri, yaxud qeyri-yaşayış sahələri barəsində podratçı özünün heç vaxt heç bir hüquq və səlahiyyətə malik olmadığını, başqa yaşayış, qeyri-yaşayış və qaraj sahələri barəsində bağlamış olduğu alqı-satqı müqavilələri üzrə ancaq özünün məsuliyyət daşıdığını, həmin müqavilələrin Sifarişçiyə heç bir aidiyyəti olmadığını, bundan sonra sifarişçiyə qarşı heç bir tələb və iddiası olmadığını bildirmişdir. Mənzillərin bölgüsü barədə qeyd olunan son aktda iddiaçının təhvil verilməsini tələb etdiyi mənzil qeyd olunmamışdır. Bundan başqa, Cavabdeh2 MMC (icraçı) ilə X2 (sifarişçi) arasında bağlanmış 18.11.2019-cu il tarixli müqaviləyə əsasən, icraçı sözügedən yaşayış kompeksində ümumi sahəsi 808,48 kv.m olan hazırkı iş üzrə mübahisə predmeti olan mənzil də daxil olmaqla 6 ədəd mənzili 1 kv.m sahə 1200 manat olmaqla, cəmi 970,176 manata sifarışçiyə satmağı, şifarişçi isə icraçını mənzillərin ümumi dəyəri ekvivalentində binaya lazım olan armatur materialı ilə təmin etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı, Cavabdeh1 MTK ilə arasında bağlanmış 08.01.2019-cu il tarixli müqaviləyə istinad edərək, mübahisə predmeti olan mənzilə hüquqlarının tanınmasını və mənzilin ona təhvil verilməsini tələb edir. Cavabdeh2 MMC isə iddiaya etiraz edərək, Cavabdeh1 MTK-nın həmin tarixdə iddiaçı ilə müqavilə bağlamağa səlahiyyətinin olmadığını, buna görə də həmin müqavilənin əhəmiyyətsiz olduğunu bildirir. Birinci instansiya məhkəməsi iddianı yalnız Cavabdeh1 MTK-ya münasibətdə qismən təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almaq barədə hüququndan istifadə etməsinə baxmayaraq, həmin əmlakı iddiaçıya təhvil verməmişdir. Odur ki, hazırda iddiaçı mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-in 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Kollegiya, tərəflər arasındakı öhdəlik münasibətlərinin müqavilədən irəli gəldiyini nəzərə alaraq, bildirir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarı). Göründüyü kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Kollegiya, hazırkı işin hallarına da bu kontekstdən yanaşaraq, hesab edir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsızdır. Belə ki, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. MM-in 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. «B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Baxılan işin yuxarıda sadalanan hallarından görünür ki, Cavabdeh1 MTK, Cavabdeh2 MMC ilə arasında bağlanmış 05.07.2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsinə əsasən mübahisə predmeti olan məznilin də yerləşdiyi binanın tikilməsinə dair podratçı olmuş, onun mənzil satmaq səlahiyyəti olmamışdır ki, bu da həmin vaxt onun tərəfindən bağlanmış müqavilələrin etibarsızlığına səbəb olur. Bu əsnada o da nəzərə alınmalıdır ki, qeyd olunan etibarsızlıq əsası (səlahiyyətsiz şəxs tərəfindən bağlanılma) düzələ bilən etibarsızlıq hallarına aid olmaqla səlahiyyətli şəxs bəyənildiyi təqdirdə əqdin etibarlı hala gəlməsinə səbəb olur. Lakin hazırkı işin halları baxımından bu şərt də ödənilmir. Belə ki, mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə müqavilənin bağlandığı tarixdən sonra Cavabdeh2 MMC-nin özü tərəfindən həmin mənzilin X1 (iş üzrə üçüncü şəxs) satılması barədə 18.11.2019-cu il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda, Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında tərtiblənmiş 02.07.2021-ci il tarixli son təhvil-təslim aktına əsasən, tərəflər cədvəldə göstərilmiş ümumi sahəsi 7588,67 kv.m olan 74 mənzilin podratçının sərəncamına verilməsi, podratçının həmin mənzillər barəsində bağladığı alqı-satqı müqavilələri üzrə müvafiq mənzillərin alıcılara təhvil verilməsi barədə razılığa gəlsələr də, həmin cədvəldə də iddiaçının təhvil verilməsini tələb etdiyi mənzil qeyd olunmamışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, Konstra” MTK tərəfindən iddiaçı ilə bağlanılmış 08.01.2019-cu il tarixli müqavilə etibarsızdır və əqdin etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla tərəflər üçün heç bir hüquqi nəticə (haqq və öhdəlik) yaratmır. Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, ünvan 1 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş V blokunun 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin alqı-satqısın dair Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 08.01.2019-ci il tarixli, B-140/06 saylı müqavilə etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, mənzilin dəyəri kimi ödənilmiş 182.916,00 manat Cavabdeh1 MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı (X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-1350/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-1350/2021 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 08.01.2019-cu il tarixli B-140/06 saylı müqavilə etibarsız olduğundan, həmin müqavilə üzrə mənzilin dəyəri kimi ödənilmiş 182.916,00 (bir yüz səksən iki min doqquz yüz on altı) manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan alınaraq İddiaçı qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1033/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1033/2022
26.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver