Məhkəmə qərarları › İş №2(103)-10377/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10377/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10377/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “pul tələbinə dair” 2(003)-2633/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 8800 manat, X7 ilə birgə Cavabdeh1 200 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayında Cavabdeh1 onu torpaq satmaq adı ilə aldatmış və ondan əvvəlcə 3800 manat almış, daha sonra 3900 və təkrar 1100 manat olmaqla, cəmi 8800 manat məbləğində pul almışdır. Ondan pul alaraq aldatmış və dələduzluq edərək özünə məxsus olmayan torpaq sahəsini ona satdığını inandırmaq üçün digər cavabdehin adına eskiz layihə çəkdirib ona vermişdir. Daha sonra ona aydın olmuşdur ki, Cavabdeh1 onu aldatmışdır. Ona görə də Xəzər RPİnin 2-ci Polis şöbəsinə şikayət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Xəzər RPİ-nin 2-ci polis şöbəsinin təhqiqatçısı Cavid Ağayevin 01 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma materialından görünür ki, X3, X5, X1 izahatlarında Cavabdeh1 ondan 8800 manat məbləğində pul aldığını təsdiq etmişdir. Bundan başqa, Cavabdeh1 ondan torpaq sahəsi satmaq adı ilə 3000 manat aldığını etiraf etmişdir. Cavabdehi məhkəməyə verib torpağı tələb etdikdə isə ona qarşı Mingəçevir Şəhər Məhkəməsində 16530 manat pul tələbinə dair iddia qaldırmış, daha sonra ərizəsini baxılmamış saxlatmışdır. Onun cavadehə qarşı torpaq tələbinə dair iddiası Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə iclasında isə Cavabdeh1 ona borclu olmadığını bildirərək ziddiyyətli ifadələr vermişdir. Cavabdeh X7 isə Cavabdeh1 ilə birgə ondan torpaq sahəsinin eskiz layihəsinin çəkilməsi üçün 200 manat almışdır. Ona görə də həmin pul cavabdehlərdən alınaraq ona verilməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh1 8800 manat, X7 ilə birgə Cavabdeh1 200 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamədə 3900 və 1100 manat məbləğində pulların onun tərəfindən yox, X8 tərəfindən cavabdehə verildiyi göstərilmişdir. Halbuki, Mingəçvir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən ondan 5000 manat məbləğində pulun tutularaq X2 verilməsi qət edilmiş və o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Əlavə olaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavid Ağayevin 01.06.2020-ci il tarixli qərarından görünür ki, X3, X5, X1 izahatlarında Cavabdeh1 ondan 8800 manat məbləğində pul aldığını təsdiq etmişlər. Ona görə də, hazırkı qətnamə dəyişdirilərək cavabdehdən 8800 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı cavabdehlərə tikilinin eskiz layihəsinin çəkilməsi üçün 200 manat pul verməsini, həmçinin Cavabdeh1 verdiyi pulun 8800 manat məbləği təşkil etməsini təsdiq edən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələb etdiyi 3900 və 1100 manat olmaqla, cəmi 5000 manat pul vəsaitinin vətəndaş X3 tərəfindən verildiyi göstərilmiş, yəni iddiaçının həmin pul məbləğini cavabdehə verməsi iş üzrə öz təsdiqini tapmamışdır. . Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cavabdeh tərəfindən iddiaçıdan 3000 manat pul vəsaiti almağına dair polis şöbəsində verdiyi izahatını etiraf kimi nəzərə almış və həmin hissədə iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh1 İddiaçı xeyrinə 3000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı Cavabdeh1 8800 manat pul verdiyini iddia etsə də, pulun həmin məbləğ təşkil etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 polis şöbəsində verdiyi izahatında iddiaçıdan 3000 manat məbləğində pul aldığını bildirmişdir ki, məhkəmə kollegiyası həmin izahatı borcun etirafı kimi nəzərə alır. Əlavə olaraq məhkəmə cavabdehin polis şöbəsində aldığı 3000 manatdan 2500 manatını qaytarmasını bildirməsi barədə dəlilinə isə qiymət verərək qeyd edir ki, cavabdeh məhkəməyə aldığı pulun 2500 manat hissəsinin qaytarılmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.07.2021-ci il il tarixli, 2(003)-2633/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar