Məhkəmə qərarları › İş №2(103)-1036/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1036/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1036/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Maraqlı şəxs nümayəndəsi və vəkili Əjdər Cavadovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə obyektinin açılması və əmlakın oradan götürülməsi tələbinə dair” iddia ərizəsi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(005)-2320/2021 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “icarə obyektinin açılması və əmlakın oradan götürülməsi tələbinə dair” iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən icarə obyektinə sərbəst surətdə daxil olması və həmin obyektdə yerləşən əmlaklarının (vitrin (müxtəlif ölçülü, şüşəli və şüşəsiz Bufetlər)- 33 ədəd, Komod (müxtəlif ölçülü) - 15 ədəd, Divan (müxtəlif ölçülü ) - 9 ədəd, Kreslo (müxtəlif ölçülü) - 11 ədəd, Stol (müxtəlif ölçülü) – 24ədəd, Stul (müxtəlif ölçülü) - 37 ədəd, Aksesuar altlığı (Konsul müxtəlif formalı və ölçülü) - 36 ədəd, Pianino - 1 ədəd, Güzgü (müxtəlif ölçülü) - 4 ədəd, Yazı masası (pismenni), Çilçıraq - 2 ədəd, Bra (divar üçün) - 14 ədəd, Jurnal masası (jurnalnı) - 4 ədəd, Şamdan (müxtəlif formalı və materiallı) - 13 ədəd və 4 cüt, Telefon altlığı - 6 ədəd, Fiqurlar (İnsan, heyvan və s) - 33 ədəd, vazalar (müxtəlif ölşülü və materiallardan hazırlanmış) - 51 ədəd, Güldan (müxtəlif növ və ölçüdə) - 32 ədəd, Meyvə qabı (müxtəlif ölçülü və materialdan hazırlanmış) - 52 ədəd, Konfet qabı - 4 ədəd, 1 ədəd Su qabı və 4 ədəd stəkan altlıqla birlikdə, Stolüstü lampa və gecə işigı (svetilnik, noçnik) - 19 ədəd, Qrafın su üçün - 8 ədəd, stəkan - 14 ədəd, Servis - 2 dəst üzərində balıq şəkli olan, Servis 12 nəfərlik - 2 dəst, Çay Servisi 6 nəfərlik - 1 dəst - 6 ədəd boşqab və 2 ədəd konfet qabı ilə birlikdə, Saat (Divar, stolüstü və s.) - 9 ədəd, Bulud güldanla birlikdə - 1 ədəd, Qapaqlı Kubok - 1 ədəd, Padnos - 2 ədəd, üzərində 2 ədəd fincan, 1 ədəd çaynik, Quş qəfəsi - 1 ədəd, Qəzet yığmaq üçün qab - 1 ədəd, Çətir qabı - 1 ədəd, Şkatulka - 4 ədəd, Divardan asmaq üçün mələk fiqurlu Keramika - 1 ədəd, Bulud böyük - 2 ədəd, Divardan asmaq üçün boşqab - 15 ədəd, Vitrin üçün müxtəlif balaca fiqurlar - 48 ədəd, Müxtəlif ölçülü şəkil - 48 ədəd, Suvenir (divardan asmaq üçün) - 17 ədəd) götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci ildə icarə müqaviləsi bağlayaraq müxtəlif əşyaların satışı ilə məşğul olmuşdur. 2019-cu ilin aprel ayından etibarən icarəyə götürdüyü obyektə daxil olmağına cavabdeh tərəfindən maneə törədilməyə başlanmışdır. Bunun səbəbini soruşanda ona bildirilmişdir ki, Leyla Canaşiya adlı qadının ona qarşı şikayətinin olması, daha dəqiq desək icarə obyektində həmin qadına məxsus mallar vardır və cavabdeh həmin malların zərər görməsindən qorxaraq belə bir məhdudiyyət tətbiq etmişdir. O, həmin qadınla aralarında olan mübahisə barəsində geniş məlumat yazmaq istəmir. Hətta onların arasında belə bir mübahisə olsa belə, icarəyə verənin belə bir hüququ yoxdur. Çünki icarə müqaviləsi onunla bağlanmışdır. O, icarə hüquqları müqavilədə təsbit olunmuş şəxsdir. Leyla Canaşiyanın onunla əmlak mabahisəsinin olması onun işlədiyi icarə obyektinin bağlanması üçün əsas ola bilməz. Bütün bu hərəkətlərin fonunda o, icarəyə götürdüyü obyektdən istifadə edə bilmir. İcarə obyektində olan ona məxsus olan mallar saxlanılıb obyektin içərisində. Həmin malların taleyindən xəbərsizdir. Orada elə mallar vardır ki, onlar mütəmadi olaraq təmizlənməli və qulluq edilməlidir. Baxımsızlıqdan həmin mallar fiziki cəhətdən çürüyüb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. İcarə obyektindən istifadə edə bilməməyi onu tamamilə müflisləşdirmişdir. Əgər malları da məhv olarsa, o, digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcək. Bu isə onun üçün fəlakət deməkdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(005)- 2320/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən əmlaklar iddiaçıya deyil, ona məxsusdur. Bu faktı Cavabdeh nümayəndəsi Rahim Məmmədovun izahatı da təsdiq edir. Həmin izahatında R.Məmmədov iddianın rədd edilməsini məhkəmədən xahiş etməklə yanaşı buna səbəb kimi həmin əşyalarla bağlı Maraqlı şəxs İddiaçı ilə mübahisəsi olduğunu və həmin obyektdə Maraqlı şəxs əşyalarının olmasını əsas gətirmişdir. O, əvvəllər iddiaçı ilə bir yerdə Səbail rayonunda yerləşən univermaqda işləmişdir. Birgə işlədiyi müddətdə özünə məxsus olan əşyaları həmin obyektdə yerləşdirilmişdir. Mübahisə predmeti olan həmin əmlakların qanunsuz ələ keçirilməsi ilə bağlı iddiaçı barəsində Səbail rayon Polis idarəsi tərəfindən aparılan araşdırmanın nəticəsini gözlədiyi üçün bu günə kimi məhkəmədə iddia qaldırmamışdır, Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, mübahisəli obyekt onun tərəfindən icarəyə götürülmüş, həmin obyektdə kommersiya fəaliyyəti ilə məşğul omuş, malların satışını həyata keçirmişdir. O, 2015-ci ildən fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Maraqlı şəxsin təmsilçisi apellyasiya şikayətinin müdafiə edərək bildirdi ki, onun təmsil etdiyi şəxslə iddiaçı həmin obyektdə şərik kimi fəaliyyət göstərmiş, iddia ərizəsində tələb olunan mallar maraqlı şəxsə məxsusdur. Birinci instansiya məhkəməsi məhkəmə aidiyyatı qaydalarını pozmaqla iddianı icraata qəbul edərək işə baxmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(005)-2320/2021 saylı qətnaməsi hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və iş baxılması üçün aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən mübahisəli qeyri yaşayış sahəsi kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün icarəyə götürülmüş, iddiaçı həmin obyektdə iddia ərizəsində tələb etdiyi əmlakların satışını həyata keçirtmişdir. Apellyasiya baxışı zamanı iddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətini təqdim etmişdir. Hazırkı mübahisə, işdən göründüyü kimi fərdi sahibkar statusuna malik olan iddiaçı ilə hüquqi şəxs olan cavabdeh tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq statusuna malik olan tərəflər arasında hazırkı mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından, birinci instansiya məhkəməsi mülki işi aidiyyət qaydalarına riayət etmədən öz icraatına qəbul etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 5-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Həmin qərarın 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, iş aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(005)- 2320/2021 saylı qətnaməsi ləğv olunsun və İddiaçı Cavabdehnə qarşı “icarə obyektinin açılması və əmlakın oradan götürülməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar