Məhkəmə qərarları › İş №2(103)-10348/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10348/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10348/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) X1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşaqları 14.07.2004-cü il təvəllüdlü Arzu, 01.08.2006-cı il təvəllüdlü Səma, 05.02.2010-cu il təvəllüdlü Mansur və 30.11.2014-cü il təvəllüdlü Ələddin ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 4 otaqlı 153,5 kv.m ölçülü evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 11.11.2003-cü tarixdə nikaha daxil olmuşlar. İddia ərizəsində qeyd edilən evin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə nikahları dövründə, yəni 2009-cu ildə onların birgə gəlirləri hesabına əldə olunmuş və 2010-cu ildə onlar həmin sahədə birgə nikah dövründə əldə olunmuş 200.000 manat məbləğində pul vəsaiti hesabına (mübahisəli) evi inşa etdirmiş və evdə yaşamağa başlamışlar. Ancaq torpaq sahəsinə və evə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” almamışlar. Nikahdan 4 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və məhkəmə qaydasında nikaha xitam verilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqlar iddiaçının yanında saxlanılmışlar. Bir neçə ay bundan əvvəl cavabdeh iddiaçını və uşaqları evdən qovmuş və onları evə buraxmır. Hal-hazırda cavabdeh həmin evdən və torpaqdan iddiaçıya pay çatmasın deyə evi satmaq niyyətindədir. İddiaçı hesab edir ki, torpaq sahəsi və ev onların birgə nikahı müddətində, birgə vəsait hesabına əldə olunduğuna görə o və uşaqları evə köçürülməlidirlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, uşaqlar məhkəmə qətnaməsinə əsasən ananın (iddiaçının) yanında saxlanılsalar da, faktiki olaraq onun (cavabdehin) yanında qalmışlar. Bu səbəbdən də, cavabdeh “uşaq tələbi barədə” iddia ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsində hazırki işə baxılan zaman cavabdeh, qeyd olunan iş üzrə yekun məhkəmə aktı çıxarılana kimi hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin işə baxmış Rayon Məhkəməsi vəsatəti təmin etməmişdir. Rayon Məhkəməsi mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını araşdırmamışdır. Yaşayış sahəsi 2009-cu il tarixdə cavabdehin atası tərəfindən tikilmişdir. Həmçinin cavabdeh iddiaçı evdən qovmamış, iddiaçı öz istəyi ilə evi tərk etmişdir. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəməyə bildirdiklərindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 11.11.2003-cü tarixdə nikaha daxil olmuşlar. Nikahdan 4 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsi (İş № 2(008)-7013/2019) ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların analarının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılması qət edilmişdir. İş üzrə tərəflər və onların övladları iddia ərizəsində qeyd edilən evdə yaşamışlar. Evə və onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilməmişdir. Bakı Şəhəri Sabunçu RİH başçısının Kürdəxanı Qəsəbəsi üzrə nümayəndə tərəfindən verilmiş 07.10.2019-cu il tarixli, 90 saylı məktubdan görünür ki, iddiaçı və cavabdeh həmin evdə qeydiyyatsız yaşayırlar. Hazırda iddiaçı bildirir ki, bir neçə aydır ki, cavabdeh onu və uşaqları evdən qovmuş və onları evə buraxmır. İddiaçı hesab edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi onunla cavabdehin birgə nikahları dövründə, onların birgə vəsaiti hesabına əldə olunduğundan, habelə həmin torpaq sahəsi üzərinə inşa edilmiş ev onların birgə nikahları dövründə, onların birgə vəsaiti hesabına inşa edildiyinə görə o, uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Cavabdeh isə bu tələbə etiraz edərək bildirir ki, o nə iddiaçını nə də ki, uşaqları evdən qovmamışdır. Uşaqlar hazırda da, onun yanında, həmin evdə yaşayırlar. İddiaçı isə evi öz istəyi ilə tərk etmişdir. Bundan başqa ev onunla iddiaçının vəsaiti hesabına deyil, onun (cavabdehin) atasının vəsaiti hesabına 2009-cu ildə inşa edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh mübahisəli evin 2009-cu ildə, yəni onunla iddiaçının birgə nikahları dövründə inşa edilməsini inkar etmir. Belə olan halda qəbul edilməlidir ki, evin iddiaçı ilə cavabdehin birgə vəsaiti hesabına inşa edilməməsini artıq cavabdeh sübuta yetirməlidir. Cavabdeh, evin onun atasının vəsaiti hesabına inşa edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, mübahisəli ev iş üzrə tərəflərin birgə nikahları dövründə və onların birgə vəsaiti hesabına inşa edilmişdir. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, ev buna lazımi icazələr alınmadan tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, iş üzrə tərəflərin özbaşına tikili olan mübahisəli evə dair hər hansı hüququ yaranmamışdır. Mübahisəli ev özbaşına tikili hesab edilsə də, işin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı bu yaxınlara kimi həmin evdə yaşamış və ev onun yaşayış yeri olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə (tikiliyə) köçürülməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı, kirayə müqaviləsinin olması və s.) üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur. Məhkəmə cavabdehin hazırda uşaqların onun yanında olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, nə qədər ki Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.12.2019-cu il tarixli qətnaməsinə (İş № 2(008)-7013/2019) əsasən uşaqlar iddiaçının (ananın) yanında saxlanılmışdır və hazırda da uşaqların anadan alınıb cavabdehə verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil, yəni cavabdeh bu kimi qətnamənin mövcud olmasını sübuta yetirə bilmir, cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Bununla yanaşı Məhkəmə qeyd edir ki, cavabdehin bir dəlili də ondan ibarətdir ki, o, “uşaq tələbi barədə” iddia ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və buna görə də, Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək həmin iş üzrə yekun məhkəmə aktı çıxarılana kimi hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin işə baxmış Rayon Məhkəməsi vəsatəti təmin etməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, vəsatətdə qeyd edilən iş üzrə hər hansı bir qaydada yekun qərarın qəbul edilməsi hazırki işin baxılmasına mane olmur. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsinə görə, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Bu baxımdan hesab edilməlidir ki, müzakirə edilən bu dəlil də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar