Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10379/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “evin təmirinə çəkilmiş xərcin qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 9/6 nömrəli fərdi yaşayı evinin (bundan sonra – ev) təmirinə çəkilmiş xərclə bağlıdır. Ev cavabdehin mülkiyyətindədir, onun mülkiyyət hüququ 16.07.1993-cü ildə qeydiyyata alınıb. İddiaçı cavabdehin keçmiş gəlinidir. O, cavabdehin övladı X1 ilə 07.08.2009-cu ildə nikah bağlayıb, evə gəlin köçüb, iki uşağı doğulub. Nikah Xəzər Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qətnaməsi ilə pozulub. Daha sonra mülkiyyətçi iddia ilə məhkəməyə müraciət edərək keçmiş gəlininin evdən çıxarılmasını tələb edib. Xəzər Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, keçmiş gəlin evdən çıxarılsın. Evdən çıxarılma barədə iddiaya baxılan zaman iddiaçı evin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi barədə hazırkı iddianı irəli sürüb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, evin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi kimi 9.200 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 1.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. İddiaçı iddia edir ki, evin təmirinə 9.200 manat xərc çəkib, keçmiş qayınanası onun evdən çıxarılmasını tələb etdiyinə görə həmin xərcin əvəzini ona qaytarmalıdır. O, 9.200 manatın tərkibinə göstərilən xərcləri daxil edib: mətbəxin və iki otağın təmirinə xərclənmiş 3.500 manat, hamam və tualetin təmirinə xərclənmiş 500 manat, kombi sisteminin çəkilməsinə xərclənmiş 1.700 manat, qonaq otağının təmirinə xərclənmiş 1.500 manat, iki yaşayış otağının təmirinə xərclənmiş 2.000 manat. Cavabdeh iddianı qismən – 1.000 manat həddində qəbul edir. O, etiraf edir ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını sataraq kombi aparatının alınmasına 1.000 manat xərcləyib, həmin məbləği iddaçıya qaytarmağa razıdır. Cavabdeh iddianın qalan hissəsinə etiraz edir, bildirir ki, iddiaçı əri ilə birlikdə evin özlərinin yaşadığı otaqlarında müxtəlif vaxtlarda kosmetik təmir işləri aparmaqla cüzi xərc çəkiblər, bunun müqabilində evdə yaşamaqla oradan istifadə ediblər. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissə yoxlanılmalıdır. Yoxlanılan hissədə tələb 2 səbəbdən əsassızdır. 1-ci, həmin xərcin çəkildiyi sübut olunmur. 2-ci, xərcin çəkildiyi sübut olunduğu təqdirdə belə, iddiaçı onun geri qaytarılmasını tələb edə bilməz. Cari təmir işləri üçün pulun xərclənməsi tərəflərin (gəlinqayınananın) arasında öhdəlik hüquq münasibəti yaratmayıb. İddiaçı 10 ildən artıq həmin evdə yaşayıb, yəni cari təmirin nəticələrindən istifadə edib. Təmirli ev daimi olaraq təmirli vəziyyətdə qalmır, istifadə olunduqda aşınır. Əgər iddiaçı gəlin-qayınana münasibətlərinin normal olduğu dövrdə ailə maraqları naminə çəkdiyi xərcin (cari təmir xərcinin) əvəzini münasibətlərin pozulmasından sonra geri tələb edirsə, onda eyni məntiqlə cavabdeh də gəlin-qayınana münasibətlərinin normal olduğu dövrdə iddiaçının evdən istifadə etməsinə görə haqq tələb edə bilər. Ailə və qohumluq maraqları naminə edilən hərəkətlər (evin təmiri üçün xərc çəkilməsi, evdə yaşamağa icazə verilməsi və s.) hüquq münasibətlərinə deyil, mənəvi-əxlaqi münasibətlərə aid olan hərəkətlərdir. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddiaçının cavabdehdən pul (iddianın rədd edilən hissəsində göstərilən pulu) tələb etmək hüququnun əmələ gəlməsi üçün belə əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, ona görə də mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10379/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10379/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver