Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10361/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızının iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(007)-1185/2020 saylı qətnaməsindən qarşılıqlı idida üzrə cavabdeh İddiaçı Müslüm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müslüm qızı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” tələbinə dair tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və övladları X6, X7, X9 Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzildən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı Müslüm qızına qarşı “evə köçürülmə” tələbinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, onun 3 uşağı- X10, X11 və X13 ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 6 cavabdeh olan anası İddiaçı mülkiyyətinə özəlləşdirmə yolu ilə keçmişdir, özəlləşdirmə anında o da, həmin evdə pasport qeydiyyatında olmuş və özəlləşmədə iştirak edərək evin anasının adına keçməsinə razılıq ərizəsi vermişdir. Ev özəlləşəndən sonra o, ailə quraraq həyat yoldaşını həmin evə gəlin gətirmişdir. Bu evdə onların 3 uşağı anadan olmuşdur. Lakin son illər cavabdehlə münasibəti pisləşmişdir. Belə ki, cavabdeh onun öz ailə münasibətlərinə qarışmış və həyat yoldaşı ilə münasibətlərini pisləşdirmişdir. 2009-cu ildə cavabdeh hazırkı iddia tələbinin predmetinə uyğun Nizami rayon Məhkəməsində iddia qaldırsa da, Bakı şəhər Nizami rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(005)-2238/2009 saylı qətnaməsi ilə iddia tələbi onun 3 uşağı ilə birlikdə hazırkı mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 6-ya dair mənzildən və pasport qeydiyyatından çıxarılma hissəsində təmin edilməmişdir. Cavabdeh onu uşaqları ilə birlikdə evə buraxmır. Ona hədə-qorxu gəlir ki, əgər evə gəlsə, ona şər atıb tutduracaq. O da, bu şər-böhtandan ehtiyat edərək müvəqqəti başqa ünvanda yaşamışdır. Fikirləşmişdir ki, bəlkə nə vaxtsa bir ana kimi ona qarşı münasibəti dəyişər və onu evə buraxar. Ona görə də bu vaxta qədər anası olduğu üçün məhkəməyə müraciət etməmişdir. Lakin, hazırda yenə ona qarşı eyni predmetli iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızının ilkin iddiadan imtinası qəbul edilmiş, İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” tələbinə dair ilkin iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı Müslüm qızı tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(007)-1185/2020 saylı qərardadı İddiaçı Müslüm qızının Cavabdeh qarşı iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsinə dair icraata xitam verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(007)-1185/2020 saylı qərardadı İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” hissəsi üzrə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(007)-1185/2020 saylı qətnaməsi ilə qarşılıqlı iddia tələbi təmin edilərək, Cavabdeh Bunyamin oğlunun 3 (üç) üşağı– X10, X11 və X13 ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən, 6 nömrəli evə köçürülməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(007)-1185/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilməmiş, məhkəmə prosesində iştirakı təmin edilməmiş, bununla da məhkəmə, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi qaydalarını pozmaqla işin hallarını Mülki Prosessual Məcəlləyə uyğun olaraq araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaslanmış və həmin maddənin 1, 2 və 5-ci bəndlərini sadalamışdır. Buna baxmayaraq məhkəmə nəzərə almamışdır ki, yaşayış evi 2002-ci ilin fevral ayından cavabdehin xüsusi mülkiyyətində olmuş, Cavabdeh isə 2003-cü ilin yanvar ayında yaşayış sahəsinə qeydiyyata alınmış və bu qeydiyyat yaşayış sahəsindən istifadə hüququ yaratması üçün nə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, nə də aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmuşdur. Bundan əlavə, Cavabdeh 15.01.2010-cu il tarixdə könüllü olaraq arvadı, uşaqları ilə birlikdə öz əşyalarını da maşına yığıb daimi yaşamaq üçün Binəqədi rayonunda tikdiyi evə köçmüşlər. Sonradan həmin evi satmış, Keşlə qəsəbəsində ev tikərək daimi olaraq orada yaşamışdır. 10.03.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında da cavabdehin sualına cavab olaraq həqiqətən də 15.01.2010-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsindəki 6 nömrəli evdə yaşamadığını göstərmişdir. Məhkəmə sonda cavabdehin və övladlarının sözügedən yaşayış sahəsində qeydiyyatda olmalarını onların oradan istifadə hüququ kimi qiymətləndirmiş və İddiaçı Müslüm qızının yaratdığı süni maneələrə görə mübahisəli mənzilə köçə bilməməsi qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə uşaq hüquqlarını sadalayaraq uşaqların ailədə valideynləri ilə birgə yaşamaq hüququnu göstərsə də nəticədə ata ilə uşaqları Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsindəki 6 nömrəli evə köçürməklə həm faktiki olaraq ailəni dağıtmış, həm də uşaqları digər valideyni olan anadan ayırmışdır. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun yaşamağa başqa yeri olmadığını, cavabdeh tərəfindən mənzilə buraxılmadığını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsi qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzil 2002-ci ildən İddiaçı Müslüm qızının mülkiyyətində olmaqla, Cavabdeh 2003-cü il tarixdən, X10 2004-cü il tarixdən, X11 2005-ci il tarixdən, X13 isə 2008-ci il tarixdən həmin mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya hesab edir ki, mübahisəli mənzilin 2002-ci ildən mülkiyyətdə olması, qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzildə 2003-cü ildən qeydiyyata olmasına əsasən, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzildən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 2003-cü ildən yarandığına görə, mübahisənin Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı işüzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı işüzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədəçatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzildə istifadə hüququ olsa da, hazırda o, sözügedən mənzilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızının yaratdığı süni maneələrə görə köçə bilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsinəəsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanunun 17-ci maddəsinə görə də uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Uşaq Hüquqları haqqında“ BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Kollegiya apellyatorun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmaması, həmin razılaşmanın reyestrdə qeydə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyatorun oğlu olmaqla, 2003-cü ildən mübahisəli mənzildə apellyatorla birgə yaşayan ailə üzvü olması halında, MM-nin 228.5-ci maddəsinə əsasən yazılı razılaşmanın olması, notariat qaydada təsdiq edilməsi və reyestrdə qeydə alınması ona şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Kollegiya apellyatorun qarşılıqlı iddia üzrə iddiaçının mnzildən çoxdan çıxması, başqa yaşayış sahəsi olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, Bakı şəhər Nizami rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli, 2(005)- 2238/2009 saylı qətnaməsinə əsasən, iddiaçı X1 cavabdehlər İddiaçı Müslüm qızına, X4, X8 və Cavabdeh Bunyamin oğluna qarşı “ünvan 1 ünvanına pasport qeydiyyatına alınma” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, cavabdehlər İddiaçı Müslüm qızının, X2 və X5 iddiaçı X3 və Cavabdeh Bunyamin oğluna qarşı ”Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkın küçəsində yerləşən 6 saylı eyin, 3 otaqlı mənzilindən çıxarılma və pasport qeydiyyatdan çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, X1 Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 6 saylı evin, 3 otaqlı mənzilindən çıxarılması, qarşılıqlı iddia Cavabdeh Bunyamin oğlunun üç uşaqları - X14, X15 və X13 ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli evin 3 otaqlı mənzilindən çıxarılması və pasport qeydiyyatından çıxarılması tələbinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, Cavabdeh və üç uşaqlarının mübahisəli mənzildən çıxarılması isə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh mübahisəli olan 3 otaqlı mənzildə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh mənzildən çıxarılacağı təqdirdə onun başqa yaşayış yeri olmadığı və cavabdeh İddiaçı Tərəfindən yeni yaşayış yeri ilə təmin bilməsi üçün ona heç bir kompensasiya verilmədiyindən, məhkəmə Cavabdeh mübahisəli mənzildə qalmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı Müslüm qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(007)-1185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10361/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10361/2021
24.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver