Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10354/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil Nizami oğlunun iştirakı ilə, Ərizəçi “nikahda olma faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(009)- 1785/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qeyd edilməklə) “nikahda olma faktının müəyyən edilməsi” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə belə əsaslandırmışdır ki, ərizəçi, X2 ilə 2003-cü ildən faktiki ailə qurmuş, bu nikahdan 16.08.2004-cü il təvəllüdlü Zinyət və 04.08.2006-cı il təvəllüdlü Fatimə adlı iki övladları doğulmuş, ailədaxili problemlərdən dolayı 2018-ci ildən ayrılmışlar. X2 2020-ci ilin yanvar ayında vəfat etmiş və bundan sonra bəzi sənədləşmə işləri ilə bağlı onunla nikahda olmağı faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(009)- 1785/2021 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv, ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi və vəkili, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişlər ki, tələb olunan faktın müəyyən edilməsində məqsəd ərizəçinin mərhum ərindən qalmış daşınmaz əşyanı öz adına keçirməsi ilə bağlı müəyyən hüquqi hərəkətlərin edilməsindən ibarətdir. Sözügedən əmlak özbaşına tikili olsa da, ərizəçi uzun müddətdir ki, mərhumla faktiki nikahlarından doğulmuş iki qızı ilə birlikdə orada yaşayır. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, məruzəni və izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci və 307.2.4-cü maddələrinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-in 307.2.4-cü maddəsinə əsasən, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Qeyd edilən Plenum qərarında həmçinin göstərilmişdir ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X5 Heyətinin 08 iyul 1944-cü il tarixli Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının MPM-in 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Baxılan işdən görünür ki, ərizəçi mərhum X2 ilə 2003-cü ildən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini tələb edir. Ali Məhkəmənin Plenumunun yuxarıda adıçəkilən qərarına əsasən isə 08 iyul 1944-cü il tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu isə o deməkdir ki, ərizəçinin hazırda məhkəmə qaydasında müəyyən olunması tələb etdiyi fakt hüquqi əhəmiyyəti olmayan faktdır və ona məhkəmə qaydasında baxılmalı deyildir. Göründüyü kimi, xüsusi icraat qaydasında yalnız 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi barədə ərizələrə baxıla bilər. Ondan əvvəlki illər üzrə müvafiq faktının müəyyən edilməsi xüsusi icraat qaydasında həll oluna bilməz (xüsusi icraat qaydasında məhkəmədə baxılması ümumiyyətlə mümkün deyildir). Yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən, MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizənin icraata qəbulundan imtina etməli və ya səhvən icraata götürmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən (iş məhkəmədə baxılmalı deyildirsə) iş üzrə icraata xitam verməli olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə həmin ərizəyə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Belə olan hada isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “nikahda olma faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(009)- 1785/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(009)- 1785/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10354/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10354/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver