Məhkəmə qərarları › İş №2(103)-1034/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1034/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1034/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: pul və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MN-237/23 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 saylı binanın, E blok, 5-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.m olan 237 nömrəli olan mənzil iddiaçıya 1 kv.m -i 2550 manat hesablanmaqla 241 103 manata satılmış, iddiaçı mənzilin dəyərini tam ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə əskik verilmiş 9,22 kv.metr sahənin pul əvəzinin qətnamə çıxarılan tarixə mənzilin 1 kv.metrinin bazar qiyməti nəzərə alınmaqla hesablanaraq tutulması, Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin daxili arakəsmələrinin tikilməsi və görülməmiş suvaq işlərinin görülməsi üçün malmaterial, nəqliyyat xərci, fəhlə və usta pulu olaraq, cəmi 2529 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi, Cavabdeh MTK-nın üzərinə mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının və onun Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi vəzifəsinin qoyulması, mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində vəsaitin Cavabdeh MTKdan tutularaq ona ödənilməsi, mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının qaldırılması üçün lift pulunun ondan tələb edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi, özünə və valideyninə “Asan” imzanın alınması üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının, valideyninə etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 183,91 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 18,40 manat vəsaitin, cavabdehə pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə mənzilin dəyərini tam ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, həmin ünvanda ümumi sahəsi 94.55 kv.m olmaq əvəzinə 83 kv.m (11.55 kv.m az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, o, cavabdehə 29452.50 (11.55 kv.m x 2550) manat məbləğində artıq pul ödəmişdir. Bu hal iddiaçıya usta tərəfindən aparılmış mənzilin daxili perimetrinin ölçüləri nəticəsində məlum olmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Kərim Xudayev) 2(004)- 1943/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MTK-dan 9052,5 manat, tikinti xərcinə görə 2529 manat, etibarnamə üçün ödənilmiş 11,5 manat, pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 manat, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,40 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 92,34 manat pulun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 91,57 manatın (183,91-92,34=91,57) iddiaçıya aid edilməsi, “mənzilin dəyərinin ödənilməsi barədə” maliyyə arayışının və İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan arasında fərq 3,55 kv.m təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır. Məhkəmə ekspert rəyinə əsasən müəyyən etmişdir ki, mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 89,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahə 91,4 kv.m-dir. Müqavilə öhdəlikləri üzrə fərqin 3,55 kv.m (94,55-91=3,55 kv.m) olması və hər kvadrat metri üçün 2550 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 9052,5 (3,55x2550) manat əsassız pul vəsaiti ödənildiyindən, iddiaçı həmin pulu tələb etməkdə haqlı olmuşdur. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilə üzrə cavabdeh mənzili iddiaçıya müəyyən texniki şərtlər yerinə yetirilmiş (xarici tərtibat, daxili arakəsmələr və suvaq işləri görülmüş şəkildə) şəkildə təqdim etmək öhdəliyini yerinə yetirmədiyindən məhkəmə 2529 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab etmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödədiyindən cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək, iddiaçının mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədləri də ona təqdim etməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 567, 568.1, 577.1, 578.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunmasının, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən özü və nümayəndəsi üçün aldığı imzalar məhz məhkəməyə sənədlərin elektron kabinet vasitəsi ilə verilməli olmasına dair qanunun tələblərinə əməl edilməsi üçün alındığından, eyni zamanda iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən iddiaçının həmin imzaların alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,80 manat bank xidmət haqqı tələbi də əsaslıdır və təmin edilməlidir. Cavabdehin görməli olduğu işlərə görə iddiaçı əlavə xərclərə cəlb oluna bilməz və həmin işlər - lift pulu cavabdehin hesabına ödənilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş istehlakçının (hazırkı halda alıcının) hüquqlarının pozulması, yəni qüsursuz, müqavilə şərtlərinə uyğun olmayan malın satıcı tərəfindən ona satılması halının sübut olunması mənəvi zərərin ödənilməsi üçün əsas hesab olunmalıdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya məhkəmə qərarı çıxarılan ana mövcud olmuş qiymətlər nəzərə alınmaqla əskik verilmiş 9,22 kv.m metr sahənin əvəzi ödənilməli idi.

10. Cavabdeh isə qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təsdiqlənmiş tikinti layihəsində göstərilən sahə və artıq faktiki mövcud olan sahə arasında fərq olması ölkə üzrə bir çox MTK-ların qarşılaşdığı haldır. Hətta eyni sırada, fərqli mərtəbələrdə yerləşən eyni tipli mənzillər arasında belə sahə fərqi mövcudluğu nəzərə alınarsa, layihədə göstərilən və faktiki mövcud olan sahə arasında fərq yaranması normal hala çevrilmişdir və mənzilin olduğu kimi və əvvəldən hesablanmış qiymətə özgəninkiləşdirilməsində hər hansı maneə yaratmır, bununla bərabər mənzilin maya qiymətinə heç cür təsir göstərmir və bu səbəbdən artıq işgüzar adətə çevrilmişdir. Azərbaycan Respublikasında bir çox Mənzil Tikinti Kooperativlərində 1 və 2 otaqlı mənzillər məhz arakəsmələr tikilmədən təhvil verilir. Bu addım ona görə atılır ki, əsasən bu tip mənzillərdə proyekt dəyişikliyi tətbiq edilir və arakəsmələr mənzilin mülkiyyətçisi tərəfindən və onun hesabına sökülür və yenidən ayrı qaydada inşa edilir. Belə bir addım əslində mənzil mülkiyyətçilərinin istəyi və mənfəətini nəzərə alınaraq atılır və artıq bütün ölkə üzrə işgüzar adətə çevrilmişdir. Əgər iddiaçı tərəfindən bununla bağlı müraciət edilsəydi, Cavabdeh MTK tərəfindən əvvəlki proyektə uyğun olaraq arakəsmə tikintisi və suvaq işləri təmənnasız şəkildə icra edilərdi. Bu barədə iddiaçıya dəfələrlə təklif edilmişdir. Yəni, mənzilin bu şəkildə verilməsi müqavilə öhdəliyinin qəsdən icra edilməməsi məqsədi daşımamış, əksinə iddiaçının öz istəyinə görə mənzilin proyektini dəyişməsi ehtimalına uyğun qarşılıqlı razılaşma ilə edilmişdir. Məhkəmə tərəfindən sadəcə iddiaçının mənfəəti nəzərə alınmışdır. Məhkəmənin belə mövqeyi bu növ sahibkarlıq fəaliyyəti ilə məşqul olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinə əhəmiyyətli dərəcədə zərər vuran mövqe olmaqla birlikdə bərabərlik prinsipinə də zidd olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.

14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnaməni hər iki tərəf mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 saylı binanın, E blok, 5ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.m olan 237 nömrəli mənzili dəyəri tam ödənildikdən sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir.

21. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını, mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan sənədlərin ona təqdim olunmasını və s. tələb edir.

22. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.

23. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.

25. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatın yoxlanılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 89,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91,4 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin ümumi sahəsinin müqavilədə göstərilən şərtlərə uyğun olmadığı müəyyən edilmişdir. Mənzilin daxili arakəsmələrinin inşası və mənzildə suvaq işlərinin tam görülməsi üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2857 manat məbləğində müəyyən olunmuşdur.

28. İş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən ekspert X2 izahatında bildirmişdir ki, işlərin çoxluğu ilə bağlı ekspert rəyində texniki səhv olaraq, balkon əvəzinə lociya qeyd edilmişdir. Bundan başqa, ekspert rəyində ekspert qarşısında qoyulmuş ikinci və üçüncü sual üzrə texniki səhv olaraq mənzilin ümumi sahəsi 91 kv.metr əvəzinə 91,4 kv.metr göstərilmişdir.

29. Göründüyü kimi məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 94,55 kv.m əvəzinə 91 kv.m olan, yəni müqavilədə nəzərdə tutulandan 3,55 kv.m az sahəsi olan mənzili təhvil vermişdir. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsinin bununla gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödədiyindən cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək, iddiaçının mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədləri də ona təqdim etməlidir.

31. Bununla yanaşı, iddiaçı cavabdehin öhdəliyini icra etməməsi ilə bağlı fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə həmin hissədə tələbi təmin etməməkdə haqlı olmuşdur.

32. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, mənzil mülkiyyətçisindən lift pulunun tutulması ilə bağlı məsələlər də kommunal xidmətlərin göstərilməsinə dair razılıqla nizama salındığından hazırki halda mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının qaldırılması üçün lift pulunun iddiaçıdan tələb edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi təmin edilə bilməz.

33. Məhkəməyə iddia ərizəsinin verilməsi üçün “Asan İmza”nın olması mütləq qayda kimi hər hansı bir qanunvericilikdə nəzərdə tutulmadığından, “Asan İmza”nın alınması vətəndaşa onun özünün dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmasını asanlaşdırmaq imkanı verən bir vasitə olduğunu nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının özünə və valideyninə “Asan” imzanın alınması üçün ödədiyi cəmi 30 manat məbləğində pulu iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqələndirərək cavabdehdən tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə, yaxud dəyişdirilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Ona görə apellyasiya şikayətləri əsassız sayılmaqla rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin ediməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar