Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10370/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Tanrıverdiyev (sədrlik edən və məruzəçi),Tofiq Səməd oğlu Səmədov və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3981/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir rayon Elektrik şəbəkəsindən ona dəymiş ziyanın əvəzi 1500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1530 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Çöl-Qubalı kəndində yaşayır. Fərdi təsərrüfatla məşğuldur və təsərrüfatında iri buynuzlu mal-qara saxlayır. Bir kəndli kimi həmin təsərrüfatında olan mal-qara ilə dolanır. Kənd camaatı hər gün mal qarasını otartdırmaq üçün növbəli olan mal nobatına göndərir.14.05.2020-ci il tarixdə təsərrüfatında olan malqaranı mal nobatına göndərmişdir. Həmin günü təxminən saat 16-17 radələrində külək əsməsi nəticəsində mal- qara otlayan ərazidən keçən 10 Min KB-luq yüksək gərginlikli elektrik xəttinin qırılıb düşməsi nəticəsində ona məxsus bir baş 5 yaşında qara-qırmızı rəngli inəyini öldürmüşdür. Məlumat üçün bildirir ki, həmin ərazidən keçən 10 minlik işıq xətti keçən əsrin 60-cı illərində çəkilib. Hesab edir ki, Kürdəmir rayon elektrik şəbəkəsinin səhlənkarlığı üzündən ona məxsus bir baş orta hesabla 1500 manat məbləğində olan inəyi ölüb. Ona dəymiş ziyanın ödənilməsi ilə bağlı Kürdəmir rayon Elektirik şəbəkəsinə müraciət etmişdir. Çox get-gəldən sonra ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Ona görədə o, ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3981/2021 saylı,17.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Maddi zərərə görə 1200 (min iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, ümumilikdə 1224 (min iki yüziyirmi dörd) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi,iddianın digər hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva). 4.Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir . Apellyasiya şikayəti və dəlilləri:
3. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki,iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin təhlili zamanı iddia edilən haddisədə "xxxx" ASC-nin təqsirini sübut edən sənəd əlavə edilməmiş və bundan əlavə həmin hava elektrik xəttinin "xxxx" ASC-yə aid olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 3-cü bəndinə əsasən Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) Mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca ( binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında torpaq sahəsi. Həmin qaydaların 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə olun bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətti keçdikdə, həmin xəttin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbiri görməlidirlər.
4. Tərəflərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:
5. Ərəbqubalı kənd İ.Ə.D üzrə nümayəndəsi X1, kənd sakini X4, mal sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş 14.05.2020-ci il tarixli aktdan görünür ki, 14.05.2020-ci il, saat 16-17 radələrində İddiaçı iri buynuzlu malları, kəndin qabaq hissəsində otlayarkən güclü külək nəticəsində, həmin sahədən keçən onminlik işıq xətti qırılaraq inəklərdən birinin üzərinə düşmüş və inəyi öldürmüşdür.
6. Ərəbqubalı kənd İ.Ə.D üzrə nümayəndəsi X1 tərəfindən verilmiş 18.05.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Kürdəmir rayonunun Çöl-Qubalı kəndində yaşamaqla özünə məxsus təsərrüfatında iribuynuzlu mal-qarası vardır.
7. 14.05.2020-ci il tarixli, 23 nömrəli yarma protokolundan görünür ki, İddiaçı məxsus qara-qırmızı rəngli inək baytar sahə məntəqəsinin müdiri Rasim Aslanov tərəfindən yarılmışdır. Müəyyən edilmişdir ki, heyvan müalicəyə cəlb edilməmişdir. Belə ki, heyvan örüşdən gələrkən yüksək elektrik gərginliyinə düşərək ölmüşdür.
8. Sabirabad rayon “Fərid” mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş 16.06.2021ci il tarixli arayışdan görünür ki, Kürdəmir rayon Ərəbqubalı kənd sakini vətəndaş X3 2020-ci ilin may ayında mal-qara bazarında 1 baş 3-cü qarına təzə doğmuş yanı balalı inəyin orta bazar qiyməti 1200- 1300 manat təşkil etmişdir.
9. Ödəniş qəbzindən (№ 6********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə:
10. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi hüquqi əsaslar müəyyən edilməlidir. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
16. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus 1 baş iri buynuzlu heyvanın tələf olması, heyvanın tələf olmasının məhz Kürdəmir rayonunun Çöl-Qubalı kəndinin ərazisində 14.05.2020-ci il tarixdə baş vermiş güclü küləyin əsməsi və bunun nəticəsində on minlik işıq xəttinin qırılaraq heyvanın üzərinə düşməsi ilə əlaqədar baş verməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Ərəbqubalı kənd İ.Ə.D üzrə nümayəndəsi X1,kənd sakini X4, mal sahibi İddiaçı iştirakı ilə 14.05.2020-ci il tarixdə bu faktı təsdiq edən akt tərtib edilmişdir.Hadisənin "xxxx" ASC-nin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiyası, həmçinin Mülki Məcəllənin müvafiq maddələrinə istinadən qeyd etməyi zəruri sayır ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.
17. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. Beləliklə, zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır.
19. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
20. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.
21. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur.
22. Cavabdeh apellyasiya şikayətində "xxxx" ASC-nin təqsirini sübut edən sənədin olmadığını və bundan əlavə həmin hava elektrik xəttinin "xxxx" ASC-yə aid olması müəyyən edilmədiyini qeyd etmişdir.Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibət bildirərək vurğulayır ki, sözügedən hadisənin "xxxx" ASC-nin səhlənkarlığı ucbatından baş verdiyini inkar edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
23. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1200 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. MPM-in Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Həmin Məcəllənin 217.4ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 360 və 362, 398-400, 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi,
q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3981/2021saylı, 17.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev