Məhkəmə qərarları › İş №2(103)-1035/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1035/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1035/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi və yüklülükdən azad edilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və yüklülükdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4637/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 11 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə görə ipoteka saxlayanla borclu arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 46000 manat məbləğində verilən kreditin və digər ödənişlərin təminatı kimi tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka ilə təmin edilmiş öhdəlik 60 ay müddətində icra edilməlidir.

2. 2(105)-866/2020 saylı icra vərəqəsinə əsasən X4 27.779,24 manat borcun tutulması və Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi barədə məhkəmə qətnamələri icraya yönəldilmişdir.

3. X1 Mərkəzi MMC tərəfindən ASC-yə ünvanlanmış 30 aprel 2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişlə ASC-yə kredit borcu olan şəxsin əmlakının keçirilən hərraclar zamanı satılmadığı bildirilmiş, əmlakın alınması üçün müqavilə bağlanılması təklif edlmiş və xx.xx.2021-ci il tarixədək əmlakı almadığı halda işin sifarişçi icra şöbəsinə qaytarılacağı bildirilmişdir.

4. 06 fevral 2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarla hərrac iki ay ərzində baş tutmadığından icra sənədi X1 Mərkəzi MMC tərəfindən icrasız geri qaytarılmışdır. İkinci hərrac keçirildikdən sonra ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. X1 Mərkəzi MMC tərəfindən İddiaçı ünvanlanmış 20 avqust 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin **********11T saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan və ilkin satış qiyməti 221000 manat müəyyən olunmuş İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamışdır. İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə 27 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan Cavabdeh ASC-yə 140888 manata təklif edilmişdir. xx.xx.2021-ci il tarixli KBD-8420 saylı məktubla “İpoteka haqında” Qanuna müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. Odur ki, 051 saylı, xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2014-cü il tarixli 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin (Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi) yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə əsasən onunla bağlanmış 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka ile yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması, tələbin onun və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi, evin ilkin satış qiymətinin 221000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına borcu tam ödənildikdən sonra qalan vəsaitin ona qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi "ondan iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulsun” hissəsində dəyişdirilmiş, əsas kredit borcu üzrə 27.779,24 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi "Yelo Bank” ASC-nin şikayetinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia qismən təmin edilərək, borcun tutulması və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və icra vərəqəsi icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2021 və xx.xx.2021ci il tarixlərdə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, təlabkar da onu əldə etməmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinə icra məmuru 2023-cu ilin 06 fevral ayında qərarı ilə icra vərəqəsini "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "İcra haqqında” Qanun) 53.3-cü və "İpoteka haqqında" Azerbaycan Respublikası Qanununun (bundan sonra "İpoteka haqqında” Qanun) 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4637/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə İddiaçı Mikayil arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263- 14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə göstərmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Göründüyü kimi ipoteka saxlayan ipoteka razılığını bildirsə də heç bir hüquqi hərəkət etməmiş, predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır. Beləliklə ipoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən ipoteka qoyanın daşınmaz əmlakın ipotekasına xitam verilməsi barədə iddiası əsaslı hesab edilməlidir.

10. Məhkəmə iddia tələbinin 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə borcun tutulması və həmin tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa tərəflər arasında ipoteka müqaviləsinin bağlanılmasına əsas olmuş kredit müqaviləsinin müddəti bitmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli, 11- G-1-0-263-14 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Qeyd olunanlara əsasən ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 04/22 nömrəli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadına,“İpoteka haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət barədə 027 saylı, 30 aprel 2021-ci il tarixdə banka təklif məktubu göndərilmiş, bank da öz növbəsində təklif məktubuna cavab olaraq KBD-8420 saylı 20 may 2021-ci il tarixli məktub ilə ipoteka predmetinin əldə edilməsi ilə bağlı razılığını bildirmiş və müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. Bundan sonra hərrac təşkilatı sənədləri icra etməyərək icra şöbəsinə geri qaytarmışdır. Cavabdeh ASC “X1 Mərkəzi”-nə qarşı hərrac yekunlarına dair protokolun və alqısatqı müqaviləsinin bağlanması vəzifəsinin hərrac təşkilatına həvalə edilməsinə dair iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə olan halda bank vəsatət ilə məhkəməyə müraciət edərək hazırki işin icraatının Bakı Kommersiya məhkəməsindəki işə baxılıb yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. Lakin vəsatət təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

16. Cavabdeh Bankın nümayəndəsi ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin tam təmin olunaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

«İpoteka haqqında» Qanun (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)

17. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

18. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

19. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

20. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

21. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ... “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göründüyü kimi qanuni qüvvəyə minmiş qətnamə ilə ipoteka predmetinə tutma yönəldilməsi müəyyən edilmişdir.

33. İcra şöbəsi tərəfindən hərracın təşkil edilməsi X1 Mərkəzi MMC-yə sifariş edilmişdir. MMC tərəfindən təşkil edilmiş hərraclar baş tutmadığından ipoteka predmetinin alqısatqısı üçün müqavilə bağlanması barədə 27 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan Cavabdeh ASC-yə 140888 manata təklif edilmişdir. xx.xx.2021-ci il tarixli KBD-8420 saylı məktubla “İpoteka haqında” Qanuna müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. 051 saylı, xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra icra şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

34. İddiaçı Cavabdeh ASC cavabdeh “X1 Mərkəzi” (X2” MMC) MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması tələbinə dair” iddia qaldırmış, Bakı Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2-2(113)-418/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30- cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.

36. Göründüyü kimi ipoteka saxlayan ipoteka razılığını bildirsə də heç bir hüquqi hərəkət etməmiş, ipoteka predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır.

37. İpoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən məhkəmə haqlı olaraq ipoteka predmeti olan daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4637/2023 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar