Məhkəmə qərarları › İş №2(103)-1040/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1040/2021

25.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1040/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh “X10” şirkətinin nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh “X10” şirkətinə qarşı “xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X10” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kayman adalarının Cavabdehın xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə, “X10” şirkətində sex rəisi vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 16:55 radələrində operator istilik sobasının üst hissəsində yerləşən "köynəyin" şirin su ilə doldurulması üçün nəzərdə tutulan 150 mm. dəlikdən neft emulsiyasının yüngülcə daşdığını müşahidə etdiyini sex rəisinə məlumat vermişdir. Sex rəisi kimi istilik qızdırıcısmın nasazlığı haqqında şöbə menecerinə mobil telefonla məlumat verdi. Şöbə menecerindən qurğunun dəyişdirilməsi göstərişini almış və dərhal növbədə olan işçi heyətə qızdırıcıya daxil olan 159 mm-k giriş-çıxış borularının siyirtmələrinin bağlanması tapşırığını verdi. Bundan sonra sahənin texnoloji reqlamentinə uyğun işləri həyata keçirdilər. Yəni mədən sahəsindən gələn neftemulsiya istilik sahəsinə daxil olmadan birbaşa texnoloji çənə yönəldildi. İş vaxtı bitdiyi üçün evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 07.00-da işə gəlmişdir. Nahara kimi bütün raport və yazılarını bitirdi. Nahardan sonra da öz işilə məşğul olmuşdur. Gün ərzində istilik şöbəsində hər hansı bir təmir işlərinin aparılması, yəni sızmaya səbəb olmuş "ilanvari borunun" təmirə dayanması və çıxarılması üçün işlərin aparılması haqqında nə məlumat, nə də icraedici şöbə tərəfindən məlumat və göstəriş olmamışdır. Bununla bağlı bildirir ki, icraedici şöbə (yəni "cari təmir sexi") öz rəhbərliyinin göstərişi ilə artıq işə başlamışdı. Neftin hazırlanması və nəqli sexinin rəisi kimi bildirir ki, istilik qurğusunun dayanmasının texnoloji reqlamentə heç bir ziyanı olmamışdır. xx.xx.2020-ci il tarixdə yenə səhər saat 07.00-da işə gəlmiş, hesabat və aparatlarla məşğul olmuşdur. Həmin gün saat 09.00 radələrində sahənin baş ustası ona məlumat verdi ki, artıq sahəyə texnikalar, yəni Avtokran, katapeler və bir də "ilanvari borunun"içini yumaq üçün "Kislotka" xüsusi texnikası gətirlib. Sex rəisi kimi bildirdi ki, "ilanvari borunun" çıxarılması üçün giriş və çıxış boruları sobadan ayrılmalıdır. Qeyd edir ki, giriş-çıxış borularının alt hissəsi siyirtmə ilə əlaqədardır. Burada ancaq bu boruların fləns birləşməsi olduğu üçün boit və qaykadan açılması prosesi baş verir ki, bunu da cari təmir sexi həyata keçirir. Amma giriş-çıxış boruların sobanın gövdəsinə flənş birləşməsi olmadığı üçün birbaşa qaynaq edilmişdir. Bunu da öncədən olan təmir vaxtı cari təmir sexi həyata keçirmişdir. Ona görə də "ilanvari boru" nahara qədər bir dəfə 8 kubm, nahardan sonra 2ci dəfə 8 kubm. həcmində təzyiqli şirin su vasitəsi ilə yuyuldu. Buna qədər sex rəisi kimi o tədbirlər planı hazırlayırdı. Od təhlükəsi işlərinin yerinə yetirilməsi üçün (usta tərəfindən) icazənamə-tapşırıq kağızı Mərkəzi Dispetçer Xidmətindən gəldi. Orda bütün lazımi imzaların təsdiqi ilə iş icrasına təqdim edildi. Giriş-çıxış borular kəsildi və heç bir hadisə baş vermədi. Belə ki, "ilanvari boru" yuyulmuşdu və içərisində qaz və yaxud karbohidrogen qalığı da ola bilməzdi. İstilik sobasının "ilanvari borusunun" çıxarılması üçün artıq heç bir qaynaq işinə ehtiyac qalmamışdı. Çıxarılma mexaniki üsulla keçirilməli idi. Yəni "ilanvari boru" panellə birlikdə çıxarılmalı idi, çünki giriş-çıxış boruları üst paneldən aşağı hissədən flənş birləşmədən, yuxarıdan isə artıq qaynaq ayrılıb kənara yerləşdirilmişdi. Cari təmir sexinin rəisinin təkidi ilə üst panelin də kəsilməsi qaynaqçıya tapşırılıb və o da bunu icra etmişdir. Məlumat üçün qeyd edir ki, üst panel tam açılmamış, yuxarı hissədə 10 bolt bağlı vəziyyətdə olmuşdur. Panelin germetikliyini nəzərə alsalar 10 bolt açılsaydı üst panel kiçik inersiya nəticəsində 5-10 sm. irəli gələcəkdi. Bundan sonra texnikanın köməyi ilə "ilanvari boru" üst panellə götürülüb kənara qoyulmaqla təmir işlərinə başlanıla bilinərdi. Təəssüf ki, cari təmir sexi bu hərəkətləri etməmişdir. Beləliklə, xx xxxxxx 2020-ci il tarixdə saat 15.40 radələrində Kayman adalarının "X10" şirkətinin filialının Cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X5 iş zamanı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd etmək istəyir ki, cari təmir sexi tərəfindən aparılmış işlər zamanı baş vermiş bədbəxt hadisənin onun hərəkətlərində, tutduğu vəzifə və daşıdığı səlahiyyətlərlə heç əlaqəsi yoxdur. Odur ki, baş vermiş bədbəxt hadisə cari təmir sexinin apardığı işlərin nəticəsidir. Lakin, buna baxmayaraq x xxxx 2020-ci tarixli əmrlə onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş və qeyri-hüquqi olaraq işdən çıxarılmışdır. Onunla əmək müqaviləsinin xitam edilməsi üçün əsas götürülmüş aktların heç biri tanış olmaq üçün ona təqdim edilməmişdir. Belə ki, onun hər hansısa qaydanı pozmağını tanımadığı halda birtərəfli hərəkət edilmişdir. Eyni zamanda əmək müqaviləsi xitam edilərkən həmkarlar ittifaqının rəyi soruşulmamışdır. Doğrudur işlədiyi müəssisədə həmkarlar ittifaqı yoxdur. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinə əsasən müəssisədə həmkarlar ittifaqı olmadıqda kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. Buradan belə çıxır ki, əmək kollektivinin rəyi nəzərə alınmalı idi. Halbuki müəssisədə çalışan işçilər (58 nəfər) onun işdən çıxarılmağına etiraz etmiş və bu barədə tərtib olunmuş siyahını imzalamışlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80- ci maddəsinin birinci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Onu da qeyd etmək lazımdır ki, onunla əmək müqaviləsinin xitamı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsasən rəsmiləşdirilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, baş verən qəzada onun heç bir təqsiri yoxdur. O müqavilə əmək funksiyalarını yerinə yetirmiş və heç bir kobud hala yol verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3638/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və boyektiv araşdırmadığı irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında qeyd etmişdir ki, iddiaçının iş vəzifələrini tam yerinə yetirmədiyindən partlayış olmuş və digər işçilər xəsarət almışlar. Bu səbəblə də onun əmək müqaviləsinə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan “X10” şirkəti ilə İddiaçı arasında bağlanılmış 0211 saylı Əmək Müqaviləsinin 1-ci maddəsinə görə, Neftin hazırlanması və nəqli sexin rəisi vəzifəsi üzrə bu müqaviləyə qoşulmuş Vəzifə təlimatından irəli gələn və öz üzərinə düşən vəzifələri yerinə yetirəcək. İş materiallarında olan “X10” şirkətinin Neftin hazırlanması və nəqli sexin rəisi vəzifə Təlimatından görünür ki, sexin rəisi neftin və qazın hasilatı və nəqlində təhlükəsizlik qaydalarına əməl olunmasına və pozuntuların ləğv edilmsinə nəzarət etməlidir. İş materiallarında olan 02X-OK saylı xx xxxx 2020-ci il tarixli “X10” şirkətinin Əmrdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:40 radələrində Kayman Adalarının Cavabdehın (bundan sonra «Şirkət») Cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X5 iş zamanı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. İş materiallarında olan Şirvan şəhər prokurorluğunun müstəntiqi A.N.İsgəndərli tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:04 radələrində Şirvan şəhər polims şöbəsindən şəhər prokurorluğuna daxil olmuş məlumatda bildirilmişdir ki, “Qarasu Əməliyyat Şirkətində” elektrik-qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü X12 şirkətin X13 Kompleks hazırlanması sexində Aşağı Meşovdağ cənlər Parkında neft qızdırıcı peçin daxilində olan boruların təmiri məqsədilə çıxarılması üçün peçin qapağını qaynaqla kəsərkən baş vermiş partlayış nəticəsində açıq ağır kəllə beyin travması, alın sümüyünün qəlpəli basılmış sınığı, sağ dirsək sümüyünün və sağ baldır sümüyünün açıq sınığı xəsarətlərini almışdır. Həmin Qərarından görünür ki, “Qarasu Əməliyyat Şirkətində” elektrik-qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü X5 şirkətin X14 Kompleks hazırlanması sexində X15 Parkında yerləşən yol qızdırıcısının təmiri zamanı xəsarət alması hadisəsi cinayət əlamətlərini əks etdirmədiyindən, baş vermiş hadisə cinayət hadisəsi olmadığından xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının elektrik-qaz qaynaqçısı X6 xx xxxxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş «Neftin hazırlanması və Nəqli Sexinin rəisi»nin vəzifə təlimatının 2-ci (əsas vəzifə və funksiyalar) bglməsinin 10-cu bəndinin (neftin və qazın hasilatı və nəqlində təhlükəsizlik qaydalarına əməl olunmasına və pozuntuların ləğv edilməsinə nəzarət edir) tələblərinə və “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının istehsalat üzrə vitse prezidenti tərəfindən təsdiq edilmiş Mexaniki avadanlıqların təmiri üzrə reqlamentinin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontajına hazırlıq işləridə vacibdir) bəndinin 3-cü abzasının (ilanvari boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərinə əməl edilməməsi neftin hazırlanması və nəqli sexinin rəisi İddiaçı nəzarətsizliyi nəticəsində bədbəxt hadisənin baş verməsi müəyyən edilmişdir. İş materiallarında olan bədbəxt hadisənin baş verməsində təhqiqat aktının rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən“X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının baş mexaniki X4, 4.2-ci və 4.6-ci bəndlərinə əsasən mühəndis X7, 4.3-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin rəisi İddiaçı,4.4-cü və 4.6-cı bəndlərinə əsasən nasos stansiyaları üzrə böyük ustası X3 cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə (cari)-təmir sexinin rəisi X1 nəzarətsizliyini müəyyən etmişdir. X8 baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 27 №-li qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialında uçota alınmalıdır. İş materiallarında olan “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx xxxx 2020-ci il tarixli əmrdən görünür ki, neftin hazırlanması və nəqli sexinin rəisi İddiaçı ilə bağlanmış xx xxxxxx 2012-ci il tarixli, № 0211 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının neftin hazırlanması və nəqli sexinin rəisi İddiaçı vəzifə təlimatında nəzərdə tutulmuş əmək vəzifələrini pozulması nəticəsində xx xxxxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində bədbəxt hadisəsi baş vermiş və şirkətin elektrik-qaz qaynaqçısı X11 müxtəlif xəsarətləri alaraq əmək qabiliyyətini itirmişdir. Baş vermiş bədbəxt hadisənin araşdırılması üçün Əmək Müfəttişliyinin xx xxxxxx 2020-ci il tarixli əmri ilə təhqiqat komissiyası yaradılmışdır. Təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat komissiyasının aktı nəticəsində neftin hazırlanması və nəqli sexinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması götürülmüşdür. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3638/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar