Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1034/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tikilmiş hasarın sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apelyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) Vəkil və iddiaçının iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, 9 “A” mikrorayon, M.Cəlal küçəsi, 147-də yerləşən ona məxsus 35 saylı mənzilin qarşısında, qonşusu olan və 31 saylı mənzildə yaşayan cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın ona (iddiaçıya) məxsus evin ikinci mərtəbəsinin döşəmə səviyyəsindən 0,8 metr hündürlüyündə, alüminium materialdan olan 1,4 x 1,8 metr ölçüdə pəncərəyə paralel olan hissəsinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh tərəfindən inşa edilmiş və iddia ərizəsində qeyd edilən daş hasar iddiaçıya məxsus tikilinin pəncərəsinin qarşısında, demək olar ki, pəncərəyə bitişik inşa edilmiş və həmin pəncərədən iddiaçının sahəsinə düşən təbii işığın qarşısını almışdır. İddiaçı bununla bağlı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə şikayət etmiş və RİH tərəfindən iddiaçıya verilmiş 02/12-H-H/M- 26-151 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubunda RİH bildirmişdir ki, sözügedən ünvanda tikinti işlərinin aparılmasına dair RİH tərəfindən cavabdehə icazə verilməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya məxsus tikilinin ikinci mərtəbəsinin döşəmə səviyyəsindən 0,8 metr hündürlüyündə, alüminium materialdan olan 1,4 x 1,8 metr ölçüdə pəncərəyə əks istiqamətdə yerləşən cavabdehə məxsus daş hasarın sözügedən pəncərəyə paralel olan hissəsinin, yəni ikinci mərtəbənin döşəmə səviyyəsindən 0,8 metr hündürlüyündə, 1,4 x 1,8 metr sahənin sökülməsini, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 80 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin daş hasar cavabdehin həyətinin daxilində inşa edilməklə yanaşı, evinin kənar təsirlərdən qorunması məqsədi daşıyır. Hasarın mövcudluğu iddiaçıya məxsus olan qeyri yaşayış sahəsinə təbii işığın daxil olmasına mane olmur. Belə ki, qeyri yaşayış sahəsinin 3 pəncərəsi var və onlardan yalnız biri hasar tərəfdədir. İddiaçı cavabdehə qarşı qərəzlidir. İddiaçı cavabdehin həyətyani hasarını sökdürərək öz pəncərəsini cavabdehin həyətinə açmaqla cavabdehə acıq vermək istəyir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, Rayon Məhkəmə iddianı təmin edərkən ekspert tərəfindən verilmiş rəyə istinad etmişdir. Həmin rəy əsassızdır. Belə ki, rəy vermiş ekspert əraziyə tam və hərtərəfli baxış keçirməmişdir. Rəyində yalnız o hala istinad edilmişdir ki, hasar normativ qaydalara uyğun inşa edilməmişdir, lakin rəydə, iddiaçıya məxsus əmlaka maneə və təhlükə törətməsi hallarının olması öz əksini tapmamışdır. Cavabdehin vəkili (nümayəndəsi) apelyasiya baxışı iclasında iştirak edərək apelyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apelyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni hasarın sökülməli olan hündürlüyünün ölçülərinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərinə əsasən bəlli olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 “A” mikrorayon, M.Cəlal küçəsi, 147-də yerləşən 35 saylı mənzil iddiaçıya, 31 saylı mənzil isə cavabdehə məxsusdur. Həmin mənzillər qonşu torpaq sahələrində yerləşir və sahələr, cavabdeh tərəfindən inşa edilmiş daş hasar ilə biri digərindən təcrid olunmuşlar. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 211 nömrəli sərəncamdan görünür ki, iddiaçı tərəfindən həmin ünvanda inşa edilmiş və tikilmiş sahəsi 18 kv.m olan anbar iddiaçının istifadəsinə verilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, cavabdeh tərəfindən inşa edilmiş daş hasar ona məxsus tikilinin pəncərəsinin qarşısında, demək olar ki, pəncərəyə bitişik inşa edilmiş və həmin pəncərədən iddiaçının sahəsinə düşən təbii işığın qarşısını alır. İşə baxmış Rayon Məhkəməsi tərəfindən iddiaçıya məxsus evin yerləşdiyi həyətə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən tikili anbardır. Anbarın 3 pəncərəsi var. Qapı ilə üzbəüz olan pəncərənin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2020-ci il tarixli, 29445 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsəlma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə görə hasarın hündürlüyü 2,20 metrdən artıq olmamalıdır. Cavabdeh tərəfindən inşa olunmuş daş hasarın hündürlüyü isə 2,80 metrdir. Hasar həmin normanın tələblərinin pozulması ilə inşa edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2021ci il tarixli, 10/1750 nömrəli rəyindən görünür ki, cavabdehin həyətyanı sahəsinə baxış keçirmək mümkün olmadığına, hasarın çöl ətrafında tikililər yerləşdiyinə görə, cavabdeh tərəfindən inşa edildiyi bildirilən hasarın tikinti norma və qaydalarına uyğun olubolmaması, ölçüləri (eni, uzunluğu, hündürlüyü və s.), həmçinin ara məsafəsinin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya baxışı zamanı Məhkəmə həmin ekspert rəyini aydın və tam olmaması nəticəsinə gələrək iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli, 10/1150 saylı rəydən görünür ki, mübahisəli daş hasarın hündürlüyü 2,80 metr olduğundan, həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmayaraq inşa edildiyi müəyyən edilmişdir. Hasar iddiaçıya məxsus olan və həmin ünvanda yerləşən tikiliyə havanın və təbii işığın daxil olmasına maneçilik törədib-törətməməsi xüsusi bilik tələb etmədiyindən həmin sual üzrə tədqiqat aparılmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflərə məxsus sahələr qonşu sahələrdir və sahələr, cavabdeh tərəfindən inşa edilmiş daş hasar ilə biri digərindən təcrid olunmuşlar. Həmin hasarın hündürlüyü 2,80 metrdir. Hasarın bir hissəsi iddiaçıya məxsus və 3 pəncərəsi olan tikilinin 1 pəncərəsinin qarşısında yerləşir. Bunu nəzərə alan iddiaçı bildirir ki, bu hal onun hüquqlarını pozur və hasarın ona məxsus tikilinin pəncərəsinin qarşısında olan (iddia ərizəsində göstərilən ölçüdə) hissəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilənləri, habelə iş üzrə tərəflərin verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məcəllənin 171-ci maddəsinə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (maddə 171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan aid istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.2.). Məcəllənin 172-ci maddəsinə görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (maddə 172.1.) Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər (maddə 172.2.). Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir (maddə 172.3.) Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir (maddə 172.4.). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflərə məxsus sahələri biri birindən təcrid edən, cavabdeh tərəfindən inşa edilmiş hasar 2,80 metr hündürlüyündə olduğundan şəhərsalma və tikinti normalarının tələblərinə uyğun deyil. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, işin bu halı Rayon Məhkəməsi tərəfindən düzgün müəyyən edilsə də, Rayon Məhkəməsi hasarın sökülməli olan hissəsinin hündürlüyünü 0,8 metr müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Çünki hasarın şəhərsalma və tikinti normalarının tələblərinə uyğunlaşdırılması üçün hasarın 2,20 metrdən artıq hündür olan hissəsi sökülməlidir. Odur ki, Məhkəmə, apellyasiya baxışının nəticəsini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni mübahisəli hasarın sökülməli olan hissəsinin hündürlüyünün ölçülərinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməli, mübahisəli hasarın şəhərsalma və tikinti normalarının tələblərinə uyğunlaşdırılması üçün hasarın 2,20 metrdən artıq hündür olan hissəsinin sökülməsi qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli qətnamə qismən, yəni mübahisəli hasarın sökülməli olan hissəsinin hündürlüyünün ölçülərinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9 “A” mikrorayon, M.Cəlal küçəsi, 147-də yerləşən və İddiaçı məxsus 35 saylı mənzil ilə Cavabdeh məxsus 31 saylı mənzil arasında yerləşən hasarın hündürlüyü 2 (iki) metr 20 (iyirmi) santimetrdən artıq olan hissəsi sökülsün. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 12 oktyabr 2021-ci il tarixli qətnamənin qalan hissəsi, yəni mübahisəli hasarın İddiaçı məxsus tikilinin ikinci mərtəbəsinin döşəmə səviyyəsindən 0,8 metr hündürlüyündə, alüminium materialdan olan 1,4 x 1,8 metr ölçüdə pəncərəyə əks istiqamətdə yerləşən Cavabdeh məxsus daş hasarın sözügedən pəncərəyə paralel olan hissəsinin, 1,4 x 1,8 metr sahənin sökülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 80 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatın xərci Cavabdeh aid edilsin. Bu məqsədlə Cavabdeh 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1034/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1034/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver