Məhkəmə qərarları › İş №2(103)-1039/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1039/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1039/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər, Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı (bundan sonra – MMC) buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq əldə edilmiş və iddiaçıya məxsus 134.566 ABŞ dolları məbləğində əsas vəsaitin və 17 ay ərzində həmin vəsaitdən qanunsuz istifadə etdiyi üçün 9.536,32 ABŞ dolları məbləğində əlavə vəsaitin cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə “X7 San. Ticaret LTD” Şirkəti (bundan sonra – Şirkət) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli "xxxx" əsasən, MMC, müqavilədə göstərilən malları Şirkətin mülkiyyətinə verməyi, Şirkət isə öz növbəsində həmin malları təhvil alıb, müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. “Kontraktın” ümumi məbləği 1.000.000 ABŞ dolları təşkil edir. Kontraktın 3-cü maddəsinə əsasən, qeyd olunan məbləğ Şirkət tərəfindən hər partiya üçün 180 gün ərzində ixracatçının bank hesabına ödənilməlidir. Lakin Şirkət malları aldıqdan sonra MMC-yə yalnız 187.355,28 AZN pul ödəmiş, geridə qalan məbləğ hələ də ödənilməmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində MMC həm “DHL Express” beynəlxalq nəqliyyat şirkəti vasitəsi ilə, həm də elektron poçt vasitəsi ilə Şirkətə “borcun tələb olunması barədə” pretenziya ilə müraciət etdikdən sonra məlum olmuşdur ki, Şirkət xx.xx.2021 tarixində 134.566 ABŞ dollarını cavabdehə ödəmişdir. Şirkət tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, cavabdeh, iddiaçı MMC-nin adından ona verilmiş etibarnaməni Şirkətə təqdim edərək müqavilə ilə müəyyənləşdirilmiş məbləğin bir hissəsini – 134.566 ABŞ dollarını əldə etmişdir. Təqdim olunmuş sənədlərdən həmçinin aydın olur ki, “Tediyye makbuzu” (“Ödəniş qəbzi”), pulun alınması barədə “Qəbz” və “İnvoice” cavabdeh tərəfindən imzalanmış və şirkətin möhürü ilə möhürlənmişdir. Cavabdeh aldığı 134.566 ABŞ dolları məbləğində pul vəsaitini MMC-yə təhvil verməmiş, MMC-nin hesabına əsassız varlanmışdır.

3. Şirkət, Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir. b) cavabdehin və üçüncü şəxsin iddiaya münasibəti barədə məlumat

4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Şirkət tərəfindən dəyəri ödənilməli olan dəmir borular əslində iddiaçı MMC-yə deyil Nazim Ələkbərov adlı bir şəxsə məxsus olmuşdur. Həmin şəxs cavabdehə boruları satmaq istədiyini bildirmiş, boruları almaq istəyən tanışının olub-olmamasını soruşmuşdur. Cavabdeh bir müddət sonra öz tanışları vasitəsilə türk vətəndaşı Yusif Gümüşoğlu adlı şəxslə görüşmüş, boruları ona göstərmiş, Nazim Ələkbərov da bu işdə yardımçı olmasının müqabilində gələcəkdə onun zəhmət haqqını ödəyəcəyini bildirmişdir. Daha sonra boruların ixrac edilməsi məsələsi ortaya çıxdığından cavabdeh əvvəldən tanıdığı Arif adlı şəxslə əlaqə saxlayaraq bu işdə ona kömək etməsini xahiş etmiş, Ariflə boruları almaq istəyən türk vətəndaşını görüşdürmüşdür. Arifin hansı şirkət vasitəsilə boruları xaricə ixrac etməsini bilməmiş, bu proseslərdə iştirak etməmişdir. Bir müddət sonra Nazim Ələkbərov xəstə olduğunu, pulu dayısı oğluna ödəməyi xahiş etmişdir. Cavabdeh Ariflə əlaqə saxlayaraq məsələni bildirdikdə Arif təklif etmişdir ki, Türkiyəyə cavabdeh özü gedib pulu götürsün. Cavabdeh razılaşmış, Arif şirkətin möhürünü təhvil vermiş, etibarnaməni isə elektron qaydada Şirkətə göndərmişdir. Cavabdeh bir neçə dostu ilə Türkiyəyə yola düşmüş, daha sonra Şirkət tərəfindən ona 134.000 ABŞ dolları təhvil verilmişdir. Azərbaycana qayıtdıqdan sonra pulu Nazim Ələkbərovun qohumuna təhvil vermiş, möhürü isə Arifə qaytarmışdır.

5. Üçüncü şəxs olan Şirkət işə baxmış Rayon Məhkəməsinə yazılı müraciət edərək bildirmişdir ki, cavabdeh 2021-ci ilin yanvar ayında Nazim Ələkbərov adlı bir iş adamının borularını Şirkətə satmağı, Şirkət də bu boruları almağı qərara aldıqdan sonra cavabdeh, Şirkətin vəzifəli şəxslərini Arif Rzayev adlı bir gömrük məmuru ilə tanış eləmiş və malların MMC-nin adından ölkədən ixrac edilməsinə qərar verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə MMC və Şirkət arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 2.500 ton isti yayılmış tikişsiz polad boru üçün Şirkət tərəfindən 1.000.000 ABŞ dolları ödənilməli idi. Ödəmələr hər partiya mal gəldikdə gələn malın dəyəri qədərində edilməli idi. Şirkət, MMCdən xx.xx.2021-ci il tarixdə 227.350 ton, xx.xx.2021-ci il tarixdə 162.300 ton, xx.xx.2021-ci il tarixdə 116.130 ton olmaqla 505.780 ton mal almış və malın hər tonunun dəyəri 450 ABŞ dolları olmaqla toplam 227.601 ABŞ dolları təşkil etmişdir. Şirkət xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları MMC-nin hesabına köçürmüş, 134.566 ABŞ dolları ilə MMC-yə aid etibarnamə əsasında cavabdehə ödəmişdir. Şirkətin MMC-yə hər hansı borcu yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 134.566 ABŞ dolları məbləğində əsas vəsaitin və həmin məbləğdən 17 ay ərzində əsassız istifadə etdiyi üçün 9.531,75 ABŞ dolları məbləğində əlavə vəsaitin, cəmi 144.097,75 ABŞ dolları vəsaitin (ödəniş gününə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia “əsassız varlanma nəticəsində əldə edilmiş məbləğin geri qaytarılması” hissəsində əsaslıdır. Belə ki, iddiaçı MMC ilə üçüncü şəxs olan Şirkət arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilədə, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli “İnvoice” sənədlərində, həmçinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (həmin tarixdə 2 ədəd), xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi sənədlərində MMC-nin mülkiyyəti kimi qeyd edilmişdir. Eyni zamanda Şirkətin hesabdan çıxarış sənədindən görünür ki, əldə edilmiş malın (polad boruların) müqabilində xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə isə etibarnamə əsasında MMC-nin nümayəndəsi olan cavabdehə nağd şəkildə 134.566 ABŞ dolları məbləğində pul ödənmişdir. İddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. İddiaçıya məxsus 134.566 ABŞ dolları 17 ay ərzində cavabdeh tərəfindən təhvil verilmədiyinə görə, əldən çıxmış fayda aşağıdakı qaydada hesablanmalıdır: 135.566 ABŞ dolları x 5% /360 gün x 510 gün = 9.531,75 ABŞ dolları. Göründüyü kimi bu tələb qismən əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, istinad etdiyi qanunu səhv təfsir etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, tapşırıq müqaviləsinə dair normaları tətbiq etməli olduğu halda, əsassız varlanmaya dair normaları tətbiq etmişdir. İddiaçı əvvəlcə etibarnaməni mübahisələndirsə də, sonradan etibarnamənin verildiyini təsdiq etmişdir. Ekspert rəyində nəinki etibarnamədəki, eyni zamanda müqavilədəki imzanın MMC-nin direktoru Ramin Atakişiyevə məxsus olmadığı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, ekspertiza rəyi kserosurət üzərində aparılmışdır. Digər tərəfdən Rayon Məhkəməsi tərəfindən ekspert rəyinin ancaq etibarnaməyə aid hissəsi qeyd edilmişdir. Şahid Arif Rzayev ifadəsində Türkiyə banklarında möhür olduğu təqdirdə etibarnamənin əslinin təqdim edilmədiyini bildirmişdir. MMC-yə məxsus möhürün itməsi barədə hüquq-mühafizə orqanlarına hər hansı müraciət edilməmişdir. Möhürün cavabdehə MMC tərəfindən verilməsi işin mübahisəsiz halıdır. Bu hal cavabdehin tapşırıq əsasında hərəkət etdiyini göstərir. Belə ki, dəmir borular əslində iddiaçıya deyil, Nazim Ələkbərov adlı bir şəxsə məxsus olmuşdur. Nazim Ələkbərov cavabdehə boruları satmaq istədiyini bildirmiş, boruları almaq istəyən tanışının olub-olmamasını soruşmuşdur. Cavabdeh bir müddət sonra öz tanışları vasitəsilə Türkiyə Respublikası vətəndaşı Yusif Gümüşoğlu adlı şəxslə görüşmüş, boruları ona göstərmiş, Nazim Ələkbərov da bu işdə yardımçı olmasının müqabilində gələcəkdə onun zəhmət haqqını ödəyəcəyini bildirmişdir. Daha sonra boruların ixrac edilməsi məsələsi ortaya çıxdığından cavabdeh əvvəldən tanıdığı Arif adlı şəxslə əlaqə saxlayaraq bu işdə ona kömək etməsini xahiş etmiş, Ariflə boruları almaq istəyən türk vətəndaşını görüşdürmüşdür. Arifin hansı şirkət vasitəsilə boruları xaricə ixrac etməsini bilməmiş, bu proseslərdə iştirak etməmişdir. Arif Rzayev işi Cavabdehla gördüyü üçün boruların sahibi kimi onu tanımışdır. Bir müddət sonra Nazim Ələkbərov xəstə olduğunu, pulu dayısı oğluna ödəməyi xahiş etmişdir. Cavabdeh Arif Rzayevlə əlaqə saxlayaraq məsələni bildirdikdə Arif Rzayev təklif etmişdir ki, cavabdeh özü Türkiyəyə gedib pulu götürsün. Cavabdeh razılaşmış, Arif Rzayev MMC-nin möhürünü təhvil vermiş, etibarnaməni isə elektron qaydada Şirkətə göndərmişdir. Cavabdeh bir neçə dostu ilə Türkiyə Respublikasına getmiş, daha sonra 134.000 ABŞ dolları təhvil verilmişdir. Cavabdeh Azərbaycan Respublikasına qayıtdıqdan sonra pulu Nazim Ələkbərovun qohumuna təhvil vermiş, möhürü isə Arif Rzayevə qaytarmışdır. Nazim Ələkbrovun qohumu X8 da şahid kimi pulun ona çatdırıldığını təsdiq etmişdir. Lakin Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Cavabdeh özü və nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

11. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

12. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı MMC-nin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2024-cü il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək, başqa məhkəmə iclasında iştirak etməli olduğu üçün apellyasiya baxışının sonuncu iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxs olan Şirkət məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alan Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat

13. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.

14. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş hissəsinə qarşı yönəlmişdir.

15. Göstərilənləri və MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə bildirir ki, iddianın təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmetini təşkil etmir. Belə ki, MPM-in 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellysiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiy baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iddiaçı MMC ilə iş üzrə üçüncü şəxs olan Şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" olan MMC “alıcı” olan Şirkətə 25.000 ton istiyayılmış tikişsiz polad boru satmağı, Şirkət isə müqavilənin dəyəri olan 1.000.000 ABŞ dolları məbləğində pulu hər aldığı malın partiyası üçün MMC-yə 180 gün ərzində ödəməyi öhdəsinə götürmüşlər.

18. MMC tərəfindən Şirkətə ünvanlanmış “borcun tələb edilməsinə dair pretenziya” məktubunda qeyd olunur ki, qeyd edilən müqaviləyə əsasən MMC müqavilədə göstərilən mallar Şirkətin mülkiyyətinə verilmiş, lakin 1.000.000 ABŞ dolları ödənilməli olduğu halda Şirkət tərəfindən MMC-yə yalnız 187.355,28 AZN pul ödəmiş, geridə qalan məbləğ hələ də ödənilməmişdir. Qeyd olunanlara əsasən Şirkətdən müqavilənin tələblərini 10 gün ərzində yerinə yetirilməsi, yəni 812.445 AZN pulun MMC-yə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

19. Şirkəti tərəfindən verilmiş pretenziyaya cavab məktubunda qeyd olunur ki, MMC-dən indiyədək xx.xx.2021-ci il tarixdə 162.300 kq; xx.xx.2021-ci il tarixdə 92.380 kq; xx.xx.2021-ci il tarixdə 45.870 kq; xx.xx.2021-ci il tarixdə 182.470 kq; xx.xx.2021-ci il tarixdə 22.740 kq, cəmi 505.780 kq tikişsiz polad boru alınmışdır. Bu mallar üçün xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları; xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları X15 vasitəsi ilə ödənmiş, 134.566 ABŞ dolları isə xx.xx.2021-ci il tarixdə MMC-yə aid etibarnamə sahibi olan cavabdehə X15 ******* çek nömrəsi, xx.xx.2021-ci il tarixli X15 Qocaəli şöbəsi çeki ilə ödənmişdir. Alınmış malların bütün dəyəri Şirkət tərəfindən tam ödənmişdir, Şirkətin MMC-yə borcu yoxdur.

20. MMC tərəfindən cavabdehə verilmiş və MMC-nin direktoru Ramin Atakişiyev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, cavabdehə iddiaçı MMC adından hesabat vərəqlərini imzalamaq, MMC-nin ünvanına gələn yükləri almaq, MMC-nin adından gedən yükləri göndərmək, boşaldılmış avtomaşın, vaqon və yüklərin səənədlərinin kreditləşdirilməsi, ödənişlərin alınması, kommersiya aktlarını almaq, qaimələrin alınması və imzalanması, gömrük işlərinin aparılması səlahiyyətləri verilmişdir. Etibarnamənin xx.xx.2021-ci il tarixədə qüvvədə olduğu göstərilmişdir.

21. İşdə olan xx.xx.2021-ci il tarixli “Qəbzdən” görünür ki, 134.566 ABŞ dolları Şirkət tərəfindən MMC-nin nümayəndəsi olan cavabdehə ödənilmiş, ödənişin edilməsi MMC-nin möhürü ilə təsdiqlənmişdir.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, İdarədə olan reyestrdə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış MMC-nin (VÖEN **********) direktorları sırasında R.R.Atakişiyev adlı şəxs aşkar edilməmişdir.

23. Şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o 14 il Dövlət Gömrük Komitəsində işləmiş, 2015-ci il tarixdə mayor rütbəsi ilə işdən çıxmışdır. Sonradan 2-3 il əvvəldən tanıdığı (cavabdeh) Cavabdeh ona özünə məxsus borular olduğunu və bu boruları ölkə xaricində satmağı istədiyini bildirdi. Bunu bildikdən sonra Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş İdarəsinə gedərək, boruların şəkillərini onlara göstərmiş, bu malları plkə xaricinə çıxara biləcəyi cavabını almışdır. Bundan sonra özü, cavabdeh və Yusif Gümüşoğlu bir oteldə görəşərək danışıqlar aparmışlar. Yusif Gümüşoğlu malların dəyərini rəsmi qaydada bank hesabı ilə ödəyəcəyini bildirmişdir. Buna görə də etibarlı şirkət axtarmağa başlamış, nəticədə Xəyalə adlı bir xanımla tanış olmuşdur. Xəyalə ona belə bir şirkətin olduğu demiş və bağalanacaq müqavilə və etibarnamə formasını ondan alaraq imzalatmışdır. O, bu sənədləri alqıdan sonra sənədlərin iddiaçı MMC adından bağlanıldığını görmüş, daha sonra imzalanması üçün Yusif Gümüşoğluna göndərmişdir. Malların satışından ilk hissədə qazandıqları pullar bank hesabına köçdükdən sonra Xəyalə 80.000 – 90.000 pulu ona vermiş, o da öz növbəsində Xəyaləyə 800 manat, gömrük işlərində ona kömək etmiş tanışı Altuna 300 manat vermiş və gömrük ödənişlərini etmişdir. Daha sonra cavabdeh malların dəyərini nağd almaq istədiyini bidirmiş və iddiaçı MMC-nin adından etibarnamə almışdır. Əldə etdiyi puldan isə ona verməmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1311-5/1068 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli iddiaçı MMC adından cavabdehə verilmiş etibarnamənin fotosurətinin aşağı hissəsində “Direktor” qrafasında imza X5 tərəfindən imzalanmamışdır.

25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, cavabdehi bir neçə ildir tanıyır. Cavabdeh metal məmulatların satışı ilə məğul olur. Bu məmulatları ölkə xaricinə çıxararaq satışını həyata keçirmək üçün cavabdeh onunla əlaqə yaratmışdır. O, öz növbəsində tanışları vasitəsilə iddiaçı MMC vasitəsilə bu məsələni həll etməyin mümkün olduğunu öyrənmişdir. O, həmin MMC ilə danışıqlarda birbaşa özü iştirak etməmişdir. Tərəflər arasında müqavilə imzalandıqdan sonra dəmir boruların ixracı prosesi başlamışdır. Əvvəllər pul nağdsız formada bank hesabına köçürülürdü, daha sonra ödəniş edilməmişdir. Namiq ödənişi nağd qaydada almaq istədiyini bildirmiş, etibarnamə hazırlanaraq elektron qaydada Türkiyəyə, yəni (iş üzrə üçüncü şəxs olan) Şirkətə göndərilmişdir. O, cavabdehin pulu aldıqdan sonra baş verənlər barədə məlumatsızdır.

26. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, cavabdehin qaynatasının qohumudur. X10 metal məmulatların satışı ilə məşğul olur, özünə məxsus malları satırmış, cavabdehlə birgə işləyirmiş. Ölümündən sonra onların bir-birinə borcları qalmamışdır. MMC ilə Şirkəti tanımır.

27. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, X10la eyni sahədə çalışmışdır. Hər ikisi ölkə daxilində və xaricində metal məmulatların satışını həyata keçirmişlər. X3 özünün də şirkəti var idi. MMC ilə Şirkət arasında bağlanmış müqavilənin predmeti olan borular Nazim Ələkbərova məxsus olmuşdur. Bu boruları ölkə xaricinə çıxarıb satmaq üçün şirkətin adından istifadə edilməsi zəruri idi. Nazim Ələkbərov son vaxtlar xəstə idi, koronavirus infeksiyasından əziyyət çəkirdi. Əvvəllər cavabdehə 50.000 manat məbləğində borc pul verdiyini, sonra borcun qaytarıldığını bildirmişdir. Həmin məbləğin Türkiyədən cavabdehə ödənilən puldan ödənilib-ödənilmədiyini bilmir. Amma ona məlumdur ki həmin məbləğin bir qismi Nazim Ələkbərovun borclarının ödənməsinə xərclənmişdir. Qalan hissəsi də mərhumun qohumu vasitəsilə ailəsinə çatdırılmışdır.

28. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum Nazim Ələkbər onun dayısı oğludur. Onun vasitəsilə də cavabdehlə tanış olmuşdur. X10 metal məmulatların alqı-satqısı ilə məşğul olmuş, cavabdeh ona bu işdə ona kömək etmişdir. Onların bir-birlərinə ödənilməmiş borcları qalmamışdır. İddiaçı MMC-ni tanımır. Nazim Ələkbərovun özünə məxsus bir şirkətin olub-olmaması barədə məlumatı yoxdur.

29. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı MMC iş üzrə üçüncü şəxs olan Şirkətə ünvanladığı ona “borcun tələb edilməsinə dair pretenziya” məktubunda ona 187.355,28 AZN məbləğində pul vəsaitinin ödənildiyini bildirir. Şirkət tərəfindən verilmiş pretenziyaya cavab məktubunda isə iddiaçıya MMC-yə xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində vəsaitin ödənildiyi, 134.566 ABŞ dolları vəsaitin isə xx.xx.2021-ci il tarixdə MMC-yə aid etibarnamə sahibi olan cavabdehə ödənildiyi bildirilir.

30. Şirkət tərəfindən iddiaçı MMC-yə edilmiş ödənişlərin məbləğləri fərqli rəqəmlərlə ifadə edildiyindən Məhkəmə işin bu halını dəqiqləşdirmək üçün iş materiallarında olan digər sübutlarla əlaqəli araşdırmış və müəyyən etmişdir ki, iddiaçı MMC tərəfindən təhvil verilmiş mallara görə Şirkətə təqdim edilmiş “İnvoice” (Faktura) sənədlərindən görünür ki, Şirkətə təhvil verilmiş malların dəyəri xx.xx.2021-ci il tarixdə 102.307,50 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 52.228,50 ABŞ dolları qeyd edilmişdir. Həmin məbləğlərin cəmi (102.307,50 + 73.035 + 52.228,50 =) 227.571 ABŞ dolları təşkil edir.

31. Eyni zamanda iş materiallarında olan ödənişi təsdiq edən sənədlərdən müəyyən edilir ki, Şirkət tərəfindən iddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 73.035 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları ödənişlər edilmiş, həmçinin cavabdehə 134.566 ABŞ dolları pul vəsaiti verilmişdir. Həmin məbləğlərin cəmi (73.035 + 20.000 + 134.566 =) 227.602 ABŞ dolları təşkil edir.

32. Göründüyü kimi “İnvoice” (Faktura) sənədlərində qeyd edilmiş məbləğlərin cəmi ilə Şirkət tərəfindən edilmiş ödənişləri təsdiq edən sənədlərdəki məbləğlərin cəmi bir-birinə uyğun gəlir.

33. Lakin iddiaçı MMC, ona 187.355,28 Azərbaycan manatı (AZN) məbləğində vəsaitin ödənilməsini, habelə ona ödənilən vəsaitin ABŞ dolları ilə deyil AZN-lə ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. Aralarındakı müqavilədə ödənişin ABŞ dolları edilməsi şərti nəzərdə tutulduğundan və Şirkət xarici hüquqi şəxs olduğundan Məhkəmə tərəfindən müəyyən edilir ki, ödənişlər Şirkətin pretenziyaya cavab məktubunda qeyd etdiyi kimi həyata keçirilmişdir. Amma iddia ərizəsində məbləğlər gah “ABŞ dolları”, gah “AZN” kimi göstərilir. Məhkəmə bunu texniki yanlışlıq kimi qəbul edir.

34. İşdə olan sübutlar əsasında Məhkəmə tərəfindən müəyyən edilir ki, "xxxx" olan iddiaçı MMC ilə “alıcı” olan üçüncü şəxs olan Şirkət arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, MMC 2.500 ton isti yayılmış tikişsiz polad boruları Şirkətin mülkiyyətinə verməyi, Şirkət isə öz növbəsində 1.000.000 ABŞ dolları pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə əsasən, müqavilədə göstərilmiş malın dəyəri üçün Şirkətin hər partiyaya görə MMC-yə 180 gün ərzində ixracatçının bank hesabına köşülürülməsini, malın dəyərinin köçürülmə yolu ilə və ya bölünməyən və vergi qaytarılmadan akkreditiv formasında hesablaşma hesabna mal çatdırıldıqdan sonra ödənməsini razılaşdırılmışdır. Şirkət malları aldıqdan sonra MMC-yə pulun bir hissəsini köçürmə yolu ilə, 134.566 ABŞ dolları isə cavabdehə nağd şəkildə verilmişdir.

35. Hazırda iddiaçı MMC, cavabdeh tərəfindən əldə edilmiş 134.566 ABŞ dolları məbləğində pulun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinadən vəsaitin 17 ay ərzində istifadəsi üçün 9.536,32 ABŞ dolları məbləğində əlavə vəsaitin ödənilməsini tələb edir.

36. Cavabdeh isə iddiaya etiraz edərək, iddia ərizəsində göstərilən pul məbləğinin həqiqətən onun tərəfindən əldə edildiyini, lakin “Müqavilənin” predmeti olan polad boruların əslində MMC-yə deyil, Nazim Ələkbərov adlı şəxsə məxsus olduğunu, malların MMC-nin adından ixrac edildiyini, buna görə də pulun məbləğin bir qisminin həmin şəxsin borclarının ödənməsinə sərf edildiyini, yerdə qalan məbləğin isə mərhumun ailəsinə çatdırıldığını bildirir.

37. Göstərilənləri nəzərə alan mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (maddə 6.2.). Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1.). Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxil edilmişdir (maddə 14.2.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur (maddə 166.1.). Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (maddə 362.1.). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir (maddə 362.5.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.). Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (maddə 1092.1.2.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2.). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (maddə 1092.3.).

38. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının” tələblərinə görə, Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz (bənd 1.1.). İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir (maddə 1.2.).

39. MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Məhkəmə, iddianın “əsassız varlanma nəticəsində əldə edilmiş məbləğin geri qaytarılması” hissəsi ilə bağlı bildirir ki, iddiaçı MMC ilə üçüncü şəxs olan Şirkət arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli “İnvoice” sənədlərində, həmçinin xx.xx.2021, xx.xx.2021 (həmin tarixdə 2 ədəd), xx.xx.2021, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi sənədlərində MMC-nin mülkiyyəti kimi qeyd edilmişdir.

41. Eyni zamanda Şirkətin hesabdan çıxarış sənədindən görünür ki, əldə edilmiş malın (polad boruların) müqabilində xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər MMC-nin hesabına köçürülmüşdür.

42. Bundan başqa xx.xx.2021-ci il tarixdə isə etibarnamə əsasında nümayəndə olan cavabdehə nağd şəkildə 134.566 ABŞ dolları məbləğində pul ödənmişdir. Cavabdehin həmin pul məbləğini təhvil alması işin mübahisəsiz halıdır. Bu faktı cavabdeh etiraf etməklə yanaşı, mülki işin materiallarında olan yazılı sənədlər və şahid ifadələri ilə öz təsdiqini tapır.

43. Cavabdehin etirazının əsasını təşkil edən hal polad boruların əslində iddiaçı MMC-yə deyil, X10a məxsus olması ilə bağlıdır. Cavabdeh bu halı şahid ifadələri və Şirkətin məktubu ilə əsaslandırır.

44. Məhkəmə şahid ifadələri ilə bağlı bildirir ki, Şahid cavabdehin qohumudur, iddiaçı və üçüncü şəxs olan hüquqi şəxsi tanımadığını, yalnız cavabdehlə X10u tanıdığını bildirmişdir. Mərhumla cavabdehin arasında pul məsələsinin olduğunu, həmin pulun mərhumun ailəsinə çatdığını bildirmişdir. Onun ifadəsində mübahisə predmeti olan polad boruların MMC-yə məxsus olmaması barədə fikir səsləndirilməmişdir.

45. Digər şahid X8 da oxşar ifadə verərək, X10 adlı şəxsin qohumu olduğunu, polad boruların satışından əldə edilən məbləğin onun ailəsinə çatdırdığını bildirmişdir. Onun ifadəsi də həmin pul məbləğinin məhz MMC-nin adından ixrac edilmiş polad boruların satılmasından əldə edildiyini təsdiq etmir.

46. Digər şahidlər X9 və X2 ifadələri isə bir-biri ilə üst-üstə düşmür. Belə ki, X9 polad boruların X10a, X4 isə Cavabdeh məxsus olduğunu iddia edir. X2 Binəqədi Rayon Prokurorluğunda verdiyi ifadəsində Nazim Ələkbərov adlı şəxsi tanıması halı öz əksini tapmır.

47. Beləliklə, şahid ifadələri ilə borcuların MMC-yə deyil, Nazim Ələkbərova məxsus olması öz təsdiqini tapmır.

48. Məhkəmə, iş üzrə üçüncü şəxs olan Şirkətin məktubuna münasibətdə bildirir ki, polad boruların Nazim Ələkbərova məxsus olması halının Şirkətə cavabdehin və Arif Rzayevin sözlərindən məlum olduğu aydın olur. Həmin şəxslərin bu sözləri isə iş materialları ilə öz təsdiqini tapmır. Çünki, iddiaçı MMC ilə üçüncü şəxs olan Şirkət arasında müqavilənin mövcudluğu işin mübahisəsiz halıdır. Eyni zamanda, Şirkətin iddiaçı MMC-nin pretenziya məktubuna cavab məktubunda məhkəməyə ünvanlanmış müraciətdən fərqli olaraq, müqaviləyə sadiq qalındığı, malların əvvəlki partiyalarına görə pul vəsaitlərinin vaxtlı-vaxtında MMC-nin hesabına köçürüldüyü, son ödəmənin isə etibarnamə əsasında nümayəndə olan cavabdehə ödənildiyi qeyd edilmişdir.

49. Odur ki, şahid ifadələri və Şirkətin müraciətinə istinad edərək, müqavilə predmeti olan malların MMC-yə məxsus olmaması barədə qənaətə gəlmək əsassızdır.

50. Belə ki, cavabdeh tərəfindən malların əvvəldən Nazim Ələkbərova məxsus olması barədə heç bir mötəbər sübut (yazılı sənədlər, alqı-satqı müqavilələri, ödəniş qəbzləri, idxal-ixrac sənədləri və s.), yəni malların məxsusluğunu, mənbəyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

51. Eyni zamanda, malların göndərilməsinə görə MMC-nin hesabına köçürülmüş məbləğlərin Nazim Ələkbərova çatdırılmasını təsdiq edən sübutlar da mövcud deyil.

52. Məhkəmə həmçinin cavabdehin uzun müddət polad məmulatların idxal-ixracı ilə məşğul olan şəxsin malların ixracı üçün digər hüquqi şəxsə ehtiyacının olması barədə dəlilini da əsassız hesab edir.

53. Eyni zamanda mallar başqa şəxsə məxsus olduğu halda müqavilənin MMC və Şirkət arasında bağlanması halı da cavabdehin bu dəlilinin əsassızlığını təsdiq edir.

54. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, MMC-nin adından cavabdehə verilmiş etibarnamədən görünür ki, cavabdehə ödəmələri təhvil almaq səlahiyyəti verilmişdir. Etibarnamədə olan imzanın isə həqiqi olmaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdeh pulu MMC-yə təqdim etməli olduğu halda bunu etməmişdir. Cavabdeh bu halı inkar etmir. O, həmin pul məbləğini boruların sahibi Nazim Ələkbərova verdiyi bildirsə də, Nazim Ələkbərovun boruların sahibi olması və pulun ona ödənilməsi cavabdeh tərəfindən sübuta yetirilmir.

55. Bu baxımdan qəbul edilməlidir ki, birincisi – 134.566 ABŞ dolları məbləğində pul iddiaçı MMC-yə məxsusdur, ikincisi – həmin pul vəsaiti cavabdehdə qalmışdır; üçüncüsü – həmin pul vəsaitin cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Başqa sözlə, cavabdeh iddiaçı MMC-nin vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi əsassız varlanma ilə bağlı normaları tətbiq etməklə və müzakirə edilən hissədə iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətində ifadə olunmuş dəlillər əsassızdır.

56. Məhkəmə, iddianın “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsində əksini tapmış “ondan faydalanmağa görə” müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

58. İddiaçı MMC-yə məxsus 134.566 ABŞ dolları 17 ay ərzində cavabdeh tərəfindən təhvil verilmədiyinə görə, əldən çıxmış fayda aşağıdakı qaydada hesablanmalıdır: 135.566 ABŞ dolları x 5% /360 gün x 510 gün = 9.531,75 ABŞ dolları.

59. Buna görə də hesab edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarını əsas götürməklə iddianı müzakirə edilən hissədə qismən təmin etməklə də Rayon Məhkəməsinin iş üzrə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətində ifadə olunmuş dəlillər də əsassızdır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

60. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.

61. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən, cavabdehin özünə aid edilməlidir.

63. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı və üçüncü şəxs Rayon Məhkəməsinn qətnaməsindən apellyasiya şikayəti verməkləri üçün hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

64. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olan iddia tələbi ona qarşı təmin edildiyindən, cavabdeh, MPM-in 403.1-ci maddəsinə əsasən hazırki qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

65. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı və üçüncü şəxs “X7 San. Ticaret LTD” Şirkəti tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar