Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1040/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1040/2023 (Açar sözlər: mənzilə köçürülmə və.s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4144/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2- 382/2006 saylı 09 yanvar 2006-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə hüququnun tanınması və İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınması, İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatma alınmasının Yasamal rayonu Polis idarəsi, Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir.
2. Bakı Apelyasiya Məhkəməsinin 17 fevral 2016-cı il tarixli 2(103)-460/2016-cı il nömrəli qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-382/2006 saylı 09 yanvar 2006-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması və İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı - Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə paspot qeydiyyatına alınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
3. İş materiallarında olan X8 tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon passport və qeydiyyat şöbəsinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, X8 ünvan 12şən fərdi yaşayış evinə Cavabdeh2 qeydiyyata düşməsinə etiraz etməmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 16 ünvanında Cavabdeh2 10 dekabr 2016-cı il tarixdən qeydiyyatdadır.
5. İş materiallarında olan Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 20 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, izahatı alınmış X9 bildirmişdir ki, qeydiyyatda olduğu Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2/30 ünvanında yerləşən torpaq sahəsi və mənzili dəqiq bilmədiyi tarixdə, dayısı və onun arvadı Nəzakət tərəfindən Salyan rayonunda yerləşən mənzillərini sataraq almışdır. Bir müddət sonra dayısı Mahmud ilə Nəzakətin rəsmi boşandıqlarından, Nəzakətin adına ev olmaması və qohumlarını həmin evə qeydiyyatda sala bilməməsindən ötrü, Mahmudun evi X6 adına sənədləşdirmişdir. O, həmin ünvanda yaşamır və orada digər dayısı Cavabdeh1 yaşayır. İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, M.Sadıqovun keçmiş arvadı N.Sadıqovla evlənib Salyan rayonunda yaşamış, bir neçə ildən sonra oradakı evlərini satıb Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsində 2/30 ünvanında torpaq sahəsi almışlar. Bir müddət sonra, M.Sadıqov Avstriya Respublikasına getmiş, sonradan İddiaçı Avstirya Respublikasına getmişdir. Təxminən 2000-ci ildən təqaüddə olan və heç bir gəliri olmayan X2 Avstirya Respublikasından göndərdikləri pulların hesabına həmin torpaq sahəsində ev tikmişdir. Tam dəqiq bilmədiyi tarixdə M.Sadıqov Avstirya Respublikasından geri qayıtmış, N.Sadıqov üç uşağı ilə birlikdə Avstirya Respublikasında qalmışdır. İddiaçı Avstirya Respublikasından Yasamal rayon məhkəməsinə müraciət edərək başanmışdır. O, 2009-cu ildən 2012-ci il müddətində həbsdə olmuş və həbsdən azad olduqda sonra M.Sadıqovun evində yaşamış, 2016-cı ildə Emilya ilə evlənmişdir. 2021-ci ilin may ayında anası Balaxanım vəfat etmişdir. Bundan sonra o, arvadı ilə qardaşı Mahmud və onun ailəsinə məxsus evdə tək yaşayır. Mənzil anasının adına olduğu üçün bacısı qızı Cavabdeh2 qeydiyyata salmışdır. Nəzakətin cehizləri uzun müddət baxımsız olduğu üçün yararsız hala düşmüşdür.
6. İş materiallarında olan Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli protokollardan görünür ki, X3 xx.xx.2022-ci il tarixli 29-cu PŞ-yə etdiyi müraciətinə əsasən, ünvan 3 ünvanında pasport rejimi yoxlanılmış, bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyat və yaşama qaydalarını pozduğuna görə Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşlar.
7. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2009-cu il tarixində vətəndaş İddiaçı ilə 10295520 nömrəli müqavilə bağlanaraq **********005 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 6 nəfər olmaqla aparılmışdır. Qeyd olunan fərdi yaşayış evinin hesabatı xx.xx.2014- cü il tarixindən su xətti üzərində quraşdırılmış 49783055 nömrəli Alfasu-20 markalı smart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmaqdadır.
8. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı dalanda yerləşən 36 saylı evdə abonent olaraq kimin qeydiyyata alınmasına dair məlumatın təqdim edilməsi ilə bağlı 30 avqust 2022-ci il tarixli, 19VB-280/22 nömrəli müraciətinə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmış və səhmdar cəmiyyətin elektron bazasında qeyd olunan evin 040001200D20036 nömrəli abunə kodu ilə İddiaçı Məmməd qızının adına qeydiyyata alınnmasına dair məlumat vardır.
9. İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə İddiaçı arasında bağlanmış nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixində xitam verilmişdir. İş materiallarında olan 14 iyul 2000-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ona məxsus olan Salyan şəhəri, Ə.Hüseynov küçəsi, 66/27 də yerləşən X1.
10. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçının sahiblik və istifadə hüquqlarının tanınmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məcburi çıxarılmasını, Cavabdeh2 isə qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də, idiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən əmlakla bağlı olduğundan həmin hissələrdə təmin edilə bilməz.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s." tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 özünə aid əşyalarla birlikdə, ona məxsus, ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən, orada mövcud olan evdən və digər yaşayış sahələrindən məcburi çıxarılması, iddiaçının həmin mənzilə istifadə hüququ tanınmaqla, köçürülməyi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra, iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçı X3 ünvan 7 ünvanında yerləşən mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 12şən mənzildən məcburi çıxarılması və Cavabdeh2 həmin mənzilə dair qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvan hal-hazırda ünvan 9 torpaq sahəsi, 1993-cü ildə anası X10 tərəfindən, heç bir hüquqi sənədi olmadan, içərisində bir otaqdan ibarət kiçik bir evlə birlikdə alınmışdır. O, 1998-ci ildən 2001-ci ilə qədər keçmiş həyat yoldaşı X17 və Hikmət adlı övladı ilə birgə Salyan rayonunda yaşamışdır. Həmin ərəfələrdə M.Sadıqov xarici ölkəyə getməyi və orada yaşamağı planlaşdırmışdır. Bu səbəbdən də, həyat yoldaşı, hələ ailə qurmamışdan əvvəl, mülkiyyət hüquqları ona məxsus olan və həmin vaxt birgə yaşadıqları 2 otaqlı evi satmış və həmin pulun müəyyən bir hissəsini götürüb xarici ölkəyə köçmüşdür. O, isə uşaqla birlikdə anasının Salyan rayonunda olan evinə köçmüşdür. Bir müddət anasıgildə yaşadıqdan sonra belə qərara gəlmişlər ki, Bakıya köçsünlər. Belə də etmiş və Bakıda anasının aldığı evdə yaşamağa başlamışlar. Anası isə bazarda işləməyə başlamışdır. Yaşadıqları ev çox kiçik və şəraitsiz olduğundan satılan mənzilinin onda qalan pulu ilə və anasının da maddi dəstəyi sayəsində həmin torpaqda bir mərtəbəli, 3 otaq, bir zaldan ibarət hazırkı mübahisəli evi tikmişlər. Bundan başqa, həyətdə bir neçə kiçik evlər də tikmişlər. Bu evləri tikməkdə məqsəd, onları kirayə verib həmin pul ilə normal yaşayışlarını təmin etmək olmuşdur. O, həmin evdə uşağı və anası ilə birgə yaşamışdır. Elə həmin ilin, yəni, 2004-cü ilin sonlarına yaxın keçmiş həyat yoldaşı onun da xaricə köçməyini və orada onunla birgə yaşamağını istəmişdir. Bundan sonra, o övladı ilə birgə Mahmudun yanına köçmüşdür. Həmin vaxt qaynanası Balaxanım Sadıqova öz evlərini satmış və qalmağa yeri olmadığından qızının evində olurdu. O, köçəndən az sonra 2004-cü ildə qaynanası onların evinə köçmüş və anası ilə birgə yaşamağa başlamışlar. O, həyat yoldaşının yanına getdikdən sonra bir müddət normal ailə kimi yaşamışlar. Lakin az sonra, ailə münasibətləri Mahmudun ucbatından korlanmış və dözülməz bir hala gəlmişdir. Nəhayət, vəziyyət o qədər çıxılmaz olmuşdur ki, o 2014-cü ildə yaşadıqları yerin məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə Mahmudun barəsində ‘‘uzaqlaşma” qərarı vermişdir. Yəni, məhkəmənin qərarına əsasən, Mahmud nə ona, nə də uşaqlara yaxınlaşa bilməzdi. Bu qərar Mahmudun uşaqlarının yanında ona qarşı hədsiz dərəcədə şiddət göstərməsi, söyüş söyməsi, döyməsi və daima onları qorxu altında yaşamağa məcbur etməsi ilə bağlı idi. Bundan sonra, qaynanası Sadıqova Balaxanım və onun ailə üzvləri Mahmudun tapşırığı ilə onun evini əlindən almaq, bununla da sanki, ondan qisas almaq istəmişlər. Evlərində yer verdikləri qaynanası bir gün onun anası ilə dalaşmış və ondan polisə şikayət vermişdir. Bu hadisədən anası cox əsəbiləşmiş və bir gün sonra “infarkt”dan dünyasını dəyişmişdir. Anasından sonra Balaxanım hansısa şübhəli yollarla onun evinə qeydiyyata düşmüşdür. Baxmayaraq ki, Balaxanımın onun evinə heç bir aidiyyatı olmamışdır. Orada 2006- cı il tarixindən yalnız o qeydiyyatda olmuşdur. Belə ki, məhkəmənin qətnaməsi əsas götürülməklə onu öz evinə qeydiyyata almışlar. Bütün kommunal ödənişlər də onun adına olub. Balaxanım isə 2016-cı ildə onu məhkəməyə verərək guya, bu evin ona məxsus olduğunu və onun gizlin olaraq evinə qeydiyyatla düşdüyünü bildirərək, Azərbaycanda olmadığından istifadə edərək qeydiyyatını ləğv etdirmişdir. Kommunal ödənişlərin bəzilərini öz adına keçirmişdir. Lakin hələ də elektrik ödənişləri onun adındadır. Bütün əşyaları, cehiz əmlakı həmin evdədir. 2021-ci may ayında Balaxanım da dünyasını dəyişmişdir. Lakin, hal-hazırda da onun oğlu Qurban onun evini zəbt edib. Bütün əşyalarının bir çoxunu oğurlayıb, satıb. Amma yenə də onun əşyalarının bir hissəsi həmin evdədir. Buna baxmayaraq, onu və uşaqlarını öz evinə buraxmırlar. Hətta söyüb təhqir də edirlər. Onun tikdiyi otaqları illərdir ki, kirayə verirlər və pulunu mənimsəyirlər. O isə uşaqlarını yad ölkənin yardımı ilə, min bir çətinliklə dolandırır. Həmin vaxtdan sonra o bir neçə dəfə Bakıya gəlsə də, onun evinə köçən qaynı Cavabdeh1 onu və uşaqlarını evə qoymayıb, hətta onu tərbiyəsiz küçə söyüşləri ilə söyərək evdən qovub. Sonuncu dəfə 06 iyul 2022-ci il tarixində yenidən Azərbaycana qayıtmış və səhərə yaxın uşaqları ilə birgə evlərinə getmişdir. Lakin, onu hava limanından evinə gətirən taksi sürücüsünün yanında keçmiş qaynı Cavabdeh1 tərbiyəsiz söyüşlərlə söyərək, onları öz evlərinə buraxmamışdır. Bir saata qədər küçədə qaldıqdan sonra məcbur qalıb uşaqları ilə birgə, gəldikləri taksi ilə digər, keçmiş qaynının arvadının evinə getməli olmuşdur. Halbuki, həmin ünvanda nə varsa, hamısı ona məxsusdur, orada olan bütün tikililərin hər daşı, kərpici onun və mərhum anasının vəsaiti hesabına üst-üstə qoyulmuşdur. Onun evi keçmiş qaynı Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilib. Onların həmin evə qeydiyyatları belə yoxdur. O isə uzun illərdir ki, xarici ölkədə yaşayır. Orada yaşamağının yeganə səbəbi isə, yalnız uşaqlarının orada təhsil alması ilə bağlıdır. Uşaqlar orada əlaçı və nümunəvi şagird kimi qeydə alınıblar. Buna görə də, onların təhsil almasına mane olmamaq üçün illərdir ki, onların yanındadır. Lakin, onun evi ilə bağlı bütün bu olanlar əsəblərini pozmuş, artıq işləyə də bilmir. Halbuki, özü ali təhsilli müəllimədir və vaxtı ilə orada tərcüməçi kimi fəaliyyət göstərmişdir. O, artıq yad ölkədə yaşamaqdan yorulmuşdur. Öz vətənində, öz evində yaşamaq istəyir. Lakin, onu öz evinə yaxın qoymurlar, ona yad olan insanlar evində yaşayırlar. Onlardan evini boşaltmağı tələb etsə də, birmənalı olaraq imtina edirlər. Nə ona, nə də anasının ruhuna hörmət edirlər. Ondan və anasından qalan nə varsa məhv etmək, yox etmək istəyirlər. Əşyalarının çox hissəsi yoxdur, qalanları da bərbad vəziyyətdə, yararsız hala salınmışdır. Lakin, Cavabdeh1 ona məxsus evdən çıxmasını və mənzili onun faktiki sahibliyinə verməsini dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Onlar həmin mənzildən bu gün də istifadə etdiyi üçün, o, özünə məxsus mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək kimi hüquqlarından istifadə edə bilmir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq və ona məxsus əmlakın qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. İddia ərizəsinə əlavə onunla əsalandırılmışdır ki, hazırkı ünvanı ilə Dadaş Bünyadzadə küçəsi, dalan-2, ev- 30 ünvanında yerləşən torpaq sahəsi, 1993-cü ildə anası X10 tərəfindən, heç bir hüquqi sənədi olmadan, içərisində bir otaqdan ibarət kiçik bir evlə birlikdə alınmışdır. 14 iyul 2000-ci ildə özünə məxsus olan, X17 ilə nikah bağlamazdan əvvəl aldığı Salyan rayonu ərazisində yerləşən mənzili sataraq əldə etdiyi pulun bir hissəsi ilə həyat yoldaşı xaricə getmişdir. Daha sonra, Salyan rayonunda anasının yanında yaşayaraq köhnə ünvanı ilə ünvan 11yonu, Dadaş Bünyadzadə küçəsi, dalan 2, ev 30 ünvanında yerləşən həmin evi Salyan rayonunda satılmış mənzildən əldə etdiyi pulun qalan hissəsi ilə yəni, özünün maddi vəsaiti hesabına orada 2 otaq və 1 zal tikdirmişdir. O, 2004-cü ildə keçmiş həyat yoldaşı X11 yanına ölkə xaricinə gedərək orada yaşamağa başlamışdır. Xarici ölkədə yaşadığı dövrlərdə də Azərbaycana gəldiyində özümə məxsus olan, həmin mənzildə qalmışdır. Həmin mənzilə dair DƏDRX tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olmasa belə həmin mənzil onun vəsaiti hesabına tikilmişdir. Eyni zamanda, onun cehiz əmlakı da həmin mənzildə olmuşdur. Xarici ölkədə yaşadığı müddət ərzində övladları orada təhsil aldığı üçün Azərbaycana tez-tez gəlmək imkanı olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-382/2006 saylı, 09 yanvar 2006-cı il tarixli qətnaməsi ilə o həmin mənzilə qeydiyyata düşmüş və bu barədə onun şəxsiyyət vəsiqəsində də qeydiyyat aparılmışdır. 2016-cı ildə keçmiş qaynanası Sadıqova Balaxanım apellyasiya şikayəti verərək 09 yanvar 2006-cı il tarixli həmin qətnamə qanuni qüvvəsini aldıqdan 10 il sonra onun məlumatı olmadan, ona məlum olmayan əsaslarla həmin qətnaməni ləğv etdirərək həmin mənzilə dair qeydiyyatını ləğv etdirmişdir. Daha sonra o, 2021-ci ilin avqust ayında Azərbaycana gəldiyi zaman məlumatı olmuşdur ki, həmin mənzildə qanunsuz olaraq keçmiş qayını Cavabdeh1 Cavabdeh3 ilə birlikdə mənzili zəbt edərək ona məxsus cehiz əmlakından onun razılığı və icazəsi olmadan istifadə edir. Cavabdeh1 onun mənzilində qanunsuz yaşamaqla yanaşı, ona məxsus olan evin həyətində onun vəsaiti hesabına tikilmiş mənzilləri də qanunsuz olaraq kirayəyə vermişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli. ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokollar Cavabdeh1 ona məxsus olan evləri qanunsuz olaraq kirayə verdiyini təsdiq edir. Eyni zamanda, ona məlum olmuşdur ki, keçmiş baldızının qızı Cavabdeh2 da həmin mənzilə onun xəbəri və razılğı olmadan qeydiyyata düşmüşdür. Bütün bunlardan xəbərdar olduqdan dərhal sonra 13 avqust 2021ci ildə o, Yasamal rayon Prokurorluğuna müraciət edərək həmin mənzildə razılığı olmadan Cavabdeh1 və ailəsinin yaşaması və həmin mənzildə olan cehiz əmlakına dəymiş ziyanla bağlı tədbir görülməsini xahiş etmişdir. Həmin müraciəti ilə bağlı 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 2021-ci ilin avqust ayının sonlarında uşaqlarının təhsili ilə əlaqədar xaricə getmiş, Azərbaycan Respublikasından kənarda olduğu üçün hazırkı mübahisə ilə bağlı 2022-ci ilin iyul ayında Azərbaycana gəldiyim zaman məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Qeyd etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh2 izahatında hazırda qeydiyyatda olduğu Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2/30 ünvanında yerləşən torpaq sahəsi və mənzili dəqiq bilmədiyi tarixdə, iddiaçı və keçmiş həyat yoldaşı tərəfindən Salyan rayonunda yerləşən mənzillərini sataraq aldığını qeyd etmişdir. Eyni zamanda o izahatında qeyd etmişdir ki, həmin mənzil onun adına qeydiyyatının olmaması və qohumlarını həmin mənzilə qeydiyyata salmamağı üçün həmin mənzil Sadıqov Mahmud tərəfindən onun anası Sadıqova Balaxanımın adına sənədləşdirdiyini qeyd etmişdir. Bu hissədə qeyd etmək istəyir ki, Cavabdeh2 verdiyi izahatdan da göründüyü kimi, başda keçmiş həyat yoldaşı olan X17 olmaqla cavabdehlərin bütün bu qanunsuz hərəkətlərinin məqsədi onun və övladlarının həmin mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırmaq, onu öz vəsaiti hesabına tikdirdiyi mənzilindən məhrum etmək olmuşdur. Bununla yanaşı, həmin qərarda göstərilir ki, Cavabdeh1 öz izahatında bildirmişdir ki, qardaşı M.Sadıqov onunla ailə quraraq Salyanda yaşamış, daha sonra Salyan rayonunda yerləşən evlərini sataraq ünvan 14 ünvanında torpaq sahəsi almışdır. Bir müddət sonra M.Sadıqovun Avstriya Respublikasına gedərək orada yaşadığını, oradan göndərdikləri pullarla burada həmin mənzili tikdirdiklərini qeyd etmişdir. Göründüyü kimi, hər iki cavabdeh öz ifadəsində həmin mənzilə dair heç bir hüquqları olmadığını, mənzilin mülkiyyət hüquqları ona məxsus olan Salyan rayonunda yerləşən mənzilin satılmasından əldə olunan gəlir hesabına tikildiyini qeyd etmişdir. İddia ərizəsinə əlavə etdiyi 06 oktyabr 1998-ci il tarixli və 14 iyul 2000-ci il tarixli alqı-satqı müqavilələrinin təsdiq edilmiş surəti də cavabdehlərin özləri tərəfindən verilən izahatda göstərilənlərdən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan Salyan rayonundakı torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına tikildiyini təsdiq edərək həmin mənzilin ona məxsus olmasını sübut edir. "xxxx" ASC tərəfindən verilmiş “ətraflı abonent kartında” ünvan 15 ünvanındakı mənzildə su sayğacının iddiaçının adına olduğu qeyd edilmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən verilən abonent məlumatlarından da görünür ki, həmin mənzil üzrə işıq sərfiyyatı ilə bağlı ödənişlər onun tərəfindən olunmuşdur və bu məlumata əsasən həmin mənzildə işıq sayğacı da onun adına qeydiyyatdadır. Yuxarıda qeyd edilən hallardan da göründüyü kimi, mübahisə predmeti olan həmin mənzil onun sahiblik və istifadəsində olmuşdur. Buna baxmayaraq, hal-hazırda Cavabdeh1 digər Cavabdeh3 ilə birlikdə mənzilə dair heç bir hüququ olmadığı halda onun vəsaiti hesabına tikilmiş mənzildə yaşayaraq sahiblik və istifadə hüquqlarını pozur. Bununla yanaşı, heç bir qanuni əsas olmadan digər Cavabdeh2 da həmin mənzildə qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən 16 avqust 2022-ci il tarixində verilən məlumata əsasən ünvan 16 ünvanında pasport rejiminin yoxlanılması nəticəsində həmin ünvanda qeydiyyat və yaşama qaydalarını pozduğuna görə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir. Hal-hazırda həmin əmlakla bağlı mülkiyyət hüququ dövlət tərəfindən tanınmasa belə, həmin mənzilin onun vəsaiti hesabına əldə edilməsi, eyni zamanda həmin mənzilin uzun illər onun istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququ məhkəmə qaydasında tanınsın. Qeyd edilən mənzilə dair mülkiyyət hüququ olmasa belə, uzun illər ərzində həmin mənzilə sahiblik etmiş, mənzillə bağlı tam təsərrüfat səlahiyyətinə malik olduğu üçün hesab edir ki, cavabdehlərin qanunsuz sahibliyindən mənzili geri tələb etmək hüququ vardır.
15. Cavabdeh2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mübahisə predmetinə çevrilmiş ev onun sahibliyində və istifadədədir, orada qeydiyyatdadır. Nə iddiaçının nə də cavabdehin həmin evə dair hər hansı bir iddia irəli sürməsinə subyektiv hüquqi yoxdur. İddiaçının ərizəsində göstərdikləri hər hansı bir sübuta əsaslanmayan boş sözlərdən ibarətdir. İddiaçının əsas arqument kimi göstərdiyi bütün kommunal ödənişlərin onun adına olması faktı yalandır və həqiqəti əks etdirmir. Belə ki, Bakı Elektirik şəbəkə tərəfindən tərtib edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2008-ci il tarixli, 347075 saylı protokolunda həmin evin qaz sayğacının iddiaçının adına qeydə alınması göstərilir. Eyni zamanda, Azərişıq tərəfindən verilmiş xx.xx.2022-ci ildən abunə haqqında cədvəldə sayğacın iddiaçının adına oluması qeyd edilir. Ancaq digər kommunal xidmətlərin qaz, su və onun adına olması barədə hər hansı bir məlumat yoxdur. Qaz sayğacının iddiaçının adına olması da qeyri-müəyyəndir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, 2004-cü ildən xarici dövlətdə yaşayırsa 2008-ci ildən qaz sayğacı onun adına necə ola bilər və istifadə olunan qaza görə pulu kim ödəyib. Bundan əlavə, 2006-cı ildən mübahisəli qeydiyyata məhkəmə qaydasında alınıbsa da sonradan məhkəmə qaydasında da qeydiyyatı ləğv edilib. Belə ki, Yasamal rayonu Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-382/2006 saylı qətnaməsi ilə iddiaçı qeyd edilən evə qeydiyyata alınması qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-460/2016 saylı qətnaməsi ilə Yasamal rayonu Məhkəməsinin qətnaməsi ləğv edilmiş M.M Sadıqovanın pasport qeydiyyatına alınması tələbi təmin edilməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 460/2016 saylı qərardadı ilə təmin edilməmişdir. İstinad olunan məhkəmə qərarlarından tam aydın olur ki, iddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olmamışdır və bu qanunsuz olduğuna görə ləğv edilmişdir. Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar -məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Yasamal rayonu MKTB-nin 32 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli, 005 saylı Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı arayışdan görünür ki, qeyd edilən evdə X8 (nənəsı) pasport qeydiyyatındadır və təkdir. Həmin evin kim tərəfindən inşa edilməsi kimə məxsus olması haqqında heç bir hüquqi sənəd yoxdur və özbaşına tikilidir. Bütün yuxarıda qeyd edilənlərdən tam aydın olunur ki, ev özbaşına tikilidir, iddiaçı həmin evi anası tərəfindən inşa edilməsini, kommunal ödənişlərin onun adına olmasını, 2006-cı ildən yalnız onun qeydiyyatda olmasını qeyd etsə də, qeyd edilən halları sübut edən müvafiq sənəd, sübut təqdim etmədiyinə görə iddiaçının tələbi təmin edilə bilməz və belə bir iddia qaldırmağa obyektiv hüquqi yoxdur.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4144/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilmısi, iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının ünvan 12şən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 157.2, 157.8, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni evə köçürülmə hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın cavabdehlərin mənzildə çıxarılma, qeydiyyatın ləğv edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması hissəsində iddianı rədd edərkən düzgün nəticəyə gəlsə də, evə köçürülmə hissəsində tamamilə maddi hüquq normalarının tələbini pozmaqla tamamilə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bir gündə olsun mübahisəli evdə yaşamayıb. (öz izahatında anası tərəfindən tikildiyini qeyd edir) Cehiz əşyaları isə o, Avstryaya köçərkən əşyalarını saxlamağa yeri olmadığına görə onlarda saxlanmışdır. İkinci hala görə isə iddiaçını evdən məhrum edilməyib, çünkü, o orda yaşamadığına və hüququ olmadığına görə belə məsələ irəli sürülməyib. Üçüncü hala görə isə iddiaçı evdə yaşamadığına görə hansı əsasla evdən məhrum edilməsi qanuni və ya qanunsuz ola bilər. Məhkəmə bu halların hansı əsaslara görə mövcud olmasını əsaslandırmamışdır. Məhkəmənin belə bir qənaətə gəlməsi heç bir subut fakt olmadan iddiaçının dediklərinə əsaslanmışdır. Beləliklə, məhkəmə istinad etiyi 3 halı qadağanedici norma hesab etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad edərək “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” istinad etməsi də, mövcud mübahisəyə görə tətbiq edilə bilməz. Çünki, istinad olunan Qanun yalnız qanuni əsaslarla əldə edilmiş mənzil olduğu halda tətbiq edilə bilər. Mübahisəli ev isə özbaşına tikilidir və bu hər hansı bir hüquq və vəzifə yaratmır. Məhz, məhkəmənin göstərdiyi 3 hal isə mənzilin (evin) qanuni əsaslarla əldə edildiyi halda aydınlaşdırılmalıdır. Yəni özbaşına tikili dövlət tərəfindən tanınmır və müdafiə olunmur. Əgər özbaşına tikili tanınmırsa onda hansı hüquqdan söhbət gedə bilər. Belə olan halda, məhkmənin belə nəticəyə gəlməsi tam qanunsuz olmaqla əsassızdır və maddi hüquq normalarının düzgün tətbiq edilməməsidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası 180-cı maddəsinə əsasən şəxslərin özbaşına tikilidə yaşamalarını birbaşa qadağan edən göstəriş yoxdur qənaətinə gəlməsidə əsassızdır. İstinad olunan maddi hüquq normasında belə bir qadağa olmasaydı məhkəmənin özbaşına tikiliyə köçürülmə barədə məcburedici qərar qəbul etməyə də hüququ (səlahiyyəti) yoxdur. Həmçinin məhkəmə iddianı, qismən təmin edərkən iddiaçı tərəfindən Kommunal xidmətlərə görə sayğacların onun adına olmasında əsas kimi hüququ qiymət vermişdir. Hansı ki, özünün ərizəsində və etiraz ərizəsində qeyd edilmişdir ki, həmin sayğaclar iddiaçının adına necə ola bilər ki, o, 2004-cü ildən indiyə kimi Avstryada yaşadığı halda sayğaclar 2008-ci ildə onun adına rəsmiləşdirilib, bəs ödənişləri kim edib. Qeyd olunanlardan aydın olur ki, tətbiq edilməməli maddi hüquq normalarını normativ hüquqi aktları tətbiq etmiş, qanunları şərh etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25. Maddə 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
26. Maddə 146.1 daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
27. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni evə köçürülmə hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır. Başqa sözlə hazırki halda, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4144/2022 saylı 25 oktyabr 2022-ci il tarixli yoxlanılan hissədə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının həmin evdə ümumiyyətlə yaşamadığını qeyd etsə də, iş materialları, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş qərardan (cavabdehlərin izahatı ilə) müəyyən edilmişdir ki, iddiaçı xarici ölkəyə köçənə qədər bir müddət daimi olaraq ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, həmçinin onun cehiz əmlakları da həmin fərdi yaşayış evində olmuşdur. Bundan başqa, kommunal xidmətlərin iddiaçının adına olması da onun həmin evdə yaşadığını təsdiq edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə 2012-ci ildən sonra orada yaşamış, digər Cavabdeh2 isə ümumiyyətlə orada yaşamamışdır.
41. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
43. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Azərbaycan Respublikasına qayıtdıqdan sonra, Cavabdeh1 onun həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.
44. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
45. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
46. Nəzərə alnmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını birbaşa qadağan edən göstəriş yoxdur.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4144/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.