Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10369/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3435/21 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 08.01.2018-ci ildən 12.04.2021-ci il tarixinə kimi onun kreditlərinə hesablanmış faiz və cərimələrin silinməsi, kredit üzrə əsas borc öhdəliyi üzrə 57999,99 AZN-nin əmanət öhdəliyi ilə əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək kredit üzrə borc öhdəliyinin əmanət öhdəliyi ilə əvəzləşdirilməsi, hesablanmış 33091,43 (otuz üç min doxsan bir manat 43 qəpik) faiz, 17961,62 (on yeddi min doqquz yüz altmış bir manat 62 qəpik) cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3435/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim S.Cəfərov) iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon məhkəməsi öz qərardadını qəbul edərkən nəzərə almamışdır ki, onun əmanətini qorunan əmanətdir. Qorunan əmanətlər dərhal kompensasiya olunmalıdır. Həmçinin Bakı Apelyasiya Məhkəməsində iflas poseduru çərçivəsində kreditorların qorunmayan tələbləri üzrə ərizələrə baxılır. Halbuki iddiaları qorunan əmanətlərlə bağlıdır, dərhal kompensasiya olunmalı olduğuna görə kompensasiya məbləği kreditlərlə əvəzləşdirilməli və qanunsuz hesablanmış faiz və cərimə borcları silinməlidir. Bundan əlavə birinci instansiya məhkəməsinə qorunan əmnaətlərin kreditlərlə əvəzləşdirilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının, Ali Məhkəmənin müxtəlif qəraları təqdim olunmuş, tələb həmçinin təşəkkül tapmış məhkəmə praktikası ilə də əsaslandırılmışdır. Həmçinin, məhkəmə iclaslarının müxtəlif səbəblərlə (yeni borc arayışının alınması, cavabehin nümayəndəsinin iştirak etməməsi və s.) təxirə salınaraq, 8-ci məhkəmə iclasında iş üzrə icraata xitam verilməsini hüquq pozuntusu hesab edilir. Qeyd edilənlərə və qanunvericiliyin müvafiq normalarına əsasən Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3435/2021 №-li mülki iş üzrə 11 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməsini, əks halda mülki iş üzrə qərardaddan şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən “Banklar haqqında” Qanunun 72.1.2, 72.1.3-cü və MPM-nin 261.0.1-ci maddələrini rəhbər tutmuş və hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblərə mülki mühakimə icraatı qaydasında baxılması qeyri-mümkündür. “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatı başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Mülki prosesual Məcəllənin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin dayandırma ifadəsi müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinin tələbinə görə isə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Birinci instansiya məhkəməsi hazırkı işin icraatına xitam verərkən iddiaçıya pozulmuş hüquqlarının müdafiəsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuş, qərardad qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-10369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10369/2021
20.10.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver